
Bakı, 16 oktyabr 2014 – Newtimes.az
Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Barak Obamanın BMT tribunasından söylədiyi fikirlər müxtəlif səviyyələrdə müzakirə edilir. Qiymətləndirmələr fərqlidir. Məsələyə dünya siyasətinin prinsipləri müstəvisində yanaşdıqda, bir sıra qeyri-müəyyən məqamlar meydana çıxır. Prezident B.Obamanın qlobal təhlükələri sadalaması və onların həlli yollarını göstərməyə cəhd etməsi maraq doğurur. Ancaq bu zaman prezidentin nə dərəcədə səmimi olduğu aydın olmur. Çünki real geosiyasi hadisələrdə Amerikanın tutduğu mövqe ilə B.Obamanın fikirləri üst-üstə düşmür. Bütün bunların fonunda ABŞ dövlət başçısının irəli sürdüyü başlıca tezislərin təhlilinə ehtiyac duyulur.
Dünya hakimliyi: Vaşinqtonun təklifləri
ABŞ prezidenti Barak Obamanın BMT-dəki son çıxışına dünya birliyinin reaksiyası birmənalı olmayıb. Hətta Amerikanın daxilində dövlət başçısını ciddi tənqid edənlər də tapılıb. Onun irəli sürdüyü fikirlər, apardığı təhlillər və müəyyən məsələlərə dair izahları, həqiqətən də bir sıra suallar doğurur. Müasir dövrdə geosiyasi mənzərənin mürəkkəb olduğu bir şəraitdə əsas məsələ dünyanın ən güclü dövlətinin yaranmış vəziyyətə münasibətinin necə olmasındadır.
B.Obama ABŞ-ı digər dövlətlərdən xeyli dərəcədə üstün tutaraq danışıb. O, açıq deyib ki, "Amerika müstəsna dövlətdir" (bax: Remarks by President Obama in Address to the United Nations General Assembly / www.whitehouse.gov, 24 sentyabr 2014). Bu mövqenin arxasında Vaşinqtonun dünyada hakim rolunu oynamaq iddiası durur. Çıxışında qlobal miqyasda mövcud olan problemlərə və onların həllinə düzgün yanaşmayan dövlətləri sadalayan ABŞ prezidenti, bunların fonunda ölkəsinin fərqli olduğunu bildirir. Amerika həqiqəti müdafiə edən yeganə dövlət kimi təqdim edilir.
Şübhəsiz, bu cür iddia ilə razılaşmaq çox çətindir. Çünki biz Vaşinqtonun birbaşa iştirak etdiyi proseslərdə ədalətin nə dərəcədə pozulduğunun əyani şahidiyik. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində B.Obamanın BMT tribunasından söylədiyi ədalət prinsipinin yarısı belə gözlənilsəydi, indiki ağır vəziyyət yaranmazdı. Eyni zamanda, məhz Amerikanın həqiqətə göz yumması nəticəsində rəsmi İrəvan qeyri-konstruktiv mövqedə qalmaqdadır. Bu günə qədər həmsədr dövlətlərin başçılarının bəyanatlarında ifadə edilən prinsiplərin heç birinə əməl etməyib.
Problemin başqa aspekti qlobal geosiyasətdə müşahidə edilən ikili standartlara bağlıdır. B.Obama BMT-də dünyanı narahat edən problemlərin adını çəkir. Bunlar, birincisi, Ebola virusu, ikincisi, Rusiyanın Ukrayna siyasəti, üçüncüsü, İŞİD terror təşkilatının fəaliyyətidir (bax: əvvəlki mənbəyə). Diqqət etsək, aydın olar ki, təhlükələrdən birincisi insanın sağlamlığına, ikincisi – geosiyasətə, üçüncüsü isə – sivilizasiyalararası münasibətlərə aiddir. Görünür, bunlar təsadüfən seçilməyib. Bununla ABŞ rəhbərliyi fərdi səviyyədə insanların qayğısına qalmağa üstünlük verdiyini nümayiş etdirir.
Bunun fonunda dövlətlərarası və sivilizasiyalararası münasibətlərdə xilaskar obrazı yaratmaq çətin deyil. Ancaq bütün bunlar ABŞ-ın fərqli, müstəsna keyfiyyətlərə malik olması kontekstində verilir. Deməli, əsas məsələ Vaşinqtonun mövqeyini müdafiə etməkdədir. Belə olsa, yuxarıda sadalanan bəlalardan xilas olmaq mümkündür. Bu məqamda bir sıra ziddiyyətlər özünü göstərir ki, onların da əsasında B.Obamanın BMT-dəki çıxışı tənqidə məruz qaldı.
İlk növbədə Rusiya rəsmiləri öz etirazlarını bildirdilər. Xarici işlər naziri Amerikanın "bütün günahlarını sadaladı" (bax: Юрий Паниев. Лавров припомнил Обаме все грехи США / "Независимая газета", 29 sentyabr 2014). Həmin sırada Vaşinqtonun birtərəfli qaydada Yuqoslaviyanı, İraqı, Liviyanı, Əfqanıstanı bombalamasını, istədiyi ölkəyə müdaxilə etməsini xatırladıb. Digər faktları da yada salmaq mümkündür. Əsas məsələ ondan ibarətdir ki, ABŞ bütün bunlara aydınlıq gətirmədən başqa dövlətlərin "güclü həmişə haqlıdır" prinsipi ilə hərəkət etdiyini deyir. Bu, səmimilikdən uzaq olan bir şeydir.
Ədalətə çağırış: niyyətlə əməl üst-üstə düşməyəndə
Maraqlıdır ki, Amerikanın daxilində də Obamanın nitqindəki qüsurlardan narazılıqlar ifadə edilir. Keçmiş vitse-prezident Dik Çeyni onun nitqinin bir yerini "heyrət doğuran" adlandırıb. B.Obama Ferqyuson hadisələri ilə İŞİD-in fəaliyyət motivləri arasında müqayisə aparmağa cəhd göstərib. O, hər iki halda irqi ayrı-seçkilik, dözümsüzlük və qeyri-insani davranış elementlərinin yer aldığını söyləyib (bax: Remarks by President Obama in Address to the United Nations General Assembly / www.whitehouse.gov, 24 sentyabr 2014).
Dik Çeyni isə bunları qəbul etmir. Keçmiş vitse-prezident Amerikanın Ferqyuson şəhərində polisin hərəkəti ilə terrorçuların fəaliyyəti arasında ciddi fərqlərin olduğunu qeyd edib. İŞİD minlərlə insanı qətlə yetirir, onlara işgəncələr verir. D.Çeyniyə görə, Ferqyusonda isə polis bir vətəndaşa qarşı düzgün davranmayıb və onu məhkəmə mühakimə edəcək. Bu iki hadisənin müqayisəsi B.Obama tərəfindən düzgün aparılmayıb.
Əslində, ABŞ prezidenti irqçiliyin və etnik ziddiyyətlərin Amerikanın daxilində də olduğunu demək istəyirdi. Ancaq cəmiyyət bunu açıq müzakirə edə bilir. Bu əsasda bütün dünyada da xoşagəlməz hallara qarşı mübarizə aparmaq lazımdır.
Lakin məsələ də elə məhz bundadır ki, Vaşinqtonun yüksək tribunadan dedikləri ilə real addımları üst-üstə düşmür. BMT-nin müsəlman ölkələri ilə bağlı çıxardığı qərarlara münasibət bir cürdür, xristian dövlətlərə aid sənədlərə isə – başqa cür. Məsələn, İraq və ya Liviyanı bombalamaq qərarı çıxar-çıxmaz yerinə yetirildi. Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsi haqqında 4 qətnamə qəbul edilib, ancaq onların heç biri neçə illərdir ki, yerinə yetirilmir. Azərbaycan bununla bağlı məsələni dəfələrlə qaldırıb, fəqət qəbul edilən sənədlərdə qoyulan tələblər müxtəlif bəhanələrlə yerinə yetirilmir.
Belə şəraitdə B.Obamanın ədalətdən, humanizmdən, bütün insanların qayğısına qaldıqlarından danışmasına nə dərəcədə inanmaq olar? ABŞ dövlət başçısı müsəlman gənclərini təhsilə, mədəniyyətə səsləyir. O qeyd edir ki, İslamda güclü humanizm ənənəsi var, o, elmə yüksək qiymət verir. Bunların ardınca xüsusi olaraq vurğulayır ki, ABŞ elmli və təhsilli insanlarla əməkdaşlıq edəcək.
Axı, məhz Amerika müxtəlif ölkələrdə gəncləri öz cəmiyyətinin ənənəsinə, dövlətçiliyinə qarşı qaldırır! Vaşinqton homoseksualizmi təbliğ edir, azad davranış adı altında insanları əxlaqsızlığa sövq edir. Bütün bunları müdafiə edərək, ölkələrin daxili işinə qarışır. Başqa ənənə sahiblərini "öyrədir" ki, "indiyə qədər yaşadığınız həyat tərzi yarıtmazdır, bizim kimi olun, xoşbəxtlik əldə edin".
Belə bir şəraitdə müsəlman gənc öz dini ənənəsini necə saxlasın? Bu, mümkün deyil. Sözdə deyilməsinə baxmayaraq, reallıqda Qərb məhz dini ənənələri zorla dəyişdirməyə və ya insanları onlardan uzaqlaşdırmağa çalışır. Qərb cəmiyyətlərində bu əsasda islamofobiya yaradılır. Bütün bunların fonunda terror qruplarının sıralarında müsəlman gənclərin olması haradasa ciddi səbəblərlə izah edilir. Çünki insan ikili yanaşma gördükdə, inkişaf üçün kənardan şərtlərin qoyulduğunu dərk etdikdə radikallığa meyl edə bilir.
Geosiyasi proseslərdə də təqribən eyni vəziyyət yaranıb. Vaşinqton özü lazım bildiyi ölkələri hətta BMT-nin mandatı olmadan belə bombalayırsa, QHT adı altında minlərlə təxribatçı qrup yetişdirirsə başqalarını necə ədalətsizlikdə günahlandıra bilər. İndi bunların hamısının üstü açılır. Dünya dəyişir, insanlar öz haqqını tələb etməyə başlayır.
İlk baxışdan humanizm və ədalətlilik prinsipi üzərində qurulan çıxış təsiri bağışlayan B.Obamanın BMT-dəki nitqi daxili ziddiyyətlərdən və müəmmalardan xali deyil. Buna görədir ki, o, müxtəlif tərəflərdən tənqid edilir. Onun irəli sürdüyü fikirlərin geosiyasi məzmunu isə daha düşündürücüdür.
Belə məlum olur ki, ABŞ dünya liderliyi fikrindən bir addım da geri çəkilmir, əksinə, ətrafına daha çox dövlət toplamaqla, müqavimət göstərənlərə qarşı sərt, güzəştsiz addımlar atır. BMT tribunasından bunun bir sıra məqamları ifadə edildi. Görünür, böyük dövlətlərin qarşıdurması bundan sonra da davam edəcək, onun yaratdığı gərginlik altında isə milyonlarla insan əziyyət çəkəcəkdir. Dünyanın ən güclü dövlətinin başçısı bir qədər fərqli mövqe nümayiş etdirsəydi, hamıya faydası olardı.
Newtimes.az
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...