THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın uğurlu seçimi: İlham Əliyev!

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
58291
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 oktyabr 2013 – Newtimes.az

2003-2013-cü illəri əhatə edən müddətdə Azərbaycan siyasi, sosial-mədəni və iqtisadi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Həmin səbəbdən bir sıra xarici təşkilatların apardığı sosioloji tədqiqatların nəticələrinə görə Prezident seçkisində İlham Əliyevin qalib gəlmək şansının çox olması təbii görünür. Aparılan sorğular Prezidentin rəqiblərini xeyli qabaqladığını təsdiq edir. Rəyi soruşulanların mütləq əksəriyyəti İlham Əliyevə səs verəcəyini söyləyib. Bunların əsasında seçki ərəfəsində ölkədə formalaşmış qüvvələr nisbəti ilə əlaqədar təhlillər aparmaq və proqnozlar vermək mümkündür.

Müstəqil dövlət quruculuğu

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisinə dünyada böyük maraq vardır. Siyasətçilər, analitiklər və beyin mərkəzləri təhlillər aparır, proqnozlar verirlər. Kütləvi informasiya vasitələri isə seçkiyə hazırlıq və onun keçirilmə şəraiti ilə əlaqədar müxtəlif məlumatlar yayırlar. Müşahidələr göstərir ki, dünya miqyasında Azərbaycan haqqında fikirlər müsbət istiqamətdə çox dəyişib.

Bu prosesin ciddi əsasları vardır. Hər şey Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə başladı. Məhz həmin dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual əsasları hazırlandı və qətiyyətlə onların həyata keçirilməsinə başlandı. Çox ziddiyyətli proseslərlə xarakterizə olunan keçən əsrin 90-cı illərində Ümummilli liderin rəhbərliyi ilə demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü.

Artıq 2000-ci ildə aydın idi ki, Azərbaycan Cənub Qafqazın ən uğurlu dövlət quruculuğu modelinə malik ölkəsidir. Heydər Əliyev bütün incə məqamları da nəzərə alaraq, Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına imkan verən optimal kurs yarada bilmişdi. Bu proses 2003-cü ildən başlayaraq özünün yeni mərhələsinə qədəm qoydu.

XXI əsrin ilk onilliyi göstərdi ki, Cənub Qafqazda dövlət kimi ən böyük şansa Azərbaycan nail olmuşdur. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız milli maraqlara uyğun olaraq aparılmışdır. Bu barədə dünyanın məşhur analitikləri, ekspertlər, siyasətçilər dəfələrlə danışmışlar. Rusiyanın rəsmi dairələri də həmin məqamı açıqca vurğulayırlar və bunu qəbul edirlər. Sevindiricidir ki, bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunun böyük rolunu xüsusi qeyd edirlər. 2003-2013-cü illəri əhatə edən dövrdə Azərbaycanda həyata keçirilən siyasətə dair xarici beyin mərkəzlərinin və nüfuzlu sosioloji tədqiqat agentliklərinin keçirdikləri sorğularda həmin məqam qabarıq surətdə əksini tapmışdır. Hər şeydən əvvəl, mütəxəssislər islahatlar proqramının sistemli xarakterdə olmasını vurğulayırlar. Burada varislik prinsipinin gözlənilməsinin oynadığı rolu unutmaq olmaz. Məsələ burasındadır ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunda siyasi varislik əsas yerlərdən birini tutur. Son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf proqramlarında bu faktor ciddi surətdə rol oynamışdır. Eyni zamanda, varislik prinsipi yenilikçiliklə uyğunlaşdırılmışdır. Bu iki aspektin harmoniyası ölkəni bütün sahələr üzrə intensiv inkişaf etdirməyə imkan yaratmışdır. Təsadüfi deyil ki, xarici sosioloji tədqiqat mərkəzləri Azərbaycanı daim yeniləşən dövlət kimi xarakterizə edirlər.

Bu cür qiymətləndirmələr birmənalı sübut edir ki, Azərbaycanda müstəqil dövlət quruculuğu baş tutmuşdur və İlham Əliyev bu prosesin aparıcısıdır! Hazırda ölkə növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Bütün göstəricilərə görə onun regional lider kimi bundan sonra da sürətli inkişaf edəcəyi gözlənilir. Qarşıda duran Prezident seçkisinə bu reallıqlar müstəvisində nəzər salanda son dərəcə maraqlı qənaətlər əldə etmək olur.

Yeganə lider

2006-cı ildə ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) noyabrın 17-dən dekabrın 20-dək 1400 nəfər şəxs arasında sorğu keçirmişdi. Onun nəticələrinə əsasən, vətəndaşların 52 faizi Azərbaycandakı ümumi vəziyyətdən razı qaldığını demişdir. Rəyi soruşulanların ümumilikdə 85 faizi Prezident İlham Əliyevə inandığını ifadə etmişdi. Onlardan 60 faizi dövlət başçısına tamamilə etibar etdiyini bildirmişdi.

ABŞ-ın statistik araşdırma xidmətləri göstərən nüfuzlu "Gallup'' təşkilatının 2009-cu il iyulun 31-də keçirdiyi sorğusunun nəticələrinə görə, Azərbaycanda rəyi soruşulanların 77 faizi Prezidentin fəaliyyətini dəstəklədiklərini ifadə etmişlər. Həmin zaman Gürcüstanda əhalinin 21 faizi, Ukraynada isə cəmi 4 faizi hakimiyyətin fəaliyyətini müsbət qiymətləndirmişdi.

2011-ci ilin son aylarında "Gallup İnternational" dünyanın 51 ölkəsində "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğu keçirib. Alınan nəticələrə görə, Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub. Eyni zamanda, rəyi soruşulan Azərbaycan vətəndaşları həyat səviyyələrinin yüksələcəyinə inandıqlarını ifadə etmişlər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa Qonşuluğu Barometri" layihəsi çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında keçirilən sorğuda isə daha maraqlı nəticələr alınıb. Respondentlərin 65 faizi öz həyatlarından razı olduqlarını bildirmişlər. Sorğuda iştirak edənlərin 92 faizi ölkə rəhbərliyinə inandığını ifadə etmişdir. Rəyi soruşulanların 60 faizi ölkədə gedən demokratik proseslərin nəticələrini müsbət qiymətləndirmişlər. Respondentlərin 48 faizi isə ölkənin düzgün strateji inkişaf xətti seçdiyini vurğulamışlar.

Başqa bir sorğunu ABŞ-ın "Arthur J. Finkelstein and Associates" (AJF) şirkəti keçirmişdir. Həmin sorğuda respondentlərin 86 faizi Prezident İlham Əliyevi dəstəklədiklərini göstəriblər. AJF-in icraçı direktoru Corc Birnbaum sorğunun nəticələrini şərh edərək bildirib: "Biz bu məlumatın dəqiqliyinə əminik... Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir. Bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək".

Nəhayət, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin (Böyük Britaniya) 2013-cü il sentyabrın 11-dən 16-dək Azərbaycanda keçirdiyi ümumrespublika ictimai rəy sorğusunu qeyd etmək istərdik. Layihə müəllifləri Azərbaycan əhalisinin siyasi və elektoral davranışını analiz etməyi qarşılarına məqsəd kimi qoymuşlar. 42 yaşayış məntəqəsi üzrə 1550 nəfər arasında aparılan tədqiqat göstərmişdir ki, seçkiyə qatılanların 88,7 faizi öz səsini Prezident İlham Əliyevə verəcəkdir. Digər namizədlərə çox az səs verilmişdir. Onu deyək ki, layihənin rəhbəri İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin başçısı, Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının (WVSA) prezidenti, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (IPSA) vitse-prezidenti Kristian Herpferdir.

Ardıcıl və düşünülmüş siyasi kurs

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl, onu vurğulayaq ki, Azərbaycanda dünyanın nüfuzlu sorğu mərkəzləri tədqiqat aparıblar. Təkcə onu qeyd edək ki, "Avropa Qonşuluğu Barometri''nə siyasətçilərin və ekspertlərin böyük etibarı vardır. Bu barədə hətta Aİ-nin genişlənməsinə məsul şəxs Ştefan Füle Azərbaycan müxalifəti ilə bu ilin may ayında olan görüşündə açıq bildirib. Onun Azərbaycana "xüsusi münasibəti” hamıya bəllidir. WVSA-nın adı isə sosioloji sorğu mərkəzləri arasında brenddir.

Deməli, söhbət ölkədə 2003-2013-cü illərdə sistemli, ardıcıl və düşünülmüş surətdə həyata keçirilən siyasi kursun verdiyi bəhrələrdən gedir. İlham Əliyevin daimi liderliyinin arxasında duran əsas faktor bundan ibarətdir. Bəzi dairələrin hansısa süni dəstəklərdən, yardımlardan, himayələrdən və s. danışmaları qərəzdən başqa bir şey deyildir. Heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev də məhz 10 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etmişdir. Onun regional və dünya miqyasında peşəkar, praqmatik və mahir siyasətçi olduğu haqqında nüfuzlu dövlət adamları dəfələrlə fikir söyləmişlər. İlham Əliyev hələ xarici şirkətlərlə neft müqavilələrinin bağlanması zamanı aparılan danışıqlarda nümayiş etdirdiyi yüksək siyasətçi, diplomat və strateq keyfiyyətləri ilə dünyanın diqqətini cəlb etmişdi.

Azərbaycan Prezidentinin 2012-ci il iyun ayının 5-də Bakıda keçirilən "Xəzər neft, qaz, neftayırma, neft kimyası'' adlı beynəlxalq sərgi və konfransın açılışında bəyan etdiyi bir fikir, onun dövlət başçısı kimi fəaliyyətinin mahiyyətini lakonik ifadə edir. Həmin tədbirdə cənab İlham Əliyev vurğulamışdı: "Azərbaycan tam müstəqil siyasət yeridir. Bunun əsasında iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur''. Əslində, bu cümlələrdə ölkənin daxili və xarici siyasətinin strateji məqamları yığcam şəkildə ifadə edilmişdir.

İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durur. Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri – sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir. Yuxarıda misal göstərdiyimiz sorğuların nəticələri arxasında məhz bu istiqamətdə aparılan və böyük zəhmət tələb edən işlər durur!

Ölkənin son 10 ildə sosial-iqtisadi və mədəni inkişafını əks etdirən rəqəmlər də bunun əyani təsdiqidir. 2003-2012-ci illərdə ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə çoxalmışdır. Qeyri-neft sektorunda yüksəliş 10,6 faiz təşkil etmişdir. Həmin dövrdə əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır.

Bu dövrdə ölkə iqtisadiyyatının inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əmək haqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli'' ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014'' nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yeri tutmuşdur. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərarlaşıb.

İtaliyanın məşhur beyin mərkəzi – Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatında Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqədar maraqlı müqayisələr aparmışdır. Bu sənədin müəllifi analitik Matteo Verdadır. Hesabatda vurğulanır: "Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz – digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur''.

Müəllif Azərbaycanın siyasi sisteminin ən yüksək səviyyədə sabitlik nümayiş etdirdiyini və bunun yaxın 10 il ərzində davam edəcəyini xüsusi qeyd edir. Bakı-Ceyhan, TANAP və TAP layihələrini Avropa ilə əməkdaşlıqda ayrıca əhəmiyyət daşıdığı vurğulanır.

Polşanın tanınmış beyin mərkəzi olan MISO (Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu) bu günlərdə "Azərbaycanın son 10 ildə iqtisadi və sosial inkişaf dinamikası” adlı hesabat yayıb. Hesabatda son 10 il ərzində Azərbaycanın iqtisadi və sosial vəziyyəti ətraflı təhlil edilmişdir. Orada göstərilir ki, "...son 10 ildə Azərbaycanda əhalinin sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi 9 dəfə artmış, təhsil, idman, tibb və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr bir neçə dəfə çoxalmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür''. Sənəd müəllifləri yaxın perspektiv üçün müəyyən proqnozlar da vermişlər. Məsələn, 2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 73,54 milyard ABŞ dollarına çatacaq. 2014-cü ildə isə bu göstəricidən 6,7 faiz yüksək olacaq.

Seçki proqnozları: İlham Əliyevin şəksiz liderliyi

Dünyanın digər beyin mərkəzləri və sorğu agentliklərinin də apardığı tədqiqatları, onların Azərbaycanla bağlı gəldikləri qənaətləri də göstərmək olar. Lakin yuxarıda vurğulanan məqamlar ölkədə həyata keçirilən proqramların mahiyyəti haqqında kifayət qədər dolğun təsəvvür yaradır. İlk növbədə, Prezident İlham Əliyevin fəaliyyətinin dəqiq elmi əsasları olduğu aydın görünür. Onun reallaşdırdığı layihələr vahid siyasi kursun tərkib hissələridir. Diqqəti çəkən məqam Prezidentin hər bir proqramı düşünərək və ölkənin strateji maraqlarını nəzərə alaraq həyata keçirməsindən ibarətdir. Bütün hallarda Azərbaycanın dövrün tələblərini ciddi surətdə nəzərə alır.

Yuxarıda vurğulanan məqamlar sübut edir ki, 2003-2013-cü illərdə Azərbaycanda aparılan islahatlar kompleks xarakter daşımışdır. Cəmiyyətin bütün sahələri bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilmişdir. Ona görə də mütəxəssislər ölkədə keçən müddətdə daxili və xarici siyasətin bir-birini tamamladığını daim vurğulayırlar. Burada vacib bir cəhətin üzərində dayanmağa ehtiyac hiss edirik.

Azərbaycan Prezidenti Cənub Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeganə dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayırlar. Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutunun (MISO) mütəxəssislər isə ölkə üçün mürəkkəb və ziddiyyətli geosiyasi vəziyyətin formalaşmasına rəğmən, dövlət başçısının müstəqil siyasi kursu həyata keçirməsini yüksək qiymətləndirmişlər. Burada daxili inkişafla enerji və təhlükəsizlik siyasətlərinin uyğunlaşdırılması dövlətçilik kursunun xüsusi Azərbaycan modelinin mövcudluğundan xəbər verir. Yəni, daxili sahələri əhatə edən ümumi inkişaf proqramları ilə müxtəlif sferalara aid layihələrin uzlaşdırılması özünü qabarıq göstərir.

Bu proses qeyri-neft sektorunun maksimum templə inkişaf etdirilməsinə imkan yaratmışdır. Həmin kontekstdə mütəxəssislər 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına və 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarını xüsusilə qeyd edirlər.

Bu kimi proqramların reallaşdırılması balanslaşdırılmış xarici siyasət kursu olmadan mümkün deyildi. Əsaslarını Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu xətti İlham Əliyev incəliklərinə qədər uğurla davam etdirmişdir. Xarici siyasətin prioritetləri tamamilə nəzərə alınmış və meydana çıxan geosiyasi yeniliklər diqqətə alınaraq təkmilləşdirilmişdir. Bunun sayəsində Azərbaycan keçən müddətdə dövlət və milli maraqlarını təmin edə bilmişdir. Diplomatik sahədə əldə edilən uğurları işğalçı dövləti küncə sıxışdırmağa imkan yaratmışdır. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir.

2003-2013-cü illəri, obrazlı olaraq, xarici siyasətin "hücum dövrü'' adlandırmaq olar. Çünki həmin müddətdə bütün istiqamətlərdə diplomatik fəallıq xeyli artmış, Ermənistanın mövqeyi zəiflədilmişdir. Azərbaycan siyasi-diplomatik müstəvidə haqlı olduğunu sübuta yetirmişdir. Beynəlxalq təşkilatlarda bunu təsdiq edən çoxlu sayda sənədlər qəbul edilmişdir.

Məhz aktiv siyasi-diplomatik fəaliyyət nəticəsində Azərbaycan BMT TŞ-nin üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. Bundan əlavə, Bakıda siyasətə, mədəniyyətlər və dinlərarası münasibətlərə aid bir neçə nüfuzlu beynəlxalq tədbir keçirilmişdir.

Bütün bunların fonunda qarşıdan gələn Prezident seçkisində İlham Əliyevin mütləq üstünlüklə qalib gələcəyi haqqında xarici tədqiqat mərkəzlərinin proqnozlar verməsi başadüşüləndir. Aparılan seçki təbliğatı kampaniyasından da bunu aydın görmək mümkündür. İlham Əliyevdən fərqli olaraq, digər namizədlər heç bir real fəaliyyət proqramı ortaya qoya bilmirlər.

Onlar anlamırlar ki, təhqiramiz ifadələr işlətmək, öz rəqibləri haqqında ictimai etiketə sığmayan sözlər danışmaqla Azərbaycan seçicisinin səsini qazana bilməyəcəklər. Müxalifəti təmsil edən namizədlər öz çıxışları ilə sübut edirlər ki, Prezident İlham Əliyev bir siyasətçi kimi bütün müsbət keyfiyyətlərdə onlardan dəfələrlə üstündür. Bu səbəbdən, sorğularda, məsələn, hansısa müxalif namizədin 0,6 faiz səs toplayacağının proqnozlaşdırılması reallığı əks etdirir.

Yaranmış vəziyyətə obyektiv tarixi aspektdə yanaşsaq, Azərbaycanın regionun digər dövlətlərindən müqayisə olunmaz dərəcədə perspektivli olduğu heç kimdə şübhə doğurmur. Buna görə də Prezident İlham Əliyev kimi şəxsiyyətin bu dövlətə rəhbərlik etməsini tarixi zərurət kimi qəbul etmək lazımdır. Azərbaycan xalqı bu həqiqəti yaxşı dərk edir.

Novruz Məmmədov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, səfir

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...