THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Ərəb baharı"nın nəticəsi: "İskəndər" "Patriota" qarşı?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4710
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 sentyabr 2013 – Newtimes.az

Yaxın Şərqdə ABŞ və Rusiya arasındakı rəqabətin nəticələri yavaş-yavaş Cənubi Qafqazda da hiss edilir. Bir çox etibarlı mənbələr Rusiyanın Suriyanı ABŞ və müttəfiqləri qarşısında yalnız qoymayacağını bildirsə də, son günlərdə baş verən hadisələr onu göstərir ki, Rusiya Aralıq dənizindən çəkilərək, bir az daha "qınına” doğru sıxışdırılır.

"The Telegraph'' qəzeti 27 avqust 2013-cü il tarixli nömrəsində bildirir ki, Səudiyyə Ərəbistanının Təhlükəsizlik Naziri Bəndər bin Sultan Vaşinqtondan birbaşa Moskvaya gəlib və Prezident Putin ilə məxfi şəkildə görüşüb. "The Telegraph'' qəzeti iddia edir ki, Səudiyyə Ərəbistanı Rusiyanın Suriyaya verdiyi dəstəyi dayandırması üçün bu ölkə ilə enerji sahəsində əməkdaşlıq və yeni neft strategiyası haqqında razılığa gələ biləcəyini bildirib. Mənbə eyni zamanda Bəndər Bin Sultanın Rusiyanın bu təkliflə razılaşmayacağı təqdirdə, Şimali Qafqazda nəzarətində olan silahlı çeçen qruplaşmaları ilə hədələdiyini də yazır[i]. Bəzi müşahidəçiləri hesab edirlər ki, Rusiya Bəndərbin Sultanın əməkdaşlıq və təhdid təklifini diqqətə alaraq, Suriyanı ABŞ və müttəfiqləri qarşısında tək qoymağa üstünlük verib.

Son bir həftədir ABŞ və Qərb mətbuatı Əsəd rejiminin mülki əhaliyə qarşı kimyəvi silah olan zarin qazından istifadə etdiyini iddia edərək, dünya ictimaiyyətinin fikirlərini dumanlandırır. Ancaq Suriyada yaşanan son hadisələr dəyərləndirildiyi zaman Əsəd rejiminin mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə heç bir zərurət olmadığı aydınlaşır. Əsəd rejimi müxaliflərin ciddi hücumları ilə qarşılaşmayıb və son qalaya sığınmayıb. Bu o deməkdir ki, Əsəd rejimi son günlərini yaşamır və hələ ki müxalifətə, ABŞ və müttəfiqlərinə qarşı müqavimət göstərə bilir. Əgər Əsəd rejimi kimyəvi silahdan istifadə edibsə, niyə bunu silahlı müxaliflərin olduğu bölgədə deyil, mülki əhalinin yaşadığı bölgədə tətbiq edib?

Əlbəttə bunlar eynilə İraqın və Əfqanıstanın işğal edilməsindən əvvəl ABŞ və müttəfiqlərinin apardığı təbliğatdan heç nə ilə seçilmir. Bu məqamda Əfqanıstanı işğal etməzdən əvvəl ABŞ Müdafiə Nazirliyi nəzdində dezinformasiya yayan xüsusi bir qurumun təşkil edildiyini xatırlatmağa ehtiyac vardır. Ssenari eynidir, əsərin qəhrəmanları da eynidir amma "mənfi obrazda'' artıq İraq və Əfqanıstan deyil, Suriyadır. Əsəd rejimi devrilib, kimyəvi silahlar "məhv edildikdən'' sonra böyük bir ehtimalla "mənfi obrazda'' İran olacaqdır.

Fransanın "Le Figaro'' qəzeti yazır ki, Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsindən tam "əmin'' olan, amma ortaya heç bir sübut qoya bilməyən ABŞ, BMT müfəttişlərindən təhqiqatı dayandırmasını  xahiş edib[ii]. Faktlar və sübutlar necə oldu bəs? Analoji hadisə 1998-ci ildə ABŞ və müttəfiqlərinin İraqa hücumu ərəfəsində də baş vermişdi. 

Rusiya Aralıq dənizindən çıxarkən, post sovet ölkələri coğrafiyasında mövqelərini qorumağa çalışır. Belə ki, bəzi mənbələr ABŞ-ın Türkiyədə yerləşdirdiyi havadan müdafiə sistemi və "Patriot” raket kompleksinə qarşı Rusiyanın Ermənistanda "İskəndər” raket kompleksini yerləşdirəcəyini iddia edirlər[iii]. Bu o deməkdir ki, Yaxın Şərqdən geri çəkilən Rusiya özü ilə bərabər təhlükəsizlik problemlərini Cənubi Qafqaza doğru gətirir. Rusiyanın "İskəndər” raket kompleksinin Ermənistana yerləşdirildiyi xəbəri təsdiq edilməsə də, rəsmilər tərəfindən hələlik təkzib də edilməyib. Bir neçə il bundan əvvəl ABŞ "Patriot'' raketlərini Polşaya yerləşdirmək istəyərkən, Rusiya buna qarşılıq olaraq, "İskəndər'' raket kompleksini Kalininqrada yerləşdirəcəyini bildirmişdi. ABŞ Polşanın ilkin hədəfə çevrilməsindən ehtiyat edərək, bu planını həyata keçirməmişdi. Görünən odur ki, ABŞ Türkiyəni ilkin hədəf olmağa razı sala bilib.

ABŞ Polşaya yerləşdirə bilmədiyi havadan müdafiə sistemi və "Patriot'' raket kompleksini Suriya böhranı nəticəsində Türkiyəyə yerləşdirib və bu ölkənin Suriya tərəfindən vurula biləcəyi ehtimalını ön plana çıxarıb. Əlbəttə, Rusiya regiondakı geosiyasi və təhlükəsizlik amilini nəzərə alaraq, buna ciddi etiraz etməsə də, cavabsız qoymayacaqdır. Ermənistana "İskəndər'' raket kompleksinin yerləşdiriləcəyi xəbəri də bunu göstərir.

Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının olduğu və Ermənistanın coğrafi olaraq havadan müdafiə sisteminin və "Patriot'' raketlərinin yerləşdirildiyi Türkiyə ərazisinə yaxın olması diqqətə alınarsa, Rusiyanın bu niyyətini reallaşdırmağa hər cür imkanı vardır. Ermənistanın Rusiyanın bu tələbinə qarşı çıxmağa siyasi və iqtisadi gücü yoxdur. Ancaq bu zaman Ermənistanın ABŞ və Avropa ölkələri ilə münasibətlərinin gərginləşəcəyi şübhəsizdir. Son zamanlarda Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşaraq, ABŞ və Avropaya doğru meyl etməsi onu göstərir ki, Ermənistan olduqca çətin vəziyyətdə qala bilər. Rusiyapərəst erməni mətbuatı daxili ictimai rəyi sakitləşdirmək üçün "İskəndər'' raket kompleksinin ölkəyə yerləşdirilməsinin əslində bir baxıma Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaması üçün çəkindirici amil olduğunu ön plana çıxarır.

Rusiyanın Ermənistana "İskəndər'' raket kompleksini yerləşdirdiyi haqqında informasiyalar hələlik təsdiq edilməsə də, artıq regionda yeni geosiyasi oyunların başlamasından xəbər verir. Suriya və İranı ABŞ və müttəfiqlərinə qurban verdikdən sonra Rusiyanın geri çəkilməyə yeri yoxdur. Cənubi Qafqaz, xüsusilə Ermənistan Rusiya üçün "qırmızı xətt'' ola bilər. Amma Rusiyanın zaman-zaman istəyərək və yaxud istəməyərək daltonizm (rəng korluğu) xəstəliyinə mübtəla olduğu məlumdur. ABŞ və müttəfiqləri İran problemini həll etdikdən sonra Rusiyanın Ermənistandakı mövqelərini zəiflətmək üçün mümkün bütün təzyiq vasitələrindən istifadə edə bilər. Bu zaman Gürcüstanın NATO-ya üzv qəbul edilməsi məsələsi də diqqətdən kənarda qalmamalıdır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] The Telegraph: Саудовская Аравия шантажировала Россию подконтрольными ей "чеченскими группировками" www.regnum.ru/news/fd-abroad/armenia/1700115.html, 28.08.2013

[ii] Почему американцы попросили ООН не продолжать следствие в Сирии? http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=95311, 29.08.2013

[iii] "Искандер" vs "Patriot": Россия берет под прицел объекты ПРО США в Турции – эксперт www.regnum.ru/news/fd-abroad/armenia/1668124.html, 06.06.2013

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...