THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropanın demarşı: Brüssel "lehinə" və "əleyhinə" amilləri ölçüb-biçə biləcəkmi?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10483
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 oktyabr 2015 – Newtimes.az

Azərbaycanda parlament seçkilərinə az müddət qalır. Buna baxmayaraq, bu mühüm siyasi hadisə ərəfəsində Qərb siyasi strukturları tərəfindən bir-birinin ardınca təxribat xarakterli hücumlar həyata keçirilir. Qısa müddətdə Avropa Azərbaycana olan əsl münasibətini göstərə bildi. Əvvəlcə Avropa Parlamenti vasitəsilə ədalətsiz qətnamə qəbul edildi, bunun ardınca yenə də Avropa İttifaqının təhriki ilə ATƏT-in Parlament Assambleyası kimi beynəlxalq səviyyəli institutları da anti-Azərbaycan kampaniyasına qoşuldu. Beləliklə, avropalı "dostlarımız" hüquqazidd fəaliyyətləri ilə münasibətlərin on illərlə qurulan bünövrəsini dağıtmağa çalışırlar.

Sonuncu qalmaqallı qətnamədə Avropa Parlamenti Avropa İttifaqının göstərişi ilə parlament seçkilərini müşahidədən imtina etməyə çağıraraq, bir sıra absurd ittihamlar və iddialar irəli sürüb. Rəsmi Bakının ölkədə guya "insan hüquqlarının, söz və seçim azadlığının və digər demokratik dəyərlərin pozulması" ilə bağlı əsassız faktların irəli sürüldüyü sənədə təxirəsalınmaz cavabı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Avropa Parlamenti ilə münasibətlərin kəsilməsi barədə qərarın qəbul edilməsində öz əksini tapdı. Bunun ardınca Avropanın siyasi demarşını ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da dəstəklədi. Qeyd etmək yerinə düşər ki, DTİHB-in fəaliyyətinin əsas istiqaməti ATƏT-ə üzv ölkələrdəki seçkiləri müşahidə etməkdir və yeri gəlmişkən, bir sıra dövlətlər, məsələn, Rusiya, kifayət qədər obyektiv olmaması və qərəzliliyinə görə bu strukturun müşahidəçilərinin işini tənqid edirlər ki, bu da heç də reallıqdan uzaq deyil.

Xatırladaq ki, bu yaxınlarda ATƏT-in Parlament Assambleyası guya Azərbaycan hakimiyyətinin ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-in işinə qarşı məhdudiyyətlər qoyduğuna istinad edərək bəyan etmişdi ki, Azərbaycandakı parlament seçkilərinə müşahidə missiyası göndərməyəcək. Razılaşaq ki, bu qədər nüfuzlu təşkilatın belə uğursuz siyasi manevri təkrarlamaq üçün heç də yaxşı nümunə deyil. Avropalı "dostlarımız" öz çirkin fikirlərini başqalarının ayağına yazmaqla ən azı öz qeyri-ciddiliyini nümayiş etdirirlər. Tamamilə aydındır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Avropa Parlamentinin diktəsinə itaət edərək seçkilərdə iştirakdan imtina edib. ATƏT-in strukturları bir-birinin ardınca müstəqil dövlətin legitim seçkilərində iştirakdan imtina edirlərsə, onda avropalıların Bakıdan hansı reaksiya gözləmələri heç də aydın deyil. Bir-birinin ardınca Cənubi Qafqazdakı əsas regional tərəfdaşın etimadını zəiflədən siyasi xətalara yol verməklə Avropada nəyə nail olurlar? Avropanın bu oyunu nəyə lazımdır və bu, hansı məqsədi güdür? Bütün bu suallara birmənalı cavab olmayınca, ikitərəfli münasibətlərin inkişaf perspektivlərindən danışmaq çətindir.

Qərbdə müəyyən qüvvələrin alovlandırdığı informasiya müharibəsinin qərəzli xarakter daşıması getdikcə daha az şübhə doğurur, bu isə ATƏT-in siyasətinə mənfi təsir göstərir. Əslində, Azərbaycan tərəfi bu nüfuzlu beynəlxalq təşkilatla bağlı iddialarında haqlıdır, çünki təşkilatın fəaliyyəti deklarativ xarakter daşıyır, belə ki, bu təşkilatın 20 ildən artıq bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini həllsizlik vəziyyətindən çıxara bilməməsini başqa cür izah etmək mümkün deyil. Bütün bu illər ərzində təşkilat erməni separatçılarının qəsbkarlıq siyasətinə və tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqının hüquqlarının pozulmasına göz yumaraq, xüsusilə Azərbaycana qarşı münasibətdə "ikili standartlar" siyasətini qoruyub saxlamışdır. Şübhə yoxdur ki, bu reallıqlara göz yummaq Avropaya daha çox sərf edir.

DTİHB-lə bağlı Avropanın isteriyasına, xüsusən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktorunun Milli Məclisə keçirilən seçkilərdə iştirakdan imtina etmək çağırışlarına Azərbaycan artıq ATƏT-in Daimi Şurasının sentyabr iclasında öz cavabını verdi. Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, DTİHB-in direktoru ATƏT-ə üzv dövlətin suveren hüququnu pozaraq və təşkilatın ruhuna zidd qeyri-konstruktiv yanaşma nümayiş etdirərək səlahiyyətlərini aşıb. Xatırladaq ki, Azərbaycan hökuməti cari ilin avqustun əvvəlində Bakıya gələn, bir neçə gün ərzində görüşlər keçirən və seçkiqabağı vəziyyətlə bağlı fikirlərinin və tövsiyələrinin əks olunduğu hesabatı ATƏT-ə təqdim edən DTİHB-in missiyası üçün hər cür şərait yaratmışdı. DTİHB-in ekspertlərinin bəzi fikirlərinin və tövsiyələrinin reallıqdan uzaq olduğunu nəzərə alaraq, onlara ölkəmizin ATƏT-dəki nümayəndələri ilə müzakirələr və məsləhətləşmələr aparmaq təklif edildi. Azərbaycan tərəfinin təklifinə məhəl qoymayan DTİHB direktoru müəyyən qüvvələrin təsiri ilə seçkiləri müşahidə etməkdən imtina barədə özbaşına qərar qəbul etdi ki, bu da ATƏT-in qaydaları və ona verilən səlahiyyətlə ümumən uzlaşmır. Burada nəzərə almaq lazımdır ki, DTİHB ATƏT-ə üzv dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi məsələləri ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. DTİHB yalnız ATƏT-in Daimi Şurasında məşvərətçi struktur kimi iştirak edə bilər. Eyni zamanda, beynəlxalq təşkilatın Azərbaycana qarşı ayrı-seçkiliyi qısamüddətli və uzunmüddətli seçki müşahidəçilərinin heyəti ilə bağlı məsələlərdə də özünü göstərdi.

ATƏT-in üzvü və əhalisi 100 milyondan çox olan ölkəyə DTİHB 400 və ya 500 müşahidəçi göndərirsə, əhalisi 9.5 milyon olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 qısamüddətli və uzunmüddətli müşahidəçi göndərir. Seçkilərdəki müşahidə missiyaları ilə bağlı DTHİB-in metodologiyasının hansı məntiqə əsaslandığını anlamaq istərdik. Avropanın praktikasında Azərbaycana qarşı bu cür təzadlı faktlar az deyil, bu isə Azərbaycan tərəfinin narazılığına səbəb olur.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1995-ci ilin yanvarında Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatı idi və həmin vaxtdan etibarən müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün həm ölkəmiz tərəfindən, həm də Avropa tərəfdən böyük işlər görülüb. Avropa hələ də böyük enerji əməkdaşlığına ümid bəsləyir, Azərbaycanı irimiqyaslı layihələrə qoşulmağa çağırır. Buna paralel olaraq, Azərbaycanı da sövq etməyə çalışdığı ədalətsiz, çirkli oyun oynayır.

Buna görə də tamamilə təbiidir ki, Bakı milli maraqlarının pozulması hesabına Brüssellə birgə çalışmayacaqdır və Avropa bununla barışmalıdır. Avropalı müşahidəçilərin iştirak edib-etməməsindən asılı olmayaraq, istənilən halda, Azərbaycan parlamentinə seçkilər baş tutacaqdır. Qitənin digər ölkələrindən müşahidəçilər gələcək və əmin olacaqlar ki, ali qanunverici orqana seçkilər şəffaflıq və demokratiya şəraitində baş tutur. Amma növbəti mərhələdə Bakı ilə Brüssel arasındakı münasibətlər daha çox avropalı tərəfdaşlarımızın siyasətlərində lehinə və əleyhinə amilləri ciddi ölçüb-biçərək özlərini necə aparmalarından asılıdır. Əks halda, Azərbaycan tərəfindən avropalılarla hər hansı qarşılıqlı, tərəfdaşlıq addımları sıfıra enəcəkdir.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...