THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ – İmperiya, yoxsa superdövlət?!

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8346
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

"Mayflower”dən başlayan yol

1620-ci ilin sentyabrında Böyük Britaniyanın Plimut limanından bir gəmi Şimali Amerikaya yola düşdü. Gəmidəkilər Böyük Britaniyada repressiyalara məruz qalmış puritançıların (xristian dini təriqətidir, "saf” deməkdir) bir qrupu idi. 1620-ci il noyabrın 21-də "Mayflower” ("May çiçəyi”) Şimali Amerikaya çatdı (indiki Massaçusets ştatının sahilləri). Həmin gün gəmidə qrupun iki lideri – Uilyam Brüster və Uilyam Bredford yeni Plimutun birgəyaşayış qanunlarının əks olunduğu saziş imzaladılar.

Bu saziş 300 ildən çoxdur ki, davam edən kiçik müstəmləkənin böyük bir imperiyaya çevrilməsi prosesinin başlanğıcı hesab edilir. O imperiyanın adı Amerika Birləşmiş Ştatlarıdır. Ziddiyyətli, heyrətedici və düşündürücü tarixi olan, digər imperiyalara bənzəməyən nəhəng dövlət...

XX əsrin sonlarında Amerikanın tanınmış siyasətşünası Z.Bjezinski "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” əsərində yazırdı: "1898-ci il amerikan-ispan müharibəsi Amerika üçün qitənin sərhədlərindən kənarda olan ilk işğalçı savaş idi. Bunun sayəsində Amerika hakimiyyəti Sakit okeana qədər yayıldı, sonra Havay adalarına və Filippinə çatdı” (1, s.3).

Z.Bjezinski "Seçim: dünya hökmranlığı və ya qlobal liderlik” əsərində açıq qeyd edib: "ABŞ-ın dünyanı idarəetmək rolunu etiraf etmək zəruridir... Dünya paytaxtı yaranıb... – dünya tarixində ilk dünya paytaxtı... Nə Roma, nə Qədim Pekin – regional imperiyaların keçmiş paytaxtları... qlobal güc və qərarların qəbul edilməsi imkanları baxımından... Vaşinqtonun mərkəzi hissəsinin sahib olduğu qüdrətə malik deyildilər...” (2).

Maraqlı müqayisə var. Z.Bjezinski ABŞ-ın dünya hökmranlığını masonların sevimli üçbucaqlarının kəsişməsinin verdiyi məna ilə müqayisə edir. Ağ Ev-Kapitoli binası-Pentaqon bir üçbucaq, Ağ Ev-Ümumdünya bankı-Dövlət Departamenti digər üçbucaqdır. Bu ücbucaqların kəsişməsi "qlobal təsir üçbucağı”nı əmələ gətirir.

Bu kimi müqayisələrə ABŞ-ın müasir siyasətşünas və analitiklərinin bir çoxunun əsərlərində rast gələ bilərik. Özünü demokratiyanın beşiyi, azadlığın müdafiəçisi, əməkdaşlığın mərkəzi sayan bir dövlətin imperiya ambisiyalarını açıqca və qürurla ifadə etməsinin mənası nədən ibarətdir? ABŞ doğrudan da imperiyadır, yoxsa superdövlət?

Dövlət çevrilişlərinin pərdəarxası ssenariləri

Faktlar göstərir ki, ABŞ 1898-ci il işğalı ilə kifayətlənmədi. İqtisadçı Uilyam Enqdal və Massaçusets Texnologiyalar İnstitutunun professoru Noam Çomski təsdiq edirlər ki, XX əsrin 40-cı illərinin sonunda ABŞ-da bir neçə analitik mərkəz Amerikanın yeni imperiya siyasətinin konsepsiyasını hazırlayıb. Sənədlərdə göstərilir ki, ABŞ Böyük Britaniyanın səhvlərini təkrar etməməlidir.

Nədən ibarət idi Böyük Britaniyanın səhvi? Bunu ABŞ-ın 40-cı illərin sonundan yeritdiyi xarici siyasətin mahiyyəti aydın ifadə edir – dünyada Amerika ilə bərabər səviyyədə rəqabət apara biləcək dövlətin formalaşmasına imkan verməmək! Amerika imperiyası demokratiya, azadlıq, xalqların öz taleyini özünün təyinetməsi, bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmalı idi (Uilyam Enqdal).

Öncə bu, Qərb yarımkürəsini əhatə edirdi, SSRİ dağılandan sonra bütün dünyanı əhatə etdi. Xüsusilə postsovet məkanı ölkələrinə qarşı imperialist planlar həyata keçirilməyə başlandı.

Vaşinqtonun "qlobal güc üçbucağı”nın "canı” bu tezisdədir. Amerikanın o vaxtdan keçən müddətdə həyata keçirdiyi siyasət birmənalı bu məqsədə xidmət edib. İmperialist məqsədlərinə çatmaq üçün Amerika bütün vasitələrdən istifadə edib. Nikolo Makiavelli və German Buzenbaum ABŞ-ın bu cür davranışına haqq qazandırardılar.

Lakin bu cür siyasət çoxlu sayda dövlətlərin suverenliyini məhdudlaşdırır, bəzi hallarda onları okeanın o tayından asılı hala salırdı. Bu siyasətin ilk qurbanı 1949-cu ildə Almaniya oldu. Almaniya hərbi əks-kəşfiyyat idarəsinin keçmiş başçısı Gerd-Helmut Komossa təsdiqləyir ki, 1949-cu il mayın 11-də imzalanmış sənədə əsasən Almaniyanın qızıl ehtiyatlarının hamısı ABŞ banklarında saxlanılır (3). Amerika bunu Almaniyanın bir daha kontinental gücə çevrilməməsi üçün edib və indi də onu nəzarətdə saxlayır.

Bununla belə, yeni imperiya konsepsiyasının baş məşqi Tehranda oldu. 1953-cü ildə qanuni seçilmiş M.Müsəddiqi devirmək planı ortaya çıxdı. Dövlət Departamentinin keçmiş əməkdaşı Uilyam Blam deyir ki, planı ABŞ prezidentinin özü hazırlamışdı (4).

M.Müsəddiqin "səhvi” həmin il amerikan-ingilis neft şirkəti olan bp-ni milliləşdirmək olub. İngiltərənin xəbərdarlığına baxmayaraq M.Müsəddiq şirkəti milliləşdirib... cəmi bir neçə aydan sonra Tehranın küçələrində "diktatora istefa” sədaları yüksəlib. Noam Çomski bu hadisəni belə şərh edir: "Bütün çevrilişlərin səbəbi eynidir. Sərvətin bərabər bölüşdürülməsi məsələsi çıxanda çevriliş olur”.

İranda hakimiyyət çevrilişindən cəmi 1 ay sonra bu ölkənin nefti ABŞ-ın ixtiyarında idi.

Bir il keçmədi ki, Qvatemalanın prezidenti H.Arbens M.Müsəddiqin taleyini yaşadı. Onun da "səhvi” banan plantasiyalarını milliləşdirmək istəyi oldu. H.Arbens dərhal "dikatator”a və "antidemokrat”a çevrildi. H.Arbensi Harvardda təhsil alması da xilas edə bilmədi – 1954-cü ildə hərbi çevriliş baş verdi.

Bundan sonra ABŞ-ın təşkil etdiyi çevrilişlərin ayrıca növbəsi yarandı. Braziliya, Yunanıstan, Panama, Türkiyə, Çili... Siyahı uzundur.

Braziliya 60-cı illərdə müstəqil olmaq istəyirdi, öz sərvətlərinə yiyələnmək siyasəti yürüdürdü. Mərkəzi Kəşfiyyat İdarəsinin Braziliyada 3 illik gizli fəaliyyətindən sonra çevriliş oldu. Çilidə S.Alyende 70-ci illərdə böyük şirkətləri milliləşdirmək istəyəndə devrildi. Türkiyədə XX əsrin ikinci yarısında iki dəfə narazı hərbçilərdən istifadə edən MKİ çevriliş təşkil etdi. Türkiyə hələ də o çevrilişlərin yaratdığı siyasi, hərbi və sosial-psixoloji problemlərdən tam qurtula bilməyib.

Bir vaxtlar MKİ-nin əməkdaşı olmuş, sonra isə Panamada prezident seçilmiş M.Noryeqa, Panama kanalının Panama dövlətinin sərvəti olduğu fikrinə düşdü və 1989-cu ildə devrildi. Böyük Corc Buş jurnalistlərə o vaxt belə dedi: "Noryeqa diktatordu, o, hakimiyyətdən getməlidir və demokratiya bərqərar olmalıdır”.

Bir canlı şahid var. MKİ-nin 1957-1968-ci illərdə zabiti olmuş Filip Eyci. O, xatırlayır: "Mən MKİ-də həvəslə işə başladım. Ekvadorda geniş təbliğat işi aparırdıq. Ekvadorun aparıcı jurnalistlərindən E.Solqado bizə işləyirdi. O, MKİ-nin sifarişi ilə hazırlanan məqalələri öz imzası ilə dərc etdirirdi. Məqsəd ölkədə qorxu və çaşqınlıq yaratmaq idi” (4).

Qısa müddətdə Ekvador qan gölünə döndü və təbii ki, "növbəti diktator” devrildi. O, iqtisadiyyatı milliləşdirmək eşqinə düşmüşdü. Ekvadorun sərvətini ABŞ-ın transmilli şirkətlərinin ixtiyarından çıxarmaq istəyirdi. Dərhal "diktator”a çevrildi və bədəlini ağır ödədi.

F.Eyci sonra Uruqvay və Meksikada etdiklərindən danışır (1962-1963-cü illər). Vyetnam, Laos, Kamboca... "Nikson doktrinası”, "Karter doktrinası”, "Reyqan doktrinası”... Zəncirvari prosesin "düyünləri”. ABŞ-ın imperiya ambisiyalarının qurbanı olan "qaynar nöqtələr” və bunun arxasında duran "Ağ Evin sənədləri”... Onları Dövlət Departamentinin keçmiş əməkdaşı Uilyam Blam yığcam belə ifadə edir: "ABŞ son 60 ildə 50-dən çox ölkədə çevriliş etməyə çalışıb, 25-dən çox ölkədə bu baş tutub” (4).

Yeni "qaynar nöqtələr” və "diktatorlar” axtarışı

ABŞ-ın müasir xarici siyasət kursunda prinsipial dəyişiklik baş verməyib. Prezidentlərin ad və soyadlarından başqa. İndi "İslam faşizmi” hədəfdədir.

XX əsrin sonu – XXI əsrin əvvəlləri müsəlman ölkələrindəki iğtişaşlarla xarakterizə olunur. Əfqanıstan, İraq, İran, Pakistan, Liviya, Suriya, Misir... Yaxın və Orta Şərqin neftlə zəngin bütün dövlətləri "demokratikləşir”. Adını "ərəb baharı” qoyublar. Gerçəkdə isə ərəb xalqlarının faciəsidir. İraqda S.Hüseyn, Liviyada M.Qəddafi nefti ABŞ-ın ssenarisi ilə satmaq istəmədilər.

Növbə müstəqil siyasət yürütmək istəyən İranındır. 1960-1990-cı illərdə MKİ-nin zabiti olmuş Rey Mak Hovern deyir: "ABŞ-da enerji qıtlığı yarananda İraqa qoşun yeridildi. Hər hansı bir ölkə strateji ehtiyatlarını öz nəzarəti altına almaq istəsə, ABŞ onu transmilli şirkətlərin nəzarətinə qaytarmağa çalışır. Bunun üçün bütün vasitələrdən, o cümlədən üsyanlardan, inqilablardan, hakimiyyət çevrilişlərindən istifadə edir” (4).

Bu çevrilişlərin müxtəlif mexanizmini tətbiq edilir. Yerli ölkənin mediasına, hakimiyyət dairələrinə, narazı hərbçilərə, tələbə cəmiyyətlərinə, milli azlıqların qurumlarına və s. nüfuz edib, nifaq yaradılır.

Sonra adət üzrə "diktator”, "insan haqları”, "siyasi məhbus”, "demokratiyanın bərqərar olması” kimi terminlər işlədilir. Sadə insanın şüuru bu manipulyasiyalardan çaşır və kütlə öz ölkəsini xaricilərə təslim edir. Hələ Vyetnam hadisələrində Nikson "asiyalılarla asiyalıların özləri savaşmalıdır”, – demişdi.

SSRİ-nin dağılmasından sonra postsovet məkanı ABŞ-ın xarici siyasətinin diqqət mərkəzində oldu. Müstəqilliyinə qovuşmuş ölkələrə qarşı okeanın o tayından xüsusi sifarişlər gəldi. Bu sifarişlər əsasən "rəngli inqilablar” vasitəsi ilə verilməyə başladı. Gürcüstan, Ukrayna və Qırğızıstan "rəngli inqilabların” qurbanı oldular. Açıq görünürdü ki, ABŞ postsovet məkanına da yalnız öz maraqları prizmasından baxır.

Yuxarıda nəzər saldığımız, müxtəlif ölkələrdə təşkil edilmiş dövlət çevirilişləri ssenariləri keçmiş SSRİ respublikalarına da tətbiq edilirdi. Yəni 1953-cü ildə İranda, 1954-cü ildə Qvatemalada, sonra Panama, Çili və başqa ölkələrdə hansı məqsəd güdülürdüsə, postsovet dövlətlərində də eyni niyyət özünü göstərirdi.

Cəmiyyətdə süni narazılıq yaradıb, iğtişaşlar təşkil edərək qanuni hakimiyyətləri devirmə ssenariləri keçən əsrin 50-80-ci illərində tətbiq edilənlərdən fərqlənmirdi. Gürcüstanda, Ukraynada, sonra Qırğızıstanda hiddətlənmiş kütlə qarşısına çıxan hər şeyi əzib keçməyə hazır idi. Günahsız insanlar öldürüldü. Cəmiyyətə isə nifaq düşdü.

Maraqlıdır ki, bu proseslər ABŞ hərbi qüvvələrinin dünyanın müxtəlif regionlarına yerləşdirilməsi fonunda baş verirdi. Hazırda dünyanın 600 nöqtəsində amerikan əsgərləri vardır. Onlar əsasən enerji ehtiyatları zəngin olan məkanlarda yerləşirlər. Harada neft və qaz varsa, orada amerikan əsgərləri var. İndi bu, hörümçək toru kimi dünyanı bürümüş geniş şəbəkəni xatırladır. Demokratiya adı altında dünyanın müxtəlif guşələrinə böyük hərbi güc göndərilir, lokal müharibələr aparılır.

MKİ-nin 1967-73-cü illərdə məsləhətçisi olmuş Çalmres Conson etiraf edir ki, "ABŞ hərbi bazalar imperiyasıdır” (4). R.Reyqanın prezidentliyi dövründə Ağ Evin mətbuat xidmətinin rəhbəri olmuş Patrik Byukenen: "Biz 100-dən çox ölkədə hərbi hissələri yerləşdirmişik. Bu, ola bilsin ki, imperiya deyil, ancaq imperiyanın dəqiq imitasiyasıdır” (4).

2005-ci ilin məlumatına görə, ABŞ xaricə 191.000 əsgər göndərib. Amerikanın xaricdəki əsgərlərinin ümumi sayı isə 1 milyon 842 min nəfərdir. ABŞ-ın hərbi büdcəsi ondan sonra gələn böyük dövlətlərin hərbi büdcəsinin cəmindən çoxdur. Hazırda ABŞ-ın xaricdəki əsgər kontingenti dünyada ən böyükdür.

Sadalanan hadisələrin hamısının arxasında bir məqam durur: ABŞ dünyanın hər bir ölkəsində daxili və xarici siyasəti idarə etmək iddiasını inadla davam etdirir. Müasir anlamda bu, məhz imperiya deməkdir (5). Tarixçi Con Lyüs Heddis açıq deyir ki, "Biz (ABŞ) konkret olaraq imperiyayıq, imperiyadan da artığıq və indi bizim dünya qlobal rolumuz var”. "Standart Uikli” nəşrinin redaktoru Uilyam Kristol isə meydan oxuyur: "kim demək istəyirsə ki, biz imperiyayıq, olsun – biz nəhəng imperiyayıq”.

ABŞ qlobal miqyasda davranış modellərini və mümkün təhdidlərin yaranmasını müəyyənləşdirmək iddiasındadır. O, harada və nə zaman güc nümayiş etdirmək və ədaləti təmin etmək üsulunu da üzərinə götürür. Bu halda Amerikanın suverenliyi mütləq xarakter alır. Başqalarının suverenliyi isə ABŞ-ın mərhəmətindən asılı olur.

Bu cür radikal strateji ideyalar və motivlər ABŞ-ın yeni növ imperiya olmasını təsdiqləyir. Amerika şüurlu surətdə qlobal hegemonluğa yönəlmiş imperialist siyasət yeridir. Nüfuzlu "The Wall Street Journal” qəzeti yazır ki, "Amerika "azadlıq imperiyasının” maraqları naminə dəhşətli müharibələr aparmaqdan qorxmamalıdır”. Yəni ABŞ elə bir imperiyadır ki, dünyanın istənilən guşəsində insanları onların azadlıqları naminə qətlə yetirə bilər. Bu da superdövlətin metamorfozudur. O metamorfozun "nəfəsi” hər yerdə duyula bilər

Newtimes.az

Mənbələr

  1. Brzezinski Z. The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives. New York: Basic Books, 1997, 223 pp.
  2. Brzezinski Z. The Choice: Global Domination or Global Leadership. New York: Basic Books, 2004, 242 pp.
  3. Gerd-Helmut Komossa. Die deutsche Karte: Das verdeckte Spiel der geheimen Dienste. Ein Amtschef des MAD berichtet. Graz: Ares-Verlag, 2007, 216 s.
  4. Империя добра. Документальный фильм: 2007 год. Авторская программа Константина Семина. Реж. Виолетта Сергеева. URL: http://rutube.ru/tracks/264338.html.
  5. Уткин А.И. Единственная современная империя – США // Золотой Лев, №77-78. URL: http://www.zlev.ru/77_6.htm.

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...