THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaponiya-Amerika hərbi-siyasi alyansı: "nüvə çətirindən" "ümid birliyinə" doğru

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13127
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 iyun 2015 – Newtimes.az

Məlum olduğu kimi, Yaponiya dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə, xüsusən də nəhəng Asiya-Sakit okean regionunda gedən proseslərə nəzərəçarpacaq dərəcədə təsir göstərən bir dövlətdir. Özünün dünyada yeganə fövqəldövlət kimi müstəsnalılıq statusunu qoruyub saxlayan ABŞ-ın regionda vəziyyəti bir çox mənada Yaponiya ilə münasibətlərdən asılıdır, çünki Vaşinqtonun son onillikdə dünya səhnəsində mövqelərinin zəiflədiyi bir şəraitdə onun üçün müttəfiqlər məsələsi böyük əhəmiyyətə malikdir.

Müharibədən sonrakı dövrdə İkinci dünya müharibəsində məğlub olan Yaponiyanın hərbi-siyasi təhlükəsizliyinin təmin edilməsini ABŞ öz üzərinə götürdü. 50 il ərzində Birləşmiş Ştatlar "Gündoğar ölkəni" özünün "nüvə çətiri" ilə etibarlı şəkildə örtürdü. Bu, demilitarizasiya edilmiş Yaponiyaya qısa bir tarixi müddətdə dünyanın ən güclü iqtisadi mərkəzlərindən birinə çevrilməyə imkan verdi.

11 sentyabr 2001-ci il tarixindən sonrakı dövr Yaponiyanın xarici və müdafiə siyasətinin aktivləşməsi, beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində rolunun yüksəlməsi, ABŞ-ın hərbi aksiyalarına dəstək göstərmək xəttini yeritməsi, yeni təhdidlər nəzərə alınmaqla milli təhlükəsizlik siyasətini korreksiya etməsi ilə səciyyələnir. Bütün bunlar Tokionun Vaşinqtonla alyansda rolunun artmasından xəbər verir.

Uzun illər Amerika-Yaponiya birliyinin əsas vəzifələrindən biri Yaponiyanın hərbi qüdrətinin qarşısının alınmasından ibarət idi. Vaşinqton rəsmiləri düşünürdülər ki, güclü, əsrlərdən qaynaqlanan militarist ənənələri olan Yaponiya regionda vəziyyətin ciddi destabilləşməsinə səbəb olacaqdır. Buna görə də ABŞ ona öz gücü hesabına lazımi müdafiə səviyyəsini təmin etməyə hazır idi. Lakin 2012-ci ilin dekabr ayında hakimiyyətə gələn Sindzo Abe Yaponiyanın gələcəkdə Pekinin artmaqda olan nüfuzuna qarşı durmalı olduğunu dərk edərək ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək xəttini götürdü. "Gündoğar ölkə" remilitarizasiya ilə bağlı bir sıra qanunlar qəbul etdi. 2015-ci ilin yanvar ayının 14-də isə Yaponiya hökuməti ölkə tarixində ən iri – 4,98 trln. yapon yeni (təxminən 41,97 mlrd. dollar) həcmində müdafiə büdcəsini təsdiq etdi.

Bu arada, 2015-ci ilin aprel ayının 26-da Yaponiya baş naziri Sindzo Abenin ABŞ-a rəsmi səfəri başladı. Yaponiya baş nazirinin səfəri iqtisadi və strateji sahələrdə Çinin güclənməsi və Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi ilə bağlı olan qlobal xarakterli keyfiyyət dəyişiklikləri fonunda baş tutdu. Tərəflər müasirliyin yeni çağırışlarına birgə qarşıdurma kontekstində hər iki ölkənin xarici siyasət prioritetlərində Yaponiya-ABŞ hərbi-siyasi birliyinin xüsusi yerini vurğulamalı olan bu səfərə böyük önəm verirdilər.

Çinlə müqayisədə məcmu hərbi qüdrəti xeyli zəif olan Yaponiya üçün ABŞ-la ittifaqın rolu ilk növbədə ondan Asiya-Sakit okean regionunda regional beynəlxalq münasibətlər sisteminin təhlükəsizliyinin və stabilləşdirilməsinin təmin edilməsi mexanizmi kimi istifadə edilməsində özünü büruzə verir. Yaponiya tərəfi üçün Senkaku adaları ilə bağlı Çinlə hərbi münaqişə baş verəcəyi halda təhlükəsizlik amili xüsusi əhəmiyyət kəsb edər. "Şimal əraziləri" adlanan problemlə bağlı Rusiya ilə də münasibətlərin kəskinləşməsi istisna olunmur (indiyə qədər Rusiya ilə mükəmməl bir sülh müqaviləsi imzalanmamışdır).

ABŞ-a gəlincə, qeyd etmək lazımdır ki, onun üçün Tokio ilə münasibətlərin regional yox, qlobal konteksti önəmlidir. Vaşinqton Çinlə təkbətək qalmaqdan ehtiyatlanır və Pekini ABŞ-ın başçılığı ilə hərbi-siyasi birliklər sisteminin davam etməsi ilə hesablaşmağa məcbur etmək üçün əlindən gələni edir.

Bütövlükdə Yaponiya ilə birlik bu mənada Amerikanın qlobal liderliyinin davam etdiyini və Pekinin bununla hesablaşmalı olduğunu (ən azından ona görə ki, ABŞ və onun başqa müttəfiqlərinin birgə gücü indi də, yaxın gələcəkdə də Çininkindən çox olacaqdır) nümayiş etdirmək üçün bir növ model kimi çıxış edir. Barak Obama yorulmadan ÇXR-i "cəlb etmək" zərurətini qeyd etsə də, Tokio ilə alyansın anti-Çin yönümlü olmadığını bildirsə də Yaponiya ilə hərbi-siyasi ittifaqın möhkəmləndirilməsi ABŞ üçün obyektiv olaraq Çinə əlavə təzyiq vasitəsi kimi çıxış edir.

Bununla bağlı olaraq S.Abenin ABŞ-a səfərinin önəmli nəticələrindən biri tərəflərin "Müdafiə sahəsində Yaponiya-Amerika əməkdaşlığının rəhbər prinsipləri"nə yenidən baxılması ilə bağlı razılığının əldə edilməsidir. Bu, ilk dəfə 1978-ci ildə qəbul edilən və iki ölkənin hərbi əməkdaşlıq sahəsi üçün təməl olan bu sənədin artıq üçüncü redaksiyasıdır.

"Rəhbər prinsiplər"in yeni redaksiyasında Yaponiya-Amerika əməkdaşlığı "bölünməz", yəni həm sülh və əmin-amanlıq ərazilərini, həm də döyüş əməliyyatları rayonlarını əhatə edən əməkdaşlıq kimi səciyyələndirilir. Bu cür əməkdaşlıq üçün yeganə şərt kimi Yaponiyanın təhlükəsizlik sferasına toxunan vəziyyətin yaranması göstərilir.

Cari ilin yay aylarında qəbul edilməsi nəzərdə tutulan "Rəhbər prinsiplər"in yeni redaksiyası Yaponiya özünümüdafiə qüvvələri ilə ABŞ SQ-nin birgə əməliyyatlarının arealını xeyli genişləndirir. Bu yaxınlarda Tokioya səfər edən ABŞ müdafiə naziri Eş Karter bəyan etdi ki, yeni redaksiya "iki ölkəyə Asiya-Sakit okean regionundakı və bütövlükdə dünyadakı çağırışlar spektrinə daha çevik reaksiya verməkdə köməklik edəcəkdir". Əvvəllər Şərqi Asiya kontekstində nəzərdən keçirilən Yaponiya-Amerika ittifaqı indi bu mənada açıq-aşkar qlobal hərbi alyans xarakterini almış olur.

Bu cür qarşılıqlı təsirlərin poliqonu roluna namizədlərdən biri kimi bir çoxları Yaxın Şərqi göstərirlər. Burada ABŞ Yaponiyadan "İraq və Şam İslam dövləti"nə (İŞİD) qarşı mübarizədə təsirli kömək gözləyir. Bundan başqa, S.Abe Yaponiyanın öz hərbi gəmilərini minasızlaşdırma üzrə əməliyyatları həyata keçirmək üçün Hörmüz boğazına göndərə biləcəyini də bəyan etmişdir, çünki Yaponiyaya neft tədarükünün dayandırılması onun milli iqtisadiyyatını təhdid edəcəkdir.

Yaponiyanın özünümüdafiə qüvvələrinin hansı praktiki hallarda ABŞ-la birgə əməliyyatlarda iştirak edəcəyi barədə qərar hələ çıxarılmalıdır.

Yaponiya baş nazirinin ABŞ Konqresindəki nitqinin başlığının "Ümid birliyinə doğru irəli!" şəklində olması bu mənada heç də təsadüfi deyildir.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...