THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

''Böyük səkkizlik'': Lough Erne ziddiyyətləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9681
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2013 – Newtimes.az

Dünyanın inkişaf etmiş səkkiz ölkəsini birləşdirən qrupun növbəti toplantısı baş tutub. Ekspertlər bu tədbirdən çox şeylər gözləyirdilər. Müzakirələr gərgin keçib. Bir sıra məsələlər üzrə ortaq razılıq əldə olunub. Lakin qlobal geosiyasət üçün ciddi hesab edilən problemlər üzrə fikir ayrılıqları qalır. Bu da müəyyən narahatlıqlar yaradır.

İştirakçıların arqumentləri və ittihamları

Şimali İrlandiyanın Lough Erne kurort şəhərciyi tarixi bir tədbirin şahidi oldu. Bura ''Böyük səkkizlik'' (G8) ölkələrinin öz gərgin müzakirəsi və ziddiyyətli məqamları ilə xarakterizə edilə bilən toplantısının keçirildiyi yer kimi məşhurlaşdı. Sammitdən daha əvvəlcədən çox danışılırdı. Qlobal geosiyasətdə baş verən proseslərin orada daha geniş müzakirə ediləcəyi gözlənilirdi. Ticari, maliyyə, iqtisadi problemlərlə yanaşı, Suriya məsələsi kimi mürəkkəb bir mövzu ilə bağlı fikir mübadiləsi olmalı idi.

Əvvəlcə onu deyək ki, "G8'' inkişaf etmiş dövlətlərin başçılarının qeyri-formal forumudur. Onun əsası 1975-ci ildə Fransanın təşəbbüsü ilə qoyulub. O dövrdə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və Yaponiya ona üzv olublar. 1976-cı ildə Kanada bu qrupa daxil olub. Nəticədə ''Böyük yeddilik'' (G7) yaranıb. Rusiya 1997-ci ildə həmin quruma üzv seçilib. Bununla da "Böyük yeddilik'' "Səkkizliy''ə çevrilib. Avropa İttifaqı qrupun tədbirlərində tam formatla iştirak edir.

Dünya ixracatının 49%-i ''G8''-in payına düşür. Sənaye istehsalının 51%-i və Beynəlxalq Valyuta Fondunun aktivlərinin 49%-i həmin qrupa aiddir. ''G8'' çərçivəsində aktual beynəlxalq problemlər müzakirə edilir, ortaq yanaşma formalaşdırılır.

Qrupun budəfəki sammiti ərəfəsində isə Suriya məsələsinə iştirakçıların yanaşmaları arasında ciddi fərqlərin olması müşahidə edildi. Daha konkret desək, Rusiya "G7”-nin mövqeyi ilə qəti surətdə razılaşmırdı. Bu səbəbdən jurnalistlər tədbiri "G7''+1 kimi ifadə edirdilər. Doğurdan da, Rusiya prezidenti V.Putini nə ABŞ dövlət başçısı B.Obama, nə də Britaniyanın baş naziri D.Kemeron fikrindən daşındıra bildi.

Yekun sənəddən də görünür ki, tərəflər Suriya məsələsində tam razılığa gələ bilməyiblər. Doğrudur, D.Kemeron "bütün istiqamətlərdə uğurlu nəticələr əldə edildi'' deyib (bax: Дэвид Кэмерон: саммит "восьмерки" увенчался успехами по всей повестке. www.itar-tass.com, 18 iyun 2013). Ancaq B.Əsədlə bağlı "G7'' "bu adam ölkəni idarə edə bilməz'' fikrində qalıb, V.Putin isə indiki prezidentsiz Suriyada keçid hökumətinin qurulmasını mümkün hesab etmir. Sammit iştirakçılarının yekun sənəddə Suriya məsələsində razılaşdırdığı 7 bənddən 6-sı ümumi xarakter daşıyır. Bunlara görə, D.Kemeronun optimizminin daha çox diplomatiya xatirinə olduğunu demək mümkündür.

Onu vurğulamaq lazımdır ki, Qərb ekspertləri bu sammitə elə də ümid etmirdilər. "The National Interest'' jurnalında bu toplantıya həsr edilən analitik məqalə "Belfastda itirilən zaman'' adlanır (bax: Doug Bandow. Wasting Time in Belfast. www.nationalinterest.org, 17 iyun 2013). Müəllif Duq Bendau keçmiş prezident Ronald Reyqanın xüsusi köməkçisi olub. O yazır ki, "Amerika müflisləşmə ərəfəsindədir... Vaşinqton növbəti sammitə əlavə məzmun verməli və yeni istiqamətdə hərəkət etməlidir'' (həmin məqalə).

Geosiyasi ziddiyyətlər: ortaq mövqe yoxluğu

Təbii ki, "G8'' daxilində olan ziddiyyətlər və qlobal geosiyasətdə özünü göstərən fikir ayrılıqlarının fonunda yaranan bu cür bədbinlik sammitin gedişinə təsirini göstərib. Tədbir iştirakçıları ticarət, maliyyə və iqtisadi sahələrdə ortaq mövqeyə gəlsələr də, qərarların nə dərəcədə yerinə yetiriləcəyi məsələsi açıq qalır. Bütövlükdə dövlət başçıları dünya iqtisadi sisteminin böhranın pik nöqtəsini keçdiyini bildiriblər. Yekun sənəddə qlobal iqtisadi sistemdə risk amilinin azaldığı ayrıca vurğulanır. Eyni zamanda, dünya miqyasında iqtisadi inkişaf tempinin azalması müşahidə edilir. "G8''-ə daxil olan ölkələrin bu aspektdə ciddi tədbir görməli olduqları sənəddə öz əksini tapıb.

Tədbir iştirakçıları vergi sisteminin yeniləşməsi ilə əlaqədar ortaq nəticəyə gəliblər. Hiss edilir ki, iqtisadi inkişafı sürətləndirmək üçün daha çox gəlir əldə edən təşkilatların vergini tam ödəməməsi ciddi qlobal problemə çevrilir. "G8'' bu məsələyə məsuliyyətli yanaşıb və transmilli şirkətləri də əhatə edən qaydalar tətbiq edilməsi haqqında razılığa gəlinib.

Sammitin maraqlı məqamlarından biri Rusiya prezidenti V.Putinin postsovet məkanında inteqrasiya proseslərinə təşkilatın müsbət yanaşdığı haqqında dedikləri olub. O, toplantının yekunları haqqında danışarkən, Qərb dövlətlərinin Gömrük İttifaqını gücləndirməyi vacib saydıqlarını ifadə edib (bax: Владимир Путин подвел итоги саммита "большой восьмерки". www.itar-tass.com, 18 iyun 2013).

Bütün bunların fonunda toplantının ən aktual və geniş müzakirə edilən məsələsi Suriya ilə bağlıdır. Rusiya təşkilata daxil olan dövlətlərin etirazlarına baxmayaraq, B.Əsədə silah satmaqda davam edəcəyini bildirib. Rəsmi Dəməşq bununla Cenevrə konfransı ərəfəsində arqument əldə edib. Görünür, bu səbəbdən konfransın iyulda deyil, avqustda təşkil olunması qərara alınıb. Bunu hər iki tərəfin tədbirə hazırlıqlı gəlmək istəyi ilə əlaqələndirmək olar. Belə ki, həmin müddətdə tərəflərdən hansının daha çox hərbi uğur qazanacağından bir çox məsələlər asılı olacaqdır.

Özlüyündə vəziyyətin belə dəyişməsi narahatlıq yaradır. Çünki Suriyada müharibənin kəskinləşməsi bütövlükdə regionda ağır nəticələrə gətirib çıxara bilər. Ola bilər ki, həmin səbəbdən ümumiyyətlə, Cenevrə görüşü baş tutmasın. Hadisələrin bu istiqamətdə inkişafı qlobal miqyasda yeni geosiyasi problemlərin meydana gəlməsinə təkan verər. Məsələnin başqa düşündürücü tərəfi dünyanın inkişaf etmiş ölkələri arasında əsas geosiyasi proseslər haqqında fərqli mövqelərin olmasından ibarətdir.

Həmin istiqamətdə proseslərin genişlənməsi geosiyasətdə uçurumları dərinləşdirə bilər. Mövqe fərqləri Rusiya ilə Qərbin ən inkişaf etmiş ölkələri arasında müşahidə edildiyindən onun nəticələrinin ağır ola bilmə ehtimalı yüksəkdir. Çünki bu ziddiyyətlərə Çin, Hindistan və sürətlə inkişaf edən digər dövlətləri də daxil etmək lazım gəlir. Deməli, mövcud anlaşılmazlıq təkcə "G8'' çərçivəsi ilə məhdudlaşmır. Faktiki olaraq, dünyanın əsas geosiyasi güc mərkəzləri arasında anlaşılmazlıqdan söhbət gedir.

Bu kontekstdə daha bir düşündürücü qənaət əldə etmək olar. "Böyük səkkizliy"in sammiti qlobal geosiyasətdə qarşılıqlı anlaşmaya xidmət edən qərara gələ bilmədi. Belə görünür ki, dünyanın müxtəlif guşələrində müşahidə edilən münaqişələrin həll edilməsi şansı çox azdır. ABŞ, Rusiya və Fransa dövlət başçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatın məzmunundan da bunu hiss etmək olar.

Həmin bəyanat zahirən çox humanist təsir bağışlayır. Münaqişə tərəflərinə ortaq razılığa gəlmək, yalnız öz marağını düşünməmək tövsiyə edilir. Lakin konfliktin tarixinə səthi də olsa nəzər salsaq, görərik ki, bu cür bəyanatlar çox verilib. Həm də ondan sonra Ermənistan daha azğın hərəkətlər edib. Ancaq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri başçıları təcavüzkardan işğal etdiyi ərazilərdən çıxmağı tələb etsələr, vəziyyət tamamilə fərqli olardı. Rəsmi İrəvana havadarlıq etməklə, münaqişənin həllini çıxılmaz dairəyə salırlar.

Bütün bunlara görə, Azərbaycanı da yalnız öz maraqlarını güdməkdə qınamaq doğru deyildir. Bakı münaqişənin sülh yolu ilə ədalətli həll edilməsi üçün əlindən gələni edir. Lakin Lough Ernedə verilən bəyanat göstərir ki, "G8'' geosiyasi problemlərin ədalətli həllinə hələ hazır deyil.

Beləliklə, "G8''-in növbəti illik sammiti də qlobal miqyasda mövcud olan geosiyasi problemlərin həlli perspektivinə bir aydınlıq gətirə bilmədi. Düşündürücü haldır. Bundan sonra da dünyanın müxtəlif guşələrində münaqişəli situasiyaların meydana gələ biləcəyini istisna etmək olmur. Əgər bu məqam yoxdursa, onda ticarət, iqtisadiyyat və maliyyə sahəsində əldə edilən ortaq qərarların reallaşması şansının çox az olduğunu etiraf etməliyik.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...