THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya: xaos dərinləşir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8844
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Suriyanın təcridi

Suriya alov içindədir. Silahlı toqquşmalar getdikcə daha da şiddətlənir. Qarşıduran tərəflərin zorakılıqları artır. Dinc əhali arasında ölənlərin sayı çoxalır. Siyasətçilər öz tərəfdarlarına ideya yox, silah verirlər. İndi ölkədəki qruplaşmalar hərbi gücləri vasitəsi ilə mübarizə aparıb qalib gəlməyə çalışırlar. Ancaq kimin üzərində qələbə çaldıqlarını özləri də bilmirlər. Və yaxud bu qələbənin əvəzini Suriya dövlətçiliyinin hansı dərəcədə ödəyəcəyini düşünmürlər.

Beynəlxalq birliyin Suriya siyasəti də iflasa uğramaqdadır. Çünki bu ölkə getdikcə beynəlxalq aləmdən təcrid olunur. Sanki Suriyadakı münaqişənin həlli ətrafında bütün siyasi imkanlar tükənir. Bu mənada Suriya məsələsi beynəlxalq siyasətin ədalətindən, humanizmindən və dinc üsullarından təcrid edilir.

Ərəb siyasətçiləri də çıxış yolunu tapa bilmirlər. Onların bir qismi okeanın o tayından gələn təlimatlara uyğun addımlar atır. Digərləri isə gözlərini şimala zilləyiblər. Başqaları isə Tehranın “məzhəb rəqsinin Suriyadakı ritminə uyğunlaşmaqdadır”. Meydanda qalan xalqdır.

Ərəb Liqası Bəşər Əsədin istefasını tələb edir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da son Məkkə sammitində eyni tələbi irəli sürdü. Həm də Suriyanı qurumdan xaric etdi. Onda Suriyanı niyə təşkilatdan çıxardılar? Səudiyyə Ərəbistanının kralı Abdullah “İslam ölkələri birləşməlidir” mesajını versə də görünür ki, bu ölkədə hələlik xaosun olması çoxlarının marağındadır.

Böyük dövlətlər və beynəlxalq təşkilatlar: gözləmə mövqeyi?

Baş verənləri hamı görür. ABŞ proseslərə birbaşa müdaxilə etmir. V.Vilson Beynəlxalq Elmi Mərkəzinin eksperti Devid Miller "Slate.fr" (Fransa) nəşrində yazır ki, “Amerikanın özünü oda atmasına ehtiyac yoxdur. ABŞ və Avropanın Suriyaya müdaxilə etməsi lazım deyil”.

ABŞ Əfqanıstan və İraq hadisələrindən nəticə çıxararaq, bir daha müsəlman ölkələrinə hərbi müdaxilə etmək istəmir. Qərb müsəlman ölkəsinin böhrandan çıxdıqdan sonra daha təhlükəli ola biləcəyini düşünür. Qəribə də olsa, belədir.

Ona görə də analitiklər Amerikanın Suriyadakı vəziyyətə birbaşa müdaxilə etməyəcəyi qənaətindədirlər. Avropanın da bu mövqedə duracağı ehtimal olunur. Çünki ABŞ-sız avropalılar Suriyadakı prosesləri tənzimləmək iqtidarında deyillər. Məsələnin beynəlxalq münasibətlər sahəsində gərginləşməsinə də bağlılığı var.

Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməyə bir neçə dəfə veto qoymasını Qərbdə təşkilatın böhranı kimi qələmə verirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna cavab olaraq bəyan edib ki, söhbət bir münaqişənin ədalətli həllindən gedir. BMT-də heç bir böhran yoxdur. Qərb yaranmış vəziyyətdə yalnız müxalifəti dəstəkləməklə münaqişəni daha da alovlandırır. Rusiya təklif edir ki, Suriyadakı bütün münaqişə tərəflərinə diqqət yetirilsin.

Eyni zamanda, Cenevrə danışıqlarının qərarlarına əməl etmək gərəkdir. Yəni Suriyada keçid hökuməti yaradılmalıdır. S.Lavrov bununla bağlı sual edir: “Keçid hökuməti niyə yaradılmır?”.

Rəsmi Vaşinqton bunu Moskvanın problemin həllinə maneə yaratması kimi qiymətləndirib. Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland keçirdiyi brifinqdə sual edib: “Biz istərdik ki, Suriya rejimi cəzalandırılsın. İlk növbədə sanksiyalar tətbiq edilsin. Rusiya buna veto qoydu. Sual olunur, kim bunun sona çatması üçün çox çalışır?”.

Moskva və Pekinin öz planları var. Onlar hesab edirlər ki, Suriya böhranının həllini yalnız B.Əsədin istefasına bağlamaq düzgün deyil. Problemə ümumölkə siyasi kontekstində yanaşmaq lazımdır. Maraqlıdır ki, bəzi rusiyalı analitiklər Kremlin bu mövqeyini hay-küy salmaq kimi qiymətləndirirlər.

Şərqşünas Y.Suponina qeyd edir ki, S.Miloşeviç, S.Hüseyn və M.Qəddafinin taleyi göstərdi ki, Rusiya BMT kürsüsündən verdiyi bəyanatdan o tərəfə gedə bilmir.

BMT-nin münaişə zonasında fəaliyyəti səmərəsizdir. Artıq bu qurumun Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan istefa verib. BMT TŞ-nin son iclasında müşahidəçilərin mandatının uzadılmayacağı qərara alınıb. Rusiyanın bununla bağlı verdiyi təklif qəbul edilməyib.

Təhlükəsizlik Şurası Moskvanın Dəməşqdə baş vermiş son partlayışları həyata keçirənləri ittiham edən qətnamə layihəsini də rədd edib. Beləliklə, BMT faktiki olaraq, proseslərə təsir göstərə bilmir.

Ölkə nəzarətdən çıxır

Suriya xalqı qarşılaşdığı təhlükələrdə köməksiz vəziyyətdədir. Proseslər çox qorxulu isitqamətlərdə inkişaf edə bilər. Hazırda ölkədə fəaliyyət göstərən silahlı qrupların siyasi-ideoloji və hərbi məqsədləri bu proqnozu verməyə əsas yaradır.

Ölkədə Suriya azadlıq ordusu (SAO), “əl-Qaidə” terrorçu şəbəkəsi, kürdlərin silahlı qruplaşmaları, PKK-nın ora keçən üzvləri və müxtəlif kiçik silahlı qruplar fəaliyyət göstərirlər. Bu qruplar arasında ziddiyyətlərin olduğu artıq məlumdur.

Həmin qruplardan hər birinin öz maraqları vardır. Ona görə də ölkənin gələcək bütünlüyü naminə onların ortaq məxrəcə gəlməsi ehtimalı çox aşağı hesab edilir. Həm də müxtəlif qruplaşmalar arasında çəkişmələrin uzun tarixi danılmazdır.

Məsələ ondan ibarətdir ki, hadisələr başlayandan məlum idi ki, bütövlükdə cəmiyyət B.Əsədə qarşı birləşə bilməyəcək. SAO hökumət qüvvələri ilə ağır döyüşlər aparanda kürd qruplaşmaları İraqın şimalında döyüş hazırlığı keçirdilər. Onlar qiyamçılara yardım etmirdilər.

Arıtq SAO kürdlərin bəzi bölgələrdə təşəbbüsü ələ almasına dözməyəcəyini bəyan edib. Kürd qruplaşmaları içərisində də hələlik tam birlik yoxdur. Kürdlərin bir qismi SAO tərkibində vuruşur və ölkənin birliyinin tərəfdarıdır. Bundan başqa, PKK-ya yaxınlığı ilə seçilən PYD-nin (Demokratik Birlik Partiyası) oradakı fəaliyyətindən başqa qruplar narazıdırlar.

Suriya kürdləri Milli Şurasının vitse-prezidenti Mustafa Cumax "Le Figaro" qəzetinin müxbirinə PYD-dən narazılıqlarını bildirib. Bunların fonunda PKK-nın kürdlər yaşayan bölgədə möhkəmlənmək planları haqqında açıq danışılması düşündürücüdür.

“Əl-Qaidə” öz məqsədlərini gizlətmir. Bu təşkilat mütəmadi olaraq bəyan edir ki, münaqişənin sona çatmasını gözləyir. Sonra müstəqil hərəkət edəcək. Bunlara İranın, Qətərin, Səudiyyə Ərəbistanının dəstəklədiyi qrupları əlavə etmək olar. Onu da nəzərə almaq lazımdır ki, İrandan Suriya ordusuna yardım üçün silahlı dəstələrin göndərildiyi haqqında informasiyalar yayılıb.

Bütün bunlar Suriyada proseslərin qeyri-müəyyənliyə doğru getdiyini göstərir. Münaqişə hələ başa çatmayıb. Beynəlxalq birlik kənara çəkilir. Ölkə daxilində milli-etnik və dini təriqətçilik ruhunda separatçılıq artır.

Suriya silsilə terror aktları mərhələsinə yaxınlaşır. Hətta B.Əsədi ən çox müdafiə edən dairələr belə onun ölkədə vəziyyətə nəzarət edə bilmədiyini etiraf edirlər. Digər qüvvələrdən heç biri təkbaşına ölkəni nəzarətdə saxlaya bilməz. Deməli, qarışıqlıq, toqquşmalar və terror daha da güclənə bilər.

Təhlükəli ssenarilər

Suriya dövlət və cəmiyyət olaraq taleyinin yolayrıcına gəlib çıxıb. İndi ABŞ və Türkiyə onun şimal hissəsində təyyarə və helikopterlərin uçuşunun qadağan edildiyi hava sahəsi yaratmaq fikrindədirlər. Orada təhlükəsizlik zolağının formalaşdırılması nəzərdə tutulur.

Bunun reallaşması ehtimalı az deyil. Çünki Qərb və beynəlxalq birlik Suriyadakı proseslərə müdaxilə etmək istəmirlərsə, qaçqınların sayı sürətlə artacaq. Türkiyə onların sayının 150 mini keçdiyi halda təhlükəsizlik üçün aralıq zona yaradacağını artıq bəyan edib.

Yuxarıdakı təhlillər hadisələrin bir neçə inkişaf ssenarisinin ola biləcəyi nəticəsini çıxarmağa imkan verir. Birincisi, B.Əsəd yaxın zamanlarda hakimiyyəti təhvil verir. Bu halda Suriyada qarşıdurma daha da şiddətlənə bilər. B.Əsədin tərəfdarları ilə müxalifətin müxtəlif qrupları arasında qanlı savaşların başlaması mümkündür. Bu fürsətdən “əl-Qaidə” dərhal yararlanmağa çalışar. Müxtəlif etnik qruplar arasında silahlı toqquşmaların artması da gözlənilən ssenaridir.

İkincisi, B.Əsədin hakimiyyətdən getməsi uzana bilər. Bu halda Qərb dövlətləri ölkədə xaosun dərinləşməsinə mane olmayacaqlar. Çünki özləri deyirlər ki, “bu, Suriyanın xaosudur”. Həmin variantda bütövlükdə regionda gərginlik yüksələ bilər.

Hadisələrin qonşu ölkələrə sıçraması ehtimalı istisna edilmir. Prosesin bu cür getməsində B.Əsədin də marağı var. O halda Türkiyə, İraq, İran, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Liviya və başqa region ölkələrini bürüyən böhran meydana gələ bilər. Buradan artıq hansı dövlətin necə çıxacağı məlum deyil. Hətta Yaxın və Orta Şərqə qonşu olan ölkələrə də gərginliyin sıçraması ehtimalını nəzərə almaq lazımdır.

Üçüncüsü, Suriya bölünə bilər. Proseslərin gedişində xaosun daha da dərinləşməsi lokal ərazilərdə nəzarəti ələ almağa çalışan qüvvələri fəallaşdıra bilər. B.Əsəd tərəfdarları ələvilərin üstün olduqları bölgələrdə ayrıca muxtariyyət yaratmağa cəhd edərlər.

Kürdlər dərhal ölkənin şimalında öz idarəetmə sistemini qurmağa çalışacaqlar. Ölkənin sünni əhalisi də təbii ki, hakimiyyətə yiyələnmək iddiasını ortaya qoyacaq. Bütün bunlara paralel olaraq “əl-Qaidə”nin əmirliklər qurmaq planlarını unutmaq olmaz. Artıq onlar bəzi şəhərlərdə bu modeli həyata keçirməyə cəhd edirlər.

Bəzi ərəb dövlətlərinin Suriyada öz maraqlarına uyğun rejim yaratmaq arzularını nəzər alsaq, son dərəcə qarışıq bir mənzərə meydana çıxır. Ancaq həmin mənzərəni Suriyada fəaliyyət göstərən qrupların tam təsəvvür edə bildiyi şübhə doğurur.

Kənardan dəstək olmasa, onların heç biri nəzərdə tutduqlarını həyata keçirmək gücündə deyillər. Deməli, bu variantda da xaricdən müdaxilələr istisna edilmir. Onda bütövlükdə regionun xaosa sürüklənməsi təhlükəsinin yarandığını deyə bilərik.

Beləliklə, hadisələrin mümkün inkişaf ssenariləri Suriya üçün ürəkaçan bir şey vəd etmir. Görünür, bu ölkə bir müddət xaos içində çabalamalı olacaq. İndi suriyalılar vətənlərini elə bir vəziyyətə gətiriblər ki, hansı istiqamətdə bir addım atsalar, qeyri-müəyyənlik daha da artacaq. Bundan udan tərəf nə suriyalılar, nə də ümumiyyətlə, müsəlmanlar olacaq. Məsəl var: “hirslə qalxan zərərlə oturar”! Suriya “oturmaq” üzrədi

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...