THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BMT-nin yeniləşməsi: zərurətlə ziddiyyətlər arasında

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
381891
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 noyabr 2014 – Newtimes.az

Bu gün beynəlxalq hüququn dövlətlərarası münasibətləri səmərəli tənzimlədiyini söyləmək çətindir. Dünyanın müxtəlif regionlarında özünü göstərən mürəkkəb proseslərin yaratdığı böhranlar qlobal miqyasda müxtəlif problemləri aktuallaşdırır. Sadə insanların həyatının qorunmasından tutmuş geosiyasi və enerji təhlükəsizliyinin təmininədək aktuallığı getdikcə artan amillər beynəlxalq ictimaiyyəti düşündürür. Bütün bu kimi halların fonunda BMT-də islahatların aparılmasının zəruriliyini xüsusi vurğulamaq lazım gəlir. Bu istiqamətdə hansı əlamətlər özünü göstərməkdədir?

Seçkidən sonra: kəmiyyət və keyfiyyət dəyişiklikləri

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilərin keçirilməsindən sonra mümkün ola biləcək yeniliklər ekspertlərin maraq dairəsindədir. Əvvəlcədən vurğulayaq ki, bu istiqamətdə nikbin proqnozlara rast gəlinmir. BMT-nin ciddi islahatlara ehtiyacı olduğu halda bunun görüntüsü yaradılır. Burada bir neçə aktual məqamı vurğulamaq gərəkdir.

BMT TŞ-nin yeni tərkibi faktiki olaraq 2015-ci ildən fəaliyyətə başlayacaq. Daimi üzvlər dəyişməyib, yeni müvəqqəti üzvlərin isə dünya siyasətinə təsiri o qədər də güclü deyil. Konkret üzvlük məsələsində dəyişikliklər olsa da, bunun qlobal geosiyasi dinamikaya hansısa ciddi təsir göstərəcəyini gözləmək əbəsdir (bax: Gareth Evans. The Security Council’s Credibility Test / Project Syndicate, 28 oktyabr 2014).

Onda bəs TŞ-nin tərkibini dəyişməkdə məqsəd nədir? Görünür, böyük dövlətlər öz mövqelərini əldən vermək istəmirlər. Onlar dünya siyasətində oynadıqları rolu davam etdirmək niyyətindədirlər. Bu, qlobal geosiyasətin mürəkkəb və qeyri-müəyyən vəziyyətdən xilas olmasına ciddi maneələr yaradır. Müxtəlif regionlarda müşahidə edilən qarşıdurmalar, ixtilaflar, silahlı toqquşmalar, terror hadisələri bunun əlamətlərindəndir.

Uzun illərin təcrübəsi göstərdi ki, hazırkı formatda BMT TŞ həmin problemləri aradan qaldıra bilmir. Əksinə, onların sayı getdikcə artır, miqyası genişlənir. Dünya sanki qlobal xaosa doğru sürüklənir. Dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət, ədalət, beynəlxalq hüququn qaydalarına əməl edilməsi əsasında inkişaf etmədiyi göz önündədir.

Deyilənləri hazırda Ukrayna ilə əlaqədar Qərb-Rusiya münasibətlərində də izləmək mümkündür. Tərəflər kompromisdən çox cəza tədbirlərinə, sanksiyalara, bir-birinə müxtəlif xarakterli qadağalar qoymağa çalışırlar. Bütün bunlar böyük geosiyasi məkanda kifayət qədər mürəkkəb mənzərənin yaranmasına səbəb olub. Ən düşündürücüsü odur ki, BMT vəziyyətə təsir göstərə bilmir. Ukrayna hadisələri ilə bağlı belə bir təşkilatın olub-olmadığı, ümumiyyətlə, hiss edilmir. BMT bəzi bəyanatlar verməklə, çağırışlar etməklə kifayətlənir.

Bunların əsas səbəblərindən biri BMT TŞ-nin strukturunda islahatlar aparılmasının qarşısının alınmasıdır. Məsələn, daha çox fayda verməsi üçün daimi olmayan üzvlərin seçilməsi qaydalarında dəyişikliklər etmək olar (bax: əvvəlki mənbəyə). Lakin bunun da həyata keçirilməsi yolunda əngəllər yaradılır.

Bəzi ekspertlərə görə, ''Şura bundan sonra da indiki kimi olarsa, 15 ilə onun nüfuzu və ona olan inam dünyanın əksər hissəsində təhlükəli səviyyəyə enəcəkdir. Bu, yalnız zaman məsələsidir'' (bax: əvvəlki mənbəyə). Etiraf edək ki, xeyli dərəcədə bədbin proqnozdur. Çünki bu ssenari reallaşarsa, dünya faktiki olaraq 15 ildən sonra qlobal xaos içində olar.

Bu baxımdan bir sıra ekspertlərin BMT-yə daha sərt mövqedən yanaşması təsadüfi deyil. Hətta belə bir sual da qaldırılır: ''BMT-nin Təhlükəsizlik Şurası keçmişin qalığıdırmı?'' (bax: məs., Álvaro Vargas Llosa. El Consejo de Seguridad: ¿una reliquia? / La Tercera, 28 sentyabr 2013). Burada daimi olmayan üzvlərin rolunun ''sırf rəmzi'' xarakter daşımaqda davam etməsi də aktual məsələlərdən biri hesab edilməlidir. Ancaq bu vəziyyəti dəyişmək istiqamətində hər hansı bir cəhd də müşahidə edilmir.

BMT-nin qlobal nüfuzu: onu yüksəltmək mexanizmi varmı?

İndi BMT-nin əsas işi təşkilatın qlobal nüfuzunu yüksəltmək üçün yeni üsulları axtarıb tapmaqdan ibarət olmalıdır. Ancaq bunun üçün mexanizm yaradılmayıb. Hələ də böhranların sayı artır, beynəlxalq hüququn əsas prinsiplərinə etinasızlıq göstərilir. Münaqişələr nəticəsində çoxlu sayda insan qaçqın-köçkün vəziyyətinə düşür. Böyük dövlətlərin də həmin prosesin qarşısını almaq üçün yeni yanaşmaları işləyib hazırlamaq istəyi müşahidə edilmir. Belə bir vəziyyətdə BMT-də real islahatlardan danışmaq çətindir.

Bu kontekstdə təhlükəsizliyin təmini məsələsi aktual görünür. İndi dünyanın istənilən ölkəsi üçün bu, prioritetdir. Bütövlükdə beynəlxalq aləmdə də bu problem kəskin qoyulur. Xüsusilə, sadə vətəndaşların həyatının qorunması ciddi vəzifə kimi qarşıya çıxıb.

Məsələn, Şimali Afrikada və Yaxın Şərqdə sadə adamlar zorakılığın, qətllərin obyektinə çevrilib. Onlar əksər hallarda kütləvi surətdə məhv edilirlər. Neçə müddətdir ki, İŞİD terrorçularının törətdikləri qətliamların qarşısı alınmır. Onlar yaşa və cinsə baxmadan insanların başını kəsirlər. Bir sıra hallarda təhqiredici fotolarını yayırlar. Maraqlıdır ki, beynəlxalq təşkilatların heç biri hələlik buna qarşı real addım atmayıb. Bunun səbəblərindən biri mövcud tənzimləmə mexanizmlərinin lazımi səviyyədə səmərə verməməsindən ibarətdir.

Təhlükəsizliyin təmini aspektində başqa aktual problem enerji daşıyıcıları ilə əlaqəlidir. Bu, kifayət qədər mürəkkəb məzmuna malik məsələdir. Onun həll edilməsində BMT kimi beynəlxalq təşkilatın gözəçarpan fəaliyyəti yoxdur. Təbii ki, enerji qaynaqları hər şeydən əvvəl konkret bir ölkənin sərvətidir. Ondan necə istifadə etmək həmin dövlətin müstəsna hüququdur. Ancaq təcrübə göstərir ki, regional və qlobal miqyasda siyasi, geosiyasi və iqtisadi proseslər böyük ölçüdə enerji daşıyıcılarından istifadədən, onların nəqli marşrutlarından asılıdır. Hətta bu məsələyə görə irimiqyaslı müharibələr, terror aktları meydana çıxır.

O halda geosiyasi təhlükəsizliyin enerji təhlükəsizliyinin təmini ilə birbaşa əlaqəsinin olduğunu deyə bilərik. BMT hansı mexanizmlərlə bu istiqamətdə işlər həyata keçirir? Birbaşa olmasa da, dünyanın ümumi təhlükəsizliyi naminə burada real işlər görmək mümkün deyildirmi?

Məsələn, Təhlükəsizlik Şurası öncədən xəbərdaretmə və məlumatlandırma mexanizmlərini daha da yaxşılaşdırmaqla böhran və münaqişələrin aradan qaldırılmasına töhfə verə bilər (bax: əvvəlki mənbəyə). İnsan haqlarının təmin edilməsi sahəsində əhəmiyyətli fəaliyyət göstərmək olar. İkili standartların qarşısının alınması üçün təkmil mexanizmlər hazırlamaq mümkündür.

Sirr deyil ki, müasir dünyada bir çox ölkələr məhz ikili yanaşmalardan əziyyət çəkir. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bu mövqedən yanaşılır. Azərbaycanın haqq səsini eşitmək istəmirlər. Bu səbəbdən də münaqişə həll edilməmiş qalır. Ekspertlər hesab edirlər ki, bu, region üçün ən böyük təhlükə törədən amillərdən biridir.

Bütün bunlar BMT TŞ-nin daimi üzvləri üçün çox vacib olan bir məsələni önə çıxarır. Biz, onların dünya birliyi qarşısında məsuliyyət hissini artırmasını nəzərdə tuturuq. Anlamaq lazımdır ki, bu, baş verməsə, problemlərin, böhranlı vəziyyətlərin, münaqişələrin sayı artacaqdır. Böyük dövlətlər öz imkanlarını başqaları üzərində hökmranlığa deyil, əməkdaşlığa sərf etməlidirlər. Belə bir dəyişiklik avtomatik olaraq ikili standartları da aradan qaldıra bilər. Təəssüflə demək olar ki, hələlik bu istiqamətdə hiss ediləcək addımlar atılmır. Yaxın perspektivdə bunun reallaşacağını proqnozlaşdırmaq xeyli çətindir.

Beləliklə, BMT-də islahatların zəruriliyi göz önündədir. Ancaq bunun reallaşması üçün əsaslı düşünülmüş bir mexanizm yoxdur. Böyük dövlətlər BMT TŞ-dəki mövqelərini saxlamağa çalışırlar ki, bu da müasir qlobal geosiyasi trendlərin məzmununa ziddir. Dünya belə bir mürəkkəb vəziyyətdə qalmaqdadır. Onun yaranmış durumdan necə çıxacağı məlum deyil. BMT kifayət qədər geniş islahatlar aparmalıdır ki, indiki tələblərə cavab versin. Dünya siyasətində çoxlu sayda dövlətin rolu yüksəlməlidir. Bunu təsdiq edən proseslər müşahidə edilirmi? Bizcə, xeyr.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...