THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Əsas geosiyasi trendlər: 2013-cü ilin proqnozları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7779
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 fevral 2013 – Newtimes.az

Bu il postsovet məkanının geosiyasi mənzərəsində ciddi dəyişikliklər ola bilər. "Startfor”un gəldiyi qənaətlərə görə, burada yeni qeyri-müəyyən məqamların meydana çıxması mümkündür. Bütövlükdə həmin məkanda böyük dövlətlərin fəallaşması gözlənilir.

"Stratfor”: postsovet məkanının həssas nöqtələri

"Stratfor” analitik mərkəzinin proqnozuna (daha ətraflı bax: Геополитический анализ от Stratfor на 2013. www.i-g-t.org) görə, 2013-cü ildə keçmiş sovet respublikaları üçün xeyli dərəcədə gözlənilməz sayıla biləcək proseslər gözlənilir. Bu ərazilərdə Rusiyanın öz nüfuzunu artırmağa çalışacağı ehtimal edilir. Baltikyanı ölkələri çıxmaq şərti ilə bütün postsovet məkanında Moskva daha fəal olacaq. Buna Kremlin imkanları vardır. Maraqlıdır ki, "Stratfor”un qənaətinə görə, Rusiyanın geosiyasi aktivliyinə Qərb mane ola bilməyəcək. Çünki o, daha çox daxili problemlərin həlli ilə məşğul olacaq.

2013-cü ildə Avropa İttifaqı təşkilat kimi daha çox öz varlığını saxlamağa diqqət yetirəcək. Burada əsas ziddiyyət quruma daxil olan dövlətlərin milli suverenliyini qorumaq istəyi ilə böhrandan çıxmaq üçün lazım gələn tədbirləri həyata keçirmək mexanizmi arasında yaranacaq. Təşkilata üzv dövlətlər onların hüquqlarını məhdudlaşdıran ümumi tənzimləmə mexanizmlərini qəbul etmək istəməyəcək.

Bu prosesə Aİ-nin enerjiyə olan ehtiyacının daha da artması öz təsirini göstərə bilər. Həmin məqamı təşkilat Rusiya ilə münasibətlərinin inkişaf etdirilməsində nəzərə almağa məcburdur. Moskva öz növbəsində Avropaya ciddi təsir edə bilməyəcək. Səbəb odur ki, Avropa İttifaqı alternativ enerji mənbələri axtarmaq niyyətindən imtina etməyib. Rusiya Almaniya, İtaliya və Türkiyə bazarında yerini qorumağa çalışacaq. Bu da Kremlin Avropaya qarşı enerji siyasətini sərtləşdirmək imkanını xeyli azaldacaq.

Rusiya enerji sahəsində Aİ-də strateji tərəfdaş axtarışını davam etdirəcək, lakin bu istiqamətdə onun əhəmiyyətli uğur əldə etməsi şansı yüksək deyil. "Stratfor” həmin kontekstdə iki səbəbi vurğulayır: birinci, Moskva Qərbə öz enerji planlarını qəbul etdirmək ideyasından əl çəkməyib, ikinci, Aİ-nin böyük dövlətləri 2013-cü ildə əsas olaraq öz daxili problemlərini həll etməyə çalışacaqlar.

Bunlara rəğmən, Rusiya 2013-cü ildə Avropanın istehlak bazarından asılılığını azaltmaq üçün müəyyən cəhdlər edə bilər. Bu, Şərqi Sibirdə yeni böyük enerji layihələri həyata keçirmək planları ilə bağlı olacaqdır.

"Stratfor” hesab edir ki, Kremlin ABŞ siyasəti yuxarıda qeyd olunan geosiyasi və energetik məqamlarla sıx bağlı olacaq. O cümlədən, Vaşinqtonla Moskva Suriya və İran məsələləri üzrə danışıqları davam etdirəcəklər. Bu, onu göstərir ki, 2013-cü ildə həmin dövlətlər arasında münasibətlərin kəskinləşməsinə "Stratfor” inanmır.

Belə çıxır ki, hazırda Rusiya-Qərb münasibətlərində kəskin dəyişiklik gözlənilmir. ABŞ və Avropa Moskvanın postsovet məkanında siyasi, mədəni, diplomatik və iqtisadi fəallığına mane olmayacaqlar. Nəticədə, Kremlin həmin məkanda geosiyasi nüfuzunun artması gözlənilir. Lakin bunun müəyyən bir həddi keçməsi və keçmiş sovet respublikalarının tamamilə Rusiyanın təsiri altına düşməsi ehtimalını "Stratfor” yüksək qiymətləndirmir. Burada iki faktorun daha çox rol oynayacağı vurğulanır.

Əvvəla, Qərb öz geosiyasi maraqlarını təmin etmək kursundan imtina etməyəcək. Əsasən ABŞ qlobal miqyasda geosiyasi proseslərin öz maraqlarına uyğun getməsinə çalışacaq. Amerikanın kəşfiyyat qurumları və analitik mərkəzlərinin verdiyi proqnozlarda həmin məqam açıq ifadə olunub. Bunları Moskva bilir və o, Vaşinqtonla razılaşdırılmış fəaliyyət göstərmək xəttini seçəcək.

İkincisi, keçmiş sovet respublikalarında milli siyasi elita xarici qüvvələrin təsiri altına düşmək istəməyəcək. Onlar fəaliyyətlərində bu məqamı nəzərə almağa çalışacaqlar. Hadisələrin bu yöndə inkişafı cəmiyyətdə ziddiyyətləri gücləndirə bilər ki, bu da Moskvanı qane etmir. Çünki indi Rusiyaya postsovet məkanında sabitlik daha çox lazımdır. Milli siyasi elitalara qarşı sərt addım atmaq istəməyən Moskvanın onlara təsir göstərməkdən imtina edəcəyini də düşünmək sadəlövhlük olardı.

"Stratfor”a görə, bütün bunlar postsovet məkanında geosiyasi proseslərin ziddiyyətli məqamlarla xarakterizə olunacağını proqnozlaşdırır. Eyni zamanda, həmin məkana daxil olan regionlarda fərqli geosiyasi mənzərə formalaşa bilər. O sırada analitik mərkəz Qafqaz və Mərkəzi Asiyanı xüsusi vurğulayır.

Qafqaz: qeyri-müəyyənliklər qalır

Bu il regionun ən riskli ölkəsinin Gürcüstan olacağı proqnozlaşdırılır. Rusiya üçün də Tbilisi əsas problem kimi qalacaq. Bu ölkədə siyasi hakimiyyətə gəlmiş qüvvələrin vəziyyəti tamamilə nəzarətə götürə bilməyəcəyi ehtimal edilir. Onlar hakimiyyətin bütün qanadlarına öz kadrlarını yerləşdirə bilərlər. Lakin bu, Gürcüstanda mövcud olan qeyri-müəyyənliyi tam aradan qaldırmağa yetməyəcək.

Bunlardan əlavə, Tbilisinin Qərb və regiondakı bəzi dövlətlərlə münasibətləri korlana bilər. ABŞ və Avropa Gürcüstanın NATO siyasətinin dəyişməsinə laqeyd qalmayacaq. Rusiyanın ölkədə nüfuzunun artması fonunda Vaşinqton və Brüsselin konkret addımlar atması ehtimalı yüksəkdir. Bu isə Tbilisi üçün başağrısıdır.

Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla da münasibətlərində problemlər yarana bilər. "Stratfor”un gəldiyi nəticəyə görə, səbəb ondan ibarətdir ki, müstəqil xarici siyasət həyata keçirən Bakı, kənar qüvvələrdən hər hansı birinin bölgəyə daha çox nüfuz etməsinə ehtiyatla yanaşır.

Maraqlıdır ki, "Stratfor”un təhlillərində Ermənistanla bağlı proqnoz verilmir. Burada iki səbəb ola bilər. Birinci, Cənubi Qafqazın bu ölkəsinin geosiyasi proseslərə hansısa təsir göstərə biləcəyini həmin analitik mərkəz real hesab etmir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda ciddi münaqişə yaranıb. Hazırda rəsmi İrəvan özünün yaratdığı qeyri-müəyyənlikdən ədalətli çıxış yolunun tapılmasına heç bir yardım göstərmir. İkinci, analitik mərkəz Rusiyanı qıcıqlandırmaq istəmir. Çünki indi Ermənistan məsələsi çox həssasdır. Fevral ayında keçiriləcək prezident seçkisinin nəticələrinə Avropa ümidlə baxır. Hesab edirlər ki, İrəvan qərbyönlü siyasət yeridəcək.

Lakin real vəziyyət tamamilə başqadır. Ermənistan faktiki olaraq Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyin əsas mənbəyidir. Bu həqiqəti etiraf edib, təhlil və proqnozlarını ona uyğun aparmayan "Stratfor”un gəldiyi qənaətlər inandırıcı görünməyə bilər. Həmin səbəbdən Qafqazın geosiyasi mühitində müəmmalı məqamların hələ bir müddət qalacağını demək olar. Belə görünür ki, böyük dövlətlərin bizim regionda münaqişələri yaxın perspektivdə həll etməklə əlaqəli planları mövcud deyil.

Mərkəzi Asiya: yeni münaqişələr məkanı

"Stratfor”un təhlilindən belə nəticə çıxır ki, Mərkəzi Asiya ölkələri arasında münaqişələr yarana bilər. Özbəkistanın Tacikistan və Qırğızıstanla münasibətlərinin kəskinləşməsi ehtimalı vardır. Həmin prosesə Əfqanıstandan gələ biləcək radikal dini qrupların təsiri də mümkündür. Burada Rusiya amili mütləq nəzərə alınmalıdır.

Moskva Tacikistan və Qırğızıstanı Avrasiya inteqrasiyası prosesinə cəlb edəcək. Qazaxıstan bu məsələdə əsas rollardan birini oynayır. Astana Rusiya ilə sıx münasibətlər qurub. Lakin Nursultan Nazarbayevdən sonra bu ölkədə siyasi vəziyyətin necə olacağı məlum deyil. Həmin məqam regionda silahlı qarşıdurmaya gətirib çıxara bilər. Lakin "Stratfor”un hansı faktlar əsasında bu proqnozu verdiyi tam aydın deyil. Ancaq belə bir tezis irəli sürülübsə, arxasında hansısa geosiyasi məqsəd durur. Ola bilsin ki, Qazaxıstan iqtidarına müəyyən dairələr xəbərdarlıq edirlər ki, növbəti prezident seçkisi demokratik və şəffaf olmasa, ciddi problemlər yarana bilər. Bunun özü də regionda qeyri-müəyyənlik formalaşdırmağa xidmət edir.

Sənəddə Özbəkistanla da bağlı düşündürücü məqamlar yer alıb. Daşkəndin çətin vəziyyətə düşə biləcəyi fikri irəli sürülür. Rusiyanın Avrasiya İttifaqına daxil olmaqla bağlı təzyiqlərinə Özbəkistanın sona qədər tab gətirə biləcəyi şübhə doğurur. Onun mövqeyindən geri çəkilməsi ehtimalı yüksəkdir. Lakin həmin halda Əfqanıstandan Mərkəzi Asiyaya keçəcək hərbi qruplar Daşkənd üçün problemlər yaradacaq. Tacikistanda isə 2013-cü ildə keçiriləcək seçki cəmiyyətdə qeyri-sabitliyin yaranmasına səbəb ola bilər.

Bütün bunlar postsovet məkanında 2013-cü ildə geosiyasi mənzərənin qeyri-müəyyənliklərlə dolu olacağı haqqında nəticə çıxarmağa əsas verir. Görünür, qlobal miqyasda geosiyasi proseslərə təsir etmək qüdrətində olan dövlətlər hələlik bu məkanla bağlı ortaq mövqeyə gələ bilməyiblər. Onlar bura istədikləri səviyyədə təsir etmək imkanına da malik deyillər. Odur ki, 2013-cü ildə daha çox siyasi manevrlər etməyə məcburdurlar. Belə bir vəziyyətdə Rusiyanın postsovet məkanında geosiyasi nüfuzunun yüksəlməsi mümkün hal kimi görünür.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...