THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BMT-də islahatlar: ziddiyyətlərdən yaranmış zərurət

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
69058
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 yanvar 2014 – Newtimes.az

Son dövrlərdə BMT-də yeniləşmələrin aparılması barədə müzakirələr gedir. Müxtəlif təkliflər irəli sürülür. BMT TŞ-də qərarların qəbul edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyacın yarandığı vurğulanır. Bu təşkilatın humanitar müdaxilələr və sanksiyaların tətbiqi qaydalarında dəyişikliklər edilməsi zərurəti haqqında danışılır. İnsan haqlarının qorunması sahəsində müşahidə edilən ''ikili standartlara'' son qoyulması zamanının yetişdiyi deyilir. Bütün bunlar bütövlükdə beynəlxalq münasibətlər sisteminin yeniləşməsi məsələsini aktuallaşdırır.

Qlobal geosiyasətin çətinlikləri

Beynəlxalq münasibətlər sisteminin yeniləşməsi zərurəti haqqında mütəxəssislər xeyli vaxtdır ki, yazırlar. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılması barədə fikirlər tez-tez söylənilir. Bunların tam əsası vardır. Bir tərəfdən, dünyanın aparıcı dövlətləri öz maraqları naminə ədalətsizliklərə baş vururlar. Onlar "ikili standart" siyasəti yeridirlər. Digər tərəfdən, BMT bir təşkilat kimi müxtəlif səbəblərə görə, üzərinə düşənlərin öhdəsindən gələ bilmir.

Burada bir məqamı da vurğulamaq gərəkdir. Son illərin bir sıra hadisələri göstərdi ki, BMT-yə üzv dövlətlərin heç də hər biri səmimi davranmır. Məsələn, Azərbaycan Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilən zaman bir sıra dairələrin qərəzli münasibəti ilə rastlaşdı. Prezident İlham Əliyevin bununla bağlı söylədiyi fikirlər vəziyyəti dəqiq ifadə edir. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimində İlham Əliyev demişdi: "Ancaq onu da qeyd etməliyəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz də o qədər asan olmamışdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan 16 turdan sonra üzv seçilə bilmişdir. Bunun da səbəbləri vardır... Deyə bilərəm ki, bizə qarşı ciddi müxalifət fəaliyyət göstərirdi. Ölkədaxili müxalifətdən fərqli olaraq, doğrudan da ciddi müxalifət idi. Ancaq buna baxmayaraq, biz prinsipial mövqe göstərdik, geri çəkilmədik. Hətta belə təklif edilmişdi ki, bəlkə Azərbaycan namizədliyini geri götürsün və artıq bir seytnot vəziyyət yaranmışdı. BMT praktikasında inanmıram başqa bir hadisə olsun ki, bu proses 16 tur və 3 gün davam etsin... Beşinci gün bu proses dayandı, altıncı, bazar günlərində bəzi ölkələrlə iş aparıldı ki, Azərbaycanın namizədliyini dəstəkləməsinlər. Ondan sonra vəziyyət müəyyən qədər çətinləşdi..." (bax: Azərbaycan Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilmişdir / AzərTac, 17 yanvar 2014).

Şübhəsiz, Azərbaycanın qətiyyətli mübarizəsi öz nəticəsini verdi. BMT-yə daxil olan əksər dövlətlər də obyektiv mövqe nümayiş etdirdilər. Lakin cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, həmin təşkilatda Azərbaycan əleyhinə iş aparan və prosesi uzadan qüvvələr də mövcud idi. Onu demək lazımdır ki, buna bənzər hadisələr BMT-də tez-tez baş verir. Prinston Universitetinin professoru Edvard Lak deyib ki, "BMT-ni amerikan idealizmi yaratdı, amerikan bədbinliyi də məhv edəcəkmi?" (bax: Edward C. Luck. Reforming the United Nations: Lessons from a History in Progress. International Relations Studies and the United Nations Occasional Papers. 2003, №1, 73 səh.). Bir zamanlar BMT Baş katibinin köməkçisi işləmiş professor Rameş Takur etiraf edir ki, ABŞ bu təşkilatın gündəliyinin müəyyən edilməsinə və fəaliyyətinə ciddi nəzarət edir (bax: Рамеш Такур. Объединенные нации и Соединенные Штаты / "Россия в глобальной политике", 15 dekabr 2011). Məhz buna görə də dünyanın bir sıra ölkələrinə qarşı ədalətsiz addımlar atıldı. Məsələn, İraq və Somalidə BMT aciz vəziyyətə düşdü. Bill Klinton administrasiyası isə Somalidəki fəlakətə görə BMT-ni "günah keçisi" vəziyyətinə saldı (bax: əvvəlki mənbəyə).

Yeni mexanizmlərə ehtiyac: ümidlər və reallıq

Bütövlükdə götürdükdə BMT-nin "humanitar müdaxilələr" və "sanksiyaların tətbiqi mexanizmi" adlandırılan hadisələrdə qarşılaşdığı ziddiyyətlərin ciddi xarakter daşıdığını görmək mümkündür. "Beynəlxalq məsələlər üzrə Rusiya şurası"nın analizinə görə, humanitar müdaxilələr faktiki olaraq BMT-ni "dilemmalar" qarşısında qoyur (bax: Дилеммы гуманитарных интервенций / "Russiancouncil.ru"9 noyabr 2012). Məsələn, Kolumbiya Universitetinin professoru Maykl Doyl Liviya və Suriya hadisələrində bunun özünü göstərdiyinə əmindir (bax: əvvəlki mənbəyə). Buna bənzər halları sanksiyaların tətbiqi zamanı da müşahidə etmək mümkündür (bax: Дмитрий Кику. Современные международные механизмы санкционного воздействия"Russiancouncil.ru"6 avqust 2013).

Bunların fonunda BMT Təhlükəsizlik Şurasında qərarların qəbul edilməsi mexanizminin təkmil olmaması məsələsi daha ciddi problem kimi görünür. Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) öz maraqlarına uyğun olmayan qərarlara veto qoya bilirlər. Suriya məsələsində bu məqam daha kəskin formada özünü göstərdi. Rusiya və Çin Qərb ölkələrinin təqdim etdikləri layihəni rədd etdilər. Bundan başqa, müxtəlif regionlarda baş verən hadisələrə ümumilikdə ədalətlə yanaşmaq imkanı həmin formatda olduqca çətindir. Bunlara görə, artıq bir neçə ildir ki, BMT TŞ-nin tərkibinin yeniləşdirilməsi ilə bağlı təkliflər səsləndirilir.

BMT-nin baş katibi olmuş Kofi Annan da məsələnin bu tərəfinə diqqət çəkir. O, həmin təşkilatda islahatların zəruriliyini vurğulayır, insan haqları ilə yanaşı, qərar qəbuletmə mexanizminin yeniləşməsinə də ehtiyac yarandığını diqqətə çatdırır (bax: Кофи Аннан: ООН нуждается в реформировании"Russiancouncil.ru", 17 iyul 2013). Bundan başqa, dünyanın bir çox analitik və siyasətçiləri daimi üzvlərin sayının yeniləşdirilməsi haqqında danışırlar. Bəziləri Hindistan və Braziliyanı ora daxil etməyi, digərləri isə müsəlman dövlətlərindən üzv seçməyi təklif edirlər.

Belə təsəvvür yaranır ki, BMT-də islahatların aparılması üçün zəmin mövcuddur. Müxtəlif səviyyələrdə bu məsələni xüsusi vurğulayırlarsa, beynəlxalq münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsinə ehtiyac yarandığını demək mümkündür. Ancaq burada bir vacib məqamı nəzərə almaq lazım gəlir. Məsələ ondan ibarətdir ki, müasir qlobal geosiyasətdə ziddiyyətlər çoxdur. Onlar dünyanın müxtəlif regionlarında vardır. Hətta bir sıra yerlərdə kəskin forma almışdır. Belə şəraitdə BMT-də hansı ümumi mexanizmlər hazırlamaq olar? Mütəxəssislər problemin bu aspektinə ayrıca diqqət yetirirlər. Onlar dünyada mövcud olan fikir ayrılıqlarını, qarşıdurmaları aradan qaldırmadan BMT kimi qurumların effektiv işləyəcəyinə inanmırlar.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, həmin problemlərin özünün həll edilməsi üçün beynəlxalq təşkilatlar səviyyəsində mexanizmlər lazımdır. Müəyyən mənada qapalı dairə yaranır ki, ondan çıxış yolu tapılması gərəkdir. Düşündürücüdür ki, məsələnin bu tərəfi haqqında böyük dövlətlər fikirləşmək istəmirlər. Bundan başqa, onlar yeni-yeni ziddiyyətlərə aparan siyasi xətti davam etdirirlər. Burada əsas məqam olaraq "ikili standart" siyasətini göstərmək olar.

Belə çıxır ki, BMT-də islahatlardan danışan böyük dövlətlər mühüm bir məqamı "unudurlar". Onlar ədalətli olmalı və məsələlərə yalnız öz maraqları aspektində yanaşmamalıdırlar. Deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərindən təcavüzkarın çəkilməsi üçün heç bir təsirli addım atılmır. BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi üçün iş görülmür. Azərbaycanın TŞ-yə üzv seçilməsi zamanı da müəyyən qərəzli fəaliyyət göstərilir. Bu kimi məqamlar qaldıqca heç bir islahat effektiv ola bilməz. Beynəlxalq münasibətləri tənzimləmək üçün təkmil qaydalar tətbiq etmək çox çətin olar.

Bütün bunlara rəğmən, qlobal geosiyasət yeni beynəlxalq münasibətlər sistemi formalaşdırmağı tələb edir. Analitiklər dünyanın yeni geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Lakin bu prosesi tənzimləyə biləcək səmərəli beynəlxalq təşkilat gözə dəymir. Qlobal miqyasda isə problemlər getdikcə artır. Bəşəriyyətin bu "ağır yükün" altında əzilmə ehtimalı vardır. Deməli, "əlləri daşların altına qoymağın zamanı gəlmişdir"!

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...