THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Demokratiya və kapitalizmə Qərbdən və Şərqdən baxış

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5124
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 iyun 2013 – Newtimes.az

1985-ci ildə Sovet İttifaqı, onun ardınca isə Şərq blokunun digər ölkələri, sonralar demokratiyaya, bazar iqtisadiyyatına və azad cəmiyyətə yol adlandırılan islahatlara başladılar. O vaxtlar bu yolun adı bir az fərqli idi: sosializmin yenidən qurulması. Az adamın indi yadındadır, ancaq ilkin impuls iqtisadi müstəvidə yerləşirdi, - necə sosialist iqtisadiyyatını daha məhsuldar və azsərfiyyatlı, insanları daha motivasiyalı etmək olar. Müasir dildə desək, iqtisadiyyatı necə innovasiyalı və rəqabət qabiliyyətli etmək olar. Aşkarlıq, fikir, seçim azadlığı, siyasi plüralizm kimi məsələlər isə əsas hədəfə nail olmaq üçün alətlər olaraq başa düşülürdü.

Bu qədər il keçdikdən sonra qeyd etmək olar ki, demokratik cəmiyyətin qurulmasında müəyyən nailiyyətlər var, bunu inkar etmək mənasız olardı. Lakin, Şərqi Avropa da daxil olmaqla, keçmiş Şərq blokunun heç bir ölkəsində innovasiyalı, davamlı, Qərblə rəqabət apara biləcək iqtisadiyyat qurulmadı. Bir müddət Polşa, Çexiya, Baltikyanı ölkələr uğur etalonu hesab edilirdi. Amma hazırda bu ölkələr böyük dərəcədə Avropa İttifaqının subsidiyaları hesabına yaşayır, ənənəvi sayılan bir sıra sahələr faktiki olaraq dayanıb, işləmir.

Sual yaranır. 80-ci illərin ortasında islahatlar müəllifləri belə gələcək barədə xəyal edirdilər? Bir sözlə, nəticədə nə demokratik Baltikyanı dövlətlərdə, nə də Mərkəzi Asiya dövlətlərində innovasiyalı iqtisadiyyatlar yaradılmadı. Belə çıxır ki, demokratik idarəetmə üsulu iqtisadi rifahın və cəmiyyətin modernləşməsinin qarantı deyildir, yoxsa necə?

İş ondadır ki, çağdaş demokratiya və bazar iqtisadiyyatı Qərbdə və Qərb üçün formalaşmış fenomenlərdir. Bu və ya digər səbəblərdən bu mexanizmlər Qərb ölkələrində kifayət qədər effektlidir və Qərb cəmiyyətinin inkişafını təşviq edirlər. Şərqdə tarixən avtoritar idarəetmə üsulu formalaşmış və həm siyasi, həm də iqtisadi həyata sirayət etmişdir. Yenə də, bu və ya digər səbəblərdən, avtoritar idarəetmə üsulu 20-ci əsrin sonunda fundamental problemlərlə üzləşmişdir ki, onları ənənəvi, sınanmış yollarla həll etmək alınmır.

Liberal demokratiya yeganə alternativ olduğundan, Şərq ölkələri yeni həyat tərzi seçdiklərini bəyan etdilər. Lakin elan etmək reallaşdırmaqla eyni deyildir. Təxminən 30 il keçməsinə baxmayaraq, Şərq blokunun heç bir ölkəsi inkişaf etmiş cəmiyyət meyarlarının əksəriyyəti üzrə Qərb ölkələrinə çatmamışdır. Bəs niyə, bəlkə 30 il az müddətdir? Yox, 30 il az müddət deyildir. Vaxtilə 30 ilə tarixi yoxluqdan böyük imperiyalar bərpa olunublar. Problem onda nədədir?

Şərq cəmiyyətinin liberal düşünən kəsimi arasında belə fikir geniş yayılıb ki, avtoritar hakimiyyətlər islahatları yekunlaşdırmadı, əsl demokratiya və kapitalizmin qurulmasına imkan vermədilər. Nə vaxtsa bu baş verdikdə isə cəmiyyət nemətlər içində üzəcəkdir. Yaxşı nəzəriyyədir, ancaq belə olan halda Şərqi Avropadakı durum bu nəzəriyyə ilə necə izah olunur, aydın deyil.

Məsələyə fərqli bucaqdan baxanlar Qərbdə yaranmış liberal demokratik modelin Şərq üçün yararlılığını sual altına qoyurlar. İslahatların dalana dirənməsinin onlar tərəfindən izahı üç tezislə təsvir olunur:

  • Qərb cəmiyyətinin inkişafının əsl katalizatorları bizə bəlli deyildir;
  • məsələnin daha pis tərəfi ondan ibarətdir ki, Şərqdə cəmiyyətinözünün inkişafının əsl katalizatorları da bizə bəlli deyildir;
  • Qərb fəal şəkildə bizə mane olur.

Çalışaq aydınlıq gətirməyə. Əvvəla bir suala cavab verək: XXI əsrdə dövlət sisteminin başlıca funksiyaları nədən ibarətdir? Mahiyyətcə üçünü səsləndirə bilərik: sabitliyin təmin edilməsi; iqtisadi və sosial inkişafın, yenilənmənin təmin edilməsi; ədalətin təmin edilməsi – sistem ədalətli olmalıdır və ya ən azından vətəndaşlara belə görünməlidir. Bu vəzifələr məzmunca mürəkkəbdir: sabitlik və inkişaf əksliklərin vəhdət və ziddiyyəti halındadır, ədalət isə qeyri-müəyyən məfhumdur.

Qərb sistemi hər üç vəzifənin icrasının öhdəsindən ümumilikdə gəlir, hərçənd ki, davam edən dünya iqtisadi böhranı mənzərəyə yeni çalarlar qatır. Şərqdə sistemin ən böyük uğurları sabitliyin əldə olunması sahəsindədir, digər iki funksiya üzrə ciddi problemlər meydana gəlib. Müasir Qərb sisteminin mahiyyəti demokratiya və kapitalizm/bazar iqtisadiyyatı fenomenindədir. Bəs demokratiya və bazar iqtisadiyyatı sistemin müntəzəm işləməsini necə təmin edə bilir?

Qərb müəlliflərinin yazdığı iqtisadiyyat, politologiya, sosiologiya üzrə kitablarda universal alətlər verilir. Onlardan ən mühümləri bunlardır: qanunun aliliyi, hakimiyyət bölgüsü, söz və toplaşma azadlığı, hakimiyyətin dəyişməsi, azad rəqabət, özəl mülkiyyət, iqtisadiyyatın və həyatın əsas tənzimləyicisi kimi bazar institutu.

Sadə səslənir. Bəs niyə Şərq ölkələrində tətbiq edildikdə, bu alətlər Qərbdə olan nəticələri vermir? Bütün ölkələrdə bu prinsiplər konstitusiyalarda, qanunlarda öz əksini tapmışdır. Qanunların imitasiya xarakteri daşıması tezisi ilə razılaşsaq belə, niyə yuxarıda sadalanan prinsiplər öz gücünə özünə yol açmırlar?  Axı iddia edilir ki, SSRİ-də məntiqsiz sosializm qanunları məhz bu yolla sıradan çıxarılmışdır və demokratiya və kapitalizm prinsipləri bütün cəmiyyətlər üçün orqanikdir, təbiidir. Təbii isə qeyri-təbiini sıxışdırıb çıxartmalıdır.

Burda qeyd etmək lazımdır ki, Qərb sistemi adı çəkilən üç funksiyadan əlavə bir spesifik funksiya da icra etməlidir: daimi genişlənmənin təmini. Fikir verin, bütün demokratiyalar daxilə yox, xaricə yönəlir. Hətta kiçik Avropa ölkələri qlobal parametrlərlə düşünür.Misal üçün planetin hər bir nöqtəsində seçkilərin monitorinqində böyük həvəslə iştirak edirlər. Bu istək nədən qaynaqlanır, olmaya "papuaslara” sevgidən? Demokratiya və kapitalizmin təbiəti özü-özlüyündə genişlənməni tələb edir, axı nəzəri baxımdan onlar universal dəyərlərdir.

Sual yaranır – genişlənmə funksiyasının digər funksiyalarla əlaqəsi nədən ibarətdir, yəni, misal üçün, inkişafın təmin edilməsində genişlənmə faktorunun rolu böyükdürmü? Əgər genişlənmə faktoru zəruridirsə, nüfuz dairəsini genişləndirmək imkanı məhdud olan ölkələr effektiv bazar iqtisadiyyatı və demokratiya qura bilməyəcəklər.

Digər mübahisəli məqam tətbiq edilən alətlərlə bağlıdır. Qanunun aliliyi, hakimiyyət bölgüsü, azad söz, azad rəqabət və digər alətlər Qərb özünüdərkinin dərinliklərindən çıxmışdır və Qərb cəmiyyətinin ehtiyaclarını əks etdirir. Bir sıra analitiklər hesab edir ki, bu alətlər spesifik, münbit şəraitdə effektivdir və müəyyən amillərin mövcudluğunda işləyirlər.

Məsələn, bəzi analitiklər qeyd edir ki, qanunun aliliyi Qərb cəmiyyətində,digər səbəblərlə yanaşı, mənəvi, şəxsi avtoritetlərə kritik münasibətdən irəli gəlir (insan yox, qanun/kağız vacibdir); hakimiyyət bölgüsü və dəyişməsi əsl hakimiyyətindaimi olaraq kapitalda cəmlənməsindən; azad rəqabət və söz azadlığı Reformasiya dövründəki dini disputlardan və sayır. Beləliklə etiraf edilir ki, demokratiya və bazar iqtisadiyyatının işləmə prinsipləri bizlər üçün dərk edilməmiş qalır. Qərb, aydın səbəblərdən, düzgün öyrətmək və iç mexanizmlərini açıqlamaq marağında deyildir, bu bilik olmadan isə "müstəqil məhkəmə” və "azad seçkilər” barədə leksiyalar bir effekt vermir.

Lakin Qərb cəmiyyətinin əsl katalizatorlarının bilinməsi də çox şey vermir. Şərqdə demokratiyanın necə işləməsini dəqiq bilsələr, çoxmu fayda görəcəklər? XVII əsrin Avropasında dinin məhdudlaşdırılmasının yaradıcı fikrin azad edilməsinə və sənaye inqilabına töhfə verməsi dəqiq bilinsə, bu indiki Şərq hökumətləri üçün nə məna daşıyacaqdır? Çox məna daşımayacaqdır, çünki XVII əsrdə Şərqdə tarix ayrı yollarla getdi.Məsələn bugünkü Rusiyada sosial-iqtisadi şərtlər yuxarıda adı çəkilən alətlərin tətbiqinə eyni möhkəm əsasları yaratmır.

Sonuncu passaj bizi ikinci tezisə yaxınlaşdırır – öz inkişafının katalizatorlarının bilinməməyi barədə. Qanunun aliliyi və digər alətlərin şəksiz vacibliyini inkar etmədən, problemin fərqli cür qoyulması mümkündür:

A) Əslində hansı daxili amillər Şərq cəmiyyətinin sabitliyinə və inkişafına töhfə verir, təşviq edir?

B) Bu daxili amillərin qanunun aliliyi, hakimiyyət bölgüsü, azad bazarlar və digər elan edilən alətlərlə əlaqəsi necədir?

Bu sualların məğzi aşağıdakılardan ibarətdir. Apriori aydındır ki, Şərq cəmiyyətlərinin öz daxili amilləri, inkişaf spesifikaları var idi. Bu belə olmasaydı, tarixi keçmişdə Qərblə rəqabət apara biləcək möhtəşəm imperiyalar mütəmadi olaraq Şərqdə yaranmazdı. Həmçinin aydındır ki, şərq inkişaf amilləri nədəsə Qərbamillərindən fərqlənir.Avropa və Şərq ölkələrinin tarixi buna əyani sübutdur.

Qanunun aliliyi avtoritetlərə kritik münasibətdən irəli gələ bilər. Deməli, məsələn, cəmiyyətdə mənəvi avtoritetlər (tutaq ki ağsaqqallar) yüksək qiymətləndirilirsə, özü-özlüyündə lazımi olan "qanunun aliliyi” prinsipi belə cəmiyyətdə standart şablonla tətbiq edilə bilməz. Yalnız orqanik məzmuna malik, yəni daxili amillərdən irəli gələn alətlər səmərə verəcəklər. Bir şərtlə ki, qondarma konstruksiyalarla yox, məhz həmin daxili amillərlə güclü korrelyasiya əlaqələrində olsunlar.

Eyni zamanda bu o deməkdir ki, cəmiyyətin özünüdərki prosesində gözlənilməz kəşflər mümkündür. Daxili stimulları daha dəqiq əks etdirən yeni alətlərin yaradılması zərurəti onlardan biri ola bilər.

Ayaz Qədirov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...