THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Regional liderlikdən strateji arenaya

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5526
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Dünya kiçilib. "Böyük dövlət” və "kiçik dövlət” anlayışları xeyli nisbiləşib. Coğrafi cəhətdən kiçik hesab edilən dövlət siyasəti ilə güclü iştirakçı ola bilər. Geosiyasətdə nüfuzlu olmağın şərtlərindən biri dövlətin xarici siyasətdə simasını saxlaya bilməsidir.

Azərbaycan 1993-cü ilin ikinci yarısından bu yana xarici siyasətini dönmədən aparır. Enerji siyasəti bu prosesdə çox mühüm yer tutur. Transanadolu qaz layihəsinin (TANAP) 2012-ci il iyunun 26-da İstanbulda keçirilən imzalanma mərasiminin ab-havasından bu, aydın hiss edilirdi. Bu mərasim Azərbaycanın müstəqil dövlət kimi enerji siyasətində öz mövqeyini qorumasının təsdiqi idi. "Qafqaz incisi” adlandırılan Azərbaycanın geosiyasətdə müstəqil iştirakçı olduğunun rəsmi nümayişi idi. Hadisələrə daha geniş aspektdə nəzər saldıqda həmin fikrin doğruluğuna şübhə yeri qalmır.

Yeni "enerji kartları”

Qərb-Yaxın Şərq-Cənubi Qafqaz-Mərkəi Asiya-Uzaq Şərq geosiyasi xəttində yaranmış vəziyyətə nəzər salaq. İki səbəbdən Qərbin Xəzər və Qara dəniz hövzəsindəki enerji ehtiyatlarına ehtiyacı artıb. Birinci, Avropa maliyyə böhranı keçirir. "Böyük iyirmilər”in (G20) Los-Kabos sammitinin gündəliyinin əsas mövzusu Avropa İttifaqını (Aİ) maliyyə böhranından xilas etməkdən ibarət idi. Bunun fonunda Qərb üçün enerji təhlükəsizliyi məsələsi son dərəcə aktuallaşıb.

İkinci, ABŞ Uzaq Şərqdə Çinlə açıq və gizli olaraq enerji resursları uğrunda ciddi mübarizəyə girişib. Çin-Vyetnam, Çin-Filippin və Çin-Koreya münasibətlərində gərginlik artır. Paralel olaraq, ABŞ hərbi-dəniz donanması həmin bölgəyə əlavə qüvvələr göndərir. Bəzi məlumatlara görə, ABŞ hərbi dəniz qüvvələrinin 80%-i Sakit okean regionunda yerləşdiriləcək. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtinasını da bu proseslərlə bağlayanlar var. Eyni zamanda, Çin Mərkəzi Asiya dövlətləri ilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdədir.

Qlobal miqyasda ABŞ-Rusiya münasibətləri mürəkkəbdir. Suriya və İran məsələsində onlar tam anlaşa bilmirlər. ABŞ-ın Çinlə Uzaq Şərqdə apardığı rəqabətə Rusiya kənardan baxsa da, rəsmi Pekinə isti münasibəti şübhə doğurmur. O cümlədən, Rusiya Mərkəzi Asiyada enerji sahəsində Qərbdən çox, Çinlə əməkdaşlığa üstünlük verir. Deməli, Rusiyanın Qərbin Qafqaz və Mərkəzi Asiyada nəzərdə tutduğu enerji layihələrinə hələ uzun müddət müsbət yanaşmayacağı aydındır.

Suriya və İran məsələsi böyük geosiyasi məkan üçün təhlükə olaraq qalır. Bu prosesin hansı nəticələri verəcəyini heç kəs dəqiq proqnozlaşdıra bilmir. Çinin Mərkəzi Asiya ilə yanaşı İran neftinə də göz dikməsi Qərb üçün əlavə risk faktoru yaradır. Aydındır ki, Qərb İrana etibarlı enerji qaynağı kimi baxa bilmir.

Bunlar Avrasiya məkanında "yeni enerji kartları”nın masanın üzərində olduğunu sübut edir. O kartlar kimlərin əlindədir? Real baş verən proseslərə nəzər salaq.

Azərbaycan Prezidenti İlham Əliyev bu il mart ayının 2-də Türkiyənin TRT kanalına verdiyi müsahibədə vurğulamışdı: "...bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki bölgə üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüslərimiz – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Transanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıx edəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarımızı daha da artıracaqdır”. Bu fikirlər strateji gələcəyi xarakterizə edir. Azərbaycan və Türkiyə konkret enerji layihələri ilə "Avropanın enerji xəritəsini dəyişirlər” (İlham Əliyev). Əsas məsələ ondan ibarətdir ki, bu tarixi missiyanı reallaşdırmaq üçün iki qardaş ölkənin siyasi iradəsi, iqtisadi gücü və enerji diplomatiyası lazımi səviyyədədir.

Transanadolu layihəsinin geostrateji rolu

Həmin məqam bütövlükdə Avrasiya geosiyasi məkanının yeni mühüm amilidir. Prezident İlham Əliyev bu yeniliyi aşağıdakı kimi təqdim edir: "Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, başqa ölkələrə Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə mövqeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır”. Deməli, söhbət dəqiq təhlil əsasında verilən strateji proqnozdan gedir. Xəzər hövzəsinin enerji qaynaqları yuxarıda təsvir etdiyimiz səbəblərdən dünya üçün daha çox əhəmiyyət kəsb edəcək. Azərbaycan həmin prosesə hazırdır və konkret fəaliyyəti ilə bunu sübut edir. Yəni yeni "enerji kartları” Azərbaycanın əlindədir.

Transanadolu layihəsi bu baxımdan strateji məna daşıyır. Ancaq bu layihəni Azərbaycan və Türkiyə bu gün müstəqil olaraq reallaşdırmaqla, əslində, gələcəyə addım atdıqlarını nümayiş etdirirlər. Türkiyənin baş naziri R.T.Ərdoğan deyib: "Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe qazanmaq yolunda mühüm bir addım atmışlar”. Azərbaycan Prezidenti İlham Əliyev isə məsələyə daha geniş aspektdə yanaşır: "Biz həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan bu məsələdə də liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yoxdur”. Dövlətimizin başçısı Transanadolu layihəsinin təkcə regional deyil, Avropa miqyasında geosiyasi əhəmiyyət daşıdığını aydın ifadə edir.

Diqqəti çəkən məqam odur ki, Avropanın enerji təhlükəsizliyinin təminində iki dövlət ciddi rol oynamağa başlayır. Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyində strateji mövqeyə çıxması, dünya səviyyəsində geosiyasi proseslərə təsir edəcək. Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, bu layihə Avropa ilə Yaxın Şərqin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın enerji təhlükəsizliyi məsələlərinin əlaqələndirilməsinə imkan yaradır.

İki qitəni birləşdirən ölkə

Transanadolu layihəsi gələcəyə atılan "enerji körpüsüdür”. Dünyanın müxtəlif regionlarında qarışıqlıq olduğu bir vaxtda Azərbaycanın enerji əməkdaşlığı sahəsində atdığı strateji addımlar böyük geosiyasi məkanda sabitlik yaratmağa xidmət edir. Təbii ki, bu, gələcəyə hesablanmış ağıllı siyasətdir. Eyni zamanda, Azərbaycan dövlətçiliyinin humanist və proqressiv mahiyyətinin nümayişidir. Azərbaycan kütləvi qırğın törədən silahlar, başqasınını ərazisini işğal etməyə yönəlmiş planlar deyil, dünyaya rifah gətirəcək əməkdaşlıq layihələri təklif edir. Dövlətin gücü əsasən insanlara xidmətdə özünü göstərir.

Transanadolu layihəsi bir neçə strateji məqamın müjdəçisidir. Birincisi, Azərbaycan enerji-nəqliyyat sahəsində regionlar arasında dəhlizlər açır. Bu proses Bakı-Supsa (1999-cu il), Bakı-Ceyhan (2006-cı il), Bakı-Ərzrum (2007-ci il) layihələri ilə başladı, Bakı-Qars dəmiryolu və Transanadolu qaz marşrutları ilə davam edir. İkincisi, geosiyasi aspektdə ölkəmiz faktiki olaraq iki qitəni – Avropa və Asiyanı birləşdirir. Azərbaycanın neft kəmərləri Qara və Aralıq dənizlərinə çıxır. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi bu kəmərlərin sayəsində bütövləşir. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubileyinə həsr edilmiş İstanbul sammitində Prezident İlham Əliyev xüsusi vurğulamışdı: "Biz bu ilin sonunda növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpək Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə üç iştirakçı ölkəni deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir layihədir”.

Üçüncüsü, Z.Bjezinski Azərbaycanı keçən əsrin sonlarında Avropa ilə Asiya arasında "geosiyasi dayaq nöqtəsi” kimi xarakterizə etmişdi. Artıq Azərbaycan sadəcə mühüm geosiyasi məkan deyil, həm də qlobal enerji xəritəsinə təsir edən aktordur. Bu, geosiyasi baxımdan ciddi təkamül yolu keçmək deməkdir və dünya miqyasında strateji iştirakçı olmağa doğru atılmış addımdır. Bu, eyni zamanda, geosiyasi güclərin maraqlarının kəsişdiyi bir məkanda Azərbaycanın milli və dövlətçilik maraqlarının təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...