THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal geosiyasət: ABŞ-Rusiya-Çin xəttinin gərginlikləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15995
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2013 – Newtimes.az

Dünya miqyasında geosiyasi proseslərdə maraq doğuran məqamlar özünü göstərir. Yaxın Şərqdə daha ağır vəziyyətin meydana çıxması ilə yanaşı, Mərkəzi Asiya və Sakit okean hövzəsində də düşündürücü hadisələr baş verir. Ekspertlər Vaşinqton, Moskva və Pekinin son vaxtlar atdıqları addımları həmin məkanda müşahidə edilən geosiyasi proseslər kontekstində təhlil edirlər. Cənubi Qafqaz üçün də bəzi əhəmiyyətli məqamları vurğulayırlar.

Hərbi güc və incə diplomatiya: hansı daha səmərəlidir?

Qlobal geosiyasətdəki gərginlik azalmır. Böyük dövlətlərin nüfuz uğrunda apardıqları mübarizə demək olar ki, bütün regionlarda özünəməxsus məzmun kəsb edir. Aparılan təhlillər təsdiq edir ki, son dövrlər həmin proses daha sistemli və mürəkkəb xarakter almışdır. Hazırda Yaxın Şərq-Mərkəzi Asiya-Sakit okean hövzəsi çərçivəsində bunu daha çox hiss etmək olur. Bu geosiyasi sərhəd daxilində hadisələrin intensivliyi müxtəlif ərazilərdə dəyişsə də, onlar bütövlükdə ümumi tendensiyanın tərkibi kimi xarakterizə oluna bilərlər. Məhz həmin aspektdə müşahidə edilən bir sıra faktor maraq doğurur.

''The Washington Post'' (ABŞ), ''The Diplomat'' (Yaponiya), ''Независимая газета'' (Rusiya) və digər nəşrlərdə Vaşinqton, Moskva və Pekin arasında gedən geosiyasi mübarizənin bir sıra əhəmiyyətli məqamları analiz edilmişdir. Burada düşündürücü məqamlar kifayət qədərdir. Belə təəssürat yaranır ki, rəqiblər öz strateji maraqları naminə müəyyən hallarda güzəşt jestləri də edə bilərlər. Bütövlükdə isə onlar məqsədlərinə çatmaq üçün qəti addımlar atmaqdan çəkinmirlər. Bu zaman sadə insanların taleyi heç də birinci dərəcəli məsələ kimi nəzərə alınmır.

''The Washington Post'' 30 sentyabrda dərc edilən sayında Rusiyanın Yaxın Şərqdə diplomatik hücuma keçdiyini xüsusi vurğulayıb (bax: Liz Sly. Russia seeks to fill vacuum in the Middle East / www.washingtonpost.com). Son illər Kreml həmin istiqamətdə fəallığını xeyli artırıb. Lakin qəzet Moskvanın atdığı addımların arxasında hansı geosiyasi məqsədlərin dayandığının aydın olmadığını da vurğulayır. Məsələnin bu tərəfi həqiqətən maraqlıdır. Çünki ilk baxışdan Rusiyanın qlobal miqyasda iddiası olan dövlət kimi, Yaxın Şərqdə nüfuz sahibi olmaq istəyi normal qəbul edilməlidir. Burada isə yazı müəllifi əsas faktor şəklində enerji ehtiyatlarını göstərərək qeyd edir ki, Rusiyanın özü dünyada ən çox neft və qaz ehtiyatlarına malik ölkədirsə, Yaxın Şərq uğrunda böyük risklərə getməsinin mənası yoxdur. Buna baxmayaraq, Moskva İraq, Suriya və Misir hadisələrində kifayət qədər qətiyyətli mövqe nümayiş etdirdi. Bu inadkarlığın səbəbini Qərbdə anlamaq istəmirlər. Həm də ona görə ki, Rusiyanın geosiyasi rəqibi olan Çin Mərkəzi Asiyaya ciddi surətdə nüfuz edir.

Həmin aspektdə Yaponiyanın ''The Diplomat'' nəşri bir neçə analitik yazı dərc edib. Son olaraq bu jurnalda ABŞ, Rusiya və Çinin dünya liderliyi uğrunda apardıqları mübarizənin dinamikası kontekstində analitik yazı işıq üzü görüb (bax: Zachary Keck. With Russia in Middle East, China Claims Central Asia / www.thediplomat.com, 2 oktyabr 2013). Burada Moskvanın Yaxın Şərq siyasətinin iki riskli tərəfinə diqqət yetirilir.

Birincisi, ''...Rusiyanın hərəkətləri Birləşmiş Ştatlarda müəyyən ehtiyatlılıq yaradır. Vaşinqton Moskvanın ona ''əlcək atdığı'' qənaətinə gələ bilər. Bu da son nəticədə Amerikanı İranla münasibətlərdəki gərginliyi azaltmaq xəttini seçməyə meylləndirər. Bu halda Rusiya tamamilə oyundan çıxmış olur. Bundan ruhlanmış İran isə Mərkəzi Asiya uğrunda geosiyasi mübarizəyə girişir'' (bax: əvvəlki mənbəyə).

İkincisi, Rusiyanın Yaxın Şərqdəki fəallığı onun sərhədləri boyu yerləşmiş ərazilərdə nüfuzunu itirmək təhlükəsi ilə müşayiət oluna bilər. O cümlədən, Mərkəzi Asiyada Moskvanın mövqeləri zəifləyər. Onu vurğulamaq lazımdır ki, məhz bu region Rusiyanın Yaxın Şərqə çıxışını təmin edir. Daha düşündürücüsü isə başqa bir məqamla bağlıdır.

Pekinin böyük oyunu

Söhbət Çinin bütün bunların fonunda Mərkəzi Asiyada daha fəal olmasından gedir. Çünki Pekin Yaxın Şərqdə şüurlu şəkildə təşəbbüsü Moskvaya buraxmış kimi görünür. O, pərdəarxasında Suriyaya və İrana dəstək versə də, diplomatiya və siyasət səhnəsində kölgədə qalmağa çalışır. Əvəzində isə Mərkəzi Asiyada böyük işlər görür. Karnegi fondunun eksperti Marta Brill Olkott bunu belə qiymətləndirir: ''Çin Mərkəzi Asiyada Birləşmiş Ştatları və Rusiyanı supergüclər kimi əvəzləmək üçün bu regiona nüfuz edir'' (bax: əvvəlki mənbəyə). Həmin mütəxəssis arqument olaraq Çin prezidenti Si Cinpinin cəmi 10 gün ərzində region ölkələrinin hər biri ilə çox əhəmiyyətli sazişlər imzalamasını göstərir. Onların böyük əksəriyyəti iqtisadi, maliyyə və ticari mahiyyətlidir.

Göründüyü kimi, Pekin incə diplomatiya ilə Moskvanın Yaxın Şərqin müharibə alovuna atılmasına təkan verib. Buna paralel olaraq isə Rusiya üçün strateji əhəmiyyət daşıyan Mərkəzi Asiyaya ''humanitar hücum'' təşkil edir. Obrazlı desək, Rusiya Yaxın Şərqdə, Çin isə Mərkəzi Asiyada ''oynayır''. Bunlardan hansının daha perspektivli olduğunu zaman göstərəcək.

Lakin Çinin bütün regionlarda siyasi-diplomatik və hərbi üstünlük nümayiş etdirdiyini düşünmək də yanlışlıqdır. Məsələn, Sakit okean hövzəsində Vaşinqton getdikcə daha fəal addımlar atır. Məsələnin bu tərəfi də kifayət qədər maraqlıdır. ''Независимая газета'' yazır ki, Amerika Asiyada hərbi iştirakını genişləndirir (bax: Дарья Цилюрик. США расширяют военные альянсы в Азии / www.ng.ru, 3 oktyabr 2013). Konkret olaraq, Vaşinqton Tokio və Seulla yeni hərbi sazişlər imzalayıb. Bunlar Yaponiya və Cənubi Koreyanın Çindən ola biləcək təhlükələrə qarşı atılan addımları kimi qiymətləndirilir. Belə ki, Pekin ABŞ-ın regiondakı müttəfiqləri ilə müəyyən ərazi ziddiyyətlərinə malikdir. Onların hərbi yolla həlli ehtimalı istisna edilmir.

Həmin bağlılıqda Tokio və Seulu Pekinin kibertəhdidləri daha çox narahat edir. ABŞ-la imzalanan son sazişlərdə də məsəlinin bu tərəfi xüsusi yer tutub. Çin mübahisəli ərazilərdə iqtisadi, hərbi və informasiya üstünlüyünü təmin etməyə çalışır. Bununla da Amerika ilə onun region uğrunda apardığı mübarizə çoxaspektli xarakter alıb.

Bütün bunlar ABŞ, Rusiya və Çinin geosiyasi müstəvidə apardıqları mübarizəyə maraqlı bir məzmun verir. Hər şeydən əvvəl belə təəssürat yaranır ki, böyük dövlətlər yalnız Yaxın Şərqdə geosiyasi fəallıq göstərmirlər. Onlar başqa regionlarda təsiredici addımlar atmaqla dünya miqyasında öz maraqlarını təmin etməyə çalışırlar. Bu aspektdə hazırda əsas proseslərin Yaxın Şərq-Mərkəzi Asiya-Sakit okean geosiyasi məkanı daxilində getdiyini proqnozlaşdırmaq olar. Həmin sərhədlər daxilində böyük dövlətlərdən heç birinin üstünlük əldə etdiyi hiss olunmur. Bu mərhələdə mübarizənin gərginliyinin durmadan yüksəldiyini demək mümkündür.

Belə bir vəziyyətin fonunda regional miqyasda söz sahibi olan dövlətlərin (məsələn, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya, Pakistan və s.) taleyi də qeyri-müəyyən qalır. Həmin kontekstdə Cənubi Qafqaz kimi strateji geosiyasi əhəmiyyəti olan regionlarda hansı vəziyyətin yarana biləcəyi düşündürücü görünür. Burada regional əməkdaşlığın perspektivləri və münaqişələrin həlli imkanları istiqamətində ciddi fikirləşmək lazım gəlir.

Böyük dövlətlərin geosiyasi mübarizəsində diqqəti çəkən məqamlardan biri də onun daha geniş məkanda bir-biri ilə sıx bağlılıqda özünü göstərməyə başlamasından ibarətdir. Bu prosesin harada və necə özünü hiss etdirəcəyini zaman göstərəcək. İndi onu demək olar ki, dünya gözlənilməz geosiyasi situasiyalarla üz-üzə qala bilər. Hətta böyük dövlətlərin buna hazır olduğunu demək çox çətindir. Çünki müxtəlif regionlarda o dərəcədə mürəkkəb gedişlər edilir ki, onların verə biləcəyi nəticələri proqnozlaşdırmaq imkan xaricindədir. Nədənsə, dünya özünü qeyri-müəyyənliyə atmaqdan çəkinmək istəmir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...