THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dünya media monopoliyası: reallıqların göstərilməsinə, yoxsa gizlədilməsinə xidmət edir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10665
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Son yüz ildə kütləvi informasiya vasitələri (KİV) cəmiyyətin bütün sahələrində ən təsirli vasitələrdən birinə çevrilmişdir. Məhz təsiretmə imkanlarına görə mətbuatı dördüncü hakimiyyət orqanı da adlandırırlar. Yarandığı ilk mərhələdə yazılı mətbuat (qəzet, jurnal), bir qədər sonra efir məkanı (radio, televiziya), yeni minilliyə doğru isə internet insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Günümüzdə kütləvi informasiya vasitələri insanların həyat tərzini müəyyən edir. Bundan başqa KİV ölkədaxili proseslərə olduğu kimi dövlətlərarası və beynəlxalq münasibətlərə də mühüm təsir imkanlarına malikdir.

Azad mətbuat demokratiyanın mühüm prinsiplərindən biridir. Hazırda dünyanın informasiya təminatından olduqca asılı olduğunu nəzərə aldıqda demokratik və ədalətli mətbuatın üzərinə böyük iş düşür. Tarix göstərmişdir ki, mətbuatda yayılan hər hansı bir informasiya (və ya dezinformasiya) hətta dövlətlərarası münaqişələrə səbəb ola bilir. Mətbuat iqtisadi böhranlarda da ən mühüm aktordur. Ümumiyyətlə iqtisadi proseslər, o cümlədən informasiya məkanından birbaşa asılı olan maliyyə əməliyyatları mətbuatda gedən məlumatlardan sinxron asılıdır. Bütün birjalarda əsas maliyyə möhtəkirlikləri əvvəlcə mətbuat vasitəsilə yayılan informasiya hücumu ilə başlayır.

Beləliklə, bütün siyasi və iqtisadi proseslərdə mətbuatın artan rolu dünya miqyasında KİV-ə olan münasibəti dəyişdi. Keçən əsrin 60-70-ci illərinədək dünyada mətbuat çoxqütblü idi və təmərküzləşməmişdi. Ayrı-ayrı ölkələrdə mühüm nəşrlər dünya informasiya axınını təşkil edirdi. Əsrin sonlarına doğru isə dünya üzrə medianın müəyyən qrupların əlində cəmlənməsi başlandı. Keçən dövr ərzində yaranmış şəraitdə isə artıq siyasiləşmiş mətbuat informasiya təminatı deyil, informasiya təzyiqi vasitəsi funksiyasını yerinə yetirməyə başladı. Bu gün beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi ən böyük mübarizə meydanıdır. Dövlətlər arasında, şirkətlər arasında, hətta fərdlər arasında informasiya müharibəsi mətbuat vasitəsilə aparılır. Bütün bunlar reallıqdan doğan proseslərdir və təbii qarşılanır. Lakin məsələnin bir də görünməyən tərəfləri var.

Hazırda qlobal media orqanlarının böyük hissəsi 5 böyük şirkətin nəzarətindədir: “Time-Warner” (CNN, TNT kanalları, Time jurnalı), “Walt Disney Corporation” (ABC telekanalı), “News Corporation” (The Sun, The Times, The Sunday Times, New York Post qəzetləri, The Wall Street Journal, Fox telekanalı) “Viacom” və “Bertellsmann”(RTL Group). Bunlardan ilk dördü ABŞ, sonuncu isə alman media holdinqidir. Sonrakı yerlərdə isə “Sony”, “General Electric”, “Seagram” kimi konqlomeratlar gəlir. Bu şirkətləri öz gəlirlərinə, işçilərinin sayına, əhatə etdiyi regiona görə daha çox media imperiyaları adlandırmaq olar. Misal üçün, 2011-ci ilin məlumatlarına görə “Walt Disney Corporation”-nin 156 min nəfər, “Time-Warner”in 34 min nəfər, BBC tenekanalının 23 min nəfər işçisi var. “Bertellsmann”-in sahib olduğu “RTL Group” Avropanın 11 ölkəsində 45 televiziya, 32 radionun səhmdarıdır.

Bertelsmann” dünyanın ən böyük ingilis dilli kitab nəşri şirkəti “Random House”un, eləcə də Almaniyada “Stern” jurnalının və “Der Spiegel” nəşrinin səhmlərinin bir hissəsinin sahibidir.

Avropanın ən böyük media inhisarçılarından biri də “Axel Springer AG” (Berlin) şirkətidir. Şirkət qitənin 36 ölkəsində 200-dən çox qəzet və jurnal, televiziya və radio kanalına sahibdir. “Axel Springer AG” Almaniyanın gündəlik qəzet bazarının təxminən dörddə birinə sahibdir. Bunların arasında Avropanın ən yüksək tirajlı “Bild” qəzeti də var. Ona görə də məhz bu qəzetin hədəfində olan hər hansı bir mövzu günlərcə Avropanın diqqətindən düşmür. Hədəfdə olan mövzu müxtəlif ölkələrin fərqli qəzetlərində mütəmadi olaraq işıqlandırılır. Sadə oxucularda həmin mövzunun nə qədər aktual olması barədə ilkin təəssürat yaranır. Lakin qəzetlərin daxil olduğu media monopoliyasını nəzərə aldıqda vahid mərkəzdən idarə olunan təlimatın nəticəsi olduğu açıq-aydın görünür. Britaniya, yaxud Qərbin digər ölkələrində də nüfuzlu media konqlomeratların inhisarçı mövqeləri oxşar vəziyyətin yaranmasına səbəb olur.

Yuxarıda adını çəkdiyimiz media nəhəngləri televiziya, radio, qəzet, jurnal kimi ənənəvi sahələrlə yanaşı kino çəkilişindən tutmuş kitab çapınadək bütün auditoriyalar üçün informasiya təminatı vasitələrinə sahibdirlər. Bütün dünya ölkələrinə və müxtəlif sosial təbəqələrə təsir imkanı baxımından əvəzedilməz vasitə olan Hollivud filmləri bu şirkətlərin əlindədir. Misal üçün “Warner Brothers” və “Newline Cinema” kino studiyaları “Time-Warner” şirkətinə,  “Disney Production”, “Miramax”, “Buena Vista”  - “Walt Disney Corporation”-ə, “Columbia Pictures” -“Sony”-yə, “Universal Pictures” – “Seagram”-a, “Paramount Pictures” - “Viacom” şirkətinə məxsusdur. İstənilən kino həvəskarı üçün bu adlar tanışdır. Bütün televiziya kanallarının gündəlik efirində bu kino studiyaların filmləri aparıcı yer tutur.

Media nəhənglər uşaqları da yaddan çıxartmayıb. Uşaqlar üçün multfilm qəhrəmanlarının da yaradıcıları onlardır. Mickey Mouse - “Walt Disney Corporation” şirkətinin, Tom və Ceri, Superman, Betman “Time-Warner”-in, Cartoon Network personajları “News Corporation”-in yaratdığı qəhrəmanlardır. Bu gün kino mütəxəssisləri də həyəcan təbili çalırlar ki, artıq multfilmlər uşaqların vaxtından əvvəl böyüməsinə çalışırlar və ümumilikdə yaş kateqoriyasına uyğun deyil. Beləliklə, hələ uşaqlıqdan insanların hafizəsinə sevimli əyləncə kimi daxil olan bu media imperiyalar bütün sonrakı həyatı boyu insanlara təqdim etdiyi informasiyaya inandırmaq üçün bünövrə hazırlayırlar.

Digər tərəfdən əksər qlobal mətbu orqanları dünyanın ən güclü xəbər agentliklərinin məlumatlarını alıb ötürməklə məşğuldurlar. “Reuters” (London), “Associated Press” (Nyu-York), “CNN” (Atlanta), “New York Times Servis” (Nyu-York), “Agence France-Press” (Paris) xəbər agentlikləri planetdə böyük şəbəkə qurublar və  dünya ictimaiyyətini informasiya ilə onlar təmin edirlər. Məsələn, “Reuters” agentliyinin 94 ölkədə 200 şəhərdə bürosu var, “Associated Press”-in 120 ölkədə 243 bürosu var və 1700-dən çox qəzet, 5000-dən çox televiziya və radio bu xəbər agentliyinin məlumatlarını efirə ötürür. Belə olan halda isə informasiya təminatı birtərəfli və daha çox məqsədli olur. Dünya ictimaiyyəti bir sıra hallarda reallıqla deyil, bu agentliklərin istədiyi şəkildə məlumatlandırılır. Müşahidələr göstərir ki, bu media nəhənglərin məqsədlərinə uyğun gəlməyən xəbərlərin dünya ictimaiyyətinə çatdırılması praktiki olaraq mümkün deyil.

Media qurumların fəaliyyətində xüsusi bir məqam da nüfuzlu media rəhbərlərinin Bilderberq klubunun ənənəvi iştirakçıları olması ilə bağlıdır. İctimaiyyət üçün fəaliyyəti açıq olmayan Bilderberq klubu daha çox siyasi prosesləri yönləndirmək üçün Qərbdəki bəzi dairələrin yaratdığı bir formatdır. Başlıca məqsədi həqiqi informasiya təminatı olan kütləvi informasiya vasitələrinin gizli təşkilatların işində iştirakı isə medianın plüralizm və şəffaflıq prinsipləri ilə uyğun gəlmir.

Bilderberq klubunun Məsləhət qrupunun sədri olan Devid Rokfellerin 1991-ci ildə Baden Badendə klubun illik iclasındakı sözləri dünyanın nüfuzlu media qurumlarının bu pərdəarxası siyasi proseslərdə iştirakını təsdiq edir: “Biz Vaşinqton Post, Nyu York Times, Time jurnalına və digər böyük nəşrlərə minnətdarıq. Bu nəşrlərin direktorları artıq 40 ilə yaxındır ki bizim yığıncaqlarımızda iştirak edir və bu illər ərzində konfidensiallıqla bağlı öz vədlərinə hörmət edirlər. Əgər biz o illərdə ictimaiyyətin qarşısında işıqlandırılsaydıq dünya ilə bağlı planlarımızı yerinə yetirmək imkanımız olmayacaqdı”.[i]

Maraq üçün qeyd edək ki, mətbuata sızan məlumatlara görə 2012-ci ildə Bilderberq klubunun iclasında “Washington Post Company”, “The Economist”, “Financial Times”, “Le Monde”, “Bonnier AB” (İsveçrə), “Der Standard” (Avstriya) və “Hürriyyət” (Türkiyə) qəzetlərinin rəhbər şəxsləri iştirak etmişlər. Ona görə də yaxın vaxtlarda dünyanın siyasi mənzərəsi ilə bağlı bu nəşrlərdə dərc oluna biləcək materiallar xüsusi həssaslıq tələb edir.

Beləliklə, araşdırmalar göstərir ki, dünyanın kino istehsalı, televiziya verilişləri prodakşnları, televiziya kanalları, kitab nəşriyyatları, qəzet və jurnallarının əksəriyyəti təxminən 50-yə yaxın şirkətin əlində cəmləşib. İstənilən demokratik standartlara əsasən medianın bu cür təmərküzləşməsi qəbuledilməzdir. Maraqlıdır ki, kino çəkilişindən tutmuş qəzet və jurnal nəşrinə qədər media sahəsini əhatə edən bu şirkətlərin səhmdarları arasında bank və digər maliyyə institutları da iştirak edir. Beləliklə də, iri bankirlər və ya biznes sahibləri həm də media maqnatları olaraq qlobal çərçivədə siyasi və iqtisadi proses və trendlərə istiqamət vermək imkanına malikdirlər. Belə olan halda isə gündəlik həyatımızda aldığımız informasiyanın məqsədli olub-olmaması sual doğurur.

Ərəstü Həbibbəyli,

iqtisad elmləri üzrə fəlsəfə doktoru


[i] http://www.crossroad.to/Quotes/globalism/rockefeller.htm

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...