THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal böhranın yeni dalğası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13316
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 fevral 2013 – Newtimes.az

Böhran iqtisadi, siyasi, sosial və ya hər hansı bir digər sahədə olmasından asılı olmayaraq hər zaman çoxvektorlu təsirə malikdir. Hazırda davam etməkdə olan qlobal iqtisadi böhran da bu mənada istisna təşkil etmir və cəmiyyətdaxili bütün proseslərdə özünü göstərir.

Bu gün qlobal iqtisadi böhranın dünyanın müxtəlif ölkələrində sosial nəticələri, ərəb dünyasında siyasi təlatümləri daha çox diqqət cəlb edir. Lakin eyni zamanda qeyd etməliyik ki, bu böhran bəşəri ideya və dəyərlərə təsir baxımından da dərin iz buraxmaqdadır.

Hazırkı qlobal iqtisadi böhran bəşər tarixində nə ilk, nə də sondur. Tarix dəfələrlə sübut etmişdir ki, bütün iqtisadi böhranlardan dünya iqtisadiyyatı daha da güclənərək, yeni texnologiya və innovasiyalara yiyələnməklə texnoloji mərhələ adlayaraq çıxır.

Son 200 ildə XIX əsrin ortalarında Avropa ölkələrinin qarşılaşdığı siyasi və iqtisadi böhranlar, XX əsrin 30-cu illərində "Böyük depressiya illəri”, 1990-cı illərin sosialist iqtisadi sistemin qürubu və ondan sonrakı inkişaf mərhələsi hər bir böhranın yeni iqtisadi sıçrayışla əvəz olunduğunu göstərib. Yəni, iqtisadi parametrlər üzrə bu proses inkişaf siklinin növbəti halqası kimi qəbul olunur.

Lakin böhranın cəmiyyətdə yaratdığı tərəddüd və təlatümlər isə heç vaxt unudulmur və hər zaman geriyə addım hesab edilir. Hazırkı qlobal iqtisadi böhran da cəmiyyətin bəşəri dəyərlərində baş verən dərin çatlarla müşayiət olunur.

Hazırda demokratiya, beynəlxalq hüquq sistemi və ümumilikdə ədalət böhranı anlayışları tez-tez səslənməkdədir. Lakin təəssüf ki, cəmiyyətin qarşılaşdığı bu böhranlardan çıxış iqtisadi böhranlarda olduğu kimi heç zaman sıçrayışlarla müşayiət olunmur. Yaddaşlarda qalan ədalətsizliklər isə qanlı müharibələr, ikili standartlar, insanlıq faciələri olur.

III minilliyin böhranlarının səciyyəvi xüsusiyyətləri

Yeni minillik beynəlxalq münasibətlər sistemində yeni oyunçuların rolunun artması ilə səciyyələnir. Artıq dövlətlər, beynəlxalq təşkilatlar kimi ənənəvi aktorlarla yanaşı qeyri-hökumət təşkilatları, beynəlxalq media orqanları, transmilli şirkətlər qlobal proses və trendlərə fəal müdaxilə edirlər.  Dünya ictimaiyyətinin mövqeyinin formalaşmasında da bu təsisatlar üstünlük əldə ediblər. Bu baxımdan ədalət prinsiplərinə sadiqlik ön plana çıxır. Çünki dövlətlərdən fərqli olaraq bu yeni aktorlar konkret məsuliyyət daşımadıqları üçün ümumi mənzərənin formalaşmasında daha geniş manevr imkanlarına malikdirlər.

Bu gün məhz yeni aktorların səyləri ilə istənilən bir sahədə təsəvvür formalaşdırılmaq mümkün olur. Maraqlıdır ki, bu zaman iqtisadi mühitdən tutmuş səyahət imkanlarına qədər müxtəlif sahələr hədəf olur.

İnsan hüquqları sahəsində "Freedom House”, "Amnesty İnternational”, "Sərhədsiz reportyorlar” və bu kimi digər təşkilatların rəyi əsasında hər hansı bir ölkədə real vəziyyəti istədikləri kimi qiymətləndirmək cəhdləri müşahidə edilir. Yaxud BBC, CNN, Əl-Cəzirə telekanalları, Azadlıq radiosu, Wall Street Journal, Washington Post, New-York Times, Telegraf, Bild, Fiqaro kimi qəzetlər dünya səhnəsində yalnız istədikləri hadisəni günlərlə və aylarla gündəmdə saxlayır və öz səhifələrinə daşıyırlar.

"Bloomberq”, "Reuters”, "Associated Press”, "Agence France-Press” kimi xəbər agentlikləri dünyanın turistlər üçün ən cəlbedici və ya ən arzuolunmaz ölkəsini seçməklə proseslərə müəyyən istiqamət verirlər. Yaxud, "Financial Times”, "Economist”, "Foreign Affairs” kimi jurnallar və ya bəzi agentliklər və təşkilatlar investisiya mühiti ilə bağlı ölkə reytinqi tərtib etməklə bəzən müəyyən standartlar əsasında yanaşaraq tam reallığı əks etdirməyən mənzərə yaradırlar.

Lakin əsl reallığı müəyyən etmək üçün bu yeni aktorların özlərinin nə dərəcədə azad olmağına, hansı məqsədlərə xidmət etmələrinə aydınlıq gətirilməlidir. Gəlin görək bu fondlar, qeyri-hökumət təşkilatları, qəzetlər, xəbər agentlikləri hansı mənbələr hesabına maliyyələşir, kimlər tərəfindən idarə olunur, hansı siyasi xəttə üstünlük verirlər. Bütün bu faktlara aydınlıq gətirməklə informasiyanın tərəfsizliyinin dərəcəsini müəyyənləşdirmək mümkündür. Ancaq qlobal media orqanlarının azad mətbuat, tərəfsiz və doğru informasiya, ədalətli yanaşma prinsiplərinə nə qədər sadiq olduğu şübhə doğurur.

Suriya və Myanmaya yanaşma fərqi

Bu gün dünyanın iki qaynar nöqtəsinə iki fərqli münasibət beynəlxalq medianın və QHT-lərin nə qədər siyasi sifarişlərlə işlədiyini bir daha göstərir. Suriyadakı hadisələr məlumdur. BBC, CNN, Əl-Cəzirə kadrları dayanmadan dünya ictimaiyyətinə birtərəfli təqdim edir. Bəşəriyyət üçün bu bir insanlıq faciəsidir. Lakin qanlı münaqişənin ekranlardan düşməməyində, hadisələr ətrafında birtərəfli mənzərənin yaradılmasında bu telekanalların və QHT-lərin də öz maraqları var.

Təxminən eyni vaxtda Myanmada da bəşəriyyət adına ləkə gətirən hadisələr baş verir. Myanma hakimiyyətinin dəstəyi ilə buddistlər ölkədə yaşayan müsəlmanlara qarşı soyqırım törədirlər. Qısa müddət ərzində on minlərlə insan öldürülmüş və evlərindən didərgin salınmışdır. Myanma rəhbərliyi səviyyəsində bəyan edilir ki, ölkədə yaşayan müsəlmanlar yaşamaq üçün başqa ölkəyə getməlidirlər. Bu isə bütün bu zorakılıqların səbəbini göstərmək üçün yetərlidir.

Dünya ictimaiyyəti, xüsusən də ABŞ və Qərb ölkələri isə baş verməkdə olan bu cinayətlər barədə heç nə danışmır. Qərb mətbuatı ötəri xəbərlərlə kifayətlənir. Maraqlıdır ki, dünyanın hər hansı bir nöqtəsində baş verən ən kiçik münaqişələri belə 5-6 saat sonra dünyaya çatdıran və lazım olduqda inqilab, üsyan və başqa adlarda təqdim edən Qərb telekanalları müsəlmanların başına gətirilən bu qətliamın dünyada əks-səda yaratmasının qarşısını almaq üçün görüntülərin yayılmasına belə heç bir səy göstərmirlər. Qərb mətbuatında Suriya və Myanmada baş verənləri əks etdirən yazıların fərqi müqayisə olunmaz dərəcədədir. Bu ikili standartların arxasında isə siyasi məqsədlər dayanır.

Məlum olduğu kimi, 48 milyon nəfər əhalisi olan Myanmada əhalinin 4%-i müsəlmanlardır və əsasən Arakan bölgəsində yaşayırlar. Burada müsəlmanlara qarşı zorakılıqlar isə hər zaman olmuşdur. Müsəlmanların ən böyük soyqırımı XX əsrin 40-cı illərindən başlayır. Bunlardan ən dəhşətlisi 1942-ci ildə Birma ordusunun dəstək verdiyi buddist qrupların 150 min arakanlı müsəlmanı qətlə yetirməsi və 1962-ci ildə çevriliş edən kommunist general Ne Vinin həyata keçirdiyi soyqırım və assimilyasiyadır. O zaman bölgədəki bütün məscidlər dağıdılmışdı. 1978-ci ildə 200 000 nəfər, 1991-ci il hadisələri zamanı isə 250 000 nəfər qonşu Banqladeşə sığınmalı olmuşdur.

Ölkədə uzun illərdir hərbi rejim hakimiyyət sürməkdədir. Myanma tiryək istehsalına görə dünyada Əfqanıstandan sonra ikincidir. Rusiyanın köməkliyi ilə ölkədə nüvə tədqiqat reaktoru tikilməkdədir. Myanma silahlanmaya böyük maliyyə vəsaiti ayırır və əsas satıcılar Rusiya, Çin, Hindistan, Ukraynadır. Adətən belə ölkələrə qarşı Qərbin rəsmi dairələrinin və yeni aktorlarının kəskin mövqeyi müşahidə olunur. Lakin hazırkı şəraitdə fərqli yanaşma izləyirik.

Myanmadakı hərbi rejimə görə bu ölkəyə sanksiya tətbiq edən ABŞ 2012-ci ilin may ayından etibarən bu sanksiyaları yumşaldıb. Bundan başqa 15 ildən çoxdur xammal idxalına tətbiq olunan beynəlxalq sanksiyalar aradan qaldırılıb. Keçən ilin noyabr ayında ABŞ Myanmaya 245 milyon dollar həcmində yardım edib. 2012-ci ildə Corc Soros, Joze Manuel Barrozo, Toni Bleyer, Ban Ki-Mun, Barak Obama bu ölkəyə səfər etmişlər.

Beynəlxalq münasibətlərin yeni aktorları da bu dəstəyin arxasındadırlar. Beynəlxalq Valyuta Fondu – Myanmanın gələcəyi ilə bağlı yüksək proqnozlar verir, "Foreign Affairs” jurnalı (2013-cü ilin yanvar/fevral nəşri) bu ölkəni investisiya və turizm üçün ən yaxşı məkan elan edir, "Lonely Planet” səyahət nəşriyyatı Myanmanı turistlər üçün 2012-ci ildə 10 ən cəlbedici ölkə siyahısına daxil etmişdir. Ölkədə baş verən zorakılıqlar barədə isə yalnız "Amnesty İnternational” xəbərlər verir, BMT isə qətnamə qəbul etməklə işini bitmiş sayır. Qlobal telekanallar, qəzet və jurnallar isə epizodik xəbərlərdən artıq bir iş görmürlər.

Beynəlxalq mətbuatı bu insanlıq dramına göz yummağa nə vadar edir? Myanma olduqca strateji coğrafi mövqeyə və zəngin təbii ehtiyatlara malikdir. Ölkədə neft və qazdan əlavə, qızıl, gümüş və digər qiymətli metalların böyük ehtiyatları var. Myanmada gündəlik 19 600 barrel neft və 1 475 mlrd.kub neft qaz istehsalının növbəti illərdə bir neçə dəfə artacağı proqnozlaşdırılır. Shell, BP, Conoco/Phillips, Chevron və digər Qərb şirkətləri bu sektora qoşulmaq üçün aktiv fəaliyyətdədirlər. Myanmada böyük infrastruktur işləri gedir. Enerji ixrac marşrutları, yeni paytaxtda tikinti, nəqliyyat və digər böyük layihələr.

Digər tərəfdən Myanmanın strateji coğrafi mövqeyi. Bu ölkə dünyanın yeni nəhəngləri Çin ilə Hindistanın arasında yerləşir. Cənub-Şərqi Asiya ölkələrini birləşdirən ASEAN-da mühüm yer tutur. ASEAN-ın 2015-ci ildən vahid bazar olacağını nəzərə aldıqda hər bir şirkətin bu bazara daxil olmaq istəkləri aydın olur. Çinin artan iqtisadi gücü qarşısında regionda onun təsir gücünü azaltmaq üçün Qərbin bu ölkəyə ehtiyacı vardır. Bir başqa məqam isə onunla bağlıdır ki, yaxınlıqda Çin və Hindistan kimi böyük bazarlar olduğu üçün Qərbin iqtisadi sanksiyaları Myanmaya bir o qədər də böyük təsir göstərmir.

Beləliklə, görünən odur ki, regionda Çinlə nüfuz mübarizəsi, ASEAN-ın vahid bazarında üstün mövqe qazanmaq perspektivi, böyük layihələrə cəlb olunmaq qarşılığında Qərbin yeni siyasi aktorları Myanmada baş verənlərə etinasız qalırlar. Çünki bu qlobal media orqanları, QHT-lər məhz onları dəstəkləyən transmilli şirkətlər, dövlətlərin mənafeyinə uyğun addımlar atırlar. Belə olan halda hansı ədalətli yanaşmadan söhbət gedə bilər. Belə çıxır ki, qlobal səhnədə iqtisadi böhran onsuz da beynəlxalq münasibətlərin xərçənginə çevrilmiş ədalət böhranını daha da dərinləşdirir.

Ərəstü Həbibbəyli,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...