THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə: Afrika və Qafqaz siyasətinin yeni çalarları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 2 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
57522
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 dekabr 2013 – Newtimes.az

Ankaranın Yaxın Şərq siyasətində çətinliklərin meydana gəldiyi haqqında son zamanlar daha çox informasiyalar yayılır. Bunun fonunda Türkiyənin geosiyasi nüfuzunun azaldığı təəssüratı yarana bilər. Lakin Ankaranın Afrika və Qafqaz istiqamətindəki siyasətinin təhlili fərqli mənzərəni ortaya qoyur. Burada Türkiyənin qlobal miqyasda qiymətləndirilməli olan geosiyasi kursundan danışmaq lazım gəlir. Bu isə geniş mövzudur.

Yaxın Şərq çətinlikləri: reallıq, yaxud səhvlər?

Yaxın Şərqdə baş verən ziddiyyətli geosiyasi hadisələr Türkiyənin regiondakı nüfuzuna ciddi təsir etdi. Əvvəlcə Ankaranın bölgə liderliyinə tam əsası və gücü olduğu qənaəti vardı. Suriya və Misir məsələlərində bu təsəvvür bir qədər dəyişdi. Bəzi analitik və ekspertlər Türkiyənin regionda rolunun azalmağa başladığı haqqında fikir söyləməyə başladılar. Bu, ABŞ və Rusiyanın Yaxın Şərq uğrunda mübarizəsinin yeni çalarlar kəsb etməsi fonunda baş verdi.

Doğrudan da, artıq Türkiyənin Suriya hadisələrinə aktiv müdaxiləsi müşahidə edilmir. Misir isə Ankara ilə diplomatik münasibətlərini xeyli məhdudlaşdırıb. İndi Qahirənin Türkiyədə səfiri fəaliyyət göstərmir. Onu demək lazımdır ki, bütün bunlar R.T.Ərdoğanın İsraillə münasibətləri korlamasından sonra baş verdi. İndi hər iki proses arasında əlaqə axtarmaq cəhdləri də mövcuddur.

Məsələ ondan ibarətdir ki, Təl-Əviv Ankara ilə əməkdaşlığa həmişə Yaxın Şərq kontekstində baxıb. Türkiyənin İsraili sıxışdıraraq regionun lideri olmaq arzusuna rəsmi Təl-Əvivin hansı reaksiya verə biləcəyi məlumdur. Üstəlik, Fələstin məsələsinə görə Ankaranın daha sərt davranmağa başlamasının geosiyasi əks-sədası olmalı idi. Bir sıra ekspertlər Türkiyənin Misir və Suriyada qarşılaşdığı çətinlikləri məhz İsrail faktoru ilə izah etməyə çalışırlar. Lakin həmin qənaəti tam təsdiq edə biləcək faktlar yoxdur.

Ankaranın Yaxın Şərqdə geosiyasi nüfuzunun azalmasının digər səbəbi kimi İran amilini götürürlər. Tehran Türkiyənin regionda nüfuzunu sürətlə artırmasına sərt reaksiya verdi. O, daha çox məzhəb müstəvisində ziddiyyətləri önə çıxardı. Ankaranı sünniləri müdafiə etməkdə təqsirləndirən Tehran bölgədəki dayaqları ilə öz nüfuzunu artırmağa başladı. Nəticədə, Suriyada İran əsgərləri və "Hizbullah" döyüşlərə qatıldı. Bunlar Türkiyənin dəstəklədiyi Suriya müxalif güclərinin mövqelərini itirməsinə gətirib çıxardı. Hazırda Suriyada hansı qruplaşmanın tam üstünlüyə sahib olduğu məlum deyil. Türkiyəyə qalan isə 500 min suriyalı qaçqın oldu.

Nəhayət, Türkiyənin Yaxın Şərqdəki geosiyasi nüfuzuna ABŞ və Rusiyanın bölgədəki fəaliyyətinin təsir etmədiyini demək doğru olmaz. Hər iki böyük dövlət, təbii ki, Ankaranın müəyyən səviyyədən sonra təsir imkanlarının olmamasını istəyirlər. Məhz buna görədir ki, ekspertlər ABŞ-İran yaxınlaşmasının bir aspektinin Türkiyənin iddialarını məhdudlaşdırmaq istəyi ilə əlaqələndirirlər. Rusiya isə ənənəvi olaraq Ankaranı Qafqaz və Yaxın Şərqdə əsas rəqiblərindən biri kimi qəbul edir.

Yuxarıda gətirilən arqumentləri ümumiləşdirdikdə Türkiyənin Yaxın Şərqdə, həqiqətən, ciddi geosiyasi problemlərlə üzləşdiyini demək olar. Lakin bu, Ankaranın bütövlükdə geosiyasi passivliyininmi əlamətidir? Yaxud Türkiyə diplomatiyası hansısa xətalaramı yol vermişdir? Bu suallara qəti cavab vermək çətindir.

Afrikaya nüfuz: türklər "ölü qitə"ni "dirildirmi"?

Çünki, birincisi, müasir geosiyasət çoxşaxəlidir və konkret bir dövlətin təkbaşına liderliyi artıq imkan xaricindədir. İkincisi, Türkiyənin xarici siyasəti yalnız Yaxın Şərqlə məhdudlaşmır. Ankara artıq dünya miqyasında söz sahibi olmaq xəttini yeridir. Onun bir sıra regional inteqrativ qurumlarda iştirakı bunu təsdiqləyir. Məsələn, MİTKA (Meksika, İndoneziya, Türkiyə, Cənubi Koreya, Avstraliya) adlı təşkilatın yaradılması təsadüfi deyil. Bu qurumu BRİKS-ə alternativ kimi də təqdim edirlər. Ankaranın Avropa İttifaqına və "Şanxay klubu"na olan marağı da sirr deyil. Bunlarla yanaşı, Türkiyə Afrika, Qafqaz və Mərkəzi Asiya istiqamətlərində müstəqil siyasət yeridir.

Ankaranın Afrika siyasəti sistemli, ardıcıl və strateji mahiyyətlidir. Bununla bağlı "beyin mərkəzləri"nin geniş təhlilləri mövcuddur (bax: məs., Soner Karagül, İbrahim Arslan. Türkiye’nin Afrika Açılım Politikası: Tarihsel Arka Plan, Stratejik Ortaklık ve Geleceği / "Uluslararası Hukuk ve Politika", 2013, cild 9, №35, səh.21-55).

Hələ 1998-ci ildə Ankara Afrika ilə bağlı fəaliyyət planı tərtib edibmiş. 2005-ci ildən isə onun aktiv surətdə yerinə yetirilməsi mərhələsi başlanıb. İqtisadi, mədəni və humanitar sahələrdə Türkiyə Afrika ölkələri ilə əməkdaşlığı xeyli gücləndirib. Hazırda bu qitənin şimal hissəsində Ankara ilə Çin, Fransa, Rusiya və ABŞ arasında gərgin mübarizə gedir. Burada ən çox Pekinin şansının yüksək olduğu vurğulanır.

Lakin türklər humanitar aspektdə digərlərindən daha fəaldırlar. Onlar Somaliyə böyük ərzaq yardımı göstərdilər. Qitənin digər kasıb ölkələrində də eyni proqramları həyata keçirirlər. Ankara son illər daha çox təhsil sahəsində Afrika ölkələri ilə əməkdaşlığa üstünlük verir. 2008-ci ildə Afrika Birliyinin Əddis-Əbəbədəki toplantısında Türkiyə strateji tərəfdaş elan edilib (bax: əvvəlki mənbəyə, s.31).

Hazırda Ankaranın Afrikadakı fəaliyyəti genişdir. İqtisadi sahədə sərmayə qoyuluşu durmadan artır. Xüsusilə, enerji sahəsində əlaqələr güclənir. 2013-cü ilin yanvar ayında baş nazir R.T.Ərdoğan Qabon, Seneqal və Nigeriyaya səfər etdi. Nigeriya, Çad, Somali, Tanzaniya, Uqanda və başqa Afrika ölkələri başçıları da Ankaraya gəldilər. Bu kimi səfərlər artıq bəzi böyük dövlətlərin narahatlığına səbəb olub.

Fransa, Çin və Rusiya Ankaranın Afrikadakı fəallığına qısqanclıqla yanaşırlar. Paris üçün Türkiyədən əvvəl ABŞ, Çin və Rusiyanın Afrikada nüfuzlarının artması əhəmiyyət kəsb edir (bax: Fuad Ferhavi. Ortadoğu ve Afrika’da Fransız Dış Politikası / Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), Analiz №27, dekabr 2013). Lakin Fransa üç istiqamətdə mübarizə aparmaqda çətinlik çəkir. Digər tərəfdən, Türkiyənin həmin qitədəki fəaliyyətinin güclənməsi əlavə problemlər yaradıb. Paris Afrikanın şimalında İslam radikalizmi ilə silahlı savaş aparır. Lakin bunun hansı nəticələr verəcəyi məlum deyil.

Qafqaz: gərgin mübarizə məkanı

ABŞ, Çin və Rusiya Afrikada nüfuzlarını gücləndirirlər. Onlar xeyli dərəcədə Ankaranın mövqeyinə mənfi təsir göstərirlər. Buna baxmayaraq, artıq Türkiyənin Afrikada geosiyasi mövqeyinin möhkəmləndiyini və bu prosesin artan xətlə davam edəcəyini proqnozlaşdırmaq olar. Burada din faktorunun daha çox rol oynaması mümkündür.

Qafqaz Afrikaya nisbətən daha mürəkkəb regiondur. Burada Qərb, Rusiya və Çinin maraqları kəskin surətdə toqquşur. Tarixi aspektdə isə Türkiyə və İranın bu bölgəyə iddiaları mövcuddur. Həmin səbəbdən Ankaranın Cənubi Qafqaza daha çox əhəmiyyət verməsi təbiidir. Son zamanlar bu istiqamətdə Moskva-Ankara əməkdaşlığının genişləndiyi haqqında informasiyalar yayılır (bax: Игорь Мурадян. Турция и Россия в обоюдном поиске / "Lragir.am", 17 dekabr 2013).

Rusiyalı ekspertlər isə Türkiyənin Cənubi Qafqazda yeni səviyyədə mürəkkəb geosiyasi oyunlara hazırlaşdığını vurğulayırlar (bax: Анкара готовится к сложной шахматной партии на Кавказе / "Фонд Стратегической Культуры", 14 dekabr 2013).

Burada Ankaranın əsas məqsədinin regionun hər üç ölkəsi ilə normal münasibətlər qurmaqdan ibarət olduğu vurğulanır. Eyni zamanda, Türkiyənin 2015-ci ildə "erməni soyqırımı"nın ildönümünün geniş qeyd edilməsinə olan hazırlıqları pozmaq niyyətini qeyd edirlər. Ola bilsin ki, Ankaranın fəaliyyətində bədnam soyqırımı nağılını boşa çıxarmaq motivləri mövcuddur. Lakin məsələyə daha geniş aspektdə baxmaq daha doğru olardı.

Türkiyə Afrika ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də qlobal səviyyədə təsiri olan geosiyasi xətt yeridir. Buna onun nə dərəcədə nail olacağının bu aspektdə əhəmiyyəti yoxdur. Əsas məqam ondan ibarətdir ki, artıq Ankara dünya səviyyəsində oyun aparmağa çalışır. Bu mənada Cənubi Qafqazda Ermənistanla əlaqələri normallaşdırmaq cəhdi başadüşüləndir.

Ancaq Ankaranın mütləq surətdə Azərbaycan faktorunu nəzərə alması gərəkdir. Çünki Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlardan hərbi qüvvələrini çəkmədiyi müddətdə onunla hər hansı əməkdaşlıq mümkün deyildir. Düşünürük ki, rəsmi Ankara bunları yaxşı dərk edir.

Türkiyənin bir sıra çətinliklərə baxmayaraq, Afrika və Qafqaz istiqamətlərindəki geosiyasi fəaliyyəti onun qlobal miqyasda söz sahibi olmaq istəyindən xəbər verir. Həmin müstəvidə Ankaranın Yaxın Şərqdəki mövqeyi də ümidsiz görünmür. Mübarizə hələ qabaqdadır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...