THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya probleminin həlli ssenariləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11993
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Suriya böhranı risklərlə dolu bir mərhələyə qədəm qoyur. Beynəlxalq birlik ölkədə gərginliyi aradan qaldırmaq üçün diplomatik cəhdlərini artırır. Paralel olaraq Suriyanın üsyançı Azadlıq ordusu hərbi əməliyyatları bütün ölkə ərazisinə yaymağa və ümumvətəndaş itaətsizliyinə nail olmağa çalışır. Bunların fonunda bəzi radikal dini təşkilatların fəallaşdığı hiss edilir. Suriyadakı müxalifətin tərkibində fərqli siyasi-ideoloji planları olan qruplaşmaların mövcudluğu əlavə çətinliklər ortaya qoyur. Siyasətçiləri böhrandan sonrakı Suriyanın idarəedilməsi modeli qayğılandırır. Çünki bu məsələdə həm düşündürücü tarixi təcrübə, həm də böyük dövlətlər arasında ciddi fikir ayrılığı mövcuddur.

Rusiya və "rejimlərin dəyişməsi” prosesi

Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsi ehtimalının yüksəlməsi Kremli narahat edir. Rəsmi Moskva ABŞ-ın sabiq prezidenti oğul Corc Buş zamanında qəbul edilmiş "rejimlərin dəyişməsi” prosesinin genişlənməsindən ehtiyatlanır. Rusiya Suriya böhranının tez həll edilməsində maraqlıdır. O, Kofi Annan planına bu mənada dəstək verir. Lakin buna necə nail olmaq məsələsində Qərblə Rusiya arasında ciddi fikir ayrılığı var. Analitiklər Rusiyanı Çin və İranın müdafiə etdiyinə əmindirlər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinə böyük maraq göstərildi. Məsələ yalnız iki ölkənin Suriya probleminin həllinə yanaşmasından ibarət deyil. Bu səfərə Rusiyanın Qərbin planlarına münasibətinin dəyişib-dəyişməməsinin müəyyənləşməsi müstəvisində qiymət verirdilər. R.T.Ərdoğanla Vladimir Putinin danışıqlardan sonra keçirdikləri brifinq göstərdi ki, tərəflər arasında mövqe yaxınlaşması yoxdur. R.T.Ərdoğan B.Əsədin hakimiyyətdən getməsini Suriyanın xilası modeli adlandırıb. O, "Əsədsiz Suriya” şüarını təkrar qeyd edib. V.Putin isə Türkiyənin Cenevrə prosesində iştirakını müsbət qiymətləndirdiklərini bildirib.

İyunun 30-da Cenevrədə Suriya məsələsi üzrə təşkil edilən konfransda keçid hökumətinin yaradılması haqqında qərar qəbul edilmişdi. Rusiyanı məhz bu məsələ çox maraqlandırır. Əsas problem keçid hökumətinin tərkibini müəyyənləşdirməkdən ibarətdir. Rusiya Əsədin də ora daxil edilməsində israrlıdır. Türkiyə və Qərb isə bunu qəbul etmir. Suriyanın ərazi bütövlüyü və müstəqilliyi məsələsində isə fikir ayrılığı yoxdur. Brifinqdə həmin məqam ayrıca vurğulanıb.

Bu arada "The Financial Times” qəzeti Rusiyanın mövqeyindən çəkilməyəcəyini yazıb. Qəzet Moskvanın "Suriyada Qərbin qalib gəlməsinə imkan verməyəcəyi” xəttini tutduğunu qeyd edib. Fransanın Elmi Tədqiqatların Milli Mərkəzinin eksperti Mari Mandra isə "Liberation” qəzetinə verdiyi müsahibədə Rusiyanın Suriya siyasətini "soyuq müharibənin mirası” adlandırıb. Onun fikrincə, V.Putini "İslamın yüksəlişi narahat edir”. Bu iki faktora görə, M.Mandra Moskvanın Suriya məsələsində inad edəcəyi nəticəsini çıxarır.

Başqa bir faktor da var. Ərəb ölkələri üçün simptomatik hal almış rejim dəyişikliyi prosesi regionda İranı da narahat edir. Rusiya və İranı isə bölgədə Livan dəstəkləyir. Məsələnin bu tərəfi artıq bir sıra suallar yaradır.

Qərb: terror dalğası təhlükəsi

İlk baxışdan Suriya böhranının fonunda bu sual yersiz görünür. Lakin faktlar başqa məqamlardan xəbər verir. Avropada terror aktları törədilir. Böyük Britaniyada son günlər 4 nəfəri terrorla bağlı həbs ediblər. Onların Livanla əlaqəsinin olduğu haqqında informasiyalar var. Qeyd edilir ki, həbs edilən livanlının cibindən İsrailin Avropadakı obyektlərinin koordinatları çıxıb.

Daha həyəcanlı məlumatı İsrail rəsmiləri veriblər. Baş nazir Benyamin Netanyahu İranın dünyanın müxtəlif ölkələrində İsrail obyektlərinə qarşı terror planları hazırladığını bildirib. Xüsusi xidmət orqanları onların bir neçəsi barədə əvvəlcədən məlumat əldə edə biliblər. O cümlədən, bəzi Avropa ölkələrini terror hadisəsi törədiləcəyi ilə bağlı xəbərdar ediblər. Bolqarıstanın Burqas şəhərində baş verən terror aktı rəsmi Təl-Əvivin ehtiyatlılığının əsaslı olduğunu təsdiq etdi.

Bunlar bəzi radikal dini qruplaşmaların Qərbdə daha çox terror hadisələri törədəcəyi ehtimalını artırırmı? Bu suala birmənalı cavab vermək çətin olsa da, müəyyən şübhələr yaranıb. Bu fikrə haqq qazandıran bir faktor da Suriyada daxili qruplaşmaların tərkibinin çox müxtəlif olmasındadır. Orada "Müsəlman qardaşları”, "Əl-Qaidə”, "Ahrar əl-Şam” və başqa dini qruplar fəaliyyət göstərirlər. Həmin qrupların məqsədləri arasında fərqlər vardır. Yəni Suriyanın daxilində olan müəyyən qüvvələr də Qərbə zərbə endirmək niyyətində ola bilər. Avropada terror dalğası yaransa, situasiyanın hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq mürəkkəbləşə bilər. Ancaq qlobal miqyasda aparılan bir təhlükəli oyunun təsirini mütləq nəzərə almaq lazım gəlir.

"Sünni zolağı" planı: "Parçala, hökm sür” siyasətinin yeni nümunəsi

Dünya mediası Suriya böhranında "sünni zolağı” deyilən bir planın da yer aldığını mütəmadi olaraq vurğulayır. Bu planın real mövcud olub-olmamasından çox, onun adının tez-tez informasiya məkanında hallandırılması düşündürücüdür. İndi Suriyadakı prosesləri ələvi B.Əsədin yerinə sünni liderlərdən kiminsə gətirilməsi kimi təqdim edirlər. İraq, Yəmən, Misir, Liviya və Tunisdə olduğu kimi.

Məqsəd nədir? Dini təriqətçilik əsasında İrana qarşı geosiyasi güc yaratmaq. Əgər Qərbin doğrudan da belə bir planı varsa, bu, ifrat riyakarlıq nümunəsi olardı. Bütövlükdə İslam sivilizasiyasını parçalayıb, uzun sürən münaqişə ocağı yaratmaq olduqca təhlükəli addımdır. Belə çıxır ki, həm müsəlman cəmiyyətləri parçalanır, həm də böyük bir regionda dövlətlər arasında ciddi gərginlik yaradılır. Hamıya məlumdur ki, din insan psixologiyasına dərindən təsir edir. Onun gətirdiyi ixtilaflar əsrlərlə aradan qalxmır. Siyasi müstəvidə sünniliklə şiəliyi qarşı-qarşıya qoymaq isə tarixi cinayətdir. Çünki çoxlu sayda xalqları bu yolla bir-birinə düşmən etmək olar.

Hər bir halda Suriyada hakimiyyət dəyişikliyi arxasında həmin planın durduğunu vurğulanır. Bu məqam bəzi radikal dini qruplaşmaların terrora üstünlük verməsini stimullaşdıra bilər. Onun coğrafiyası isə Əfqanıstan, Mərkəzi Asiya, Rusiya, Qafqaz, Yaxın Şərq və Avropanı əhatə edir. Beləliklə böyük bir geosiyasi və geomədəni məkanda dinc insanlar terrorun qurbanına çevrilmiş olar. "Sünni və ya şiə zolağı” bəşəriyyətin gələcəyinə qoyulmuş güclü bir bombadır.

İki ssenaridən biri və informasiya təbliğatı

Yuxarıda gətirdiyimiz faktları nəzərə alsaq, Suriyada iki ssenaridən birinin reallaşacağını demək olar. Birincisi, B.Əsəd xarici müdaxilə ilə hakimiyyətdən getməli olacaq. İkincisi, etirazların bütün ölkəni bürüməsi və iqtidarın sosial dayaqlarını tamam itirməsi ilə B.Əsəd ölkədən gizli olaraq qaçmağa çalışacaq. Artıq "The Gardian” qəzeti B.Əsədin yaralandığını və həyat yoldaşının Rusiyaya aparıldığı haqda məlumat yayıb. Qəzet Suriya Azadlıq ordusundakı mənbəyə istinad edir. Həmin ordu isə Bəşər Əsədə yaxın dairələrdən bu məlumatın sızdığını iddia edir. Ola bilsin ki, B.Əsəd yaralanmayıb. Ancaq bu informasiyanın yayılması minlərlə suriyalının əhval-ruhiyyəsini dəyişə bilər. B.Əsəd də M.Qəddafi kimi üzə çıxsa, yerini müəyyənləşdirə bilərlər. Müxalifət bu halda B.Əsədə qarşı növbəti terror törədə bilər. Əgər o, özünü göstərməsə, qorxaq obrazı yaranacaq. Və yaxud yaralandığı haqqındakı xəbərlərə adi vətəndaşlar inananacaqlar. Ona görə də terror aktlarından sonra Suriya iqtidarı çətin dilemma qarşısında qalıb.

Vəziyyəti Suriya iqtidarının kimyəvi silah tətbiq edə biləcəyi haqqındakı məlumatlar da gərginləşdirir. Bununla hakimiyyətin amansızlığı haqqında təsəvvür yaradılır. Eyni zamanda, İraqda olduğu kimi xaricdən hərbi müdaxilə üçün əsas hazırlanır.

Hadisələrin hansı ssenari üzrə inkişaf etməsindən asılı olmayaraq, Suriyada hakimiyyət dəyişikliyi qaçılmaz görünür. Bu hadisənin qlobal miqyasda geosiyasi mənzərəyə ciddi təsir edəcəyinə şübhə yoxdur. İlk növbədə, İranda vəziyyətin gərginləşməsi gözləniləndir. İran məsələsi isə daha geniş miqyasda qarşıdurma yaranmasına səbəb ola bilər. Ən pisi odur ki, heç kəs bu proseslərin dayandırılmasından danışmır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...