THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müasir şəraitdə geosiyasi proseslərin hərbi-dəniz komponenti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11774
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 aprel 2013 – Newtimes.az

Məlum olduğu kimi, Xəzər regionunun aktual problemlərindən biri Xəzərin akvatoriyasının delimitasiyası problemi ilə yanaşı, həm də onun demilitarizasiyasıdır. Bütün Xəzəryanı ölkələrin hərbi-dəniz siyasəti həm dəniz sahilləri və daxili dəniz sularında, həm də açıq dənizdə öz milli maraqlarının təmin edilməsinə yönəlsə də, onlardan bəzilərinin arasında Xəzərin bölgüsü ilə bağlı kəskin fikir ayrılığının olması Xəzəryanı ölkələri silahlanmağa və yeni hərbi-dəniz infrastrukturlarını yaratmağa həvəsləndirir. Xəzəryanı dövlətlərin hər birinin öz hərbi-dəniz gücünün artırılması xətti gözlənilməz nəticələrə gətirib çıxara bilən destabilləşmə amillərindəndir.

Hazırda regionda ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. Onun tərkibinə müxtəlif layihəli 30-a yaxın gəmi və kater daxildir. Xəzər flotiliyasının ən iri, güclü və silahlı gəmiləri kifayət qədər artilleriya, torpedo və raket silahlarına malik "Gepard” sinifli "Tatarıstan” (flotiliyanın flaqmanı) və "Dağıstan” keşik gəmiləridir. Keşik gəmilərindən başqa, flotiliyanın tərkibində digər tipli döyüş gəmiləri də var. Təkcə keşik gəmiləri və xırda raket gəmiləri Xəzər dənizinin faktiki olaraq ən azı yarısına nəzarət edir. Flotiliyanın tərkibində həmçinin 847-ci əlahiddə sahil raket diviziyası (Həştərxan), 77-ci əlahiddə qvardiya dəniz piyada briqadası (Kaspiysk), habelə vertolyot eskadrilyası da vardır. Digər Xəzəryanı ölkələr isə həm döyüş gəmilərinin sayına, həm də silahlanma keyfiyyətinə görə Rusiyanın Xəzər hərbi flotiliyasından xeyli geridədirlər.

Ümumilikdə isə, Rusiyanın hərbi ekspertlərinin fikirlərinə görə, Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin tərkibi həm kəmiyyət, həm də keyfiyyət baxımından yekcins deyil. Rusiya və İran hərbi-dəniz əməliyyat birləşmələrinin heyətinin formalaşdırılmasına yanaşmada da ciddi fərqlər var. Belə ki, Rusiya son illər Xəzər flotiliyasını raket və artilleriya gəmiləri ilə təchiz etməyə çalışır. Öz növbəsində düşmən gəmilərinə qəfil hücum təşkil etmək üçün İran əsasən yüksək surətli və manevr imkanları olan döyüş raket katerlərinin və mini-submarinalarından ibarət moskit donanmanın yaradılmasına üstünlük verir.

Bu fərqlərin səbəbləri aydındır, çünki SSRİ və Rusiyanın hərbi-dəniz donanmasının Xəzər flotiliyası Şimal, Baltik, Qara dəniz və Sakit okean donanmaları ilə müqayisədə həmişə daha az prioritetə malik olmuşdur. Buna görə də son illər başlayan yenidənsilahlanma Xəzər birləşməsinin potensialının əhəmiyyətli surətdə yüksəldilməsi, texnikasının yeniləşdirilməsi üçün bəhanə və vasitə oldu. İrana gəldikdə isə, Xəzərdə hərbi-dəniz qüvvələrinin spesifik təchizinin səbəbi gəmilərin əsas hissəsini Fars körfəzində yerləşdirmək zərurəti ilə izah olunur. Xəzərdəki moskit donanması bu fikri söyləməyə əsas verir ki, İran İslam Respublikası Rusiya, Qazaxıstan, Azərbaycan və ya Türkmənistanı potensial düşmən hesab etmir və onlardan özünü güclü donanmanın köməyi ilə müdafiə etməyə ehtiyac görmür. Buna baxmayaraq, 2013-cü ilin mart ayında İranın Xəzər hərbi-dəniz qüvvələrinin tərkibinə ölkənin raket silahı ilə idarə olunan "Camaran-2” esminetsi daxil edilmişdir. Esminets həmçinin yeni tipli radar və daha mükəmməl əlaqə sistemləri, habelə vertolyot enişləri üçün meydança ilə də təchiz edilmişdir. "Camaran-2” dəniz və dənizyanı hərbi əməliyyatlar meydanında geniş spektrli məsələləri həll etməyə qadir olan çoxməqsədli gəmidir.

Bütün Xəzəryanı dövlətləri narahat edən problem irimiqyaslı münaqişələrin yarandığı hallarda onların ərazisinin üçüncü ölkələr tərəfindən istifadə edilməsidir. Bu, Xəzəryanı ölkələrin 16 oktyabr 2007-ci il Tehran sammitində bu ölkələrin prezidentləri tərəfindən imzalanmış Yekun bəyannamədə öz əksini tapmışdır. Sənəddə Rusiya Federasiyasının prezidenti V.Putinin aşağıdakı sözləri də əks olunmuşdur: "Heç bir Xəzəryanı ölkə güc tətbiq etmək və ya digər Xəzəryanı ölkəyə qarşı hərbi təcavüz etmək üçün öz ərazisini üçüncü ölkəyə verməməlidir”.

Marağı olan ölkələrin özünə gəlincə, burada da bu məsələ ilə bağlı fikirlərin üst-üstə düşmədiyini izləmək mümkündür. Belə ki, Rusiya müasir şəraitdə Xəzərin demilitarizasiyasının həyata keçirilməsini məqsədəmüvafiq hesab etmir. Eyni zamanda, Rusiya bu və ya digər Xəzəryanı ölkənin öz hərbi potensialını artırmasına qarşı da çıxış edir. Aydındır ki, Xəzərin hərbiləşməsi və onun hüquqi statusunun qeyri-müəyyən olması Xəzəryanı ölkələr arasında hərbi-siyasi münaqişələr üçün zəmin yaradır ki, bu da regionun təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin tezliklə tapılması məsələsini aktuallaşdırır. Lakin məsələ Xəzərin demilitarizasiyasının Xəzəryanı ölkələrə nə dərəcədə sərf etməsində və öz sahilyanı ərazilərini faktiki olaraq müdafiəsiz qoyub hərbi-dəniz qüvvələrindən tam məhrum olmaq məsələsində Xəzəryanı dövlətlərin beşinin də razılığa gələ bilməsindədir.

Bütövlükdə, Qafqaz-Xəzər geosiyasi məkanı klassik geosiyasət çərçivəsində tellurokratik "Quru” (Rusiya imperiyası-SSRİ-Rusiya) mövqelərindən nəzərdən keçirilir və kontinental təsir sferasına daxildir. Talassokratik "Dəniz” mövqelərindən (ABŞ, NATO) Avrasiyanın dərinliklərinə ekspansiya və onun üzərində geostrateji və geoiqtisadi nəzarətin təmin edilməsi üçün platsdarm kimi istifadə oluna bilər. Buna görə də təəccüblü deyildir ki, son yüzillikdə bu region bir tərəfdən Qərb dövlətlərinin, ilk növbədə ABŞ-n, Böyük Britaniyanın və Almaniyanın, digər tərəfdən isə Rusiyanın geosiyasi maraqlarının həm latent, həm də açıq şəkildə toqquşduğu və kəskin mübarizənin getdiyi yer olmuş və belə də qalmaqdadır. Bu mübarizənin əsrlər boyu girovu isə burada yaşayan xalqlar olmuşdur.

Dəniz məkanının bölgüsü ilə bağlı dalana girmiş danışıqların fonunda Xəzərdəki situasiya kəskinləşə bilər. Bəzi Xəzəryanı dövlətlər arasında hərbi toqquşma variantı da istisna olunmur və bu münaqişə xarici oyunçular, ilk növbədə ABŞ və Çin üçün əlverişli ola bilər. ABŞ və onun ən yaxın müttəfiqləri üçün bu, regiondakı tərəfdaşlarının hərbiləşdirilməsi və özünün regiondakı hərbi iştirakı üçün bəhanə ola bilər. Çin üçün isə Xəzərdə hərbi-dəniz şəraitinin kəskinləşməsi enerji daşıyıcılarının Mərkəzi Asiyadan Qərbə tranzitinin kəskin şəkildə azalmasına gətirib çıxara bilər ki, bu da onları Asiya-Sakit okeanı bazarlarına yönəldər.

Xəzər ilə bağlı gizli münaqişəli vəziyyət yaransa da, bu, hələ hərbi-siyasi böhran halını almamışdır. Lakin Böyük Yaxın Şərqdə cərəyan edən dramatik hadisələr Qafqaza təsir etməyə bilməz. Formalaşmaqda olan yeni geostrateji mərkəzlər arasında "dəniz gücü” amilinin fəal iştirakı ilə gedən kəskin geosiyasi rəqabət Böyük Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin getdikcə daha da kəskinləşdiyi bir şəraitdə Qara dəniz-Qafqaz-Xəzər məkanının Atlantik-Avrasiya geosiyasi qarşıdurmasında həlledici "hərbi əməliyyatlar səhnəsi”nə çevrilməsi üçün real perspektivlər açır.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...