THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya: müharibənin sonu görünmür

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11996
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Türkiyəyə sığınan suriyalıların sayı 38 mini keçib. Bu göstərici hər gün artır. Ölkədə hərbi toqquşmalarda həlak olanlar çoxalır. Tremseh şəhərində bir əməliyyatda öldürülən 200 nəfər haqqındakı məlumat dünya mediasını dolaşır. Suriya içəridən qaynayır. Silahlı qarşıdurmalar səngimir. BMT-nin və böyük dövlətlərin atdıqları addımların heç bir səmərəsi olmur. Bunun fonunda Suriya ətrafında situasiya daha da gərginləşir.

Suriya ətrafına toplaşan hərbi gəmilər

Dünya mediası Rusiyanın Suriya sahillərinə 11 döyüş gəmisi göndərdiyini geniş şərh edir. ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrlella bununla bağlı verilən suallara çox ehtiyatla cavab verib. Ancaq onun sözlərindən başa düşülüb ki, Vaşinqtonun Rusiyaya məxsus hərbi gəmilərin Suriyanın Tarsus limanında hansı işləri görəcəyi ilə bağlı şübhələri var.

"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Erin Pelton Rusiyanın Suriya sahillərinə savaş gəmiləri göndərməsində hansı məqsədi güddüyünü Moskvadan soruşmaq lazım gəldiyini deyib. Rusiya Müdafiə Nazirliyi isə gəmilərin maddi-texniki xidmətlə bağlı bölgəyə göndərildiyini bildirib.

Lakin Rusiya mediasında gəmilərin hərbi təlim keçirəcəkləri haqqında da informasiyalar verilir. Savaş gəmilərində xüsusi təyinatlı dəstənin olduğu deyilir. Fakt ondan ibarətdir ki, Rusiyaya məxsus hərbi gəmilər artıq Bosfor boğazından keçib və Aralıq dənizinə çıxıblar.

Türkiyə mətbuatı İsrail və Yunanıstanın Egey dənizində hərbi təlimlər keçirəcəyi haqqında informasiyalar verib. Bu təlimdə gerçək güllələrdən istifadə ediləcəyi bildirilir.

Amerika mətbuatı isə Fars körfəzinə əlavə hərbi gəmilərin göndərildiyini qeyd edib. ABŞ İranın bölgədə hərbi gücünü artırmasından narahatdır. İran da öz növbəsində körfəzə yeni qüvvələr yerləşdirib və bildirib ki, “vəziyyətə tam nəzarət edir".

Bu proseslər Suriya ilə bağlı dünyanın böyük dövlətlərinin ciddi tədbirlər görməyə başladığını nümayiş etdirir. Maraqların təmin edilməsi məsələsində vəziyyət hələ tam aydın deyil. Situasiya bütövlükdə gərginliyin artmaqda olduğunu göstərir. Hərbi döyüş gəmilərinin bölgəyə göndərilməsi və təlimlər haqqında danışılması regionu təhlükələrin gözlədiyini ifadə edir. Bunların fonunda diplomatik addımların verdiyi nəticələr diqqəti çəkir.

Kofi Annanın sensasiyalı bəyanatı

BMT-nin xüsusi nümayəndəsi Kofi Annan fəallığını artırıb. O, İrana da baş çəkib. K.Annan Tehrandan qayıdandan sonra “İran Suriya məsələsinin həllində yardımçı ola bilər” kimi sensasiya doğuran fikir söyləyib. Diplomatın dediyinə görə, rəsmi Tehran müəyyən şərtlərin yerinə yetirilməsi ilə Suriyada hakimiyyət dəyişikliyini qəbul edə bilər. Bu şərtlərin nədən ibarət olduğunu xüsusi təmsilçi deməyib.

Ekspertlər İranın mövqe dəyişikliyini təsadüfi saymırlar. Məsələ ondan ibarətdir ki, Rusiya da Suriyada B.Əsədin hakimiyyətdən gedişi zəruriliyini qəbul etməyə başlayır. Moskvada Suriaynın birləşmiş müxalifətinin nümayəndələrini qəbul ediblər. Müxaliflər B.Əsədin istefasından başqa bir variantı qəbul etməyəcəklərini bildiriblər. Rusiya mediası bu hadisəni Moskvanın Suriya məsələsində mövqe dəyişikliyi kimi şərh edirlər.

“Suriynın dostları” qrupu isə B.Əsədin istefasını tələb etməyə hazırlaşır. Bu addımın hansı məqsəd güddüyü aydındır. Artıq Suriyada proseslərin növbəti mərhələsinə start verilir. Bu mərhələdə konkret olaraq hakimiyyətin dəyişilməsi tələbi yerinə yetirilməlidir. Onu deyək ki, rəsmi Dəməşq bu informasiya yayılandan sonra müxalifətlə danışıqlara hazır olduğunu bəyan edib. Lakin müxaliflər birmənalı olaraq istefa tələbini qoyurlar. Hesab etmək olar ki, B.Əsədin hakimiyyəti buraxması üçün Qərb daha qəti tədbirlər görəcək. Lakin bunun problemi tam həll edəcəyi haqqında qəti fikir söyləmək çox çətindir.

Suriya müxalifətindəki bomba

Məsələ Suriyanın daxilində silahlı qruplaşmaların tərkibinin qeyri-bircins olması ilə bağlıdır. “The Telegraph” qəzetinin Suriyadakı mənbələrdən aldığı informasiyada deyilir ki, “əl-Qaidə” müxalifətin tərkibində silahlı mövqeyini möhkəmlədir. Onlar hələlik İdlib və Hələbdə güclənirlər. İdlibdə “əl-Qaidə” öz əmirini təyin edib. Mezzehdə “əl-Qaidə”nin əmiri Əbu Siddiqdir. “Əl-Qaidə” NATO-ya Mezzehden mesaj da göndərib: "Tell NATO we can make them some if they need" (yəni, “NATO-ya çatdırın ki, ehtiyacları varsa, biz onlar üçün bəzi işlər görə bilərik”).

Bundan başqa, həmin bölgədə kürd təşkilatlarının aktiv olduğu məlumdur. Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bir neçə gün əvvəl Suriyadakı kürd təşkilatlarının başçılarını Ərbildə qəbul edərək “Əsədi devirənlərlə birləşin” mesajını verib. O deyib ki, bunu etməsəniz, sizlərə nə mən, nə də bir başqası kömək edə biləcək. Sadaladığımız qruplaşmalarla yanaşı, Suriyada “Əhrar əl-Şam” da fəaliyyət göstərir.

Liviya və Misir təcrübəsini nəzərə alsaq, Suriyada müxalif qüvvələrin bu cür rəngarəngliyinin ölkənin gələcəyi üçün bir çox problemlər yaradacağını deyə bilərik. İndidən “əl-Qaidə” xəbərdar edib ki, “savaş qurtarana qədər müxalifətlə bir yerdəyik, sonra yollarımız ayrılacaq”. Bu təşkilatın nəyi nəzərdə tutduğu indiyə qədər keçdiyi yollardan bilinir.

Suriya tarixinin ən həssas və qeyri-müəyyən bir dönəmindədir. Daxildəki sosial və siyasi partlayışdan parçalanan ölkə çıxış yolu tapa bilmir. Xaricdən isə müxtəlif istiqamətlərdən təzyiqlər artır. Suriyada müəmmalarla dolu kabus dolaşır. Ən pisi odur ki, ölkənin gələcəyini kimlərin xilas edəcəyi aydın deyil. Bu gün küçələrdə savaşan müxalifətin, sabah dövləti necə böhrandan çıxaracağı heç kəsi düşündürmür. Kənardan əmr verilir. Müxalifətə və B.Əsədə verilən əmrlərin məzmunu fərqlənmir – “vur”! Hər iki tərəf isə öz vətəni – Suriyanı vurur! Son sətirləri yazarkən iki fikir adamı heç tərk etmir:

− Bəşər Əsəd proseslərin ilk günlərindən özünə ölüm hökmünü verdi;

− qəbul etmək çətin də olsa, dünya yeni savaş ərəfəsindədir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...