THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Ərəb baharı": müharibələrin yaratdığı qorxunc mənzərə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7264
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Yaxın və Orta Şərq ölkələrinin bir çoxunu əhatə edən proseslərin səbəbləri ilə bağlı müxtəlif təhlillər aparılır. "Ərəb baharı” adlanan hadisənin arxasında duran geosiyasi məqamların aydınlaşdırılması vacibdir. Hələlik fərqli arqumentlər gətirilir və izahlar verilir. Bu günlərdə Rusiyanın aparıcı bloqlarından birinin müəllifi Əl-Mürid "Təhlükəsizliyin körfəz sistemi” adlı analitik yazısında (baxın: http://el-murid.livejournal.com/691209.html) bir neçə maraqlı tezis irəli sürmüşdür.

Əl-Mürid "ərəb baharı” adlanan prosesləri "idarəedilən xaos” strategiyası müstəvisində təhlil etməyə çalışır. "İdarəedilən xaos” müasir elmi termindir. O, təbiət elmləri çərçivəsində yaranmışdır. Ancaq bir sıra hallarda siyasi, geosiyasi və sosial hadisələrin analizində də istifadə edilir.

Həmin termin xaotik prosesləri məhdud sayda faktorlar vasitəsi ilə nəzarətdə saxlamaq və yönləndirmək siyasətini ifadə edir. Yəni kimlərsə, əvvəlcədən işlənmiş ssenari üzrə hansısa prosesi başlayır və onu xaotik vəziyyətə gətirir. Sonra öz maraqlarına uyğun olaraq xaosu saxlayır, lakin nizamlılıq yaranmasına da imkan vermir.

Ola bilsin ki, "ərəb baharı”nın geosiyasi aspektdə mürəkkəbliyi onun "idarəedilən xaos” olması fikrini yaratmışdır. Çünki doğrudan da böyük bir coğrafi məkanda köklü dəyişikliklər baş verir. Onlar bəzən gözlənilməz istiqamət alır. Əvvəlcədən verilən proqnozlara uyğun gəlmir. Lakin bir xüsusiyyət daim özünü göstərir; hadisələr zəncirvari olaraq regionun qonşu ölkələrinə də keçir. Bunun da nəticəsi adətən iqtidarın dəyişməsi olur.

Əl-Mürid bu proseslərin arxasında əsas olaraq Qətər və Səudiyyə Ərəbistanının dayandığını yazır. Təbii ki, "ərəb baharı” bütöv regiona təsir edirsə, həmin məkanda yerləşən hər bir ölkə öz maraqlarını qorumağa çalışacaq. O baxımdan Qətər və Səudiyyə Ərəbistanının da həmin məsələdə strateji marağını təmin edən faktorlara üstünlük verməsi təbiidir.

Həmin kontekstdə, regionda "sünni zolağı” yaratmaq və ya bölgənin enerji resurslarına daha çox əl qoymaq kimi kurs yeridiləcəyi istisna deyil. Regionun digər ölkələri – Oman, Küveyt, İraq, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreynə qarşı müəyyən addımlar atıla bilər. Məsələnin bir ucunun İrana toxunduğunu da qəbul etmək gərəkdir.

Lakin böyük bir regionda köklü dəyişikliklərin arxasında yalnız iki ərəb dövlətinin durması tezisi inandırıcı deyil, yəqin ki, xüsusi siyasi-ideoloji məqsəd daşıyır. Bu cür fikirlər təhlükəlidir, Yaxın və Orta Şərqi bir neçə cəbhəyə ayırır. Birincisi, dini təriqət üzrə parçalanma gedir. İkincisi, yerli tayfalar arasında düşmənçilik yaradılır. Üçüncüsü, uzun sürən qarşıdurmaların əsası qoyulur. Dördüncüsü, proseslərin əsl mahiyyətinə kölgə salınır.

Böyük dövlətlərin maraqları

Başqa nəticələr də çıxarmaq olar. Əsas məqam ondan ibarətdir ki, uzun müddətdir Yaxın və Orta Şərq dünyanın böyük geosiyasi güclərinin mübarizə meydanıdır. Əgər həmin regiondakı proseslərə bu aspektdə nəzər salsaq, fərqli mənzərə yaranar.

Hər şeydən əvvəl "ərəb baharını” Qərb-Rusiya-Çin geosiyasi xəttində gedən mübarizənin növbəti mərhələsi hesab etmək daha məntiqli görünür. ABŞ İraq əməliyyatından sonra İslam dünyasındakı nüfuzunu itirməyə başladı. Bu prosesi "ərəb baharı” dayandırmalı idi. Bunun üçün ABŞ hadisələrə silahlı maüdaxilə etmədən öz geosiyasi maraqlarını təmin etməlidir.

Burada enerji qaynaqlarına nəzarət əsas faktorlardan biridir. OPEK neftin qiyməti ilə manipulyasiyalar etdikdə, Qərbdə ərəb şeyxlərinə olan inam azalır. Deməli, onlara yerlərini göstərmək lazımdır.

İslam dünyasının demoqrafiya və sosial-iqtisadi sahələrdə sürətli inkişafına hansısa reaksiya olmalıdır. Bu prosesi ən pis halda nəzarət altına almaq, müsəlmanlara Qərbə uyğun inkişaf modeli "təklif etmək” lazımdır.

Nəhayət, Uzaq Şərqdə Çinin sürətli inkişafı ABŞ-ın ona qarşı mübarizədə daha çox güc sərf etməsi ehtiyacını yaratmışdır. Bunun üçün narahat Yaxın və Orta Şərqdə xaotik proseslər yaradıb, əsas diqqəti Çinə yönəltmək lazımdır. O başqa məsələdir ki, bu planları regionda reallaşdırmağa kömək edəcək yerli dövlətlər olmalıdır.

Qətər və Səudiyyə Ərəbistanı həmin keyfiyyətdə Qərbin qurduğu oyunlara gedə bilərlər. Bu zaman Əl-Müridin təsvir etdiyi kimi, regionda çoxlu sayda əlavə problemlər yaranır. Onların həlli bəlkə də "ikinci bahar” tələb edəcək. Ancaq hadisələrin bu cür inkişafı əsas oyunçulara sərf edir.

Rusiya müdafiə mövqeyi tutmağa məcburdur. Çünki hazırda bu ölkə qlobal səviyyədə geosiyasi proseslərin ssenarisini qura bilmir. Onun İran və Çinlə daha çox əməkdaşlığı və Suriyanı aktiv müdafiə cəhdləri bununla əlaqəlidir. İran əsas olaraq özünün təhlükəsizliyinin qayğısına qalır. Onun bütövlükdə proseslərin istiqamətini dəyişmək imkanı yoxdur.

Türkiyə ABŞ-ın müttəfiqi kimi baş verən hadisələrdən daha çox qazancla çıxmağa çalışır. Çin isə coğrafi mövqeyi, Çin-ABŞ əlaqələri və ABŞ-ın Sakit okean istiqamətində ona yaratdığı problemlər ucbatından proseslərin gedişinə ciddi müdaxilə edə bilmir. Rəsmi Pekin, əsasən BMT TŞ-dəki mövqeyindən istifadə etməklə kifayətlənir.

Bumeranq effekti ilə qarşı-qarşıya

Bu proseslər onu planlaşdıranların özlərinə geri qayıda bilərmi? Prinsipcə bu variant istisna edilmir. O cümlədən, Qətər və Səudiyyə Ərəbistanını da iğtişaşlar bürüyə bilər. Kənardan bəzi ideyaların atıldığı da hiss edilir. Onlar əsasən dini təriqətçiliyi qızışdırmağa xidmət edir. Yaxın və Orta Şərqin demək olar ki, bütün ölkələrində müxtəlif dini təriqətlər yanaşı mövcuddurlar. İndi onları siyasiləşdirməyə çalışırlar.

Məsələn, Bəhreyndə, Qətərdə sünni və şiələri, Səudiyyə Ərəbistanında da müxtəlif tayfaları və dini təriqətləri, Türkiyədə sünni və ələviləri bir-birinə qarşı çıxış etməyə təhrik edirlər. Suriyadakı hadisələrə dini rəng verirlər. Əlavə olaraq, kürd faktorundan istifadə edib vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.

Bu zaman İrandan söhbət gedəndə sünni təhlükəsini, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanından danışanda isə şiə təhdidini önə çəkirlər. Hiss edilir ki, böyük dövlətlərin hər biri bölgədə hansı ölkəni müttəfiq hesab edirsə, onu haqlı çıxarmağa cəhd edir. Bu da real mənzərəni çox mürəkkəbləşdirir və dağıdıcı tendensiyalara rəvac verir.

Gerçək olanı odur ki, bütövlükdə Yaxın və Orta Şərq geosiyasi məkan olaraq yenidən qurulur. Burada daha çox sərhəd çəkmək yox, onları birləşdirmək düzgündür. Sərhədləri silmək lazımdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son çıxışlarının birində məhz bu ideyanı irəli sürüb. Çünki dünya qloballaşırsa, həmin region niyə daha kiçik ölkələrə parçalanmalıdır?

İslam dünyasını qarışdırmaq, bütövlükdə planeti qlobal ziddiyyətlər məngənəsinə salmaq deməkdir. Beynəlxalq terror bu kimi proseslərdən "qidalanır” və daha da güclənir. Onun bütün dünyanı əhatə etdiyi artıq faktdır. Üstəlik, terror təşkilatları əsasən narkotik vasitələrin qanunsuz ticarəti hesabına fəaliyyət göstərirlər. Görün, nə qədər ciddi problemlər meydana çıxır. Ona görə də intensiv inkişaf edən bir geomədəni məkanın qarşısını kəsmək yox, onunla dialoq qurmaq daha doğrudur.

Həmin yol seçilməsə, bumeranq effekti özünü göstərə bilər. Ona görə də kənarda durub, "ərəb baharı”nı idarə etmək təhlükəli oyundur.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...