THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Dövlət Departamentinə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7865
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bu gün ümumiyyətlə dünyada, xüsusilə də Cənub Qafqaz regionunda baş verən geosiyasi proseslər və bununla əlaqədar Amerika Birləşmiş Ştatlarının tutmuş olduğu mövqe bu müraciəti yazma ehtiyacı yaratmışdır. Dünyada baş verən prosesləri bir kənara qoyaq. Bu müraciətin yazıldığı Azərbaycana, onun tutduğu mövqeyə, əldə etdiyi nailiyyətlərə və ən nəhayət, bütün bunlarla yanaşı ABŞ tərəfindən ona qarşı edilən rəftara baxmaq kifayət edər ki, məsələnin əhəmiyyəti dərk edilsin.

Tarixə nəzər salındıqda aydın şəkildə görmək olar ki, Cənub Qafqazda yerləşən dövlətlərdən biri olan Azərbaycan tarixən regionun geosiyasi mühitinin formalaşmasına öz töhfəsini vermişdir. Azərbaycan xalqının dünyəviliyə, liberalizmə əsaslanan milli-siyasi təfəkkürünün formalaşmasında isə onun Qərb ölkələri ilə olan münasibətləri mühüm rol oynamışdır.

Azərbaycanda cəmiyyətin liberallaşması prosesləri hələ XIX əsrdən, çar Rusiyasının tərkibində olduğu dövrlərdən formalaşmağa başlayıb. İmperiya hakimiyyətinə etiraz Azərbaycan cəmiyyətində kütləvi olaraq müasirliyə can atma meyllərinin mövcudluğu və inkişafının nəticəsində təşəkkül tapmışdır.

Xalq hələ XIX əsrdən etibarən Qərb mədəniyyətini, elmini geniş şəkildə mənimsəməyə başlayıb, nəticədə ətrafa öz milli adət-ənənələrini özündə əks etdirən yeni-yeni dəyərlər töhfə etmişdir. Məmləkətin ziyalıları hələ əvvəlki əsrlərdə Qərb düşüncəsini, mədəni və fəlsəfi-siyasi fikirləri öz ölkələrinə idxal etmişlər.

Qərb mədəni dəyərlərinin mənimsəməsi nəticəsində bütün Şərqdə ilk opera və ilk balet Azərbaycanda yaradılıb. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin əsası XIX əsrin ikinci yarısında Azərbaycanda qoyulmuşdur. Hətta, o dövrün ziyalıları Bakıda fransız, ingilis, rus, türk və digər dillərdə roman və elmi əsərlər də yazmışlar. Beləliklə, Azərbaycan, eyni zamanda, Qərb mədəniyyətinin Şərqə ixracında ötürücü rolunu oynayıbdır.

Azərbaycanda demokratiyanın liberal ənənələrinə cavab verən dövlət quruluşu hələ 1918-ci ildə yaradılmışdır. Azərbaycan Demokratik Respublikası parlament ənənələri əsasında, liberal düşüncə bazasında, hüquqi-siyasi bir qurum olaraq Şərqin ilk dünyəvi respublikası idi. Məhz 1918-ci il may ayının 27-də əsası qoyulmuş və Azərbaycan Milli Şurası adlanan ilk parlament yeni hüquqi-siyasi cəmiyyətin bazasını formalaşdırırdı. Bu, bütün Şərqdə o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Demokratik və insan hüquqlarının həmin dövr üçün geniş təşəkkül tapdığı ölkə olan Azərbaycan Demokratik Respublikasında Şərq aləmində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilirdi. Bu baxımdan Azərbaycan ABŞ (1920), Fransa (1944), İsveçrə (1971), Yaponiya (1945), Cənubi Koreya (1948), Portuqaliya (1931), İspaniya (1931) kimi müasir dövrün mütərəqqi dövlətlərinin əksəriyyətini qabaqlamışdı. Hüquq bərabərliyini təmin etmək və inkişaf etdirmək məqsədilə hələ XIX əsrin sonlarında qızlar üçün məktəb də açılmışdı.

Müstəqillik qazandıqdan sonra da bu ölkənin xarici siyasətinin əsas istiqamətləri Qərb marşrutları ilə müəyyən edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” ilə Qərblə münasibətləri dərinləşdirməyə başlayan Azərbaycan öz yükünü daha çox Qərb marşrutu ilə daşımağı qarşısına məqsəd qoyubdur. Güclü təzyiqlərə baxmayaraq Azərbaycan öz enerji siyasətində qərb istiqamətini əsas götürərək, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji layihələrini reallaşdırıb. Qərbin nədənsə dəstəkləmək istəmədiyi Bakı-Tibilisi-Qars dəmir yolunun inşaası sürətlə davam etdirilir.

Azərbaycan prezidenti İlham Əliyev də Qərbə inteqrasiya kursunu sürətlə davam etdirir. Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO və digər təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq edir. Prezident hər zaman bəyan edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini vermiş və bundan sonra da verməyə hazırdır. Azərbaycanın əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko və "Cənub dəhlizi”nin yaradılması üçün bütün imkanlarını ortaya qoyur.

Hal-hazırda xalq əsasən öz milli adət-ənənələri ilə yanaşı, siyasi həyatını da Avropa modellərinə uyğun formalaşdıraraq iki mədəniyyətin harmoniyasını yaradır. Ölkə öz daxili hüquq islahatlarını Avropa ənənələrinə uyğun həyata keçirir. Bu siyasətin sübutu olaraq hələ 1998-ci ilin fevral ayında həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilibdir. Ölüm hökmünün icrası isə ölkənin Avropa Şurasına üzv qəbul olunmasından çox əvvəl, faktiki olaraq, 1993-cü ilin yayından etibarən dayandırılmışdır. Müqayisə üçün nəzərə almaq lazımdır ki, humanizmə zidd olan edam cəzaları hal-hazırda bir sıra şərq ölkələrində, hətta, ABŞ və Yaponiya kimi mütərəqqi ölkələrdə də tətbiq edilir.

Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox həssas yanaşmaqdadır. Bu baxımdan 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri olub. 2001-ci il sentyabrın 12-də ABŞ-da 2001-ci ilin sentyabrın 11-də baş vermiş terror aktlarının günahsız qurbanlarının xatirəsinin yad edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı imzalanıb. Müsəlman ölkəsi olmasına baxmayaraq, müsəlman dünyasının təzyiqlərinə rəğmən, Azərbaycan hərbçiləri Əfqanıstanda və İraqda antiterror koalisiyası tərkibində beynəlxalq qüvvələr strukturunda fəaliyyət göstəriblər.

Azərbaycan daima öz daxili və xarici siyasətində beynəlxalq hüquq normalarına hörmət edərək, regional və beynəlxalq münasibətlərdə bu normalara riayət edilməsini vacib hesab edir. İşğala məruz qalmış dövlət olmasına baxmayaraq, öz sülhsevərliyini qoruyub saxlayır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində demokratiya, insan hüquqları və ədalətin daşıyıcıları hesab edilən Qərbə, ABŞ-ın da həmsədri olduğu ATƏT-ın Minsk qrupuna inamını itirməyib.

Lakin, bütün bu qeyd edilənlərə baxmayaraq, Azərbaycan Qərb dünyası üçün göstərmiş olduğu xidmətlərin qarşılığını layiqincə almamışdır.

Tarixə və indiki şəraitə nəzər salaraq, daha ədalətli təhlil aparsaq, aydın şəkildə görə bilərik ki, Azərbaycanın Qərb üçün etmiş olduğu bütün bu xidmətlər başqa heç bir dövlət tərəfindən edilməmişdir.

Lakin ABŞ-ın dövlət qurumlarının hazırladıqları hesabatlarda Azərbaycan alqışlanmaq yerinə tənqid olunmaqdadır. Təbii ki, gənc dövlət olaraq, problemlər mövcuddur. 20 illik dövlətçilik ənənəsi olan bir ölkədən 200 illik ənənəsi olan ölkənin ucaldığı səviyyəyə çatmasını gözləmək düzgün olmazdı. Problemlər təbii ki, qeyd edilməli və konstruktivlik bazasında həllinə çalışılmalıdır. Lakin, bununla bərabər Azərbaycanın əldə etdiyi nailiyyətlərin də həmin hesabatlarda yer alması ən azından ədalət baxımından lazımdır. Eyni zamanda Azərbaycanın üzləşdiyi problemlər, məruz qaldığı xarici təzyiqlər, onun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması da bu hesabatlarda öz əksini tapmalıdır. O münaqişə ki, onun nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.

Havadarlarına arxalanan Ermənistan isə münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir. Minsk Qrupunun həmsədri olan ABŞ isə heç vaxt təcavüzü dayandırması, işğal edilən ərazilərin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri qaytarılması üçün Ermənistana təzyiq göstərməmişdir.

Qərb və xüsusilə də ABŞ bu gün inkişafın zirvəsində dayanır. Bu inkişaf həm siyasi, həm iqtisadi, həm elmi, həm də texnoloji sahəni əhatə etməkdədir. Lakin, ən böyük inkişaf ədalətin təminində özünü büruzə verir.

Tarix bu gün ABŞ-a xüsusi bir fürsət verib: yer üzünün lideri olma fürsəti. Liderlər təyin olunmurlar. Liderlər malik olduqları xüsusi keyfiyyətlərinə görə seçilirlər, qəbul olunurlar. Liderlərdə bir müqəddəslik keyfiyyəti olur. Bu müqəddəsliyə də hər kəs hörmət edir. Lakin o müqəddəsliyi əldə etmək, qorumaq olduqca çətin missiyadır. O müqəddəsliyin təminatı isə hər kəsin liderdən gözlədiyi müdriklik, uzaqgörənlik, ədalət keyfiyyətidir. Bu keyfiyyətlərə malik olmayanlar müqəddəsliyini itirir, müqəddəsliyini itirən liderlər isə liderliyini itirir. Təsadüfi deyildir ki, hələ 1983-cü ildə ABŞ Prezidenti Ronald Reyqan qeyd edirdi ki, Amerika ədalətli olmalıdır, çünki ədalətli olmağı buraxdığı andan böyük olma hüququnu itirər.

Bir zamanlar insanlar SSRİ-nin bərabərlik, qardaşlıq vədlərinə inanaraq, ona tərəf yönəlirdilər. Dünya iki qütbə bölünmüşdü. Lakin çox keçmədi ki, sovet totalitar rejimi demokratiya, hüquq dövləti, qanunun aliliyi, ədalət naminə dağıldı, çünki hər kəs ABŞ-ın liderlik etdiyi demokratik rejimi qurmaq həvəsində idi. Lakin bu demokratiyanın sadəcə bir görüntü, gözdən asılan bir pərdə olduğu qənaətinə gəlinərsə, sovet rejiminin aqibəti onu da gözləyir. Bu gün təkcə Azərbaycan deyil, bütün dünya ABŞ-dan bu ədaləti gözləyir. Bu gün Cənubi Amerika, Afrika, Asiya, Yaxın Şərq, elə Avropanın özü də ABŞ-dan liderliyin, oturduğu kürsünün haqqını ödəməsini gözləyir. Əks təqdirdə yeni blokların yaranması, yeni dünya düzəninin yaranması qaçınılmazdır ki, bunun da ən böyük zərəri ABŞ-a dəyəcəkdir.

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...