THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Heydər Əliyev və XX-XXI əsrlərin qovşağında Xəzər bölgəsinin geosiyasəti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12287
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 may 2015 – Newtimes.az

XX-XXI əsrlərin qovşağında ölkənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılan və həyata keçirilən xarici siyasətinin əsas istiqamətlərindən biri karbohidrogen və bioehtiyatlarla zəngin olan Xəzər bölgəsində Azərbaycanın milli maraqlarının müdafiəsi məsələsi idi.

Postsovet məkanının geosiyasi zolağının mərkəzində yerləşən Xəzər bölgəsi 1990-cı illərdən etibarən dünya siyasətində geosiyasətin klassik qaydaları üzrə aparılan yeni "böyük oyun"un ayrılmaz hissəsinə çevrildi. Xəzəryanı ölkələr regionda dünyanın və bölgənin böyük dövlətlərinin Xəzərin "şahmat masası"nda apardığı "geosiyasi oyun"a qoşulurdular. Mühüm coğrafi mövqelərdə yerləşdiyinə görə dünyanın və bölgənin böyük dövlətlərinin birbaşa geosiyasi maraqlarının mərkəzində, əvvəlki yüzilliklərdə olduğu kimi, Azərbaycan Respublikası dururdu.

Həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri neft-qaz ehtiyatlarının, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənməsində, habelə Xəzər neftinin dünya bazarlarına nəqlində iştirak etməkdə geoiqtisadi nöqteyi-nəzərdən həmişə maraqlı olmuşlar və bu, indi də belə davam edir. Təkcə sahilyanı ölkələr deyil, dünyanın və bölgənin də böyük dövlətləri arasında bu enerji ehtiyatlarına çıxış uğrunda həm gizli, həm də açıq şəkildə rəqabət mübarizəsi gedir. İqtisadiyyat neft olmadan inkişaf edə bilməz. Buna görə də o, dünya siyasətində ən mühüm geostrateji amil olaraq qalmaqdadır. Özü də müasir qloballaşma proseslərinin vüsət aldığı və yeni dünya nizamının formalaşdığı bir şəraitdə "neft diplomatiyası" beynəlxalq münasibətlər sistemində güclü təsir mexanizmi, dünyanın müxtəlif regionlarında münaqişəli situasiyaların yaranmasının səbəblərindən biri olmuş və bu gün də belə qalmaqdadır. Təsadüfi deyildir ki, Qərbin neft siyasəti üzrə görkəmli ekspertlərindən biri olan D.Yergin qeyd etmişdir ki, "zorakılıq, müharibələr, texnogen təhlükələr, siyasi kolliziyalar, iqtisadi imperativlər, etnik, dini, ideoloji və ya sosial münaqişələr – bir sözlə, neftə çıxışa təsir edə biləcək hər şey birdən baş verə bilər".

Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, həm keçmişdə, həm də XX-XXI əsrlərin qovşağında Xəzər bölgəsinə münasibətdə dünyanın və bölgələrin böyük dövlətlərinin geostrategiyasının təməlində onların geosiyasi və geoiqtisadi maraqlarının üstünlüyü prinsipi durur. Eyni zamanda, Heydər Əliyev bu mühüm bir amili də nəzərə alırdı ki, Avropanın və Asiyanın böyük dövlətlərinin qovşağında yerləşən Azərbaycanın həm Şərqə, həm də Qərbə üz tutan "qapı-dövlətə" çevrilmək perspektivləri kifayət qədər realdır. Ümumilikdə isə modernləşmə xəttini götürən, siyasi, iqtisadi və humanitar əlaqələri sürətlə inkişaf etdirən Heydər Əliyev Azərbaycanın geosiyasi gələcəyini Avropa ölkələrinin ailəsində görürdü. Eyni zamanda, Azərbaycan MDB ölkələri və ilk növbədə özünün şimal qonşusu olan Rusiya ilə də qarşılıqlı faydalı əlaqələr qururdu.

90-cı illərin əvvəllərində, Azərbaycanın ən çətin dövrlərində ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev ölkə daxilində siyasi stabilliyi təmin etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən çıxış yollarını axtarmaqla yanaşı, Azərbaycanın Xəzər dənizində milli maraqlarının müdafiəsi problemini də həll etmək məcburiyyətində idi. Özü də bütün bunlar Azərbaycanın Xəzər bölgəsindəki qonşuları ilə mürəkkəb münasibətlərdə olduğu bir şəraitdə baş verirdi. 1993-cü ilin yay aylarına yaxın təşəkkül tapan bu münasibətlər əvvəlki rejimin diletant siyasətinin nəticəsi olmuşdur.

Yalnız Heydər Əliyevin beynəlxalq aləmdə realist, uzaqgörən və təmkinli fəaliyyəti sayəsində Rusiya ilə Qazaxıstanla və hətta Xəzərin bölgüsü ilə bağlı Azərbaycana qarşı iddiaları olan Türkmənistan və İranla da qarşılıqlı münasibətlər normallaşdırıldı. Digər tərəfdən, Azərbaycan neftinin işlənməsi və nəqli işinə Qərbin iri neft şirkətləri də cəlb edildi ki, bu da 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə nəticələndi. Heydər Əliyev deyirdi: "Xəzər dənizi hövzəsi dünyanın bir çox ölkələri və şirkətlərinin əməkdaşlığı səhnəsinə çevrilir. Bu isə dünyada baş verən inteqrasiya proseslərinə kömək etməklə ölkə və xalqların sülh və stabillik şəraitində qarşılıqlı əməkdaşlığının çox gözəl bir nümunəsidir".

Heydər Əliyevin digər bir böyük diplomatik uğuru Xəzərdən Aralıq dənizinə Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Əsas İxrac Boru Kəməri layihəsinə beynəlxalq dəstəyi təmin etməsi ilə bağlı olmuşdur. Bu, Ankarada 29 oktyabr 1998-ci ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan prezidentləri və ABŞ-ın yüksək səviyyəli nümayəndəsi tərəfindən xüsusi bəyannamənin imzalanmasında öz ifadəsini tapdı. ATƏT-in 18 noyabr 1999-cu il İstanbul sammitində isə Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Əsas İxrac Boru Kəmərinin tikintisinin başlanması və Xəzər neftinin beynəlxalq bazarlara çıxarılması müddətini müəyyən edən sazişlər paketi imzalandı.

Xəzər dənizinin beynəlxalq statusunun müəyyən edilməsi ilə bağlı yaranan kəskin mübahisələr üzündən onun "qan qoxusu verən" "problemlər dənizi"nə çevrildiyini deyən Türkmənistanın keçmiş prezidenti S.Niyazovdan fərqli olaraq, Heydər Əliyev vurğulayırdı ki, "Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq dənizi, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır". Heydər Əliyevin bu sözləri ilə onun "mürəkkəb beynəlxalq problemləri, o cümlədən Xəzər bölgəsi ilə bağlı problemləri kəskinləşdirmək yox, onların sivil həlli yollarını tapmaq"dan ibarət olan xarici siyasət doktrinasının mahiyyəti tam açıqlanmış olur.

Azərbaycan Prezidenti Xəzərin akvatoriyasının sahilyanı dövlətlər arasında bölgüsü problemi ilə bağlı bir sıra olduqca mürəkkəb məsələlərin də həllinə nail oldu. Bu mənada 2001-ci ilin yanvar ayının 9-da Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri tərəfindən Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyannamənin qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Tərəflər Xəzər dənizinin bölgüsünə konsensus yolu ilə mərhələli şəkildə, "beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və Xəzərdə təşəkkül tapmış praktika nəzərə alınmaqla" irəliləmək niyyətini nümayiş etdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız yüzillikdə "Xəzər dənizi bölgəsində əsl geosiyasi inqilab baş vermişdir. Bunun nəticəsində bu bölgə Rusiya ilə Qərbin maraqlarının toqquşduğu ən "qaynar" xəttə çevrilmişdir". Əsrlər ərzində Mərkəzi Avrasiyada geosiyasi münasibətlərin mühüm həlqələrindən biri olan Azərbaycan müasir şəraitdə də Xəzər bölgəsində beynəlxalq geostrateji rəqabətin mərkəzində qalmaqdadır.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...