THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Corc Fridman: Azərbaycanın ABŞ üçün böyük əhəmiyyəti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15103
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 iyun 2013 – Newtimes.az

Amerikalı analitik Corc Fridman Cənubi Qafqazda geosiyasi proseslərin gedişatı ilə bağlı məqalə yazıb. Orada Avrasiya miqyasında əhəmiyyət daşıyan məqamlara müəllif yanaşması yer alıb. Azərbaycana xüsusi önəmin verildiyi yazıda düşündürücü fikirlərə rast gəlinir. C.Fridman dünya liderliyi uğrunda böyük dövlətlər arasında geosiyasi mübarizənin daha da kəskinləşəcəyini ifadə edən tezislər irəli sürür.

Təhlükəsizlik və demokratiya: tarix təkrar olunur

Cənubi Qafqaza geosiyasi marağın yeni səviyyəyə yüksəldiyi faktdır. Müxtəlif analitik mərkəzlər region dövlətlərinin əhəmiyyəti haqqında təhlillər dərc edirlər. Bu növ yazıların sayı getdikcə artır. Həmin tendensiyanın səbəbləri aydındır. Yaxın Şərqdə baş verən hadisələrin tədricən daha geniş geosiyasi məkanlara təsiri üzərində düşünmək lazım gəlir. Qafqaz bu sırada mühüm maraq dairəsinə daxil olan məkan kimi qəbul edilir.

Amerikanın "Stratfor'' analitik mərkəzinin qurucusu, tanınmış analitik Corc Fridmanın da Cənubi Qafqaz ölkələrinin geosiyasi əhəmiyyəti haqqında düşündürücü təhlilləri mövcuddur. Bizi onun Azərbaycanla bağlı "Forbes'' jurnalında dərc edilmiş son məqaləsi daha çox maraqlandırır (bax: George Friedman. Why Azerbaijan Should Matter To America // "Forbes", 11 iyun 2013). Çünki Qərb geosiyasi düşüncəsində Cənubi Qafqazda yerləşən ölkələrlə əlaqəli hansı məqamların üstünlük təşkil etməsi məsələsi aktualdır.

Amerikada regionla bağlı tam aydın siyasi mövqenin olmadığı hiss edilir. Realistlərlə idealistlərin Cənubi Qafqazda gedən geosiyasi proseslərə yanaşması arasında fərqlər vardır. Realistlər bölgə dövlətlərinin təhlükəsizliyinin maksimum dərəcədə müdafiə olunmasını lazım bilirlər. İdealistlər isə amerikan dəyərlərini yaymağı, demokratiyanı hər yerdə müdafiə etməyi daha doğru hesab edirlər. Bu yanaşmalar arasında olan ziddiyyətlər ABŞ-ın xarici siyasətində müəyyən dərəcədə özünü göstərməkdədir. C.Fridmanın ''Azərbaycan nəyə görə ABŞ üçün bu qədər əhəmiyyətlidir?'' sərlövhəli məqaləsinin ruhunda bu məqam vardır.

Müəllif region dövlətlərinin təhlükəsizliyinə Amerikanın tam təminat vermədiyi tezisini ifadə edir. ABŞ heç bir dövlətin təhlükəsizliyinin qarantı olmamalıdır. Bunu ondan gözləməyin mənası yoxdur. Əvəzində, Vaşinqton özü üçün strateji əhəmiyyət daşıyan dövlətlərə ciddi dəstək verməlidir. Azərbaycanın timsalında həmin məqamı C.Fridman xüsusi vurğulayır.

Analitik Azərbaycanı regionun "açar dövləti'' adlandırır. İkinci Dünya müharibəsində Almaniya bu səbəbdən Bakını zəbt etməyə ciddi cəhdlər etdi. Stalinqrad yaxınlığında alman ordusunun ağır məğlubiyyətə uğraması Hitlerin Azərbaycan neftinə yiyələnmək niyyətini alt-üst etdi. Lakin faşistlərin məhz bu istiqamətdə böyük fəallıq göstərmələri Azərbaycanın geosiyasi əhəmiyyəti ilə bağlı idi.

C.Fridman müəyyən mənada tarixin təkrar olunduğunu yazır. Hazırda dünyanın böyük dövlətləri Avrasiya məkanında möhkəmlənmək üçün Azərbaycana nüfuz etməyi əsas məqsədlərindən biri hesab edirlər. Bu tezis bizim üçün çox əhəmiyyətlidir. Məsələ ondan ibarətdir ki, indi region ətrafında mürəkkəb geosiyasi oyunlar qurulur. Erməni analitiklər Ermənistanın regionda həlledici rol oynadığı görüntüsü yaratmağa çalışırlar. Hətta Serj Sarkisyan Təhlükəsizlik Şurasının son iclasında yaxın 3-4 ildə regionda geosiyasi mənzərənin dəyişəcəyi haqqında danışmışdı. Guya bu proses Ermənistan üçün əlverişli olan şərtlər daxilində getməyə başlayıb. C.Fridman isə tamam əks ideya irəli sürür – o, Azərbaycanın nəinki region, hətta Avrasiya məkanı üçün əsas dövlət olduğunu vurğulayır.

Məsələyə digər aspektdən yanaşanda düşündürücü vəziyyətlə qarşılaşırıq. Çünki Azərbaycanın bu dərəcədə geosiyasi əhəmiyyət kəsb etməsi Rusiya, İran, Türkiyə, Çin və ABŞ arasında gərgin mübarizənin getdiyindən xəbər verir. Müşahidələr göstərir ki, bir sıra hallarda ölkəmizə qarşı əsası olmayan iddialar irəli sürülür. Görünür, burada böyük dövlətlərin apardıqları mübarizənin təsiri vardır. Müxtəlif dairələr Bakıya təzyiq etməyə çalışır və öz məqsədlərini reallaşdırmaq istəyirlər. Son zamanlar bu tendensiyanın bir qədər gücləndiyi hiss edilir.

Geosiyasi mübarizənin kəskinliyi

Böyük dövlətlər tərəfindən Azərbaycanın Avrasiya məkanında əsas ölkələrdən biri kimi qəbil edilməsi tezisi üzərində ciddi düşünmək lazım gəlir. C.Fridman bunu yalnız enerji amili ilə izah etmir. Məsələnin bir çox aspekti vardır. Burada coğrafi, mədəni, siyasi, geosiyasi, hərbi və iqtisadi amilləri nəzərə almaq lazım gəlir. Bütün bu göstəricilər Ermənistanla Gürcüstanın geosiyasi əhəmiyyətinin Azərbaycana nisbətən daha az olduğunu təsdiq edir. Lakin hazırda Gürcüstanda Rusiyaya meylli hökumətin mövcud olması Azərbaycan üçün yeni geosiyasi şərtləri meydana atır. C.Fridman hesab edir ki, Moskva Gürcüstan amilindən istifadə edərək, Qərbə istiqamətlənmiş enerji marşrutlarını məhdudlaşdıra bilər. Strateji əməkdaşlıq baxımından bu, region üçün ciddi nəticələrə səbəb olar. Belə bir şəraitdə Vaşinqton hansı mövqeni tutmalıdır?

Məqalədə məsələnin bu tərəfinə ciddi diqqət yetirilir. Analitik hesab edir ki, Amerika regionda maraqlarını təmin etmək üçün daha da fəal olmalıdır. "Soyuq müharibə'' başa çatdıqdan sonra ABŞ-ın dünya liderliyi imkanları genişlənmişdir. Hər bir halda həmin dövrdə Amerika 100 min əsgərini itirdi. İndi bu qədər qurban verməyə ehtiyac yoxdur. Bunun üçün xarici siyasətə yeni məzmun vermək gərəkdir. Maraqlıdır ki, C.Fridman bir çox ölkələrin özlərinin Amerikaya ehtiyacı olduğuna inanır. Onlar təhlükəsizliklərinin təmin edilməsi məsələsindən narahatdırlar. Lakin ABŞ onların təhlükəsizliklərinin təmin olunmasının qarantı ola bilməz. Söhbət yalnız ciddi dəstəkdən gedə bilər.

Buradan maraqlı bir nəticə çıxır. Amerika dünyanın lideri olmaq iddiasında qalır. Bununla yanaşı, müxtəlif regionlarda əvvəlki dövrlərdə olduğu səviyyədə iqtisadi və hərbi güc sərf etmək fikrində deyil. ABŞ regional güc mərkəzlərinin mövcudluğunu qəbul etməyə üstünlük verir. Eyni zamanda, onların liderliyinin müəyyən sərhədə qədər mümkün ola biləcəyi mesajını ötürür.

Azərbaycan məsələsinə qlobal miqyasda aparılan geosiyasi oyunlar prizmasından nəzər salanda, yuxarıdakı məqamlar üzərində düşünməyin vacibliyi aydın hiss edilir. Ölkə ətrafında geosiyasi mübarizə kəskinləşə bilər. Rusiyanın Ermənistanda hərbi gücünü artırmaqla bağlı addımlar atdığı bir zamanda bu məsələ daha aktual görünür. Digər tərəfdən, Gürcüstan hökuməti son vaxtlar bölgəyə qeyri-müəyyənliklər gətirə biləcək fikirlər ifadə edir. Hiss edilir ki, rəsmi Tbilisi müəyyən manevrlər etməklə düşdüyü vəziyyətdən çıxmağa çalışır. Lakin bunu digər məqamlarla yanaşı, Azərbaycanın maraqları hesabına reallaşdırmaq istəyi başadüşülən deyil.

Rəsmi İrəvana gəldikdə isə o, geosiyasi seçim məsələsində ciddi tərəddüd içərisindədir. Müxtəlif tərəflərdən olan təzyiqlər qarşısında tab gətirməyən Ermənistan rəhbərliyi əvvəlki kimi destruktiv mövqedə qalmaqdadır. Bu şərtlərin mövcudluğu şəraitində bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmağa cəhdlər göstərməsi qərəzli planların mövcudluğundan xəbər verir. Problemi ədalətli həll etmək əvəzinə, onlar regionun bəzi ölkələrinin yeni səviyyədə silahlandırılması xəttini tuturlar. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər. Bunun əvəzində, onlar regionun sosial-iqtisadi və mədəni inkişafına çalışsalar, daha perspektivli olardı. Bölgədə mövcud olan münaqişələrin ədalətli həllinə nail olmaq bütövlükdə Avrasiya məkanında sülhə xidmət edərdi. Təəssüf ki, Corc Fridman kimi analitiklər belə, ABŞ-ın kimlərə silah satmalı olduğu məsələsini qabartmağa daha çox önəm verirlər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...