THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq tələsi: məzhəb savaşı və Suriya

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6908
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 iyul 2013 – Newtimes.az

Son zamanlar böyük dövlətlərin Suriya ilə bağlı diplomatik fəallığı xeyli artıb. Növbəti beynəlxalq konfransın keçirilməsi haqqında danışırlar. Lakin reallıqda baş verən hadisələr problemin getdikcə mürəkkəbləşdiyini və daha geniş geosiyasi məkana təsir etdiyini göstərir. Belə vəziyyətdə meydana bütövlükdə regionu əhatə edən müxtəlif çətinliklər çıxır.

Qlobal xaosa aparan yol

Suriya məsələsi o dərəcədə mürəkkəbləşib ki, onun necə həll edilməsinə hələlik dəqiq yanaşma yoxdur. Hadisələrin gedişində meydana çıxan yeni qorxunc məqamlar daha geniş geosiyasi məkanda çoxlu sayda problemlərin yarana biləcəyindən xəbər verir. Şübhə var ki, böyük dövlətlər dünyanın müxtəlif regionlarında bir-biri üçün daha çox problem yaratmağa çalışırlar. Bunda məqsəd sürətlə inkişaf edən dövlətləri xaos bataqlığına sürükləməkdir. Lakin bu prosesin də bir sərhədi olmalıdır, çünki qlobal xaos hər bir dövləti çökdürə bilər.

Hazırda Suriyada müşahidə edilən qanlı toqquşmaların arxasında məhz qlobal miqyasda aparılan amansız və güzəştsiz geosiyasi mübarizənin durduğu haqqında proqnozlar vardır. Məsələn, ekspertlər Amerikanın Yaxın Şərq siyasətinin mahiyyətinin mümkün qədər çoxlu sayda çətinliklər yaratmaqdan ibarət olduğunu söyləyirlər. ABŞ-ın strateji hədəfi bütün gücünü Çinə qarşı yönəltməkdir. Bunun üçün o, dünyanın digər regionlarında olan problemlərdən "yaxa qurtarmalıdır''. Həmin səbəbdən amerikalılar özlərinin idarə edə biləcəyi xaos yaratmağa cəhd edirlər (bax: Ближневосточная стратегия США. www.wprr.ru, 28 iyun 2013). Çox güman ki, bu cür mövqedə olan təkcə ABŞ deyil.

Həmin aspektdə Suriya probleminə baxdıqda düşündürücü məqamları görmək mümkündür. Böyük dövlətlər bu məsələ ilə bağlı "Cenevrə-2'' adlandırılan beynəlxalq konfransa hazırlaşırlar. Konkret hansı nəticələr alınıb? "Nezavisimaya qazeta'' yazır ki, "Cenevrə-2 pozulmaq ərəfəsindədir'' (bax: Евгения Новикова. Женева-2 на грани срыва. www.ng.ru, 27 iyun 2013). Bunun səbəbi isə Yaxın Şərqdə yeni geosiyasi güc nisbətinin formalaşmaqda olmasıdır.

Məsələ ondan ibarətdir ki, ABŞ və Rusiya konfransda kimlərin hansı formatda iştirak edəcəyində ortaq qənaətə gələ bilmirlər. Tərəflər hətta ABŞ-Rusiya-BMT formatında növbəti məsləhətləşmənin şərtlərini müəyyən etməyiblər. Rusiya xarici işlər nazirinin birinci müavini G.Qatilovun sözlərinə görə, "məsələ daha sonrakı mərhələdə həll ediləcək'' (bax: yuxarıdakı mənbəyə). Görünür, rusiyalı diplomat S.Lavrovla C.Kerrinin Bruneydə Asiya-Sakit okean ölkələrinin forumunda nəzərdə tutulan görüşünə eyham vurub. Bütün hallarda "Cenevrə-2''-nin iştirakçıları və keçirilmə vaxtı ilə bağlı ortaq razılıq əldə edilməyib.

Rusiya Suriya müxalifətinə silah satılmasına ciddi etiraz edir. ABŞ isə İranın konfransda hansı formatda iştirak edəcəyi ilə əlaqəli dəqiqlik tələb edir. Vaşinqton Tehranın tədbirə cəlb edilməsinin Səudiyyə Ərəbistanı və Qətəri qıcıqlandıra biləcəyini ifadə edir. Moskva müxalifətlə yanaşı, B.Əsədin və İranın konfransda təmsil olunmasını doğru sayır. Azad Suriya Ordusunun komandanı general Səlim İdris isə "silah almadan danışıqlara getməyəcəyik'', deyir. Bütün bunların fonunda diplomatik cəbhədə cərəyan edən hadisələr xeyli düşündürücü təsir bağışlayır. Onları şərti olaraq iki qrupa bölmək olar.

Hər şeydən əvvəl, Səudiyyə Ərəbistanı və Qətərin Suriya məsələsinə münasibətdə mövqe dəyişiklikləri müşahidə edilir. ABŞ dövlət katibi Con Kerri ilə görüşündə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Saud əl-Feysal bəyan edib ki, "İran və "Hizbullah''ın işə qarışmasına seyrçi mövqedə qala bilməzlər''. INEGMA-nın (Dubay) eksperti Teodor Karasik isə "Qətərin israrlı, lakin aqressiv olmayan siyasət yeridəcəyini'' proqnozlaşdırır (bax: www.ng.ru, 27 iyun 2013). Bununla da Suriya məsələsində iki sünni dövlətin mövqeyinin sərtləşdiyini görürük.

Məzhəb savaşı: çıxış yolu, yoxsa daha dərin quyu?

Problemin başqa aspekti Qərb və İsrailin yeritdiyi siyasətlə əlaqəlidir. Bu barədə Zbiqnev Bjezinskinin "The National Interest'' jurnalına verdiyi müsahibədə söylədiyi tezislər və "Əl-Qüds əl-Ərəbi'' qəzetində (London) dərc edilən proqnostik xarakterli təhlillər diqqəti çəkir. Tanınmış amerikalı analitik Suriya məsələsinin böyük problemlər yarada biləcəyini vurğulayıb. O cümlədən, bu, ABŞ-İran hərbi toqquşmasına qədər davam edə bilər. Vəziyyətin bu cür şəkil almasının əsas səbəbi kimi Z.Bjezinski İsrailin yersiz inadını və Vaşinqtonun qeyri-dəqiq Yaxın Şərq siyasətini göstərir.

İsrail ərəb ölkələrindəki çaxnaşmaların yəhudi dövlətinin təhlükəsizliyinə xidmət etdiyini düşünür. Lakin o, bumeranq effektini unutmamalıdır. Proseslər bir zaman "geri qayıdıb'' Təl-Əvivi çətin vəziyyətə sala bilər. ABŞ-a gəldikdə isə, məşhur analitik sual edir: "Mən hələ də başa düşə bilmirəm ki, niyə 2011-ci ildə biz qəfil Suriyada sabitsizlik yaranmalıdır, hakimiyyət devrilməlidir və Əsəd getməlidir, qərarına gəldik?'' (bax: Jacob Heilbrunn. Brzezinski on the Syria Crisis // ''The National Interest'', 24 iyun 2013). Ola bilsin ki, bu sualın cavabı "Əl-Qüds əl-Ərəbi'' qəzetinin yazdıqlarında vardır.

Həmin nəşrdə alman kəşfiyyatının Suriya ilə bağlı bir məruzəsində yer almış bəzi nəticələr haqqında yazı dərc edilib (bax: Борис Ковалев. Проект ''Ловушка в Леванте''. www.terra-america.ru, 25 iyun 2013). Orada vurğulanır ki, Amerika xüsusi xidmət orqanlarının bir-birinin ardınca həyata keçirdikləri gizli əməliyyatlar nəticəsində Suriyada "Hizbullah''la "əl-Qaidə'' üz-üzə gəldi. Artıq radikal şiə qruplaşması olan "Allah ordusu'' ("Hizbullah'') sünni qruplaşmalarını zəbt etdikləri ərazilərdən vurub çıxarır. Əl-Quseyr şəhərində indi şiələrin qara bayrağı dalğalanır. Bu prosesin davam etməsi gözlənilir. Bununla Vaşinqton iki qəddar düşmən saydığı "Hizbullah''la "əl-Qaidə''ni bir-birinə qarşı qoya bildi.

Lakin məsələ bununla bitmir. Hazırda üç böyük sünni qruplaşması – "Müsəlman qardaşları'' (Yusuf əl-Kardaui), vəhhabilər (Abdelaziz əl-Şeyx) və "əl-Qaidə'' (Ayman əz-Zəvahiri) "Hizbullah''a qarşı birləşib. Şeyx Nəsrullah ("Hizbullah'') və Zəvahiri bir-birlərini kafirlikdə ittiham edirlər. Hər iki tərəf "kafirlə cihada'' səsləyir. Beləliklə, reallıq ondan ibarətdir ki, Yaxın Şərqdə məzhəb savaşı genişlənib daha böyük məkanı əhatə etməkdədir. Bura İran, Türkiyə, Misir, İordaniya, İraq, Qətər, Səudiyyə Ərəbistanı və başqa müsəlman ölkələr qarışa bilərlər. Belə demək mümkündür ki, müsəlmanlar "məzhəb tələsinə düşüblər''.

Bundan sonra nələr ola bilər? Aydındır ki, böyük dövlətlər Suriya məsələsini ədalətli həll etmək kimi "bir dərdi çəkmirlər''. Əvəzində, müsəlman dövlətlərin bir-biri ilə uzunmüddətli müharibəyə girişməsi ehtimalı artır. Əgər "Əl-Qüds əl-Ərəbi''nin yazdıqları doğrudursa, müsəlmanlar xaricilərin qurduqları oyuna uyublar. Demək olar ki, gücü və nüfuzu olan bütün müsəlman qruplaşmaları bir-biri ilə savaşmaqla siyasət, geosiyasət və hərb müstəvisində əldə etdikləri hər şeyi itirə bilərlər. Daha təhlükəlisi isə odur ki, müsəlman ölkələrin dövlətçiliyi iflic halına düşər və başqalarından daha çox asılı vəziyyətə gələrlər.

Bütün bunların fonunda Suriya problemi çox faciəvi məzmun kəsb edir. Sanki yüz minlərlə günahsız insanın axıdılan qanı kimsəni narahat etmir. Böyük dövlətlər öz geosiyasi maraqlarını düşünürlər. Regionda fəaliyyət göstərən dini qruplaşmalar "günəş altında yer uğrunda'' bir-birlərini didirlər. Onları idarə edən müsəlman dövlətlər isə məzhəb nifrətinin dənizində boğulurlar. Sonda itirən İslam aləmi olur. Bu da bütövlükdə dünya üçün yeni bir təhlükənin yetişdiyinin əlamətidir.

Beləliklə, Suriya məsələsini Yaxın Şərq regionunun ümumi geosiyasi mənzərəsindən kənarda təsəvvür etmək düzgün deyil. Burada isə çox ziddiyyətli proseslər gedir. İndi C.Kerri İsraillə ərəblərin ortaq dil tapması istiqamətində diplomatik fəallıq göstərir – o, İsraillə İordaniya arasında səfərlər edir. Lakin yuxarıda şərh edilən geosiyasi proseslər fonunda bu cəhdin səmərə verəcəyini gözləmək xeyli çətindir. Əksinə, bəzən belə təəssürat yaranır ki, müsəlmanlara qarşı hansısa yeni oyun hazırlanır. Bizcə, Zbiqnev Bjezinskinin bir fikrinə Qərbdə diqqət yetirsələr faydalı olar: "...biz son nəticədə böyük regional müharibədə bata bilərik'' (bax: Z.Bjezinskinin yuxarıdakı müsahibəsinə).

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...