THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Diplomatiyanın ''məbəd düyünü''

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
170792
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 fevral 2014 – Newtimes.az

II dünya müharibəsindən sonra geosiyasi səhnədə böyük dövlətlər arasında mübarizə artıq müharibə deyil, digər vasitələrlə aparılmağa başlanmışdır. Bir tərəfdən böyük dövlətlərin arsenalında nüvə silahının olması buna təsir edirdisə, digər mühüm amil yeni dövrdə artıq müharibədən daha effektli təzyiq və təsir vasitələrinin tətbiqi ilə əlaqədardır. Bu mənada diplomatiya geosiyasi səhnədə həlledici amilə çevrilmişdir.

Yeni minillikdən başlayaraq isə artıq beynəlxalq münasibətlər sistemində ənənəvi olmayan diplomatik gedişlər özünü göstərir. Belə ki, son illər ekoloji diplomatiya, su geosiyasəti, idman diplomatiyası kimi anlayışları tez-tez eşidirik. Bu mənada Yaponiyada keçən ilin sonlarında baş verən hadisə diplomatik leksikona yeni bir anlayış da daxil etmiş oldu – məbəd diplomatiyası.

26 dekabr 2013-cü ildə Yaponiyanın Baş naziri Sindzo Abenin Tokioda Yasukuni məbədini ziyarət etməsi diplomatik qalmaqal yaratmışdır. Çin Xalq Respublikasının, Cənubi Koreyanın və Rusiyanın rəsmiləri öz etirazlarını bildirmişlər. Bu bəlkə də yeganə məsələdir ki, rəsmi Çinlə Tayvanın belə mövqeyi üst-üstə düşür. ÇXR-nın BMT-dəki nümayəndəsi bildirmişdir ki, "Bu addım dünyanın faşizmlə mübarizədə qazandığı nailiyyətlərə çağırışdır. Yaponiyanın Baş naziri öz hərəkəti ilə II dünya müharibəsindən sonra BMT Nizamnaməsi əsasında yaradılmış dünya nizamını hörmət etmədiyini göstərdi. Yasukuni mədəni ziyarət tarixi ənənələrə uyğun gəlmir, yapon müdaxiləsinə haqq qazandırmaq cəhdidir'' (1).

Beləliklə, göründüyü kimi Yaponiya Baş nazirinin öz ölkəsində bir məbədi ziyarət etməsi geosiyasi proseslərə təsir edə biləcək bir addım kimi qiymətləndirilir. Təsadüfi deyil ki, "Diplomat'' jurnalı bu hadisəni "yeni soyuq müharibə'' adlandırmışdır (2). İndi Yasukuni məbədinin hansı məna daşıdığı bütün dünyanın diqqət mərkəzindədir.

Yasukuni məbədi

Yasukuni 1869-cu ildə imperator Meydzinin əmri ilə Tokioda vətəndaş müharibəsində həlak olanların xatirəsinə tikilən sintoist məbəddir. Digər sintoist məbədlərdən əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burda Yaponiya və imperator uğrunda həlak olan döyüşçülərin ruhuna ibadət edilir. Bu məbədin ali ilahəsi Yaponiya imperatoru hesab olunur.

Yasukuni məbədində tikildiyi dövrdən II dünya müharibəsinədək baş verən 11 müharibədə həlak olan 2,5 milyon döyüşçünün adı yazılmışdır. Məbəddə həlak olan döyüşçülərin ruhuna ibadət edilməsi imperator uğrunda canını verən döyüşçülərin allahlara bərabər tutulması deməkdir.

Tarixdə indiyədək ən çox yapon II dünya müharibəsində həlak olmuşdur. Bu müharibədə həlak olan 2,1 milyon nəfərin adı Yasukuni məbədində ilahiləşdirilmişdir. II dünya müharibəsindən sonra ölüm hökmünə məhkum olunan 1068 nəfər, o cümlədən bəşəriyyət əleyhinə cinayətdə ittiham olunan keçmiş Baş nazir və 13 generalın adı da burda müqəddəsləşdirilmişdir. Burda həmçinin Tokio prosesində ittiham olunan yapon hərbçilərə bəraət verilməsini tələb edən yeganə hakim hindistanlı RadxabinoduPaluya da heykəl qoyulmuşdur.

Bütün bunlara görə XX əsrin I yarısında Yaponiyanın təcavüzünə məruz qalan Çində, Yaponiyanın keçmiş müstəmləkəsi olan Koreyada Yasukuni məbədi yapon hərbi qüdrətinin simvolu hesab edilir. Yaponiya rəsmiləri tərəfindən məbədin ziyarət edilməsi isə militarizm hərəkəti və yapon təcavüzündən həlak olanların xatirəsinə təhqir kimi qiymətləndirilir.

Asiya-Sakit okean hövzəsində yeni geosiyasi vəziyyət

Yaponiya II dünya müharibəsindən məğlub çıxmasına baxmayaraq qısa müddət ərzində dünyanın iqtisadi nəhəngləri sırasına qoşula bildi. Buna ilk növbədə Çində kommunistlərin hakimiyyətə gəlməsi nəticəsində yaranmış yeni siyasi vəziyyət səbəb olmuşdur. Çində və digər Şərqi Asiya ölkələri arasında sosializmin və sovet nüfuzunun artması ABŞ-ın Yaponiyanın tərəfində durmasını şərtləndirdi. Beləliklə, müharibədə əzəli düşməni olan ABŞ-ın sayəsində Yaponiya regionda əsas iqtisadi gücə çevrildi. Eyni zamanda nəzərə almaq lazımdır ki, Yaponiya öz üzərinə silahlanmama ilə bağlı öhdəliklər götürdüyündən Sakit okean hövzəsində söz sahibinə çevrilmək iqtidarında deyildi.

Yeni minillik isə Şərqi Asiya-Sakit okean hövzəsində tamamilə fərqli bir mənzərənin formalaşmasına şahiddir. Yaponiya dünyanın iqtisadi nəhəngləri arasında olsa belə, digər qonşuları da sürətlə inkişaf edir.Bu inkişaf əzəli rəqiblərin həm də böyük ölçüdə silahlanması və hərbi cəhətdən gücə çevrilməsi ilə müşayiət olunur. Digər tərəfdən ABŞ da region dövlətləri arasında münasibətlərin kəskin olmasında maraqlıdır. Çünki Çin fenomeni artıq ABŞ-da həyəcan siqnalı kimi qəbul edilir. Belə olan halda Yaponiya hərbi cəhətdən gücsüz və hələ də öhdəliklər çərçivəsində olması ilə barışmaq istəmir. Buna görə də III minillikdə Yaponiya rəsmiləri məbəd diplomatiyasından istifadə edirlər. Bu diplomatik gedişdə iki mühüm amil diqqət çəkir.

Birincisi, yeni dövrdə Yaponiya rəsmiləri Yasukuni məbədini ziyarətdən ənənəvi olaraq proseslərə dərhal reaksiya üçün istifadə edirlər. Belə ki, keçmiş baş nazir Dzyuntiro Koidzumi (2001-2006) bu məbədə getməklə Çin və Cənubi Koreya ilə münasibətlərə yön vermək üçün istifadə edirdi. Maraqlıdır ki, yapon imperatorları 1978-ci ildən özlərinin baş ilahə hesab olduqları Yasukunini ziyarət etmirlər. Yəni, bu ənənəvi metod Yapon diplomatiyasının narazılığını bildirmək üçün tətbiq olunur.

İkincisi, Çinin güclənməsi və iddiaları regionda yeni geosiyasi vəziyyətin yaranmasına şərait yaratmışdır. 2013-cü ildə Senkoku adları ətrafında əzələ nümayişi və noyabr ayında Çinin Şərqi Çin dənizində Hava Hücumundan Müdafiə sistemləri üçün yeni zona müəyyənləşdirməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşmişdir. Keçən ilin dekabr ayında Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasına əsasən isə əsas təhlükə mənbəyi Çindən gəlir.

Beləliklə, yaranmış geosiyasi şəraitdə Yaponiya üçün II dünya müharibəsinin cəzası olaraq nəzərdə tutulan hərbi gücün olmaması qəbuledilməzdir. Bunun üçünsə ilk növbədə ABŞ konkret münasibət bildirməlidir. Hələlik dünya miqyasında onsuz da çoxsaylı düşmənləri olan ABŞ bu regiondakı siyasi gərginliyə müdaxilə etmir. Yaponiya ilə Çin arasında münasibətlər isə regional soyuq müharibə kimi qiymətləndirilir. Yaponiya isə Yasukuni məbədini diplomatiya düyününə çevirmişdir. Rəsmilərin ziyarəti bütün regionda bu düyünü bir az da dolaşdırır. Görünən odur ki, Yasukuni Yaponiyanın diplomatiyasının yeni Qordi düyünüdür.

Ərəstü Həbibbəyli,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

  1. http://russian.china.org.cn/international/txt/2014-01/09/content_31139342.htm
  2. http://thediplomat.com/2014/01/the-new-cold-war-china-vs-japan
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...