
Bakı, 14 oktyabr 2014 – Newtimes.az
Paytaxtda oktyabr ayının 2-3-də Beynəlxalq Bakı Humanitar Forumu keçirildi. Dünyanın 60 ölkəsindən yüzlərlə qonaq tədbirdə iştirak etdi. Dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi nitq böyük maraq doğurdu. Prezident irəli sürdüyü ideyaları ilə iştirakçıların rəğbətini qazandı. İlham Əliyev dünya üçün təhlükəyə çevrilmiş humanitar fəlakətin qarşısının alınması üçün dövlətlərin birgə fəaliyyət göstərməsi zəruriliyini vurğuladı. Nitqdə humanitar əməkdaşlığın müxtəlif aspektləri dərindən təhlil edildi. Dövlət başçısı Azərbaycanda humanitar sahədə görülən işlərdən danışaraq, ümumiyyətlə, bu istiqamətdə dünya ölkələrinin daha fəal siyasət yeritməsinin vacibliyini vurğuladı. Konseptual xarakterli çıxışda multikulturalizmin perspektivləri tam dolğunluqla ifadə edildi.
Müharibə və humanitar problemlər: çıxış yolları axtarışı
Dünya humanitar fəlakətin astanasındadır. Mütəxəssislər bu haqda tez-tez danışırlar. Lakin bunun qarşısını almaq üçün heç də hamı real işlər görmək istəmir. IV Bakı Beynəlxalq Humanitar Forumuna bu fikirlərin işığında baxdıqda, onun tarixi əhəmiyyətini bir daha dərk etmiş oluruq. Bu proses insan zəkasının bəşəriyyətin parlaq gələcəyinə verə biləcəyi qiymətli töhfənin gözəl nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin keçirildiyi möhtəşəm Heydər Əliyev Mərkəzində söylədiyi nitq sülh, barış və əməkdaşlıq tərəfdarları üçün qiymətli manifest təsiri bağışladı.
Dövlət başçısı humanitar məsələnin dünya üçün çox aktual bir amilə çevrildiyini xüsusi vurğuladı. Prezident fikrini açıq və dəqiq ifadə edərək, bütün bəşəriyyətə səsləndi: "Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin" (bax: Bakıda IV Beynəlxalq Humanitar Forum işə başlayıb: Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib / "Azərbaycan" qəzeti, 2 oktyabr 2014).
Həqiqətən də müxtəlif regionlarda sadə insanlar çox böyük əziyyət çəkirlər. Münaqişə bölgələrindən qaçanların sayı milyonlarladır. Uşaqlar, qocalar və qadınlar zorakılıq hədəfinə çevriliblər. Bəşəriyyətin vicdanı sanki susur. Bir-biri ilə savaşan silahlı qruplar elə vəhşiliklər törədirlər ki, insan insanlığına görə utanır. Bu vəziyyətdən necə çıxmaq olar?
Məhz bu kontekstdə Prezident İlham Əliyevin Bakıda səsləndirdiyi fikir çıxış yolunu da göstərir – insanlar silaha, müharibəyə deyil, humanitar problemlərin həllinə diqqət yetirməlidirlər! Azərbaycanın dövlət başçısı bu təklifi irəli sürməyinin təsadüfi olmadığını tədbir iştirakçılarına çatdırdı.
Məsələ burasındadır ki, ölkəmiz qədimdən müxtəlif mədəniyyətlərin beşiyi olub, çoxkonfessionallığı ilə seçilib. Ən əsası isə insanlar burada bir ailə kimi yaşayıblar. Konkret ifadə etsək – Azərbaycanda tarixən müxtəlif xalqların, din nümayəndələrinin, mədəniyyətlərin birgə mövcudluq modeli formalaşıb. Bir tərəfdən bu, "bizim böyük sərvətimizdir" (İlham Əliyev), digər tərəfdən də müasir dövr üçün nümunəvi model ola bilər!
Məsələnin bu tərəfinin çox vacib olduğunu dərk etmək gərəkdir. Bunu dövlət başçısı Forumdakı çıxışı zamanı dəqiq açıqladı. İlham Əliyev vurğuladı: "Hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları" (bax: əvvəlki mənbəyə). Azərbaycan dövləti üçün iqtisadi və siyasi güclə yanaşı, cəmiyyətdəki həmrəylik duyğuları da strateji əhəmiyyət kəsb edir.
Qərbin inkişaf etmiş cəmiyyətlərində sonuncu amil bir qayda olaraq önəmli olmayıb. Bunun acı nəticələrini indi onlar görürlər. İrqçilik, antisemitizm, islamofobiya bu qəbildəndir.
Azərbaycan isə bütün bu qüsurların fövqündə dayanmağa imkan verən inkişaf konsepsiyası təklif edir. Bakı bununla bütün dünyaya bəyan edir ki, insan amili onun üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Buna görə də rəsmi Bakı Beynəlxalq Humanitar Forumun hər il keçirilməsi qərarına gəlib. Bu, artıq siyasi iradədir. Torpaqlarının 20%-dən çoxu qonşu dövlətin işğalı altında olan və bu fakta böyük dövlətlərin göz yumduğu bir vaxtda humanizmi əsas fəaliyyət istiqaməti seçən ölkə, bu sahədə güclü ənənəyə sahib olmalıdır. Azərbaycan Prezidenti məhz bu məqamı dünyaya nümayiş etdirdi. O, sözdə deyil, əməldə bu cəmiyyətin həmrəylik, dostluq və əməkdaşlıq duyğuları ilə yaşadığını sübut etdi.
Multikulturalizm – tarixi zərurət
Bütün bunlardan avtomatik olaraq belə bir nəticə hasil olur: "Multikulturalizm Azərbaycanda həyat tərzidir" (bax: əvvəlki mənbəyə). Məsələ yalnız fikrin məzmununu ilə məhdudlaşmır. Ümumiyyətlə, tarixən Azərbaycanda yaşayan xalqlar, müasir terminlə deyilsə, multikultural şəraitdə mövcud olublar. Əsrlərlə bu məqam onların qanına işləyib. Kökündən fərqli mədəniyyət və din sahiblərinə hörmətlə yanaşan xalqlar indiki dövrdə birgə yaşamağın qaydalarını çox gözəl bilirlər. Azərbaycan bu mənada da multikulturalizmin nümunəvi ölkəsidir.
Ölkə başçısının nitqində Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasından mədəniyyət nazirlərinin dəvət edilməsini xatırlatması həmin kontekstdə qətiyyən təsadüfi hal deyil. Onu vurğulayaq ki, bu təşəbbüsə "Bakı prosesi" adı verilib. Yəni bu, artıq qlobal səviyyədə xüsusi məqsəd daşıyan hərəkat kimi qəbul edilir. "Bakı prosesi" müasir dövrdə müsəlmanlarla başqa din sahiblərini hökumətlər səviyyəsində bir araya gətirən hadisədir. Bunun təşkilatçısının Azərbaycan olması çox məqamlardan xəbər verir.
Burada faktiki olaraq humanitar müstəvidə Qərb-Şərq dialoqunun təşkilindən söhbət gedir. Müxtəlif ölkələrdən dəvət edilmiş insanlar ünsiyyətdə olur, fikirlərini bölüşür və vacib qərarlar qəbul edərək vətənlərinə dönürlər. Bakı onların xatirələrində sülhə, əməkdaşlığa, humanitar əlaqələrə imkan yaradan məkan kimi həkk olunur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin nitqində ifadə etdiyi bir fikir çox dəyərlidir: "Forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq" (bax: əvvəlki mənbəyə).
Bu, dialoqa, qarşılıqlı fikir mübadiləsinə və humanizm naminə əməkdaşlığa çağırışdır. Bunun fonunda ölkə rəhbərinin bir vacib məsələni vurğulaması da tam yerinə düşür. Biz, Prezidentin Azərbaycanın yüksək humanist və bəşəri niyyətləri reallaşdırmasına rəğmən, özünün humanitar fəlakətlə üzləşdiyini xüsusi vurğulamasını nəzərdə tuturuq. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq insan öz yurdundan didərgin düşüb. Üstəlik, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü sənədlərdə tanımasına baxmayaraq, reallıqda vəziyyəti dəyişmək üçün heç bir addım atmaması da qəbuledilməzdir.
Belə bir vəziyyətin yaranmasını necə izah etmək olar? Burada ikili standartların mövcudluğunu açıq demək lazım gəlir. Regionda humanitar dəyərlərin ən böyük dəstəkçisi olan Azərbaycan süni surətdə insani fəlakətlərlə üz-üzə qoyulur. İlham Əliyevin nitqini dinləyən xarici qonaqlar bu ziddiyyəti izah etməkdə böyük çətinliklər çəkərdilər.
Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti humanitar sahəyə böyük diqqət yetirir. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə insan amilinə xidmət edən proqramlar reallaşdırılır. Bu kontekstdə enerji siyasətinin mərkəzində insan kapitalının dayandığını ayrıca vurğulamaq lazım gəlir. Prezidentin dediyi kimi, "Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, "qara qızıl"ı insan kapitalına necə çevirmək, – artıq biz buna nail olmuşuq, – sahəsində nadir təcrübə toplanmışdır" (bax: əvvəlki mənbəyə). Onun bu təcrübəsindən başqa dövlətlərin də faydalanması müsbət hal olardı.
Dövlət başçısı nitqində multikulturalizmin perspektivi ilə bağlı maraqlı fikirlər söylədi. Multikulturalizmin baş tutmadığını deyənlər, əslində, mədəniyyətlərarası əlaqələrin inkişafını görmək istəməyənlərdir. Bu kontekstdə Prezident İlham Əliyevin "multikulturalizmin müasir dünyada alternativi yoxdur" tezisi strateji məqamı ifadə edir. Bu, artıq bütövlükdə dünyanın taleyi ilə əlaqədar ciddi bir mövqedir.
İlham Əliyevin fikirlərini inkişaf etdirərək verdiyi bu sual, əslində, bəşəriyyətə bir çağırışdır: "Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyllərə qarşı öz səsimizi ucaltmalıyıq" (bax: əvvəlki mənbəyə).
Buradan müxtəlif regionlarda günahsız qanların tökülməsinə gətirib çıxaran ixtilafların səbəbləri aydın olur. Əgər siyasətçilər ayrı-seçkilik düşüncəsi ilə deyil, multikultural mövqe ilə hərəkət etsələr, münaqişələr həll edilər, ədalət zəfər çalardı. Məhz bu səbəbdən Azərbaycan Prezidenti dünyanı ədalətə və humanizmə səsləyir.
Newtimes.az
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...