THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq böhranı: Ankaranın yol xəritəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8296
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

2011-ci il oktyabrın 14-də A.Tokvill adına mükafatın təqdimolunma mərasimində çıxış edən Z.Bjezinski demişdi ki, "qlobal gücün bir neçə dövlətin inhisarına keçməsi... siyasi qüdrətin parçalanması ilə müşayiət olunur” (1). Z.Bjezinski hesab edir ki, qlobal miqyasda ABŞ-ın geosiyasi təsiri azalır. Şərqin gücü isə əsas dövlətlər arasında potensial münaqişələrin və güzəştsiz rəqabət təhlükəsi fonunda artır. Qlobal miqyasda gərgin geosiyasi mübarizə gedir.

C.Fridman Suriyanın türk qırıcısını vurmasının V.Putinin İsrail səfərinə "çox gözlənilməz dinamika verdiyi”ni vurğulayır (2). Z.Bjezinskinin yuxarıdakı qiymətləndirmələri işığında bu, maraqlı görünür. Hadisə qlobal səviyyədə aparılan geosiyasi oyunların bir fraqmentidirmi? Əgər bu da "siyasi gücün regionlara yayılması” əlamətidirsə, sonrakı mərhələdə toplanan enerji geosiyasi "partlayışa” gətirib çıxaracaqmı?

Suriya ilə Türkiyə arasında müşahidə edilən gərginliyin səbəbləri haqqında aparılan təhlillərdə bu suallar müxtəlif aspektlərdə qoyulur. Dolayısı ilə əksər analitiklər əmindir ki, gərginlik sadəcə bir qırıcının vurulmasından yaranmamışdır. Yaxın və Orta Şərqdə geosiyasi gərginliyi kəskinləşdirən qorxunc mexanizmin nəfəsi duyulur. Bu, kimlərin marağındadır?

Müəmmalarla dolu hadisə

Türk qırıcısı vurulandan sonra, onunla bağlı hadisələr qəribə və müəmmalarla dolu tərzdə baş verir. Suriya və Türkiyə hadisənin gedişini fərqli təsvir edirlər. Suriya bir qədər istehzalı və saymazyana davranır. Ağır daxili çəkişmələrə məruz qalan və hərbi imkanlarına görə Türkiyədən zəif olan bir dövlət normal halda belə hərəkət etməzdi. Deməli, onun arxalandığı başqa qüvvə və ya qüvvələr var. Türkiyədə analitiklər məhz buna işarələr edirlər (3).

Rusiya rəsmi səviyyədə dərhal reaksiya verdi. Xarici işlər naziri S.Lavrov türk həmkarı ilə telefon danışığında hadisəni müzakirə etdi. Rusiya XİN tərəfləri təmkinli davranmağa çağırdı. İran daha aktiv görünür. Əvvəlcə İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə və Suriyanı təxribatlara uymamağa dəvət etdi. Sonra isə İran Məclisi xarici siyasət komissiyasının rəsmi nümayəndəsi Hüseyn Nakavi Türkiyənin Suriyaya tələ qurduğunu dedi. Onun sözlərinə görə, Türkiyə bununla NATO-nun Suriyanı vurmasına şərait yaradır (4). Çindən isə heç bir rəsmi mövqe bildirilməyib. Hər halda rəsmi Pekin zahirən sakit və laqeyd görünür...

Qərbin hadisəyə reaksiyası düşündürücüdür. Yəni zahirən Qərb dövlətlərinin hər biri Suriyanı qınayır. ABŞ və Avropanın çoxlu sayda media orqanı hadisəni geniş şərh etdilər. BBC radiosu NATO-nun Suriyanın hərəkətlərini pislədiyini bildirdi. AFP informasiya agentliyi Türkiyənin özünümüdafiə haqqının olduğu haqqında məlumat verdi. "Der Spiegel” jurnalı Suriyanın "qana susamış diktatordan və qrupdan qurtarılması” zərurətindən yazdı (5).

ABŞ dövlət katibi Suriyanın hərəkətlərini kəskin pislədi. Avropa İttifaqı iyunun 25-də hadisəni müzakirə etdi. Suriyanı kəskin ittiham edən fikirlər səsləndi. Türkiyənin haqlı olduğunu vurğuladı. İyunun 26-da Türkiyənin tələbi ilə toplanan NATO üzvlərinin hamısı Suriyanın hərbi təyyarəni vurmasını "kəskin surətdə pislədi”. NATO-nun bəyanatında rəsmi Dəməşqin ünvanına ittihamlar yer aldı.

Qərbin bu münasibəti fonunda Suriyaya qarşı konkret addım atmaq istəmədiyi də açıq göründü. NATO-nun baş katibi Anders Foq Rasmussen Suriyaya qarşı hansı tədbirlərin görülə biləcəyi ilə bağlı verilən sualı cavabsız buraxıb. ABŞ da sözdə dəstəkdən başqa konkret bir şey təklif etməyib. Aİ üzvləri də qurumun hansısa konkret addım atmasından söz açmırlar. C.Fridman əvvəlcədən proqnoz vermişdi ki, Qərb bu məsələdə "şiddətli ritorika, zəif hərəkət” taktikasını seçəcək (2). Qərbin bəzi media orqanı ABŞ-ın Rusiyaya güzəştə getməkdə tələsdiyini vurğulayırlar. Isabel Kershner "The New York Times” qəzetində dərc edilən məqaləsində yazır ki, Rusiya Suriya və İran siyasətini dəyişməyəcək. Ona görə də Moskvaya güzəştə getməyin mənası yoxdur (6).

"Türkiyənin qəzəbi şiddətlidir”

Türkiyə Suriyanın bu hərəkətinə "şiddətli cavab verəcəyini” bildirdi. Baş nazir Rəcəb Tayyib Ərdoğan partiyasının iyunun 26-da keçirilən qrup toplantısında bu haqda xeyli danışdı. Sonra Azərbaycanla Türkiyə arasında Transanadolu qaz boru kəməri layihəsi haqqında sazişin imzalanmasına həsr edilən mərasimdə eyni sərt mövqeyini bildirdi. Türkiyə mediası ordunun Suriya ilə sərhədə hərbi güc topladığı haqqında məlumatlar verir. Rəsmi Ankara Suriya tərəfdən sərhədinə yaxınlaşan hər bir hərbi obyekti təhlükə kimi qiymətləndirib, xəbərdarlıqsız vuracağını bəyan etdi. R.T.Ərdoğan NATO-nun mövqeyindən razılığını bildirdi. Hiss olunur ki, Türkiyə Suriyadakı rejimə qarşı mövqeyini daha da sərtləşdirəcək, ancaq xalqı müdafiə edəcək. Rəsmi Ankara aydın qeyd edib ki, Suriya xalqının apardığı mübarizəni dəstəkləyir.

Bəzi analitiklər Suriya ilə Türkiyə sərhədində qaçqın düşərgələrinin olmasını təhlükə mənbəyi adlandırır. Rəsmi Dəməşqin orada hər an təxribat törədə biləcəyini istisna etmirlər. Görünür, Türkiyə Suriyaya müdaxilə etməyi düşünmür. Rəsmi Ankara təmkinli davranır. Türkiyə hadisənin arxasında başqa qüvvələrin dura biləcəyinin fərqindədir. Ona görə də Türkiyə NATO-ya müraciət etdi. BMT-də də məsələnin müzakirəyə çıxarılması gözlənilir. Suriyaya təzminat tələbi ola bilər. Bununla da Türkiyə problemi beynəlxalq təşkilatlar səviyyəsinə qaldıraraq, özünü sığortalayır. Əgər kimlərsə, Türkiyəni Suriya ilə toqquşdurub, ondan geosiyasi dividend götürmək fikrində olubsa, rəsmi Ankara onlara bu imkanı vermədi. Suriyanı Türkiyə ilə toqquşdurmaqla B.Əsədə də yardım etmiş olurlar. Bu halda rəsmi Dəməşq xaricdən təhlükə olduğunu və ölkənin rəsmən müharibə apardığını bəhanə gətirmək şansı əldə edəcək. Belə hallarda daxildə hakimiyyətə qarşı hər hansı hərəkəti "milli xəyanət” kimi qiymətləndirə bilirlər. Digər tərəfdən, Suriya-Türkiyə savaşını başlatmaqla əsas problemi – B.Əsəd rejiminin dəyişdirilməsini arxa plana atırlar. Bununla da Suriyada qeyri-müəyyənlik qalır. Paralel olaraq, çoxlu sayda dövlətin başı bu məsələyə qarışmış olur. Həmin qarışıq vəziyyətdən kimlərsə geosiyasi dividend götürməyi planlaşdırır.

Baş verənlərə daha geniş aspektdə nəzər salsaq, Türkiyənin göstərdiyi səbir və təmkinin mənası aydın olar.

Yaxın Şərqdə böyük oyunların ssenariləri

Nədənsə, Suriyanın Türkiyə qırıcısını vurması V.Putinin İsrail, Fələstin və İordaniyaya səfəri ərəfəsi baş verdi. Bunu təsadüf də adlandırmaq olar. Ancaq Qərbin bir çox tanınmış analitikləri Rusiya prezidentinin səfərini Suriya, İran siyasəti və türk qırıcısının vurulması ilə əlaqələndirdilər. Onların içərisində C.Fridmanın mülahizələri və proqnozları diqqəti çox çəkir (2). Rusiya ABŞ-ın diqqətini Yaxın və Orta Şərqdə cəmləşdirməsinə çalışır. Səbəb odur ki, Moskva özü üçün həyati əhəmiyyətli saydığı geosiyasi məkanda mövqeyini möhkəmlətməlidir. Həmin məkan postsovet ərazisidir. Ukrayna, Qafqaz və Mərkəzi Asiyada Amerikanın planlarını həyata keçirməməsi üçün Yaxın Şərqdə vəziyyət kəskinləşməlidir. Maraqlıdır ki, jurnalist Fred Ueyr də oxşar fikirdədir. O, "The Christian Science Monitor”da yazır ki, "Rusiya və İsrail üçün ərəb dünyasında bazarlıq oyunları və qarışıqlıq İran üzrə fikir ayrılığından daha əhəmiyyətlidir” (7).

Rusiya ilə İsrail Suriya məsələsində də ortaq məqamlar tapa bilərlər. İsrailin Suriyaya təsir etmək imkanları azdır. İraqda İran öz nüfuzunu artırdıqdan sonra İsrail üçün Suriyada da hərəkət etmək çətinləşib. Moskvanın isə Dəməşqə təsiri böyükdür. Bundan başqa, Suriyada mötədil (radikal olmayan, "yumşaq”) sünni hakimiyyətinin olması Təl-Əvivi və Moskvanı qane edə bilər. Ancaq bu hakimiyyət antiiran meylli olmamalıdır. B.Əsəddən bu şərtlər daxilində imtina etmək olar. Rusiya və İsrail B.Əsəd rejiminin çökməsinə inanmağa başlayıblar. Rusiya İsrailə görə İranla münasibətləri pozmaq istəmir. Ona görə də elə bir "yumşaq mövqe” seçməyə çalışır ki, hər iki dövlətlə münasibətlərini saxlasın.

Bu fikirlərin fonunda Suriyanın türk qırıcısını vurmasının bir çox faktorlarla bağlı olduğu qənaəti yaranır. Görünür, hər şeydən əvvəl Türkiyə, ABŞ və Avropa üçün Yaxın Şərqdə yeni problemlər yaratmağa çalışırlar. Onları ərəb dünyası ilə üz-üzə qoyub, regionda gərginliyi artırmaq istəyirlər. Lakin nə Türkiyə, nə də NATO bu tələyə düşmədi. Proseslərin sonrakı inkişafı Türkiyənin ictimai rəyi necə sakitləşdirəcəyindən və mümkün təxribatların qarşısını nə dərəcədə alacağından asılıdır. Burada Türkiyə faktorunun geosiyasi əhəmiyyəti çox vacib məsələdir.

Z.Bjezinski sadəcə geosiyasi prosesləri təhlil etmir – o, həm də bu cür prosesləri yaradanlardandır. Amerikalı siyasi xadim və politoloq Türkiyəni Rusiya ilə bərabər böyük bir geosiyasi məkanda əsas güc kimi gördüyünü deyirsə, bunun arxasında konkret plan var. Türkiyənin Yaxın Şərqdə, Qafqazda və Mərkəzi Asiyada nüfuzunun artması bunu təsdiq edir. Son aylar isə "ərəb baharı” ilə bağlı olan proseslərdən Türkiyənin nüfuzunu azaltmaq üçün istifadə cəhdləri aydın görünür. Hətta bəziləri Ə.Davudoğlunun "qonşularla sıfır problem” (8) konsepsiyasının iflasa uğradığını deyirlər. Bunu göstərmək üçün gah daxildə münaqişə yaratmağa çalışırlar, gah da regionda Türkiyəyə qarşı təxribatlar törədirlər. Onu da deyək ki, Suriya ilə münaqişə Azərbaycanla Türkiyənin Transanadolu enerji layihəsini imzalaması ərəfəsində başladı. R.Ərdoğan bu layihənin Türkiyə və Azərbaycanın strateji əhəmiyyətini xeyli artırdığını qeyd edib.

Dünyanın bəzi KİV orqanları Ankaranın Suriyaya hücum etməli olduğunu manşetlərə çıxardılar. Məsələyə İsraili, Yunanıstanı və Kiprin yunan hissəsini qatmağa çalışdılar. Bəzi analitiklər Rusiya-İsrail-Yunanıstan-Kipr geosiyasi xəttinin formalaşması ehtimalını irəli sürdülər. Başqaları Rusiya-Çin-İran "üçbucağı”nın fəallaşdığını iddia etdi. Hətta bir neçə politoloq türk qırıcısının rus raketi ilə vurulduğunu yazdı. Qırıcını yunanların İsrail raketi ilə vurduğu versiyasını ortaya atanlar da tapıldı. Maraqlıdır ki, bu kimi informasiyalar Türkiyə mətbuatında daha çox yer aldı. Rusiya mediası isə iyunun 26-da Suriyaya C-300 raketlərinin satışının dayandırıldığı haqqında məlumat yaydı.

V.Putin Yaxın Şərq səfərinin yekunlaşması ilə bağlı brifinq keçirib. Rusiya prezidenti qeyd edib ki, Suriya məsələsinin həllində "daha çox dövlətlərin iştirak etməsi” konstruktiv nəticələr verərdi. O, konkret olaraq İranın bu məsələnin həllinə cəlb edilməsi ehtiyacını qeyd edib. Rusiya prezidenti bəzi qonşuların Suriyanın daxili vəziyyətinə təsir etmək imkanlarının olmasını xatırladıb. Ona görə də İranın Suriya probleminin həllinə cəlb edilməsi "konstruktiv addım olardı” (9). Siyasətdə sözü adətən dolayısı ilə deyirlər.

Bütün bunlar Suriya-Türkiyə münaqişəsinin doğrudan da qlobal miqyasda geosiyasi proseslərlə bağlı olduğunu təsdiqləyir. Əlbəttə, bu, üzücü və yorucu bir oyundur. Daha səbirli, təmkinli və güclü olan bu şərtlərdə qalib gələ bilir. Kimin güclü olduğunu zaman göstərəcək. Çörçill tövsiyə edirdi ki, "heç zaman təslim olmayın!”

Newtimes.az

Mənbələr

  1. Zbigniew Brzezinski Receives Jury du Prix Tocqueville Prize // Center for Strategic and International Studies (CSIS), October 14, 2011. URL: http://csis.org/publication/zbigniew-brzezinskis-de-tocqueville-prize-speech.
  2. George Friedman, Putin's Visit and Israeli-Russian Relations // Stratfor, June 26, 2012. URL: http://www.stratfor.com/weekly/putins-visit-and-israeli-russian-relations.
  3. Türkiye'ye kurulan büyük tuzak! // Milliyet Gazetesi, 26 Haziran 2012, URL: http://gundem.milliyet.com.tr/turkiye-ye-kurulan-buyuk-tuzak-/gundem/gundemdetay/26.06.2012/1559156/default.htm.
  4. 'Türkiye komplo peşinde' // Milliyet Gazetesi, 26 Haziran 2012, URL: http://dunya.milliyet.com.tr/-turkiye-komplo-pesinde-/dunya/dunyadetay/26.06.2012/1559112/default.htm.
  5. Dünya flaş haber olarak gördü // Milliyet Gazetesi, 26 Haziran 2012, URL: http://dunya.milliyet.com.tr/dunya-flas-haber-olarak-gordu/dunya/dunyadetay/26.06.2012/1559092/default.htm.
  6. Isabel Kershner, Just Passing Through, Putin Consults With Israeli Leaders on Syria and Iran // The New York Times, June 25, 2012. URL: http://www.nytimes.com/2012/06/26/world/middleeast/putin-visits-with-israeli-leaders.html.
  7. Fred Weir, Israel and Russia: Trade and restive Arab world outweigh differences on Iran // The Christian Science Monitor June 25, 2012, URL: http://www.csmonitor.com/World/Europe/2012/0625/Israel-and-Russia-Trade-and-restive-Arab-world-outweigh-differences-on-Iran.
  8. Ahmet Davutoğlu, Turkey's Zero-Problems // Foreign Policy, May 20, 2010. URL: http://www.foreignpolicy.com/articles/2010/05/20/turkeys_zero_problems_foreign_policy?page=full.
  9. Владимир Путин: Урегулированием в Сирии должен заниматься широкий круг стран РИА Новости, 26 июня 2012, URL: http://ria.ru/arab_sy/20120626/685639028.html.

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...