THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan etibarlı tərəfdaşdır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1318
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 aprel 2019 – Newtimes.az

2018-ci il ölkəmiz üçün dinamik inkişaf ili oldu. Siyasi-diplomatik sahədə Azərbaycan öz mövqeyini daha da gücləndirərək beynəlxalq əlaqələrini bir qədər də möhkəmləndirdi. Sosial, ictimai, mədəni sahələrdə də yaddaqalan nailiyyətlər qazanıldı. Keçən il Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi uğurlu fəaliyyət xalqımız üçün böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində beynəlxalq aləmdə tərəfdaşlarımızın sayının daha da artması Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi önəm verməsinin nəticəsidir.

Xəzərin hüquqi statusu müəyyənləşdi

Əvvəlki illər kimi, 2018-ci il də Azərbaycanda sülh, sabitlik ili olub. Dünyanın güc sahibi olan dövlətlərinin – ABŞ və Rusiyanın Baş Qərargah rəislərinin görüşünün məhz Bakıda reallaşması ölkəmizə olan inam və etibarın bariz nümunəsidir.

2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir mübahisə mövzusu olan məsələ artıq öz həllini tapmışdır. Həllinə Azərbaycanın böyük töhfə vermiş olduğu bu məsələ region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açmışdır. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm nailiyyətdir. Məlum olduğu kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, Xəzərin hüquqi statusunu tənzimləyəcək sənəd qəbul olunmamışdı. 2018-ci il avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısında imzalanmış konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini dəqiqləşdirdi. Bu tarixi sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir.

Beynəlxalq tədbirlərdə diplomatik uğurlar

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu və onlarca belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda yaşayan müxtəlif millətlərin və əcnəbi qonaqların iştirakı ilə sülh, qardaşlıq şəraitində həyata keçirilir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək, tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir. Bütün bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Ötən ilin yaddaqalan hadisələrindən biri də Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının keçirilməsi oldu. Konfransda iştirak edən Prezident İlham Əliyevin nitqi böyük maraqla qarşılandı. Qeyd etmək lazımdır ki, bu təşkilat BMT-dən sonra ən böyük və nüfuzlu beynəlxalq qurumdur.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə 800-dən artıq şəxs iştirak etmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə evsahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

Qoşulmama Hərəkatının bu il Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Bu, ilk növbədə, ondan ibarətdir ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edəcək. Bu nüfuzlu tədbirə Azərbaycanın evsahibliyi etməsi ölkəmizə olan inam və etibarın, respublikamızın beynəlxalq aləmdə artan reytinqinin nəticəsidir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Bu nüfuzlu təşkilatda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Ötən ilin aprelində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, İƏT Xarici İşlər Nazirləri Şurasının iclaslarında, Brüsseldə keçirilmiş NATO Zirvə görüşündə, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı – GUAM dövlətlərinin hökumət başçılarının toplantısında ölkəmizin yüksək səviyyədə təmsil olunması, həmin tədbirlərdə qəbul olunmuş yekun sənədlərdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilməsi yaddaqalan diplomatik uğurlarımızdır.

İkitərəfli ticari-iqtisadi əlaqələr genişlənir

Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir. Ötən il Misir, İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya və Rusiya hökumətləri daxil olmaqla, hökumətlərarası komissiyaların iclasları, həmçinin Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun ilk görüşü, eyni zamanda, Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə biznes forumlar keçirilib. Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət evlərinin fəaliyyətə başlaması Azərbaycanın mötəbər beynəlxalq təşkilatların layiqli, etibarlı və məsuliyyətli üzvü olmasından xəbər verir.

Humanizm zirvəsi

Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verməsi insan hüquq və azadlıqlarının müdafiəsində də özünü büruzə vermişdir. 2018-ci il ərzində ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya, qanunun aliliyi və digər sahələrin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirmişdir. Ötən il BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş "Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir. Həmin il Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları'' adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirilməsi müharibə cinayəti kimi qeyd olunması, BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər'' adlı qətnamənin yekdilliklə qəbul edilməsi beynəlxalq əməkdaşlığın yüksək göstəricisidir. Dövlət başçısının imzaladığı əfv fərmanlarını bu sahədə humanizmin zirvəsi adlandırmaq olar.

Belə faktlar istənilən qədərdir. Bu uğurlar Prezident İlham Əliyevin son bir ildəki düşünülmüş xarici siyasətinin, həmçinin müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Mehdi Abdullayev,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...