THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Uğursuz səfər – Sarqsyanın Moskva fiaskosu

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8735
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Serj Sarqsyanın Moskvaya budəfəki səfəri ətrafında süni ajiotaj yaradıldı. Bəzi KİV orqanları və analitiklər Ermənistan prezidentinin Kremlə getməsini dünyanın qlobal geosiyasi və təhlükəsizlik məsələləri kontekstində təqdim etməyə çalışdı. Konkret faktların yaratdığı reallıq isə başqa məqamlardan xəbər verir.

Erməni dövlətçiliyinin taleyi

Son vaxtlar Ermənistanın Avropaya meyl etdiyi haqqında informasiyalar yayılırdı. Erməni analitiklər ölkənin gələcəyini Avropa İttifaqında (Aİ) gördüklərini açıq bildirirdilər. Serj Sarqsyanın da xarici siyasətdə NATO və Aİ ilə əlaqələrə daha çox fikir verməyə başladığını vurğulayırdılar. Rusiyanın bu cür informasiyalara laqeyd qalması mümkün deyildi.

Rusiya prezidenti Vladimir Putinin sentyabrda Ermənistana səfəri nəzərdə tutulub. Lakin bundan əvvəl S.Sarqsyan Kremlə “çağırılıb” (bu ifadəni bir sıra erməni KİV orqanı işlədir). Səfərin avqustun 8-də baş tutmasını təsadüf saymırlar. Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan “Эхо Кавказа” radiosuna verdiyi müsahibədə “erməni dövlətçiliyinin taleyi həll olunur”, – deyib.

Prezidentlər görüşdən sonra keçirdikləri brifinqdə hər bir məqam haqqında müsbət fikirlər söyləyiblər. Lakin V.Putinin S.Sarqsyanı yönəltdiyi açıq hiss olunub. Ermənistan prezidenti çıxışını yekunlaşdırdıqdan sonra Rusiya prezidenti “Rusiyanın Ermənistana sərmayə qoyuluşunda builki faiz...”, – deyə həmkarına mövzu verib. S.Sarqsyan da müəllimin sualına cavab verən şagird kimi tələsik, “xarici sərmayələrin 50%-i qədər olmuşdur”, – cavabını verib.

Rusiya və Ermənistan prezidentləri Cənubi Qafqazda təhlükəsizlik məsələsini, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində inteqrasiya imkanlarını müzakirə ediblər. Avrasiya inteqrasiyası bağlılığında İrəvanın Gömrük İttifaqına daxil olması variantları diqqət mərkəzində olub. Prezidentlərin keçirdikləri brifinqdə deyilənlərdən aydın olub ki, Rusiya Ermənistan üçün ayrıca model təklif edə bilər. Çünki onların ortaq sərhədi yoxdur.

V.Putinin mətbuat xidmətinin yaydığı məlumatda Moskvanın Ermənistan siyasətinin bəzi məqamları ifadə olunub. Kreml İrəvana Cənubi Qafqazda əsas tərəfdaşı olaraq baxmaqda davam edir. Eyni zamanda, Ermənistanın Qərbə meyllənməsindən narahatdır. Bəzi analitiklərin təxminlərinə görə, İranla bağlı vəziyyətin daha da gərginləşəcəyi halda Rusiya Gümrüdəki hərbi bazasına yeni silahlar yerləşdirə bilər.

Rəsmi İrəvan da şimal qonşusu ilə hərbi əməkdaşlığın KTMT çərçivəsində inkişaf etdirilməsində son dərəcə maraqlı olduğunu ifadə edib. Bu barədə S.Sarqsyan Moskvada keçirilən brifinqdə bir daha bəyan edib. O, Ermənistanın təhlükəsizliyinin təminində KTMT-nin ciddi rol oynadığını söyləyib.

Lakin bu məsələdə də rəsmi İrəvanın ikili mövqe tutduğu haqqında məlumatlar yayılıb. S.Sarqsyan rəsmi İrəvanın KTMT çərçivəsində fəaliyyətini genişləndirmək fikrində olduğunu bildirib. Eyni zamanda, o, NATO ilə əlaqələrin də inkişaf etdirilməsi istiqamətində addımlar atır. Bu iki xəttin bir-biri ilə uzlaşmadığına siyasətçilər arasında əminlik var. Ukraynanın təcrübəsi də Qərblə Rusiya arasında ikili xarakterli manevrlərin təhlükəli olduğunu təsdiq edir.

Qaz məsələsinin müəmmalı həlli

Ermənistan prezidenti qazın qiyməti məsələsində də razılığa gəldiklərini deyib. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Ancaq S.Sarqsyanla V.Putinin mətbuat üçün verdikləri bəyanatın stenoqramında Ermənistan prezidentinin bir qədər müəmmalı danışdığı hiss edilir. O, belə deyib: “Əlbəttə, bu gün vacib mövzu olan Ermənistana verilən qazın qiyməti haqqında da danışdıq. Düşünürəm ki, onun formalaşdırılması prinsipləri üzrə qarşılıqlı anlaşmaya nail olduq...”. Belə çıxır ki, qazın qiymətinin formalaşdırılmasınn əsas prinsipləri ilə bağlı razılıq var, ancaq konkret nəticə yoxdur. Səbəb nədir?

Görünür, Rusiya Ermənistanın hansı geosiyasi xəttə üstünlük verəcəyini gözləyir. Rəsmi İrəvanın şübhəli hərəkətləri Kremli ehtiyatlandırır. “Jamanak” qəzeti Moskvanın daha çox R.Koçaryanla işləmək istədiyini yazır. Çünki keçmiş prezidentin rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” bloku birmənalı Avrasiya inteqrasiyası tərəfdarıdır. Gözləmək olar ki, Rusiya üçün geosiyasi aspektdə prinsipial əhəmiyyət daşıyan bütün məsələlərdə V.Putin ehtiyatlı mövqe tutub.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirə aparıblar. Ancaq tərəflər bu məsələ ilə əlaqəli konkret heç bir fikir söyləməyiblər. Erməni ekspert R.Meqrabyan və rusiyalı siyasətşünas Pavel Felqenhauer Dağlıq Qarabağ probleminə aid indi hansısa sensasiyalı bəyanatın verilməsini gözləmədiklərini ifadə ediblər.

P.Felqenhauer Rusiya üçün Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin daha da artdığını təsdiq edir. Bu aspektdə İran və Türkiyə faktoru xeyli dərəcədə aktuallaşıb. Bunların fonunda Rusiyanın Dağlıq Qarabağla bağlı hansısa konkret fikir bildirməsi yalnız qıcıqlandırıcı təsir bağışlaya bilər. Eyni zamanda, Moskva bu məsələni də gələcək manevrlər üçün ehtiyatda saxlaya bilər. Xüsusilə, həmin münaqişə vasitəsi ilə İrəvanın ipini çəkər.

Moskvanın forpostuna məsləhətləri

Göründüyü kimi, S.Sarqsyanın Moskvaya səfəri birbaşa qlobal geosiyasi məsələlərlə əlaqəli deyil. Rusiya Avrasiya inteqrasiyası və KTMT çərçivəsində əməkdaşlıqda Ermənistandan maksimum dərəcədə faydalanmağı daha çox düşünür. Moskva öz forpostunu Qərbə üz çevirmək niyyətindən vaz keçməyə dəvət edib.

V.Putin Ermənistanın Rusiyadan tam asılı olduğunu ifadə etməyə çalışıb. Gözləmək olar ki, Rusiya Ermənistandakı hərbi bazalarının hərbi-texniki təminatını gücləndirəcək. Payızda Ermənsitanda KTMT-nin hərbi manevrlərinin keçirilməsi bu versiyanı irəli sürməyə əsas verir.

S.Sarqsyanın Moskvaya səfərinin Cənubi Qafqazda təhlükəsizliyin təmininə yardım edəcəyini gözləmək çətindir. Rəsmi İrəvan özünün aqressiv xarici siyasətindən əl çəkməməklə regionun sabitliyinə böyük zərbə vurur. Hələ qarşıda S.Sarqsyanın yenidən prezident seçilə bilməsi məsələsi də durur. Ona görə də Ermənistan prezidentinin hakimiyyətdə qalmaq qayğısına qalacağını təxmin etmək olar.

Mövzu ilə bağlı bir məqamı da vurğulamaq lazım gəlir. Ermənistan cəmiyyətində S.Sarqsyanın xarici siyasətinə münasibət getdikcə daha çox mənfiyə doğru dəyişir. Hətta Rusiya ilə əməkdaşlığın sağlam və bərabərhüquqlu təməl üzərində qurulmadığı haqqında fikir söyləyirlər.

"Lragir" qəzetində Akop Bədəlyan “Rusiya Ermənistanı silkələyəcək” deyərək ehtiyatlılığını ifadə edir. O, Moskvanın bir tərəfdən qazın qiymətini qaldırıb, digər tərfədən də 1 milyard dollar kredit təklif etməklə Ermənistanı “məngənəyə saldığını” yazır. Qərb sərmayəçilərinin İrəvanda nəzərdə tutulan konfransının təxirə salınmasını A.Bədəlyan məhz bu məqamla izah etməyə çalışır.

Beləliklə, Ermənistan prezidentinin Moskvaya növbəti səfəri nə Ermənistan dövləti, nə də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. İrəvanın müəmmalarla dolu xarici siyasət kursu davam edir. Xarici qüvvələrdən tam asılı olan bir ölkə rəhbərliyindən müstəqil siyasi addım gözləmək də sadəlöhvlük olardı. Görünür, hələ xeyli müddət Ermənistan regionun başağrısı olaraq qalacaq.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...