THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

MDB məkanında yeni inteqrasiya prosesləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15861
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyun 2013 – Newtimes.az

Müasir dövrdə regional inteqrasiya böyük əhəmiyyət kəsb etsə də, ayrı-ayrı dövlətlərin perspektivi baxımından bu inteqrasiyanın uğurlu olması üçün onun dövlətlərin ilk növbədə iqtisadi maraqlarına cavab verməsi başlıca amildir. Digər tərəfdən, başqa regionlarda gedən inteqrasiya proseslərinin hər hansı bir regionda təkrarlanmasının nə dərəcədə uğurlu olacağı həmin regionda və onun ətrafında mövcud olan reallıqlardan və şərtlərdən asılıdır.

Avrasiya İttifaqı ideyası özündə nəyi ehtiva edir?

2011-ci il oktyabrın 3-də Rusiyanın o dövrdə baş naziri olmuş Vladimir Putinin "İzvestiya” qəzetində "Avrasiya üçün yeni inteqrasiya layihəsi – bu gün doğulan gələcək” adlı məqaləsi dərc olunmuşdu. Məqalədə Rusiya, Belarus və Qazaxıstan arasında mövcud olan Gömrük İttifaqı əsasında yaradılmış Vahid İqtisadi Məkan (1 yanvar 2012-ci ildən fəaliyyətə başlayıb) digər MDB ölkələrinə inteqrasiya modeli kimi təklif olunurdu.

Qısaca qeyd edilməlidir ki, ilkin mərhələdə bu ideya prosesə qoşulan ölkələr arasında sərhədlərin və gömrük baryerlərinin aradan qaldırılmasını, daxili bazarların birləşdirilməsini, işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsini nəzərdə tuturdu. Yekun hədəf kimi göstərilən Avrasiya İttifaqı isə inteqrasiyanın daha yüksək səviyyəsi kimi təqdim olunur. Bu səviyyədə Avropa İttifaqına bənzər dövlətüstü qurumun yaradılması planlaşdırılır.

Rusiyanın yeni "Xarici siyasət konsepsiyası”nda da post-Sovet məkanında inteqrasiya əsas prioritet vəzifə kimi önə sürülür və Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı kimi inteqrasiya birliklərinə xüsusi diqqət yetirilir. Bu isə o deməkdir ki, növbəti illərdə Rusiyanın MDB ölkələri ilə münasibətlərində qeyd olunan məqamlar mühüm rol oynayacaq.

Vahid İqtisadi Məkana üzvlük nə vəd edir?

Hazırda Gömrük İttifaqına və Vahid İqtisadi Məkana qoşulma prosesində müəyyən intensivliyin müşahidə olunduğunu demək mümkündür. Qırğızıstan və Tacikistanın VİM-ə daxil olmaq üçün müraciət etdiyi və Qırğızıstanın ilin sonunadək Gömrük İttifaqına qoşulması üçün "yol xəritəsi”nin hazırlandığı xəbər verilir. Ukrayna prezidenti Viktor Yanukoviç MDB-nin 2012-ci ilin dekabrında Aşqabadda keçirilmiş sammitində Vladimir Putinlə görüşdən sonra bildirib ki, Ukrayna Gömrük İttifaqının bəzi müddəalarına qoşulmalıdır. 2013-cü ilin aprelində isə Ukrayna və Ermənistan hökumətləri VİM-in dövlətüstü qurumu kimi formalaşdırılmış Avrasiya İqtisadi Komissiyası ilə qarşılıqlı anlaşma memorandumu imzaladılar və Gömrük İttifaqı ilə müəyyən sahələrdə əməkdaşlığı inkişaf etdirəcəklərini bəyan etdilər.

Ermənistanın Vahid İqtisadi Məkana qoşulması perspektivləri öz-özlüyündə xüsusi bir hal kimi xarakterizə oluna bilər. Gömrük İttifaqının üzvləri ilə bilavasitə sərhədləri olmayan Ermənistanın MDB-dəki hər hansı inteqrasiya prosesində hərtərəfli iştirakı Azərbaycan və Gürcüstandan asılıdır. Həm Qərbin, həm də Rusiyanın maraqlarını təmin etməyə çalışan və bunun adını "komplementarizm siyasəti” qoyan Ermənistan bu ideyanın reallaşmasını Rusiyanın öz üzərindəki siyasi və iqtisadi təsirinin daha da artması təhlükəsi kimi görmüşdür. Ermənistanın rəsmi dairələri vahid sərhəd arqumentini irəli sürərək, bu ideyaya etiraz etdilər. Avrasiya İqtisadi Komissiyası kollegiyasının sədri Viktor Xristenkonun bu etirazlara cavab olaraq, Ermənistanı eksklav adlandırmasından sonra AİK ilə anlaşma memorandumunun imzalanması isə "eksklav məntiqi”nin nəticəsini göstərir. Müvafiq memorandum Ermənistanın Vahid İqtisadi Məkana inteqrasiyası mənasını daşımasa da, Ermənistanın bu və ya digər şəkildə, könüllü və ya məcburi məlum proseslərdə iştirak edəcəyi şübhə doğurmur.

MDB regionundakı inteqrasiya proseslərinin regionun bir sıra ölkələrinin Avropa İttifaqı ilə əməkdaşlığına nə dərəcədə uyğun olacağı müəyyən suallar doğurur. Aİ-nin bəzi rəsmiləri Ukrayna, Ermənistan kimi ölkələrlə qurum arasında imzalanacaq assosiativ sazişin Gömrük İttifaqına üzvlüklə ziddiyyət təşkil edəcəyini bəyan ediblər. Həqiqətən, Aİ ilə fərdi qaydada azad ticarət zonası yaratmağı planlaşdıran ölkələr bənzər mexanizmləri Gömrük İttifaqı çərçivəsində də yaratmasının perspektivləri şübhə doğurur.

Azərbaycan-regionun açar oyunçusu

Regionda həyata keçirilən istənilən inteqrasiya prosesinin uğurlu olması üçün Cənubi Qafqazdakı strateji mövqeyi, enerji resursları, tranzit imkanları və iqtisadi inkişafı baxımından Azərbaycanın bu prosesdə iştirakı mühüm əhəmiyyət kəsb edir. Əslində, Rusiya da bunu qəbul edir. Rusiyanın müxtəlif rəsmiləri Azərbaycanın bu prosesə qoşulmasını Vahid İqtisadi Məkan və Avrasiya İqtisadi İttifaqı üçün ciddi addım olacağı haqda fikirlər səsləndirirlər. Azərbaycanın ittifaqa üzvlüyünün perspektivləri ilə bağlı dəyirmi masalar təşkil edilir, rusiyalı politoloqlar Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edə biləcəyi haqda fikirlər ortaya atırlar.

Gömrük İttifaqına və Vahid İqtisadi Məkana üzvlüyün Azərbaycana iqtisadi baxımdan nə qazandıracağı bu tipli müzakirələrdə cavab verilməli olan birinci sualdır. Rusiyanın "Rossiya-24” telekanalına müsahibə vermiş Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın hələlik Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmağı düşünmədiyini bildirib. Dövlət başçısı bunu iqtisadi səmərəliliklə və Azərbaycan iqtisadiyyatının indiki sabit inkişaf səviyyəsi ilə izah edib. Ölkə Prezidenti nümunə kimi Azərbaycanın öz yerli istehsalatını, kənd təsərrüfatını, sahibkarlığı qorumaq üçün indiyədək Ümumdünya Ticarət Təşkilatına üzv olmamasını göstərib.

Həqiqətən də, Gömrük İttifaqı və Vahid İqtisadi Məkanla bağlı bir sıra proseslər bu məqamların aktual olduğunu göstərir. Məsələn, Qazaxıstanın Gömrük İttifaqına daxil olmasından və gömrük baryerlərinin aradan qaldırılmasından sonra ölkədə Rusiya istehsalı olan məhsulların sayının artdığı haqda xəbərlər dərc olunur. Qazaxıstan şirkətləri Rusiya şirkətləri ilə rəqabət apara bilməməsi səbəbindən bir çox malların qiymətləri qalxıb. Bu tendensiya "Rusiya biznesinin ekspansiyası” kimi şərh olunur..

Rusiya mətbuatında da Gömrük İtitfaqı ilə bağlı bir sıra narahatlıqlar müşahidə olunur. İttifaq daxilində ticarətin inkişaf templərinin aşağı düşməyə başladığı qeyd olunur. Səbəb kimi Rusiya istisna olmaqla, İttifaqın digər üzvlərinin tərəfdaş ölkənin ərazisində yerləşdirmək üçün kifayət qədər kapitalının və ya xidmətinin olmaması göstərilir. Digər tərəfdən, digər layihələrdə olduğu kimi, Rusiyanın öz üzərinə həddən artıq yük götürməsindən narazılıq ifadə olunur. Tərəfdaşların Rusiyanın resurslarından öz məqsədləri üçün istifadə edəcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Nəticə etibarilə, Gömrük İttifaqının öz üzvlərinə hansı iqtisadi səmərələri verəcəyi ciddi sual altındadır.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması da Azərbaycanın bu prosesdə iştirakını ciddi sual altına alır. Qeyd olunduğu kimi, Ermənistanın hansısa formada Gömrük İttifaqı ilə əməkdaşlıq etməsi ehtimalı böyükdür. Azərbaycanın bu İttifaqa üzvlüyü isə Ermənistanın izolyasiyadan çıxması və İttifaqla bilavasitə sərhədlərə malik olması deməkdir. Münaqişənin hələ də davam etdiyi şəraitdə isə Azərbaycanın Ermənistanla istənilən əməkdaşlığı qeyri-mümkündür.

Rusiya artıq 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqının tam şəkildə fəaliyyətə başlamasını planlaşdırır. Əlbəttə ki, bu dövrə qədər regionda hansı proseslərin baş verəcəyini söyləmək çətindir. Avropa İttifaqının nümunəsi əsas götürülsə, bu perspektivlərin nə vəd etdiyini görmək üçün kifayət qədər uzun zaman keçməlidir. Digər tərəfdən, Avropa İttifaqının özü bu gün ciddi böhranla üzləşib. Böhran getdikcə dərinləşir və qurum daxilindəki bir çox inteqrasiya mexanizmlərinin taleyinin necə olacağı sual altındadır. Nəticə etibarilə, indiki şəraitdə Azərbaycanın hər hansı quruma inteqrasiya olunmadan, öz iqtisadi maraqlarını ikitərəfli və bərabərhüquqlu şəkildə təmin etməyə davam etməsi daha məqsədəuyğun sayıla bilər.

Elmar Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...