THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya qambiti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6493
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 iyun 2013 – Newtimes.az

Nəhayət, Qərb suriyalı müxaliflərə silah satmaqla bağlı qərar verdi. Bununla da regionda geosiyasi proseslər daha da intensivləşdi. Moskva və Tehranın reaksiyaları kəskin oldu. Böyük dövlətlər arasında ziddiyyətlərin dərinləşdiyi müşahidə edilir. Bu proseslər regionu hara apara bilər?

At gedişi

Böyük dövlətlərin Suriya uğrunda mübarizəsi daha da kəskinləşib. Son bir neçə gündə bir-birinin ardınca atılan addımlar mövcud mənzərəni xeyli dəyişib. Maraqlıdır ki, dünyanın böyük dövlətləri təqribən eyni vaxtda konkret qərarlar qəbul etdilər. Əvvəllər üstüörtülü diplomatik ibarələrlə deyilən fikirlər indi açıq ifadə olunur. Qərbin məsələ ilə əlaqəli gəldiyi qərarlar, obrazlı desək, şahmatdakı at gedişinə bənzəyir. Lakin bu addımın özünəməxsusluğu var.

Məsələ ondan ibarətdir ki, Qərb Suriyada ordunun kimyəvi silahdan istifadə etdiyini bəhanə gətirərək addımlar atır. Xatırladaq ki, eyni vəziyyət İraqla əlaqədar yaranmışdı. Onda ABŞ Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olmasını əsas tutaraq, İraqa hücum etmişdi. Oxşar iddianı indi Suriya hakimiyyətinə qarşı irəli sürürlər. Bu da müəyyən mənada şahmatda hansı istiqaməti vuracağı əvvəlcədən dəqiq bilinməyən at gedişini xatırladır.

Budur, ABŞ və Avropa İttifaqı Suriya müxalifətinə silah yardımı etmək haqqında razılığa gəliblər. Buna müxaliflər dərhal reaksiya veriblər. Onların komandanı general Səlim İdris deyib ki, əgər Amerika lazımi silahları versə, 6 aya Bəşər Əsədi hakimiyyətdən devirərik. Suriya prezidenti də öz növbəsində müxaliflərə silah satmağa hazırlaşanları hədələyib. O, Qərb ölkələrində terror hadisələrinin baş verə biləcəyindən danışıb.

Gözlənildiyi kimi, bu hadisələrə İranın reaksiyası sərt olub. İngiltərənin "The Independent” qəzeti Tehranın Suriyaya 4 min əsgər göndərmək haqqında qərar qəbul etdiyi barədə informasiya yayıb. İran "Hizbullah”ın dili ilə B.Əsədə "savaşa davam et” mesajını göndərib. İndi Əsədə sadiq olan ordu Hələbin üzərinə hücuma hazırlaşır. Son günlər onlar bir neçə strateji məntəqəni üsyançıların əlindən geri ala biliblər. "Hizbullah”ın başçısı Şeyx Nəsrullah "son nəfərimizə qədər vuruşacağıq”, deyib. Onun hətta Suriyaya getdiyi haqqında informasiyalar yayılıb.

Yaranmış yeni vəziyyətlə bağlı Rusiyanın atdığı addımlar ayrıca maraq doğurur. Moskva Qərbə açıq şəkildə bildirib ki, B.Əsədi müdafiə edəcək. Kreml müxalifətə silah satışının yalnız ölkədə gərginliyi artıracağını ifadə edib. Dövlət başçısı Vladimir Putin kəskin formada Qərbin Suriya müxalifətinə silah satması qərarını tənqid edib. O, Böyük Britaniyanın baş naziri D.Kemeronla görüşündə Moskvanın mövqeyinin dəyişməyəcəyini dilə gətirib. Rusiya KİV-in yaydığı informasiyaya görə, prezident Putin Qərb dövlətlərinin Suriyada "əlinin qana batdığını” söyləyib (bax: Blood on your hands: Vladimir Putin's attack on David Cameron ahead of G8 talks on Syria crisis. www.independent.co.uk, 17 iyun 2013).

Bunlar Suriya məsələsi ətrafında geosiyasi vəziyyətin daha da kəskinləşdiyini təsdiq edir. Maraqlıdır ki, bu, Cenevrə konfransı ərəfəsində baş verir. Məhz həmin tədbirdən əvvəl Qərbin "at gedişi” etməsinin səbəbləri nədir? Onları bu addımı atmağa hansı proseslər vadar edib? Bu suallara cavab verməzdən əvvəl, ümumiyyətlə, mürəkkəb oyun aparıldığını etiraf etmək gərəkdir. Qərb uzun müddət Suriyadakı proseslərə ehtiyatlı yanaşdı. Ora birbaşa müdaxilədən çəkindi. Əvəzində, Türkiyəni müharibə alovuna atmağa cəhd etdi. Lakin Ankara çox təmkinli davrandı. Bir tərəfdən, Suriya xalqı ilə həmrəyliyini ifadə etdi, silahlı müxalifətə müxtəlif yardımlar göstərdi, digər tərəfdən isə, özünü terrordan qorudu. Türk əsgəri bəzi dairələrin gözlədiyi kimi Suriyaya daxil olmadı.

Məsələnin başqa aspekti son zamanlar İran və regionda fəaliyyət göstərən şiə hərbi qruplaşmalarının B.Əsədə ciddi hərbi yardım göstərməsinə bağlıdır. Qərb və Rusiya mətbuatı Tehranın Yaxın Şərqdə "şiə ayparası” yaratmaqla məşğul olduğunu yazır (bax: məs., Ирина Мохова. Катаррвется в лидеры арабского мира // "Независимая газета”, 3 iyun 2013). Bunların fonunda Rusiyanın B.Əsəd rejiminə silah satışını davam etdirməsi diqqəti çəkir. Moskva bunu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirdiyini deyir. Nəticədə, rəsmi Dəməşq ciddi hərbi yardımlar almış olur.

Təbii ki, Qərb bu proseslərə reaksiya verməli idi. Həmin kontekstdə onun "at gedişi”ni Əsədin hərbi potensialına gözlənilməz zərbə endirmək kimi qiymətləndirmək olar. Lakin geosiyasi aspektdə düşündürücü bir məqam da var. Bütün bu oyunların arxasında İranı Yaxın Şərqdəki münaqişəyə cəlb edib, sonra zərərsizləşdirmək planları dura bilər. Artıq Tehran açıq surətdə Suriyadakı müharibəyə qarışır. Deməli, əgər Qərb ora hansısa hərbi güc göndərsə, İrana sadiq qüvvələrlə toqquşması qaçılmaz olacaq. Bu baxımdan, Qərbin növbəti "at gedişi”nin Tehranı hədəf almayacağının qarantiyası yoxdur. Bəlkə də indi Suriyada vəziyyəti daha çox hərbi aspektə çəkməkdə strateji məqsəd İrana hərbi zərbə endirmək üçün əsas hazırlamaqdan ibarətdir.

Top gedişi

Lakin yuxarıda təsvir etdiyimiz proseslərdə Rusiya amilini çox ciddi surətdə nəzərə almaq gərəkdir. Çünki Qərbin planlarına qarşı yalnız Rusiya effektiv addımlar ata bilər. Müşahidələr göstərir ki, artıq Moskva "at gedişi”nə "top gedişi” ilə cavab verir. Vladimir Putin etiraf edir ki, Rusiya rəsmi Dəməşqə silah satır. Ancaq beynəlxalq qanunlar buna icazə verir, çünki Moskva Suriyanın qanuni hakimiyyəti ilə əməkdaşlıq edir. V.Putin üzünü Qərb dövlət rəhbərlərinə tutaraq sual edir ki, bəs sizlər kimləri silahlandırmaq istəyirsiniz? İnsanın iç orqanlarını çıxarıb yeyən "üsyançıları”mı? Rusiyanın bu hərəkəti şahmatdakı top gedişinə bənzəyir – birbaşa uzaq hədəfləri nişan alır.

Bundan başqa, rəsmi Moskva B.Əsədə silah satmaqla kifayətlənmir, açıq surətdə bildirir ki, Suriyada uçuşa qadağan olunan zonanın yaradılmasına imkan verməyəcək. "Böyük səkkizliyin” Lough Erne sammitində V.Putin bu məsələ ilə əlaqəli qəti və konkret mövqeyini bildirib. Qərbin onu yola gətirmək cəhdləri müsbət nəticə verməyib.

Rusiyanın bu şəkildə proseslərə reaksiya verməsi Yaxın Şərqdə çox düşündürücü geosiyasi vəziyyətin yaranmaqda olduğunu göstərir. Hər iki tərəfin atdığı addımlar son nəticədə təkcə Suriyada deyil, bütövlükdə regionda gərginliyi artırır. İndi dünya KİV-i münaqişənin regional səviyyəyə qalxdığı haqqında informasiyalar yayır. Doğrudan da artıq İran, Qətər, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Livan və İraq bu və ya digər dərəcədə həmin proseslərin içindədirlər. Hazırda vəziyyət çox həssasdır. Misir prezidenti Mursinin Suriya ilə diplomatik münasibətləri kəsməsi haqqında bəyanatına bəzi region dövlətləri çox kəskin reaksiya veriblər. Məsələyə Tehran və Moskva da münasibətini bildirib.

Proseslərin bu istiqamətdə davam etməsi hansı nəticələri verə bilər? Hər şeydən əvvəl aydındır ki, Suriya uğrunda aparılan oyunlar prinsipcə yeni səviyyəyə qalxır. Bu mənada "Suriya qambiti” sülhlə yox, çoxlu qan tökməklə nəticələnə bilər. Burada böyük dövlətlərin real surətdə dialoqdan qaçmağa çalışdığını demək olar. Həmin əsasda ABŞ-Rusiya münasibətlərinin kəskinləşə biləcəyini proqnozlaşdırmaq olar.

Ancaq daha düşündürücü olanı Yaxın Şərqdə regional müharibənin alovlanma ehtimalının yüksəlməsidir. Bu qorxulu tendensiya, təəssüf ki, getdikcə genişlənir. Bölgədə belə bir savaşın meydana gəlməsi, əsasən, müsəlman ölkələrinə ciddi zərər yetirə bilər. Onların bu və ya digər cəbhədən müharibəyə qarışması regional xaos yaratmaqla yanaşı, sosial-iqtisadi və mədəni inkişafın qarşısına ciddi sədd çəkər (daha ətraflı bax: "Suriye'de Kabusa Doğru? Suriye'nin İçinde Bulunduğu Kritik Durum ve Olası Senaryolar". USAK Raporları, №13-01, 1 iyun 2013). Bütövlükdə, mənzərə təbii ki, çox qorxuludur. Bu vəziyyətdən çıxış yolu hələlik görünmür.

Əgər Qərbin Suriya ilə bağlı nəzərdə tutduğu hərbi addımlar gerçəkləşsə, İranın vəziyyəti xeyli pisləşəcək. Onun Rusiya ilə birgə buna müqavimət göstərməsi isə daha geniş miqyasda geosiyasi münaqişənin yaranmasına yol aça bilər. Görünür, məhz Suriya məsələsi dünyanın böyük dövlətlərinin yaxın perspektivdə həyata keçirmək istədikləri geosiyasi planların əsl məzmununu üzə çıxaracaq. Həmin kontekstdə Qafqaz və Mərkəzi Asiya regionları ilə əlaqəli hansı addımların atıla biləcəyi də düşündürücüdür.

Bütün bunlar "at və top gedişlərinin” faktiki olaraq, geosiyasət meydanında böyük maraqların toqquşmasının əlamətləri olduğunu göstərir. Belə vəziyyətlərdə xaosun yaranması ehtimalı yüksək olur. Əgər ABŞ, Avropa və Rusiya ortaq nəticəyə gələ bilməsələr, dünya növbəti geosiyasi silkələnmələrin şahidi ola bilər. Onu demək lazımdır ki, bu geosiyasi güc mərkəzlərini bir araya gətirə biləcək şərtlər də görünmür. Fikir ayrılıqları o dərəcədə güclüdür ki, dialoqun baş tutması xəyal kimi görünür. Amma sonuncu ölən ümiddir. Bəlkə də bu oyunda "at”la "top” barışa biləcək?

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...