THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Amerika-Çin münasibətləri yeni geosiyasi situasiyada

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7781
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 iyun 2015 – Newtimes.az

Sənaye və maliyyə potensialının artım templərinə görə son 30 ildə dünyada lider olan və ikinci iqtisadiyyata malik olan bugünkü Çin dünyada ən iri ixracatçıya, kreditora, xammal ehtiyatları istehlakçısına, ən çox qızıl-valyuta ehtiyatlarına malik olan və gələcəkdə dünya ehtiyat valyutasına malik olacaq, ən çox əhalisi və ordusu olan dövlətə çevrilmişdir. Çinin qlobal proseslərdə rolu getdikcə artır. Bu proseslər yeni dünya nizamının formalaşmasına əsaslı təsir göstərir. Dünya nizamının gələcək inkişafı üçün ÇXR-in dünya siyasətinin aparıcı oyunçuları ilə, xüsusən də ABŞ-la münasibətləri böyük əhəmiyyət kəsb edir.

Bu gün Çinlə ABŞ arasında münasibətlər dünya siyasətinin diqqət mərkəzindədir. Hakimiyyətə növbəti, beşinci rəhbərlər nəslinin gəlişi ilə bu maraq daha da artmışdır. Amerikanın nüfuzlu tədqiqatçılarından olan Jozef Nay hələ 2004-cü ildə güc mərkəzinin tədricən Şimali Atlantika regionundan Asiya-Sakit okeanı regionuna doğru yerini dəyişəcəyini qeyd etmişdi. Dünya kapitalizmi liderlərinin zəiflədiyi bir şəraitdə kommunizm ideologiyalı nəhəngin əldə etdiyi iqtisadi uğurlar müasir beynəlxalq nizamın təminatçısı olan ölkələrdə narahatlıq yaradır və bu, heç şübhəsiz ki, ASOR-da qüvvələr balansının dəyişməsinə səbəb ola bilər.

Qeyri-formal diskussiyalarda, KİV-də və ekspert dairələrində Amerika-Çin münasibətlərinin perspektivlərinin radikal qiymətləndirilməsi Pekinin və Vaşinqtonun birgə rəsmi bəyanatlarının mötədil tonu ilə açıq-aşkar ziddiyyət təşkil edir. Pekin və Vaşinqton sanki bir-birini daha dərindən öyrənməyə başlayıblar.

2011-cü ilin yanvar ayında ÇXR-in sədri Hu Szintaonun ABŞ-a səfərinin nəticələrinə görə Amerika və Çin liderlərinin birgə bəyanatı dərc edilmişdi. Burada Birləşmiş Ştatlarla Çin arasında "pozitiv və hərtərəfli münasibətləri inkişaf etdirmək" niyyətindən bəhs olunurdu. Tərəflər gələcəkdə də əməkdaşlıq prinsiplərini rəhbər tutmaq istəklərini təsdiq etdilər. Bu prinsiplər ABŞ-la ÇXR arasında diplomatik əlaqələrin inkişaf dövründə dərc edilən üç kommünikedə öz əksini tapmışdır.

Amerika prezidenti Riçard Niksonun 1972-ci ildə Çinə ilk səfəri SSRİ-nin qarşısını almaq üçün məxfi Amerika-Çin "kvazi-birliyi"nin yaradılmasına təkan verdi. O zamandan bu yana dünya səhnəsi tanınmaz dərəcədə dəyişmişdir. Dünya artıq bipolyar deyil, ÇXR isə ABŞ-dan sonra ikinci iqtisadiyyat olmaqla liderlik iddiasında olan güclü qlobal oyunçuya çevrilmişdir. Hal-hazırda bu ambisiyalarla hesablaşmamaq olmaz. Düzdür, öz qüvvəsini dərk etsə də, indiyədək rəsmi Pekin Den Syaopinin nəsihətinə əməl edərək "özünü göstərməməyə" çalışırdı.

Bu gün artıq Amerika Çinin simasında real rəqib görür. 2009-cu ildə Vaşinqtonda hətta "ikilər qrupu" (G2) formatında dünyanın tənzimlənməsinə görə məsuliyyəti bölüşmək ideyası da meydana gəlmişdi. Çin rəhbərliyi bu ideyanı dəstəkləmədi: ÇKP təmkinli "inkişaf etməkdə olan dövlət" siyasəti (Çin rəsmi olaraq özünü belə bir dövlət hesab etməkdə davam edir) ilə "ucalmaqda olan fövqəldövlət" siyasəti arasında tarazlıq nöqtəsi axtarmaqda davam edir. Amerika-Çin münasibətlərinin gələcəyi ÇKP-nin bu vəzifənin həllində hansı strategiyanı seçməsindən asılıdır.

ÇKP-nin XVIII qurultayında "yeni" Çinin beynəlxalq münasibətlər sistemində gələcək rolundan geniş söhbət açıldı. ÇKP iqtisadi inkişaf modelini transformasiya etdirməklə və hərbi qüvvələrini modernləşdirməklə fövqəldövlət səviyyəsinə qalxmağa çalışır.

Pekinin xarici siyasətə yanaşmasını şərtləndirən aparıcı amillər arasında ölkənin siyasi rejiminin xarakteri getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Çin rəhbərliyinin üzləşdiyi sosial və demoqrafik problemləri nəzərə alsaq, onda qeyd etməli olarıq ki, Pekinin qarşısında hakimiyyətin legitimliyi məsələsini möhkəmləndirmək və "Çin spesifikası ilə sosializm modeli"nin qurulmasına bəraət qazandırmaq vəzifəsi durur. Hakimiyyətin legitimliyinin yüksəldilməsi aləti kimi çıxış edən xarici aləmin "düşmən" olması ideyası Çinin iqtisadi və hərbi-strateji uğurlarını tamamlayır.

Beynəlxalq mühitə etimadsızlıq imperiya Çininin XIX əsrin böyük dəniz dövlətləri olan Böyük Britaniya, ABŞ və Fransa ilə uzun illər davam edən neqativ münasibətlərindən yaranan təcrübənin təsiri altında tədricən formalaşmışdır. Bu gün rəsmi Pekin Çin dövlətçiliyini xaricdən təhdid edən "4 təhlükə dairəsi"ni qeyd edir. Birinci dairəyə dövlətin siyasi stabilliyini və bütövlüyünü sarsıdan təhdidlər daxildir (bunlara Amerikanın xarici siyasətinin əsas alətlərindən olan demokratiyanın yayılması və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ideyaları aiddir).

İkinci dairəyə Çinə qonşu olan ölkələr aiddir. Quruda və dənizdə həll olunmamış ərazi və sərhəd məsələlərinin olması onlarla münasibətləri mürəkkəbləşdirir. ÇXR-in Yaponiya, Vyetnam və Filippinlə bu yaxınlarda baş vermiş sərhədyanı münaqişələrinin işığında belə bir qənaətə gəlmək olar ki, Çin özünü "mühasirə"də hiss edir və öz maraqlarını təmin etməyə çalışacaqdır.

Daha sonra Çinin xarici siyasətini regional səviyyədə təhdid edən təhlükələr gəlir. Bu baxımdan Pekini daha çox narahat edən güclü hərbi-dəniz imkanlarına malik olan ABŞ-ın ASOR-u milli təhlükəsizlik baxımından aparıcı bölgə kimi nəzərdən keçirməkdə davam etməsi və burada "status-kvo"nu konservasiya etməyə can atmasıdır.

Nəhayət, sonuncu təhlükə dairəsinə qlobal səviyyədə təzahür edən təhdidlər daxildir. Çin özünün xarici siyasət prioritetlərində bunlara 1990-cı illərdən etibarən xüsusi diqqət yetirməyə başlamışdı. Çin mütəxəssislərinin fikirlərinə görə, təhdidlərin strukturuna daxil olan bütün  elementlərdə Amerika amili xüsusi yer tutur ki, bu da ikitərəfli münasibətlərdə münaqişəliliyin eventual olaraq güclənməsini söyləməyə əsas verir.

Həqiqətən də, ABŞ-ın regionda iştirakı; Çin ərazisində fəaliyyət göstərən qeyri-hökumət hüquq müdafiə təşkilatlarının proqramlarına Amerikanın güclü dəstəyi; Tayvana silah tədarükü və ABŞ-ın regionun digər aparıcı oyunçuları (Cənubi Koreya və Yaponiya) ilə hərbi müqavilələri Çin rəhbərliyini Ağ Evə etimadsızlıq göstərməyə vadar edir. Çin revizionizmindən ehtiyat edən Vaşinqton da ÇXR-in siyasətinin motivlərini diqqətlə öyrənməyə çalışır. Bunları söyləməyə əsas verən Çinin fəal sərhəd siyasəti və ÇKP rəhbərliyinin strateji silahların məhdudlaşdırılması məsələlərini müzakirə etmək istəməməsidir.

Çində fəal və savadlı gənclər qrupu formalaşmışdır. Qərbin aparıcı universitetlərində təhsil alan bu gənclərin beynəlxalq münasibətlər nəzəriyyəsi barədə yaxşı təsəvvürləri var. Onların arasında "aqressiv realizm" adlanan cərəyan çox populyarlaşmışdır. Onun nümayəndələrinin fikirlərinə görə, Çini və onun daxili rejimini zəiflətmək üçün Vaşinqton "proaktiv" tədbirlər görmək məcburiyyətində qalacaqdır. Lakin Çin-Amerika münasibətlərinin mühüm cəhətlərindən biri güclü iqtisadi qarşılıqlı asılılığın olmasıdır. Sıx iqtisadi əlaqələr vasitəsilə Çin Amerikanın texnologiyaları və təcrübəsindən istifadə etməklə yeni iqtisadi (innovasiya) modelinə keçid etməyə çalışır. Öz növbəsində ABŞ artmaqda olan qarşılıqlı asılılıq vasitəsilə Çin iqtisadiyyatını "liberallaşdırmağa" cəhd edir. Beləliklə, iki böyük dövlətin münasibətlərində yer alan münaqişəli potensial intensiv əməkdaşlıqla tamamlanır.

Bu mənada Çin rəhbərliyinin "çinlilərin dünyaya və bu dünyada öz yerlərinə baxışını" açıqlayan incə və dərindən işlənmiş elmi-nəzəri yanaşmaları ÇXR-in "məsuliyyətli fövqəldövlət" kimi müsbət obrazını yaratmaq və Amerikanın "proqnozlaşdırıla bilinməyən kommunist nəhəngi" ilə bağlı narahatlığını neytrallaşdırmaq məqsədini güdür. Pekin demək istəyir ki, kommunist əjdahasının yüksəliş yolunu Almaniyanın Birinci dünya müharibəsinə gətirib çıxaran yüksəlişi və ya Yaponiyanın Sakit okean regionunda İkinci dünya müharibəsi ilə nəticələnən militarizasiyası kimi tarixi təcrübələrlə müqayisə etmək yanlış olardı. Hər iki halda yeni güc mərkəzinin meydana gəlməsi qüvvələr balansının pozulmasına və maraqların toqquşmasına gətirib çıxarmış, bunu sülh yolu ilə həll etmək isə mümkün olmamışdır. Çinə gəlincə isə, Çin ideoloqları bildirirlər ki, onun tədricən güclənməsi ekspansiya ilə nəticələnməyəcəkdir. Əksinə, Çinin yüksəlişi beynəlxalq işlərdə daha fəal iştirakı, müstəqil və fövqəldövlətin işlərinə müdaxilə etməyən xarici siyasətin yeridilməsini, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutan "ahəngdar inkişaf" nəzəriyyəsinə uyğun baş verəcəkdir.

Amerika maraqlıdır ki, Çinin siyasi sistemi daha açıq olsun. Aydındır ki, Çin iqtisadiyyatının dünya bazar sisteminə daha geniş şəkildə cəlb edilməsi Çinin uzunmüddətli "dolayı yolla liberallaşdırılması" layihəsini həyata keçirmək məqsədini güdürdü. ABŞ bundan sonra da Çində vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə geniş dəstək verəcəkdir. "Yumşaq güc" strategiyasının tətbiqi iki böyük dövlət arasında fundamental ideoloji fərqlərin qalması ilə şərtlənir. Müxtəlif ideologiyalar dünya haqqında kəskin dərəcədə fərqlənən təsəvvürlər formalaşdırır və deməli, bir-biri ilə rəqabət aparan dövlət maraqlarının formalaşmasına təsir göstərir. Bundan başqa, ideoloji uçurum da qarşılıqlı inamsızlığa səbəb olur.

Çin hökuməti onun hakimiyyətinin və səlahiyyətlərinin məhdudlaşdırılmasına toxunan bütün tələbləri əsas məqsədinin, yəni ölkənin sürətlə modernləşdirilməsini təhdid edən məqam kimi nəzərdən keçirir. Çin daxilində siyasi böhran baş verərsə, ölkə regionda Şərqi Asiyanın bütün ölkələrinin milli təhlükəsizliyini təhdid edən güclü destabilləşdirici amilə çevriləcəkdir.

Eyni zamanda Ağ Ev hesab edir ki, Asiyanın kommunist nəhənginin gücünün artması gec-tez mövcud beynəlxalq nizamın pozulmasına gətirib çıxaracaqdır. Görünür, bununla bağlı olaraq Vaşinqton yenidən Asiya-Sakit okean vektorunu xarici siyasətinin prioriteti hesab edir. Bu mənada ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun "Amerikanın Sakit okean əsri" adlanan və 2011-ci ilin noyabr ayında işıq üzü görən məqaləsi maraq kəsb edir. Amerikanın ASOR-da xarici siyasətinin həyata keçirilməsinə həsr olunan bu proqram xarakterli sənəddə ABŞ-la ÇXR-in gələcək əməkdaşlığı məsələləri mərkəzi yerlərdən birini tuturdu.

Ekspertlərin qiymətləndirmələrinə görə, Ağ Ev administrasiyasının Sakit okean regionunda cərəyan edən proseslərə marağının kəskin dərəcədə artmasına və Amerikanın yeni doktrinasının meydana gəlməsinə səbəb məhz "Çin sindromu"dur. Regionda qarşılıqlı asılılığın artdığını nəzərə alaraq qeyd etmək olar ki, bu cür əməkdaşlıqdan irəli gələn iqtisadi faydalar göz önündədir və ölkələr arasında dostluq kooperasiyası üçün təməl yaradır. Lakin Çinin başladığı silahlanma yarışı buna mane ola bilər. ÇXR-in hərbi-dəniz donanmasının güclənməsi və onun strateji potensialının artması Pekinin regionun digər ölkələrinə siyasi-psixoloji təsirinin artmasına gətirib çıxaracaqdır. Çin qitənin güclü dövlətinə çevrilməkdədir. Onun təsir coğrafiyası dinamik şəkildə genişlənərək başqa ölkələrin, ilk növbədə ABŞ-ın maraqları ilə toqquşmaqdadır.

Göründüyü kimi, Asiyada təhlükəsizlik məsələləri müdafiə ittifaqları və sazişlərlə ayrılmaz şəkildə bağlıdır. Vaşinqton öz alyanslarının həyat qabiliyyətini qoruyub saxlamağa çalışacaqdır. ABŞ hətta hərbi ittifaqları möhkəmləndirir və "Çin əjdahası"nın artmaqda olan qüdrətindən ehtiyatlanan və Asiyada "köhnə nizam"ı pozmaq istəməyən müttəfiq ölkələrdən ibarət halqa yaradır.

Paradoksal olsa da, Çinin nüfuzunun artması Amerikanın regiondakı strategiyasının xeyrinə ola bilər. ASOR-da iştirak etdiyi illər ərzində ABŞ bütün neqativ cəhətlərinə baxmayaraq, regionda mövcud nizamın stabilliyinə dayaq ola bildiyini sübut etdi. Pekinin özünə əminliyi qonşu ölkələri həyəcanlandırır. Hətta ABŞ-la alyanslara daxil olmayan Asiya dövlətləri belə adət etdikləri sülhə zəmanət kimi ABŞ-ın regionda siyasi iştirakını və yaxın dənizlərdə Amerika qüvvələrinin olmasını istəyirlər.

Amerika-Çin münasibətlərinin gələcəkdə konfrontasiya xarakterli inkişaf ssenarisi obyektiv səbəblərdən mümkün olsa da, bunu nə Vaşinqton, nə də Pekin arzulamır. Lakin praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini qurmaq üçün ən azından inamın olması gərəkdir. Lakin elə məhz inam da hazırkı mərhələdə çatışmır.

Çin, əsasən, onun iştirakı olmadan formalaşdırılan dünya nizamını dəyişdirmək istəyini gizlədə bilmir və bu, narahatlığa səbəb olur. Pekin öz revizionist siyasətini həyata keçirməyə cəhd göstərsə, regionda bu nizamı qoruyub saxlayan ABŞ-la qarşıdurma qaçılmaz olacaqdır.

Pekinlə Vaşinqtonun qarşılıqlı münasibətlərinin xarakterini proqnozlaşdırmaq çətindir. Lakin bir şeyi əminliklə demək olar: həm regionda, həm də bütövlükdə dünyada yaxın perspektivdə siyasi həyatı məhz formalaşmaqda olan Çin-ABŞ münasibətləri müəyyən edəcəkdir.

Nərgiz Əfəndiyeva,

Filologiya üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...