THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistandakı prezident seçkilərinin nəticələri barədə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1351
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 fevral 2013 – Newtimes.az

Ermənistanda 18 fevral 2013-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrinə görə: Serj Sərkisyan 59% (861160 səs); Raffi Hovannesyan 37% (539672 səs); Hrant Baqratyan 2,15% (31643səs); Paryur Hayrikyan 1,23% (18093 səs) toplamışdır.

Bununla da Sərkisyan ikinci dəfə prezident seçilmişdir. Seçki təbliğatı mərhələsində sui-qəsdə məruz qalan Paryur Hayrikyan isə həyatı bahasına seçkilərdə iştirak etsə də, özünün və tərəfdarlarının gözlədiyi qədər səs toplaya bilmədi. Rəsmi seçki nəticələrinə görə ikinci olan Raffi Hovannesyan nəticələrlə barışmaq istəmir və özünün qalib gəldiyini iddia edir. Amma Hovannesyanın iqtidarı mitinq və nümayişlərlə təhdid etməsi də əlbəttə nəticələri dəyişdirə bilməyəcəkdir. Seçkilərdə ciddi rəqib və rəqabətlə qarşılaşmayan Sərkisyan Hovannesyanın bu təhdidlərini ciddiyə almayacaqdır.

Seçkilərdən sonra Hovannesyan və Sərkisyanın görüşə biləcəyi haqqında müxtəlif fikirlər səslənməkdəydi. 21 fevralda bu görüş baş tutdu. Görüş başlamadan əvvəl Sərkisyan Hovannesyanın jurnalistlərin iştirak edib-etməyəcəyinə dair sualaına mənfi cavab vermişdir. Görüşdə seçkilərin nəticələri və daxili ictimai-siyasi vəziyyət müzakirə edilmişdir. Sərkisyanın Hovannesyan ilə görüşməsini həm daxili vəziyyətin sabitləşməsinə, həm də Avropanın demokratik institutlarına bir mesaj kimi də dəyərləndirmək olar. Bəzi mülahizələrə görə, Hovannesyana vəzifə veriləcəyi iddia edilsə də, bu məsələ hələlik öz təsdiqini tapmamışdır. Amma belə bir halı istisna etmək olmaz.

Seçkilərdən sonra Levon Ter-Petrosyan, Robert Köçəryan, Qaqik Çarukyan və Raffi Hovanesyanın Sərkisyanı təbrik etməmələri Ermənistanın daxili ictimai-siyasi həyatında yaşanan ziddiyyətlərin hələ davam edəcəyindən və daha da gərginləşəcəyindən xəbər verməkdədir. Bu o deməkdir ki, adı çəkilən siyasi xadimlərin heç biri Sərkisyanın ədalətli seçki nəticəsində seçildiyinə inanmır və onun hakimiyyətinin legitimliyini qəbul etmir.

Bu prezident seçkiləri son 20 ildə Ermənistanda keçirilən seçkilərdən olduqca fərqlənir. Belə ki, ana müxalifət partiyasının-Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyanın və digər müxalif partiyaların seçkilərdə öz namizədləri ilə iştirak etməməsi seçkilərin nəticəsinin necə olacağını əvvəldən müəyyənləşdirmişdi və Sərkisyanın seçiləcəyinə kimsə şübhə ilə baxmırdı. Seçki təbliğatı mərhələsində ciddi qanun pozuntularının olması, namizədlərdən Paryur Ayrikyana qarşı törədilən sui-qəsd, bir neçə namizədin aclıq aksiyasına başlaması seçki təbliğatı mərhələsinin necə keçdiyi haqqında əsaslı məlumatlar verir.

Maraqlı budur ki, bütün bu problemlərə baxmayaraq, beynəlxalq müşahidəçilər seçki təbliğat mərhələsində yaşanan bu problemlər barədə Ermənistan hökumətini tənqid edəcək heç bir bəyanat vermədilər. Sadəcə bu seçkilərin əvvəlki seçkilərə görə daha sönük bir şəraitdə keçdiyini vurğuladılar. 18 fevralda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Tonino Piçula beş seçki məntəqəsində olduqları və seçkilərin qanuna uyğun keçdiyi haqqında bəyanat verdi.

Ermənistanın müxalifət KİV-ləri seçkilərdə ciddi qanun pozuntularının olmasını foto və video çəkilişlərlə sübut etsələr də, beynəlxalq müşahidəçilərin seçkilərdə qanun pozuntuları olmadığını dilə gətirmələri təəccüblə qarşılanır. Beynəlxalq müşahidəçilərin Sərkisyanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi ona dəlalət edir ki, seçkinin nəticələrinə etiraz edənlərin mitinq və nümayişləri heç bir şeyi dəyişdirməyəcəkdir.

Müstəqil Dövlətlər Birliyi (MDB) nümayəndə heyətinin rəhbəri Serqey Lebedev Ermənistan seçki məcəlləsində edilən dəyişiklərdən məmnun qaldıqlarını və seçkilərin demokratik bir şəraitdə keçirildiyini vurğulamışdır. MDB nümayəndə heyətinin daha əvvəlki prezident və parlament seçkilərinin nəticələri barədə də eyni sözləri dedikləri xatırlanırsa, tənqidi fikirlərin səslənməməsi təəccüb doğurmamalıdır. Rusiyanın adamı olduğu bilinən Sərkisyanın yenidən prezident seçilməsi, əlbəttə ki bu dövlətin regiondakı ümumi maraqlarının qorunması və davam etdirilməsi deməkdir.

ATƏT-i təmsil edən müşahidəçilər İrəvanda mətbuat konfransı təşkil edərkən bir qrup gənc fəal mətbuat konfransına gələrək müşahidəçilərin seçkilərdə rastlaşdıqları qanun pozuntuları və saxtakarlıqlar barədə münasibət bildirməmələrini qınayaraq etiraz etmişdir. Gənc fəallar ATƏT nümayəndə heyətinin seçkilərdə qanun pozuntuları görmədiklərini bildirməklə, saxtalaşdırılmış seçki nəticələrinin legitimləşdirilməsində iqtidara kömək etdiklərini və bunun qəbul edilməz olduğunu bildirmişlər.

ABŞ dövlət departamentinin nümayəndəsi Viktoriya Nuland seçkilərlə bağlı ATƏT nümayəndə heyətinin məruzəsi ilə həmfikir olduqlarını bildirərək, dövlət olaraq seçkilərə olan münasibətlərinə aydınlıq gətirməmişdir. Özünü dünyada demokratiya və insan haqlarının müdafiəçisi kimi təqdim edən ABŞ hökumətinin seçki təbliğatı mərhələsində və seçkilərdə törədilən qanun pozuntularına, digər namizədlərin haqlarının kobud şəkildə pozulmasına, namizədlərdən birinə sui-qəsd təşkil edilməsinə münasibət bildirməyərək ATƏT nümayəndə heyətinin məruzəsi ilə həmrəy olduqlarını bildirməsi olduqca düşündürücüdür.

ABŞ-ın, Avropa ölkələrinin və beynəlxalq təşkilatların müşahidəçi qruplarının seçkilərlə bağlı rəyləri Sərkisyanın yenidən prezident seçilməsini təsdiq etsə də, əllərində bayraq kimi tutduqları demokratiya, insan haqları, sərbəst və ədalətli seçkilərin keçirilməsi və bu kimi başqa meyarlara ciddi zərbədir və onların bu məsələlərdə səmimiyyətlərini ciddi şəkildə şübhə altına alır.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...