THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiyanın "münaqişə üçbucağı"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9073
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Mərkəzi Asiya haqqında həyəcan doğuran məlumatlar yayılır. Bir az əvvəl vəziyyət sabit görünürdü. Reallıqda isə Avrasiya məkanında geosiyasi mənzərəyə təsir edə biləcək proseslər baş verirdi. Onları iki hissəyə ayırmaq olar. Birincisi, region ölkələri arasında münasibətlərin dəyişməsini əhatə edən hadisələr. İkincisi, böyük dövlətlərin bölgədə nüfuz uğrunda apardığı mübarizənin nəticələri.

İyun ayının 26-da Rusiya quru qoşunları komandanı, general-polkovnik Vladimir Çirkin Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin iclasında bəyan etdi ki, Mərkəzi Asiyada Özbəkistan, Tacikistan və Qırğızıstanın iştirakı ilə lokal silahlı münaqişələr yarana bilər. General bunun səbəbini həmin dövlətlər arasında enerji, su təchizatı və ərazi məsələləri ilə bağlı yaranmış ziddiyyətlərin kəskinləşməsi ilə izah edib. Tacikistan bu məlumata kəskin reaksiya verərək, regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin olduğunu bildirib.

Ancaq real mənzərə doğrudan da düşündürücüdür. Mərkəzi Asiyada siyasi toqquşmaların mümkünlüyü haqqında bir neçə mənbə proqnoz verib. Beynəlxalq böhran qrupunun eksperti Luiza Arbor 2011-ci ildə "Foreign Policy” jurnalında "2012-ci ilin 10 müharibəsi” adlı proqnozunu dərc etdi. Mərkəzi Asiya həmin proqnozda reytinqə görə 6-cı yerdə göstərilirdi. ABŞ-ın "EurasiaNet” internet-resursu 2012-ci ildə Mərkəzi Asiyada ən çox ehtimal edilən silahlı münaqişə qismində Özbəkistanla Tacikistan arasında mümkün hərbi toqquşmaları qeyd edirdi. Bu proqnozlar Mərkəzi Kəşfiyyat İdarəsinin 2011-ci il hesabatına da daxil edilmişdi.

2011-ci ilin sentyabrında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Nikolay Makarov bəyan etdi ki, Mərkəzi Asiyada vəziyyət "Liviya ssenarisi” üzrə inkişaf edə bilər. Bu bəyanatdan iki ay əvvəl isə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin region üçün əsas təhlükənin ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsindən sonra yaranacağını bildirdi.

Bu proqnozları hansı faktların əsasında verirlər? İlk növbədə, SSRİ dövründə Mərkəzi Asiya ölkələrində yaradılmış anklavları göstərirlər. Qırğızıstanda özbək anklavı mövcuddur - 40-50 min əhalisi olan Şox və Şahmərdan anklavları. Özbəkistanda Qırğızıstanın tərkibinə aid edilən Barak kəndi var. Qırğızıstandakı Vorux anklavında 20 min tacik yaşayır.

Bunlardan başqa, Qırğızıstan və Tacikistan arasında su və ərazilərdən istifadə məsələsində 1980-ci illərdən yaranmış münaqişə mövcuddur. Özbəkistanla Tacikistan sərhədində lokal toqquşmalar qeydə alınır. Səbəb su ehtiyatlarından istifadədə və etnik münasibətlərdə özünü göstərən anlaşılmazlıqlardır.

Etiraf etmək lazımdır ki, sadalanan faktorlar Mərkəzi Asiya ölkələri arasında münasibətləri gərginləşdirir. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında münaqişənin silahlı toqquşmaya çevrilməsi ehtimalı yox deyildir. Lakin burada böyük dövlətlərin region uğrunda apardığı mübarizəni mütləq nəzərə almaq lazımdır.

"Əndican-2” xəbərdarlığı

Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırması Rusiyada narahatlıqla qarşılandı. Təqribən eyni vaxtda Qırğızıstan və Tacikistan öz ərazilərində olan Rusiyaya məxsus hərbi obyektlərin kirayəsinə Moskvadan daha çox maliyyə tələb etdilər. Analitiklər bu hadisələrin bir-biri ilə bağlı olduğuna əmindirlər. Bunun səbəbinin ABŞ və Çinin Mərkəzi Asiya siyasəti olduğunu deyirlər. Tacikistan Prezidenti E.Rəhmonun Çindən 2 milyard dollar yardım almasını rəsmi Düşənbənin geosiyasi mövqeyini dəyişməsi əlaməti hesab edirlər. Digər tərəfdən, ABŞ-ın Əfqanıstandan çıxaracağı silahların bir hissəsini Tacikistana verə biləcəyini və orada hərbi hissə yaradacağından danışılır. Ehtimal edilir ki, Amerika eyni vədləri Özbəkistana verib.

Rəsmi Daşkənd Əfqanıstan tərəfdən ola biləcək təhlükəyə qarşı KTMT-nin təsirli bir planının olmamasını səbəb göstərir. Özbəkistanın başqa arqumenti bu hərbi təşkilat çərçivəsində əməkdaşlığın düzgün inkişaf etdirilməməsi ilə bağlıdır. Doğrudur, Moskva bunları bəhanə hesab edir və əsas faktor kimi Vaşinqtonun bölgədə fəallaşmasını göstərir.

Prezident V.Putin iyulun 9-da Rusiya Federasiyasının səfirləri və daimi nümayəndələri ilə keçirdiyi müşavirədə "MDB məkanında inteqrasiya Rusiyanın xarici siyasətinin ana xəttidir”, fikrini söyləyib. O, Ukraynanı bu inteqrasiya prosesinə qoşulmağa çağırıb. Yəni MDB məkanında inteqrasiya Moskva üçün strateji məsələdir. Ona görə də Mərkəzi Asiya ölkələrinin atdıqları addımlara Rusiyadan cavab gecikmədi. Geosiyasi problemlər Akademiyasının prezidenti Leonid İvaşov hesab edir ki, Rusiya Avrasiyada inteqrasiya proseslərini sürətləndirməlidir.

Demoqrafiya, miqrasiya və regional inkişaf İnstitutunun müşahidə şurasının sədri, "İnkişaf hərəkatı”nın lideri Yuri Krupnov isə Özbəkistanın KTMT-dən çıxmasının Kremlin Əfqanıstan siyasətinin dolaşıqlığı ilə izah edir. O, Rusiyanın siyasi dairələrində NATO-nun Əfqanıstandakı fəaliyyəti ilə bağlı düzgün mövqenin olmadığını vurğulayır. Belə ki, Rusiya NATO-nun Əfqanıstanı tərk etməsinin sabitliyi pozacağından ehtiyat edir. Onda Mərkəzi Asiya ölkələrinin həmin təşkilata meyl etmələri normal qarşılanmalıdır. Ancaq  Y. Krupnov bu proseslərin Avrasiya inetqrasiyasına böyük fayda verəcəyini düşünür. Çünki Moskva səhvlərini analiz edib, daha təsirli siyasət yeridəcək.

Bunlarla yanaşı, Mərkəzi Asiyada ikinci Əndican hadisələri yaratmaqla bağlı xəbərdarlıqlar da eşidilir. Region ölkələrinə Rusiya hərbi hissələrinin bölgəni tərk etməsi ilə qarışıqlığın başlaya biləcəyi çatdırılır. Xatırladaq ki, SSRİ-nin dağılması ərəfəsində Özbəkistanın Əndican vilayətində böyük qarışıqlıq yaradılmış və minlərlə türkü oradan qovmuşdular. Həmin hadisələrdə çoxlu zorakılıq halları qeydə alınmışdı. Onu da deyək ki, Əndican olaylarında ermənilərin də iştirak etdiyi haqqında məlumatlar var.

Böyük savaşların səssizliyi

Qədim Şərq müdriklərindən biri deyib ki, "nə vaxt savaşmalı olduğunu və nə zaman susmaq lazım gəldiyini bilən qalib gələcək”. Mərkəzi Asiya ilə bağlı hay-küylü geosiyasi proseslərin getdiyi bir vaxtda Çin və ABŞ-dan səs çıxmır. Amerikanın Dövlət katibi ilə Özbəkistanın xarici işlər naziri Əfqanıstandan çıxarılacaq silahların bir hissəsinin Daşkəndə verilməsi və əlavə maliyyə yardımı ayrılması haqqında razılığa gəlmələri mediada az təhlil edilir. Reallıqda isə Mərkəzi Asiyada geosiyasi mənzərəni bu kimi sövdələşmələr formalaşdırır. Aydındır ki, regionda "geosiyasi bomba” partladıldı. İndi informasiya partlayışını təşkil etmək mərhələsi başlayıb.

Rəsmi Vaşinqton isə Əfqanıstandan hərbi hissələrini çıxarıb Mərkəzi Asiya ölkələrinə yerləşdirməklə iki hədəfi birdən vurur. Birincisi, özünü əfqan bataqlığından kənara çəkir. İkinci, Mərkəzi Asiyada hərbi mövcudluğunu gücləndirir. Sonuncu məqam geosiyasi aspektdə Amerikaya dividendlər verir. Rusiyanın əsrlərdir söz sahibi olduğu regionda ABŞ hərbi təşəbbüsü ələ alır. Mərkəzi Asiya ölkələri üçün təhlükəsizlik məsələsi çox vacibdir. Amerika həm Əfqanıstandan mümkün dini radikalizmin ixracına mane olacaq, həm də Rusiyanın Asiya sərhədləri boyu öz qüvvələrini yerləşdirəcək. Asiya-Sakit okean regionunda baş verən prosesləri nəzərə alsaq, bu, Vaşinqtonun ciddi strateji üstünlüyü deməkdir.

Başqa tərəfdən, Avrasiyada Rusiya modeli üzrə inteqrasiya prosesi pozulmuş olur. Bu, faktiki olaraq, Rusiyanın xarici siyasətinin prioritetlərinə qarşı yönəlmiş addımdır. Avrasiya məkanında inteqrasiya proseslərinin dayandırılması Yaxın və Orta Şərqdə Moskvanın kartlarını əlindən alır. Yəni Kreml ABŞ-ın başını Yaxın Şərqdə qatmaq istədiyi halda, özü Mərkəzi Asiyada problemlərlə üzləşir.

Amerika susmur, işləyir. Mübarizə yeni kəskin və gərgin səviyyəyə qalxır. Gözləmək olar ki, müəyyən vaxtdan sonra Çinin aktiv surətdə proseslərə qoşulmasının şahidi olacağıq. ABŞ-ın Tacikistanda hərbi baza yerləşdirməsi ilə İranın da reaksiyası özünü göstərəcək. Etnik cəhətdən yaxın olduğu Tacikistana qarşı İranın hansı addımları atacağı maraqlıdır. Analitiklər xəbərdarlıq edirlər ki, Düşənbə uğrunda Rusiya, Çin və İran birgə hərəkət edə bilərlər. Hər bir halda həmin bölgədə geosiyasi vəziyyətin daha da mürəkkəbləşəcəyini təxmin etmək olar.

Daha kəskin reaksiyanı isə Moskvanın verəcəyinə şübhə yoxdur. Rusiya üçün Mərkəzi Asiya strateji əhəmiyyət daşıyır. Coğrafi və geosiyasi aspektdə bu region böyük rol oynayır. Enerji təhlükəsizliyi məsələsində Mərkəzi Asiya Qərb, Rusiya və Çin üçün prinsipial yer tutur. Əsas faktor isə bu regionun gələcək geosiyasi güc mərkəzinə daxil olması proqnozu ilə bağlıdır. Oradan Qafqaza və Uzaq Şərqə yol qısadır. Mərkəzi Asiya geosiyasi güc mərkəzinin dəyişməsi marşrutu üzərindədir. Bizcə, həmin məkanda böyük savaşlar başlayıb. Qədim şərqlilər tövsiyə edirdilər ki, "...sakitlikdə hay-küy gözlə”. Bəs savaş səslərinin yüksəldiyi bir məkanda sakitliyə nail olmaq mümkündürmü?

Newtimes.az

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...