THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük xaos mərhələsi: Bjezinskinin xəbərdarlığı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 8 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
541027
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 avqust 2014 – Newtimes.az

Qlobal miqyasda geosiyasi mənzərənin qeyri-müəyyənlik və sabitsizliklə xarakterizə olunması haqqında fikirlər söylənilir. Mütəxəssislər bunun müxtəlif səbəblərindən bəhs edirlər. Məşhur siyasi analitik Z.Bjezinski də öz mövqeyini son müsahibələrinin birində ifadə edib. Böyük dövlətlərin geosiyasi nüfuz uğrunda mübarizəsinin bir sıra maraqlı aspektlərindən danışıb. Həmin kontekstdə "G2+" formulunun üstünlüklərini vurğulayıb. Bütövlükdə dünya siyasətində hansı dəyişikliklərin edilməsinə ehtiyac yarandığını qeyd edib. Z.Bjezinskinin irəli sürdüyü fikirlərdən məlum olur ki, qlobal miqyasda geosiyasi vəziyyət hələ qeyri-müəyyən olaraq qalmaqda davam edəcək. Problemin bu tərəfi üzərində düşünmək olar.

"Görünməmiş qeyri-sabitlik və xaos": təhlükəli proqnoz

Dünya miqyasında geosiyasi qeyri-müəyyənliyin hökm sürməsi haqqında analitiklər bir neçə ildir ki, danışırlar. Hətta qlobal səviyyədə xaosun mövcudluğundan bəhs edirlər. Bu fikirlərin əsası vardır – bir sıra regionlarda müşahidə edilən geosiyasi proseslər qarşıdurmalar, münaqişələr, müxtəlif təbiətli ixtilaflarla xarakterizə olunurlar.

Yaranmış bu cür vəziyyət narahatlıq doğurur. Onun səbəblərinin müəyyən olunmasına ciddi ehtiyac yarandığını da etiraf etmək gərəkdir. Çünki ümumən bəşəriyyət yeni-yeni problemlərlə qarşı-qarşıya qalır. Zbiqnev Bjezinskinin həmin aspektdə fikirləri maraq kəsb edir. O, iyulun 21-də "Foreign Policy" nəşrinə verdiyi müsahibədə bir neçə tezis irəli sürüb (bax: David Rothkopf. A Time of Unprecedented Instability? / "ForeignPolicy.com", 21 iyul 2014).

Z.Bjezinski müasir dünyanın "görünməmiş qeyri-sabitlik və xaosla" xarakterizə olunduğu fikrini söyləyir. Bu cür gedişat bəşəriyyəti "böyük qarışıqlıq və xaosun üstünlük təşkil etdiyi mərhələyə yaxınlaşdırır". Bu fikir qlobal geosiyasətin indiki məzmununun maraqlı qiymətləndirilməsidir. Məsələ ondan ibarətdir ki, amerikalı təhlilçi artıq dünya miqyasında qeyri-sabitliklə xaosun sıx qarşılıqlı əlaqədə olması tezisini irəli sürür.

Bu, qeyri-müəyyənliklərin qlobal geosiyasəti artıq dayanıqlı xarakter alan xaotik proseslərə gətirdiyinin etirafıdır. İndi dünya sistemini lokal təsir gücünə malik hadisələr deyil, genişmiqyaslı dağıdıcı proseslər idarə edir. Məsələnin ən təhlükəli və eyni zamanda, düşündürücü tərəfi bundan ibarətdir.

"Böyük qarışıqlığı və xaosu" yaradan səbəblər hansılardır? Maraqlıdır ki, Z.Bjezinski onların əsasında ABŞ-ın indiyə qədər həyata keçirdiyi liderlik ambisiyalarının durduğunu dolayısı ilə etiraf edir. Çinin məsuliyyəti öz üzərinə götürməməsi səbəbini həmin arqumentlə izah etməyə çalışır. Rəsmi Pekin Vaşinqtonun təhrik cəhdlərinə baxmayaraq, geniş böhranla xarakterizə olunan situasiyalara nüfuz etmir.

Buradan məntiqi olaraq belə nəticə çıxarmaq mümkündür ki, amerikalılar hazırda müxtəlif regionlarda müşahidə edilən geosiyasi ixtilafların arxasında rəsmi Vaşinqtonun uzun illər həyata keçirdiyi siyasətin dayandığını qəbul etməkdədirlər. Lakin bu vəziyyətdən təkbaşına çıxmaq niyyətləri (və imkanları) yoxdur. Beynəlxalq münasibətlərin tənzimlənməsi kontekstində bu məqam ayrıca əhəmiyyət daşıyır. Çünki bu sahədə yaranmış böhrandan qurtulmaq üçün ABŞ Çindən yararlanmağa cəhd göstərir.

Bunda məqsəd nədən ibarət ola bilər? Üç məqam diqqəti cəlb edir: Birincisi, Amerika bununla yeni dünya nizamının əsas prinsiplərini müəyyənləşdirmiş olur. İkincisi, qlobal geosiyasətdə yaranmış ziddiyyətlərin həllində məsuliyyəti digər supergüc – Çinlə bölüşür. Üçüncüsü, dünya liderliyinə iddialı olan digər böyük dövlətlərə qarşı şərti olaraq "G2+" modelini qoyur. Sonuncu punkt üzərində bir qədər ətraflı dayanaq.

Liderlik ambisiyaları: yeni forma axtarışı

Zbiqnev Bjezinski "G2+" formulunun tərəfdarıdır. O hesab edir ki, Pekinlə Vaşinqtonun strateji əməkdaşlığı dünyanı qeyri-müəyyənliklərdən qurtara bilər. Çinin inkişafının qarşısını almaq siyasəti mənasızdır. Əksinə, onun ABŞ meyarlarına cavab verən tərəqqisinə yardım etmək gərəkdir. Əgər Pekin həmin xətdən uzaqlaşarsa, dərhal adekvat reaksiya verilməlidir. Yuxarıdakı formulda olan "üstəgəl" işarəsi regional liderlərin "G2"-yə qoşulması anlamını verir. Deməli, Z.Bjezinskinin təklif etdiyi modelə görə, müasir dünyanı Amerika ilə Çin idarə etməlidir və digər böyük dövlətlər onlarla əməkdaşlıq etməlidirlər.

Ancaq rəsmi Pekin bu missiyanı qəbul etmir. O, daha çox iqtisadi, mədəniyyət və enerji sahəsində əməkdaşlığa üstünlük verir, təsir imkanlarını müstəqil surətdə genişləndirməyə çalışır.

ABŞ-ı ehtiyatlandıran budur. Həmin bağlılıqda üç mühüm faktoru vurğulamaq olar. Hər şeydən əvvəl, Amerika "qlobal problemləri həll etmək qabiliyyəti üzərində nəzarəti itirir". Sonra, "beynəlxalq səviyyədə Avropadan inamlı addımlar gözləmək əbəsdir". Nəhayət, dünyanın müxtəlif regionlarında, əsasən, "Yaxın Şərq və Afrikada... böyük qarışıqlıq, fraqmentləşmə və qeyri-müəyyənlik vardır". Buradan aydın olur ki, nəyə görə amerikalılar "G2"-ni avropalılarla deyil, Çinlə birgə qurmaq arzusundadırlar.

Eyni zamanda, belə bir yaxınlaşmaya başqa bucaq altında baxdıqda, dünya siyasətinin faktiki olaraq dalana dirəndiyi təəssüratı yaranır. Çünki Çin ABŞ-ın onun üçün nəzərdə tutduğu rolu oynamaq istəmir. Pekinin bir sıra qonşuları ilə münasibətlərində də problemlər mövcuddur. Amerika siyasətçiləri daim məhz bu məqamı xatırladırlar. Z.Bjezinski Çinin ətraf ölkələrlə münasibətində diktatorluq elementinin mövcudluğuna işarə edir. Həmin faktorun Pekinin geosiyasi roluna həmişə mənfi təsir etdiyini vurğulayır. Maraqlıdır ki, bu xüsusiyyəti tanınmış təhlilçi Çinin xarici siyasətinin ən zəif elementi adlandırır. Konkret deyilsə, bu ölkə terrora çox həssas məkana çevrilir. Dini radikalizm bu mənada "Çin səddini" dağıda bilər.

Bu fikirlərdə sətiraltı Çinin xarici siyasətinin dilemma qarşısında qaldığı ifadə olunur. Belə ki, bu dövlətin regiondakı bir sıra ölkələrlə artıq münaqişə vəziyyətinə düşdüyünə işarə verilir. Bunun ardınca, Pekinin onlarla ixtilaflara girə biləcəyi tezisi irəli sürülür. Başqa kontekstdə bütün bunların ABŞ-ın Çinə xəbərdarlıqları olduğunu demək mümkündür. Dolayı yolla Pekini Vaşinqtonun yazdığı ssenari üzrə davranmağa təhrik etməyə cəhd göstərilir.

Fəqət bu deyilənlər ABŞ-ın xarici siyasətinin yalnız bir tərəfini nümayiş etdirir. Yaxın Şərq regionu ölkələri istiqamətində atılan siyasi-diplomatik addımlar müəyyən məqamlarda Çin siyasəti ilə uzlaşdırılmağa çalışılır. Məsələn, Z.Bjezinskinin təsnifatına görə, Yaxın Şərqdə özünü doğrultmuş və "müəyyən tarixi təcrübəsi olan" 4 dövlət vardır – Türkiyə, İran, İsrail və Misir! Vaşinqton ilk olaraq həmin ölkələrlə işləməlidir. Bu, regionda meydana gələn təhlükəli prosesləri aradan qaldırmağa yardım edə bilər.

Həmin kontekstdə Rusiyaya bir qədər fərqli yanaşma mövcuddur. Rusiya Avropaya "sığınmalıdır". Çünki "Çinin kölgəsi daim onun başı üzərindədir". Bunlardan Z.Bjezinski belə bir nəticə çıxarır: "...ruslar Krımı zəbt etməklə özlərinə çox ziyan vurdular... Bundan başqa, onlar özləri də, biz də etiraf etməliyik ki, çox zəifdirlər. Mahiyyətcə, biz və çinlilər vardır. Çinlilər daha zəkalıdırlar, lakin bəzən özlərinin zəif və kiçik qonşularının maraq və istəklərinə laqeyd qalırlar".

Z.Bjezinskinin təhlil məntiqi göstərir ki, ABŞ dünya ağalığının yeni modelinin axtarışındadır. Çinə qlobal geosiyasi oyunçu kimi önəm verilməsində də son məqsəd müasir tələblərə uyğun "amerikan liderliyi"ni təmin etməkdən ibarətdir. Vaşinqton müxtəlif kontekstlərdə bunu açıq ifadə edir. Pekin isə hazırda mövcud olan geosiyasi problemləri ABŞ-ın özünün yaratdığına işarə edir və Vaşinqtonun təkliflərini yaxın buraxmır.

Reallıqda dünyanın iki böyük dövləti arasında qeyri-müəyyən münasibətlər sistemi formalaşır. Bu səbəbdən müxtəlif regionlarda baş verən ixtilafların dərinləşə biləcəyini proqnozlaşdırmaq olar. Müəyyən müddətdən sonra Çinin özü region dövlətləri ilə münaqişəyə cəlb oluna bilər. Böyük dövlətlərin dünya liderliyi uğrundakı mübarizəsində güc tətbiqinə üstünlük verilməsi davam edir. Sözdə mədəniyyətdən, dinlərarası dialoqdan bəhs edilir, "yumşaq güc" anlayışından istifadə olunur. Gerçəklikdə isə tamam başqa faktorlar özünü göstərir. Bu kontekstdə Z.Bjezinskinin "fikirləşmirəm ki, biz dünya müharibəsinə doğru gedirik" fikri çox düşündürücü görünür. Çünki məşhur siyasətşünasın qənaətinə görə, dünya "böyük xaos mərhələsinə keçir". Bəs onda bu vəziyyəti yaratmaqda məqsəd nədir?

Görünür, Z.Bjezinski Qərbdə bu gün çox təbliğ edilən idarə olunan xaos "nəzəriyyəsini" xatırlatmaq istəyir. Bu, onun məntiqindən hiss edilir. Çünki analitikin fikirlərinin kökündə Amerikanın liderliyini saxlaması prinsipi qəti surətdə yer alıb. Bu səbəbdən "böyük xaos mərhələsi" də ABŞ-ın dünyada ağalığının təmininə xidmət etməlidir. Ancaq tarixi təcrübə göstərir ki, idarə edilən xaos vəziyyəti həmişə qeyri-müəyyənlik və risklərlə xarakterizə olunur. Bəşəriyyəti ora apara biləcək geosiyasi kursun səmərəli olduğuna böyük şübhələr yaranır.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...