THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Güclü dövlət quruculuğunun banisi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
256410
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 may 2014 – Newtimes.az

Novruz Məmmədov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

Hər tarixi dövrün özünəməxsus sosial, siyasi, mədəni və iqtisadi çağırışları olur. Onları dərk edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin yetişdirdiyi şəxsiyyətlər də böyük rol oynayır. Müasir dövr üçün bu tezisin daha ciddi əhəmiyyəti var. Çünki indi dünyada daha mürəkkəb proseslər gedir, daxili və xarici faktorlar arasında olduqca sıx bağlılıq müşahidə edilir. Təbii ki, tarixin bütün mərhələlərində həmin aspektlər arasında əlaqə mövcud olmuşdur. Lakin müasir dövrün fərqi ondadır ki, qloballaşma adlanan proses daxili və xarici reallıqları demək olar ki, vahid sistem halına gətirmişdir. Bu səbəbdən müstəqilliyini əldə etmiş cəmiyyətlərdə dövlət quruculuğu ilə sosial-iqtisadi və mədəni inkişaf modeli arasında tarixdə müşahidə edilməyən qarşılıqlı asılılıq mövcuddur. Azərbaycan keçən əsrin 90-cı illərində müstəqilliyinə qovuşanda məhz bu cür vəziyyətlə üz-üzə qalmışdı. Həmin mərhələdə bir sıra naşı siyasətçilərin yarıtmaz fəaliyyəti ölkənin daxili vəziyyətini gərginləşdirməklə yanaşı, beynəlxalq aləmdə də müdafiəsiz qoymuşdu. Həqiqəti aydın təsəvvür etmək üçün o dövrün bəzi qlobal geosiyasi əlamətlərinə nəzər salmağa ehtiyac duyulur.

XX əsrin 90-ci illərinin əvvəllərində sosialist düşərgəsinin dağılması ilə dünyada faktiki olaraq yeni geosiyasi mənzərə formalaşmağa başladı. O cümlədən SSRİ, Mərkəzi və Şərqi Avropanın sosialist dövlətlərinin siyasi-hərbi, sosial-mədəni birliyinə son qoyuldu. Tarixi təcrübə göstərir ki, bu cür silkələnmələrdən sonra insanların düşüncələrindən tutmuş böyük dövlətlərin daxili və xarici siyasətinədək bütün sahələrdə köklü dəyişikliklər baş verir. Siyasi, mədəni və iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr özünü göstərir. Həmin prosesin fərdlərin və bütövlükdə cəmiyyətlərin həyatında etdiyi dəyişikliklərin fonunda diqqəti çəkən bir qanunauyğunluq da müşahidə edildi. Bu da dövlət quruculuğu, yeni cəmiyyətin formalaşması, uğurlu inkişaf modellərinin yaradılması kimi məsələlərdə qarşıya yeni vəzifələr çıxardı.

XX əsr boyu sosial-mədəni, geosiyasi, hərbi və iqtisadi mühitin getdikcə daha da mürəkkəbləşdiyini müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mürəkkəbləşməni bəşəriyyət üçün ümumi tendensiya kimi qəbul etməklə yanaşı, onun ayrı-ayrı mərhələlərdə ön sıraya fərqli prosesləri də çıxardığını vurğulamaq lazımdır. Məhz bu kontekstdə demək olar ki, sosialist düşərgəsinin dağılması bir mühüm reallığı dünya siyasətinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin diqqət mərkəzinə gətirdi. Bu reallığı "postsovet məkanı" və "yeni müstəqil dövlətlər" terminləri ilə ifadə etmək olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni, geosiyasi və iqtisadi birliyin sürətlə parçalanması nəticəsində yenə həmin məkanın birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi ilə formalaşdırıldı.

Bu cür yanaşma tarixin tələbi idi. Yeni müstəqil dövlətlərin milli qurum olaraq inkişafı, onların demokratik dünyaya inteqrasiyası və xarici siyasətlərinin prioritetləri ciddi maraq doğuran məsələyə çevrilirdi. Ötən müddət ərzində qət edilmiş yola nəzər saldıqda hər dövlətin öz tarixi trayektoriyasının formalaşdığını görürük: bəzi ölkələr üçün uğurlu olmuş, digərlərinin problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnə düşüncə tərzindən əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər. Bu zaman isə dövlət quruculuğu ilə sosial inkişaf modelinin uğurlu seçilməsinin vacibliyini nəzərdə saxlamaq lazımdır.

Həmin kontekstdə onu da vurğulamaq istərdik ki, Azərbaycanın xarici təcavüzə məruz qalması, müstəqil dövlət quruculuğu məsələsini daha da mürəkkəbləşdirmişdi. Hətta bəzi dairələrin Azərbaycan adlı dövləti yer üzündən silmək planları ortaya çıxmışdı. Məsələyə qlobal miqyasda gedən geosiyasi proseslərin işığında nəzər salanda Frensis Fukuyamanın bir qeydini xatırlatmaq lazım gəlir. Müasir dövrün tanınmış filosof və futuroloqlarından olan F.Fukuyama güclü dövlətin formalaşması məsələlərini birbaşa XXI əsrdə dünya nizamının təmini və idarəetmə ilə əlaqələndirir. O yazır ki, bizim dövlət quruculuğu haqqında çox düşünməyimizə baxmayaraq, anlamadığımız çox şeylər vardır. F.Fukuyama həmin çətin məsələlər sırasında "güclü strukturları (dövlət strukturları nəzərdə tutulur – N.M.) inkişaf etməkdə olan ölkələrə necə köçürməyi" ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə dağılması nəticəsində cəmiyyətin tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə düşməsi, onun bütövlüyünü saxlamaq şərti ilə transformasiyası çox mürəkkəb problemdir. Həmin şərtlər daxilində Azərbaycanda müstəqil dövlət quruculuğu ilə sosial inkişaf modelinin uyğunlaşdırılması məsələsini sadə proses kimi təsəvvür etmək çətindir. Fikrimizcə, sualın cavabı Azərbaycanın geosiyasi mövqeyi və təbii sərvətləri ilə yanaşı, cəmiyyətimizin zəngin və özünəməxsus mədəniyyətə, dövlətçilik ənənəsinə və yüksək passionarlığa sahib olmasındadır.

Həmin potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman liderlər yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin çağırışlarına məhz bu potensialla cavab verib. Bir neçə dəfə repressiyalara, deportasiyalara məruz qalmalarına baxmayaraq, müstəqilliklərini heç nəyə dəyişməmişlər. 1988-ci ildən başlayıb 1993-cü ilin iyun ayınadək Azərbaycanın perspektivləri ilə bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə, söhbət dövlətin qalıb-qalmaması məsələsindən gedirdi. F.Fukuyamanın haqqında bəhs etdiyi güclü dövlət strukturlarını formalaşdırmadan onun müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Bunun üçün isə strateji təfəkkürlü, uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider lazım idi. Azərbaycan xalqı 1993-cü ildən ikinci dəfə həmin liderinə arxalandı. Bu, bir xalqın bir əsrdə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlət qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini və xalqını zamanın ziddiyyətləri məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real inkişaf xəttinə istiqamətləndirdi.

Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti və tarixinin əhəmiyyətini xüsusi qeyd edirdi. Bütövlükdə, Azərbaycanın müstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq, ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini dövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi. Heydər Əliyev cəmiyyətin mədəni-intellektual potensialını və mənəvi dəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi.

Problemin bu aspekti elmi-nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir. Sosialist düşərgəsinin dağılmasından sonra meydana gələn müstəqil dövlətlərin daxili və xarici siyasətinin təməlinə hansı baza prinsipinin qoyulmasından onların gələcək dövlətçiliyinin taleyi asılıdır. O zaman bu məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı daha çətin amillərlə bağlı idi. Ölkəyə təcavüz vardı, müxtəlif istiqamətlərdən təzyiqlər ara vermir, daxildə qeyri-müəyyənlik hökm sürürdü. Məhz belə bir mürəkkəb və ziddiyyətli şəraitdə mədəniyyəttutumlu suverenlik strategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə yanaşı, siyasi xadim müdrikliyi də tələb edirdi. Heydər Əliyev dövlət idarəçiliyində klassik və müasir anlamda dövlət quruculuğunun baza prinsiplərinə əsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən geniş istifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgün çıxış yolu tapa bilirdi.

Heydər Əliyev strateji hədəfləri daxili və xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək müəyyənləşdirirdi. Bütün bunlar ulu öndərin dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarının zənginliyini nümayiş etdirir. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Azərbaycanın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və "...hədsiz gərgin zəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyasını formalaşdırmağa müvəffəq oldu". Təcrübə göstərir ki, belə fürsət heç də hər xalqa ya millətə nəsib olmur.

Beləliklə, Azərbaycanın milli inkişaf strategiyası mədəniyyəttutumlu suverenlik ideyasına əsaslanırdı. Mədəniyyəttutumlu suverenlik həm də sosial yönümlü inkişaf modeli seçmək deməkdir. Bu mənada mədəniyyəttutumlu suverenliyin Azərbaycan Respublikasının daxili və xarici siyasətinin özəyi olması fikrini qəbul etmək lazımdır. Postsovet məkanı üçün bu kurs kifayət qədər yeni olmaqla kreativ siyasi təfəkkür tələb edir. Problemin mahiyyəti də məhz bundadır. Çünki müstəqilliyinə yenicə qovuşan və hər tərəfdən əsassız ittihamlara məruz qalan gənc dövlətin xarici siyasətinin möhtəşəm binasının bünövrəsinə bədxahların gözünə ox kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik dövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə yanaşı, həm də ona görə ki, Azərbaycana qarşı olan əsassız hiddətin kökündə məhz zəngin, təkrarolunmaz milli mədəniyyət və dövlətçilik ənənələrimizin varlığını bəzilərinin qəbul etmək istəmədiyi dururdu. Heydər Əliyev bütün risklərə sinə gərərək dövlətçilik kursunun əsasına milli mədəniyyət və sosial inkişaf amillərini qoydu. Mədəniyyəttutumlu suverenlik ideyası qlobal kontekstdə Azərbaycan üçün çox əhəmiyyətli idi.

Bütün bunlar keçən əsrin ikinci yarısından başlayaraq cəmiyyətin inkişaf modelinin təməlində hansı ideyanın qoyulmasının ciddi müzakirə obyektinə çevrilməsi fonunda baş verirdi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü ideologiya, yaxud sosial inkişaf modeli və s. kimi variantlar müxtəlif formalarda diqqət mərkəzinə gətirilirdi. XX əsrin 90-cı illərindən başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə və sosial tərəqqiyə istinad edən inkişafın daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla vurğulayırdılar. Azərbaycan da tarixi şəraitin çağırışlarına Heydər Əliyevin sayəsində XX əsrin 90-cı illərində məhz bu tələbə uyğun cavab verdi.

Güclü dövlətin təşəkkülü məsələsi

F.Fukuyama zəif dövlətin milli problemlərin də qaynağı olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı tam haqlı görürük. Keçən əsrin 90-cı illərində postsovet məkanında, o cümlədən Azərbaycanda cərəyan edən siyasi proseslər müstəvisində həmin amil olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmiş sovet respublikalarının hamısının qarşısında "hansı yolu seçməli", "necə bir cəmiyyət və dövlət qurmalı?" kimi suallar dururdu. Problemin bir tərəfi sosialist düşərgəsinin dağılması ilə dünyadakı geosiyasi balansın Qərbin xeyrinə kəskin dəyişməsi ilə bağlı idi. Digər tərəfdən isə müstəqilliyə zaman baxımından qısa müddətdə "atılmış", totalitar rejimin "tırtılları" altında əzilmiş, tarixi və mədəniyyəti zədələnmiş, dövlət strukturları, demək olar ki, dağılmış cəmiyyətlərdə nizam-intizam yaratmaq lazım idi.

Çoxlarının artıq dağılmış kimi təsəvvür etdikləri Azərbaycanda ümummilli lider Heydər Əliyev dövlət quruculuğu proseslərinə qeyri-adi əzmkarlıqla başladı. Kiçik bir dövlətə bu güc haradan gəldi? Necə oldu ki, bəzi xarici dairələrin onu dağıtmağa çalışdığı tarixi bir mərhələdə zaman Azərbaycanın xeyrinə işləməyə başladı? Bu suallara cavab cəmiyyətdə güclü dövlət quruculuğu konsepsiyasının və sosial inkişaf modelinin həyata keçirilməsi ilə verildi. Nəzəriyyə öz yerində, ancaq praktiki cəhətdən çox mürəkkəb xarici və daxili situasiyada dövlət qurmaq tarixi hadisədir. Məlumdur ki, 1988-1993-cü illərin yayına qədər olan müddətdə Azərbaycan parçalanma astanasında dayanmışdı, xarici təcavüz sistemli xarakter almışdı, daxildə böyük xaos hökm sürürdü. Ölkə üçün bu vəziyyətdən yeganə optimal çıxış yolu sabitlik yaradıb, dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti və dövləti xilas etmək məqsədi digər bütün maraqlardan üstün tutulmalı idi. Burada F.Fukuyamanın belə bir situasiya üçün təklif etdiyi ideyanı xatırlatmaq yerinə düşər. F.Fukuyama milli dövlət quruculuğu prosesinin üç mərhələdə həyata keçirilməsini doğru sayır. Birinci mərhələni o, münaqişədən sonrakı yenidənqurma adlandırır. Bu mərhələ ölkənin münaqişəli vəziyyətdən çıxmasından sonra başlayır. İkinci mərhələ cəmiyyətdə sabitlik bərqərar olunduqdan sonra işlək dövlət strukturlarının yaradılmasını nəzərdə tutur. Xarici təcavüz sona çatandan sonra bu proses özünün mükəmməl səviyyəsinə çatmalıdır. Üçüncü mərhələ hakimiyyətin geniş miqyasda sabitləşməsindən başlayır və zəif dövlətdən güclü dövlətə keçidi əhatə edir. Bunun əlamətləri sırasında dövlətin öz vətəndaşlarının hüquqlarını, xüsusi mülkiyyətini, təhsil haqlarını və s. qoruya bilməsini göstərmək olar. Bir sözlə, üçüncü mərhələdə dövlət strukturları lazımi qədər səmərəli işləməlidir. F.Fukuyamanın təklif etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyin yaradılması və dövlət strukturlarının səmərəliliyi təşkil edir. Bəs bunu necə təmin etməli? Afrika və ya Əfqanıstan modeli postsovet məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu, təcrübəsi, xalqın mental xüsusiyyətləri və konkret yerli sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri var.

Bütün bunlar həmin dövrdə Azərbaycan üçün iki problemin aktuallaşdığını göstərir. Birincisi, ölkədə sabitliyi necə təmin etməli? İkincisi, müstəqil dövlət quruculuğunu uğurla aparmaq üçün hansı kursu seçməli? Bu aspektlər reallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün ideologiyanın müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək, dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin birləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini formalaşdırmaqdan gedirdi.

Mahir siyasət ustası şahmat taxtasında bir neçə rəqibi ilə oynamalı və qalib gəlməli idi. Ümummilli lider bunu bacardı. Amma beynəlxalq və daxili vəziyyət isə onun və Azərbaycanın xeyrinə deyildi. Siyasətçi dövlət quruculuğunun fəlsəfəsini sürətlə, ölkənin ziddiyyətli problemlərini həll edə-edə yaratmalı idi. Dövlət quruculuğunda ən böyük maneələrdən biri həmin ərəfədə xaricdən idxal edilmiş və bütün postsovet məkanı üçün şirnikdirici görünən ideologiyanın beyinlərə hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn gözqamaşdırıcı, şirnikdirici və bəzən təhrikedici ideoloji konsepsiyalar insanlarda çaşqınlıq yaratmışdı. Burada həm radikal milliyyətçiliyin avantürist cəzbetmə sahəsinə, həm də liberal demokratiyanın ifrat cəlbedici azadlıq xülyasına düşmək ehtimalı var idi. Bu ifrat tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər özünü büruzə verirdi. Qərbdən gələn təsirlərin arxasında hansı məqsədlərin durduğunu müəyyən etmək asan məsələ deyildi. Çünki Qərb məhz liberalizm, azadlıq, demokratiya kəlmələri ilə gerçək geosiyasi maraqlarını gizlədə bilirdi. İnsanlar bu şirnikdirici və ümidverici terminlərlə dolu ideoloji sistemin çarxına düşür və oradan çıxa bilmirdilər.

Azərbaycan üçün situasiyanı çətinləşdirən başqa məqam cəmiyyəti etnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədə cərəyan edən hadisələrə zidd ultramillətçi düşüncənin mövcudluğu idi. Digər bir problem sosial ədalət məsələsi ilə bağlı idi. Sosial ədalət müxtəlif cür izah edilirdi. Sosial ədalət mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservatizm, millətçilik, neokonservatizm, sosializm və s.) toqquşduran əsas məsələ oldu. Liberalizmə qarşı iddialar əsassız deyildi. Çünki doğrudan da müasir cəmiyyət üçün sosial ədalət olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları ona tənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini yaxın keçmişdə əldə etmiş cəmiyyətlər üçün sabitlik və təhlükəsizlik də həyati əhəmiyyətli məsələlərdən idi. Bu məqam neokonservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar "hüquqi sosial dövlət" konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini aktuallaşdırırdı. Güclü dövlət cəmiyyətdə nizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi.

Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər üçün bu ideya çox maraqlı idi. Lakin onu kor-koranə qəbul etmək də riskli idi. Çünki hər bir cəmiyyətin öz təkamül yolu var. Heydər Əliyev postsovet məkanında bütün bu kimi məqamları nəzərə alaraq Azərbaycan üçün neokonservatizmə çox yaxın olan, lakin liberal demokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideoloji konsepsiya formalaşdırdı. Akademik Ramiz Mehdiyev yazır ki, bu kontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla neokonservatizm arasında əlaqə olduğunu demək olar. Beləliklə, Azərbaycanın çıxış yolu güclü dövlət konseptində idi. Azərbaycançılıq ideologiyasına bu vəzifələrin işığında nəzər saldıqda, dövlət müstəqilliyinin təmini və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinin möhkəm ideya təməli aydın görünür. Azərbaycançılıq ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik və real demokratiya sahəsində məzmun verməklə Heydər Əliyev tarixi missiya yerinə yetirdi. Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox maraqlıdır. Mehriban Əliyeva "Həyat dərsi" əsərində qeyd edir: "Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısıdır". Dəqiq və lakonik ifadə edilmişdir. Görkəmli dövlət xadimi elə bir ideoloji mövqe seçdi ki, həm qlobal səviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqil dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanı yarandı.

Onu demək gərəkdir ki, güclü dövlət konseptinin reallaşması müasir tarixi şəraitdə kifayət qədər sanballı və ölçülü-biçili yanaşma tələb edirdi. İlk növbədə, dövlət quruculuğunun konkret mexanizmlərini işləyib hazırlamaq lazım idi. Dövlətin bütün fəaliyyət istiqamətlərini bu məqsəd ətrafında sistemləşdirmək gərəkdi. Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçib. Müstəqil dövlətçiliyindən uzaq düşmüş xalqın psixologiyasında özünəinamı qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik ənənəsinin olması təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasir dünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və mahiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu hər an anladırdı.

Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmağı tələb edirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd etmişdik. Həmin dağıdıcı amillər havadarları tərəfindən üstümüzə qısqırdılan Ermənistanın təcavüzkar davranışları ilə daha da aqressiv xarakter alırdı. Azərbaycanın 90-cı illərdə sui-qəsd planlarına, dövlətçiliyə qarşı çıxışlara səhnə olması təsadüfi deyildi. Bu səbəbdən də Heydər Əliyevin dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması strateji xarakter daşıyırdı.

Nəticədə Azərbaycan mütərəqqi dünyəvi dövlət perspektivini aydın dərk edən ölkəyə çevrildi. Bu kursun Azərbaycana islam dünyası üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən demək olar. Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətin və sosial inkişafın yeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişafda olmalıdır, lakin o, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindən birinə çevrilməlidir.

Təsadüfi deyil ki, Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktiki şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndələrinin qatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun mahiyyətində mədəni və dini tolerantlığın varlığını sübut edən konkret faktlardandır. Azərbaycan artıq islamlaşma ilə müasirləşmənin (intellektual sərvətə əsaslanan sosial-iqtisadi və mədəni inkişaf modeli) səmərəli sintezini reallaşdıran ölkə olaraq tanınır. İndi bu istiqamətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi haqqında yüksək səviyyələrdən təkliflər eşidilməkdədir. Bunların kökündə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi durur.

Sabit və dinamik cəmiyyət: sosial-iqtisadi inkişaf modeli

Güclü dövlət quruculuğunun təməlində güclü iqtisadi infrastrukturun formalaşdırılması durur. Ümummilli lider bu aspektə çox böyük diqqət yetirirdi. O, iqtisadi gücü bütün digər məsələlərin təməlinə qoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin ölkəyə cəlb edilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin açılması Azərbaycanda ardıcıl surətdə həyata keçirilir.

2003-cü ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə etmiş Azərbaycan vardı. Vətəndaş cəmiyyəti quruculuğunun təməli hazırlanmışdı. Bunun sayəsində Azərbaycan modernləşmənin yeni mərhələsinə keçid edə bilərdi. Bunun üçün xarici sərmayələrin cəlb edilməsinə əsaslanan modernləşmə cəmiyyətin daxili potensialına əsaslanan müasirləşmə kursu ilə əvəz olunmalı idi. Əgər Heydər Əliyev 1993-2003-cü illər ərzində səbir, inam və qətiyyətlə və ardıcıl olaraq dövlət quruculuğu siyasətini həyata keçirməsəydi, modernləşmənin birinci mərhələsi başa çatmayacaqdı. Həmin illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində sistemli islahatlar həyata keçirildi. Qeyri-neft sektorunun inkişafı üçün ayrıca proqramlar reallaşdırıldı.

Enerji layihələrinin həyata keçirilməsi bu prosesdə xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda dünyanın aparıcı geosiyasi gücləri Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan artıq enerji təhlükəsizliyi sahəsində sözünü deyən, müstəqil maraqları ilə çıxış edən, regionun lideri qismində geosiyasi statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir. Güclü dövlət konseptinin həyata keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət tarixi əhəmiyyət daşıyır. Güclü dövlət konseptinin iqtisadi aspektinin də sıx bağlı olduğu başqa bir məqamı qeyd etmək gərəkdir.

Müasir tarixi mərhələdə güclü dövlət və güclü cəmiyyət anlayışları sıx bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadi amillə bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir. Bu səbəbdən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması və təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimi məsələlər onun siyasətinin mərkəzində duran məqamlardan idi. Milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət həqiqi mənada müasirləşə bilər. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər deyirdi: "Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Milli-mənəvi dəyərlər cəmiyyətin gücünü qidalandıran mənbədirsə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyə açıq olması inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqda yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir. Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi konkret olaraq modernləşmə proqramında öz ifadəsini tapır. Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək, burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunu görərik. Demokratik institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri tənzimləyən əsas mexanizmdir.

Azərbaycan demokratik təsisatların formalaşması məsələsində postsovet məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Təkmilləşmənin, daha yüksək demokratik yaşam tərzinə sahib olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi də fasiləsiz gedən prosesdir. Dövlətin gücü ilə cəmiyyətin gücünün uzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtiva edir.

Beləliklə, keçən əsrin 90-cı illərində Azərbaycan milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasını formalaşdıra bildi. Bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi, həm Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə, həm də regional liderə çevrilməsi üçün imkan yaratdı. Bu uğurun təməlində dövlət quruculuğu ilə yeni cəmiyyət formalaşdırılmasının vəhdət təşkil etməsi durur. Həmin aspektdə əvvəlcə cəmiyyətdə sabitliyin yaradılması, sonra isə davamlı sosial-iqtisadi və mədəni inkişaf xəttinə çıxarılması mərkəzi yer tutur. Təcrübə göstərdi ki, Azərbaycan Cənubi Qafqazda bu modeli ən yaxşı şəkildə reallaşdıran dövlətdir.

Bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda sosial inkişaf modelinin həyata keçirilməsi Heydər Əliyev tərəfindən dərin, hərtərəfli və müasir tarixi dövrün tələblərini nəzərə almaqla elmi yanaşmaya əsaslanır. Sosial inkişaf bir tərəfdən müstəqil dövlət quruculuğu kursu, digər tərəfdən cəmiyyətin mənəvi-əxlaqi yeniləşməsi ilə sıx bağlı halda həyata keçirilir. Bu məqamın əhəmiyyəti böyükdür. Çünki müasir cəmiyyətlərin bir çoxunda güclü dövlət qurulur, lakin sosial inkişaf zəifdir. Yaxud sosial-iqtisadi inkişaf kifayət qədər yüksəkdir, fəqət cəmiyyət ziddiyyətlər içərisində sıxılır. Deyək ki, bir sıra Qərb dövlətlərindəki cəmiyyətdə müxtəlif sosial, mənəvi, əxlaqi-ideoloji problemlər mövcuddur. İnsan tərbiyəsi məsələsi xeyli aktuallaşıb. Bu da özlüyündə təhsil sisteminin yeniləşməsi və təkmilləşdirilməsi ehtiyacını ortaya qoyur. Həmin məsələnin kökündə isə sosial inkişaf modeli durur.

Şübhə yoxdur ki, müstəqilliyini əldə etmiş dövlətlər üçün sosial inkişaf modeli yaradıcı yanaşma tələb edən məsələdir. Şübhəsiz, yüksək inkişaf etmiş ölkələrin təcrübəsini burada nəzərə almaq lazımdır. Lakin son halda inkişaf modelini hər bir cəmiyyətin özünəməxsus tarixi təkamül yolu keçməsi əsasında müəyyənləşdirmək lazım gəlir. Bütün bunlarla yanaşı, müasir dövr üçün xarakterik olan və heç bir cəmiyyətin yan keçə bilmədiyi bir özəlliyi unutmaq olmaz. Söhbət qloballaşma şəraitində konkret cəmiyyətin inkişaf modelinin dayanıqlığından və özünəməxsusluğunu saxlamaq imkanlarından gedir. Çünki müasir tarixi mərhələdə faktiki olaraq sivilizasiya geosiyasəti yeridilir. Sivilizasiya geosiyasəti isə hər şeydən əvvəl mədəni kodlara və arxetiplərə yönəlir. Problemə böyük dövlətlərin maraqları prizmasından baxdıqda yerli mədəniyyət sistemlərini təhdid edə bilən təhlükələri nəzərə almaq lazım gəlir. Samuel Hantinqton məşhur əsərində vurğulayır: "...Qlobal siyasət – sivilizasiya siyasətidir. Fövqəldövlətlərin rəqabəti sivilizasiyaların toqquşması ilə əvəz olunub". Digər ABŞ siyasətşünası və ideoloqu Henri Kissincer deyir ki, "...Üçüncü dünyaya münasibətdə Amerika xarici siyasətinin ali prioriteti depopulyasiya olmalıdır". Xatırladaq ki, H.Kissincer 1975-ci ildə Prezident Cimmi Karter üçün depolulyasiya haqqında "GLOBAL 2000" adlı sənəd hazırlamışdı.

Bu fikirlər nəyi ifadə edir? İlk növbədə bu, müasir sivilizasiya geosiyasətində əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasına işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək olar. Sosialist düşərgəsinin dağılması ilə həmin tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC (1989-cu il), VVS World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləri aydındır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslı yayılması zərurətə çevrilir. Eyni zamanda müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki, bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiya təminatı ilə sıx bağlıdır. O cümlədən, tansmilli şirkətlərin dünya miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən birbaşa asılıdır. Beləliklə, media vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin "beynini və qəlbini yumaq" mümkündür. Deməli, milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək, ilk növbədə siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin əsasına qoymaq isə konkret geosiyasi kurs götürmək anlamını verir. Konkret ifadə etsək, Heydər Əliyevin sosial inkişaf modeli, o cümlədən mədəniyyəttutumlu suverenlik prinsipi müasir tələblərə cavab verən dövlətçilik kursunun seçilməsini şərtləndirir. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şübhə yoxdur ki, bu proses Azərbaycanı XXI əsrin yüksək inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.

Bu gün beynəlxalq aləmdə baş verən mürəkkəb və narahatlıq doğuran prosesləri nəzərdən keçirərkən çıxardığımız ən mühüm nəticə budur ki, müstəqilliyini qazanmış dövlətin ən böyük sərvəti onun sabitliyidir. Və əgər bu sabitlik eyni zamanda ölkənin dinamik inkişafını da təmin edə bilirsə, onda onu dövlətin öz gələcəyini təmin etmək üçün əldə etdiyi böyük tarixi nailiyyəti hesab etmək lazımdır.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...