
Bakı, 8 dekabr 2021 – Newtimes.az
Bu ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Soçidə keçirilən görüş ekspertlərin böyük marağına səbəb olub və onun geosiyasi təhlili davam edir. Qərb və Rusiya ekspertləri bütövlükdə bu görüşün əhəmiyyətini vurğulayırlar. Vladimir Putinin həmin görüşdə tərəflərin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşünə də müsbət yanaşması müəyyən konstruktiv əhval-ruhiyyə yaradıb. Bir sıra ekspertlər bunu Kremlin vəziyyətə hakim olmasına əminliyi ilə izah edirlər. Bununla yanaşı, Azərbaycanın xüsusi rolu mütləq vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə böyük ustalıqla postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində iştirak edir. Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Artıq hər kəs bilir ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün əlindən gələni edir. Ayrıca regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında səmimi olaraq maraqlıdır. Bütün bunların fonunda Soçi görüşü və onun sənədləşmiş nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur.
Münaqişədən sonra: Cənubi Qafqazda geosiyasi dinamikanın əsas elementləri
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi ekspertlərin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Xüsusilə regiondakı vəziyyətə Ermənistanın kapitulyasiyasının ifadəsi sayılan 2020-ci il 9 noyabr, həmçinin bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli bəyanatların prizmasından yanaşanlar ortaq geosiyasi və siyasi kontekst axtarmağa daha çox meyllidirlər. Əslində, Soçi görüşündə də müzakirələr məhz həmin iki sənəddə yer almış müddəaların yerinə yetirilməsinin gedişatı ətrafında aparılıb. Bu səbəbdən ekspertlər tərəfindən sualın aşağıdakı kimi qoyulması tam əsaslıdır: Rusiyanın aparıcı rol oynadığı bu proses müsbət sonuclar verə biləcəkmi? Ermənistan konstruktiv mövqeyə gələcəkmi? Qərb bu prosesdə harada yer ala biləcək? Bəlkə o, avtonom fəaliyyətə üstünlük verəcək?
İlk öncə, vurğulayaq ki, Soçidə üç ölkənin liderləri tərəfindən qəbul edilən Bəyanat çox yığcam və konkret hədəfləri olan sənəddir. Onun cəmi beş bəndi olsa da, bu bəndlər yığcam halda mövcud vəziyyəti dolğun əks etdirə bilirlər. Əgər sənədin məzmununa siyasi aspektdə yanaşmış olsaq, vurğulanan özəlliyi görə bilərik. İlk bənddə yazılır: "Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və... Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik".
Bu bənddən aydın olur ki, Azərbaycan, Rusiya və Ermənistan 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların başlıca məqsədini ifadə edən regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi prinsipinə sadiq qalırlar. Bundan sonrakı fəaliyyətdə həmin məqam baza təşkil edəcək. Geosiyasi aspektdə bu, əhəmiyyətli şərtdir, çünki burada sətiraltı iki mühüm siyasi özəllik ifadə olunub. Birincisi, Ermənistan əvvəlki qeyri-konstruktiv mövqeyindən zorən əl çəkərək regional təhlükəsizlik, sabitlik və inkişaf naminə fəaliyyət göstərəcək.
İkincisi, Ermənistanın regionda vəziyyəti gərginləşdirmək şakərindən hələ də əl çəkməyən qərbli havadarları situasiyaya təsir edə bilməyəcək. Bu cəhdlərin qarşısında Azərbaycan və Rusiya ilə yanaşı, güclü Türkiyə də dayanacaq. Nəhayət, geosiyasi kontekstdə vurğulanan məqamlar onu ifadə edir ki, Azərbaycan, Rusiya və Türkiyənin təşəbbüsü ilə regionda postmünaqişə mərhələsinin geosiyasi konfiqurasiyasının hüquqi-siyasi əsasını üç ölkənin liderləri tərəfindən qəbul edilən 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlar təşkil edir.
Şübhəsiz ki, Cənubi Qafqazın son 300 ildə geosiyasi həyatında əlamətdar bir hadisədir. Həm də ona görə ki, XXI əsrdə Azərbaycan siyasi-hərbi və diplomatik qətiyyətliliyi, aktivliyi və konkret fəaliyyəti nəticəsində Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişafın yalnız iştirakçısı deyil, həm də bu prosesi yaradanlardan, onun aparıcı iştirakçılarından biridir. Geosiyasi proseslərin bu regiondakı tarixi dinamikası və Azərbaycanda müstəqil dövlət quruculuğu aspektində bizim üçün son dərəcə əhəmiyyətli tarixi nailiyyətdir. Həmin bənddə ifadə edilən "...2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik" fikri yuxarıda vurğulanan geosiyasi məqamın konkret cümlədə konstatasiyasıdır.
Beləliklə, həm hüquqi-siyasi qüvvəsi olan sənəddə bu vəziyyət öz əsasını tapır, həm də Azərbaycan Respublikası regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq yaratmaqda praktiki fəaliyyət göstərir. Əgər hansısa qüvvə (məsələn, Ermənistan və ya ona havadarlıq edən hansısa güc) bu şərtləri pozmağa cəhd göstərərsə, Azərbaycan, Rusiya və Türkiyə ona qarşı qəti addım ata bilər və bu, tamamilə hüquqi və qanuni olar. Artıq kimsə Azərbaycanı beynəlxalq qanunları pozmaqda, hüquqi normalara əməl etməməkdə ittiham edə bilməz. Soçi sənədi bunu qadağan edir! Və Soçi görüşünün yekunlarının strateji əhəmiyyəti baxımından bu, ən mühüm bənddir. Soçi sənədinin sonrakı bəndi yuxarıda vurğulanan məqamlara konkret əlavədir. Orada deyilir: "Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik".
Ekspertlər sırasında bu müddəa ilə bağlı maraqlı fikirlər söyləyənlərə rast gəlinir. Hətta bəzən ifrat səviyyədə ona pozitiv yanaşma olur. Bu kimi reaksiyalar başadüşüləndir. Çünki bu müddəanın sənədə salınmasında Azərbaycanın qazandığı uğurlar həlledici rol oynayıb. Diqqət edək – aydın şəkildə "Rusiya ordusu" yox, "Rusiya sülhməramlıları" yazılır. Yəni, söhbət daimi yerləşmədən getmir. Rusiya konkret olaraq sülh və barış yaratmaq üçün buradadır. Həmin mərhələ aşılandan sonra vəziyyətə yenidən baxıla bilər.
Bundan başqa, həmin bənddə yer almış ən mühüm fikir sənədin birinci bəndində qoyulan şərtlərə əməl edilməsinin siyasi, diplomatik və hərbi məsuliyyətini Rusiyanın üzərinə götürməsindən ibarətdir! Bu, olduqca ciddi geosiyasi və siyasi mənası olan məqamdır. Bununla Moskva faktiki olaraq, bir tərəfdən, Ermənistanın Qarabağla bağlı seçim manevrlərini məhdudlaşdırır, digər tərəfdən, dünyanın başqa heç bir böyük gücünün situasiyaya təsir etmək imkanının olmadığını təsdiq edir. Türkiyə istisnadır, çünki öncədən proseslər Ankara-Moskva xəttinin əməkdaşlığı üzrə gedib. Şübhə yoxdur ki, gələcəkdə bu məqamın dərin və geniş geosiyasi analizi aparılmalıdır.
Soçi sənədinin ilkin hədəfləri və icra mexanizmi: Azərbaycanın müsbət rolu
Bu iki ümumi xarakterli bəndlərdən sonra Soçi sənədində həm icra mexanizminin formalaşması, həm də konkret ilkin hədəflər öz əksini tapıb. Həmin sırada bizim üçün aşağıdakı müddəa olduqca əhəmiyyətlidir: "Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik".
Doğrudan da, "Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağın" zamanı çoxdan yetişib. Çünki Ermənistan tərəfinin hərbi təxribatları nəticəsində onlarla insan həyatını itirib. Bu barədə Nikol Paşinyan Soçidə fikir bildirib, lakin adəti üzrə yenə də Azərbaycanı ittiham etməyə çalışıb. Konkret olaraq o, "...bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir" deyib, bundan başqa, "Dağlıq Qarabağ münaqişəsinin həlli" ifadəsini bir neçə dəfə dilinə gətirib.
Ancaq Rusiya Prezidenti bu ifadələrin heç birinə fikir verməyərək Azərbaycan tərəfini qane edən leksikonda danışıb. Bu o deməkdir ki, Kreml üçün də həmin təxribatçı mövzu qapanıb və əsas diqqət sabitlik, təhlükəsizlik və inkişafa xidmət edən məqamlara yönəldilməlidir. Buradan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik" tezisinə keçmək mümkündür.
Çünki aydın görünür ki, Azərbaycanla Rusiya N.Paşinyanın dediklərini bəlağətli və boş ritorika kimi qiymətləndirir və başlıca diqqəti fəaliyyət hədəfinə yönəldirlər. Bu mərhələdə əsas hədəf isə sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Bunun üçün öncə ikitərəfli komissiya yaradılmalıdır. Həmin addım atılmadan Azərbaycanla Ermənistan sərhədində sabitliyin qalıcı olması imkansızdır. Bakı və Moskva bu qeyri-müəyyənliyi qəbul etmirlər. Həm də ona görə ki, regionda sülh üçün böyük rolu olacaq kommunikasiya xətlərinin açılması delimitasiya və demarkasiya ilə birbaşa bağlıdır.
Həmin məqam sənədin növbəti bəndində yığcam ifadə olunub. Orada deyilir: "2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq".
Buradan aydın görünür ki, Soçi görüşündə "regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupu" əsas mexanizm olaraq saxlanılır. Bu isə 9 noyabr bəyanatında yer almış tezislərdən birinin varisliyinin təmin edilməsi anlamına gəlir. Yəni, tərəflər yalnız ortaq komissiyanın gəldiyi yekun rəy üzrə hərəkət edəcəklər. Burada hər hansı separatçılığa, özbaşınalığa, birtərəfli hərəkətə yol verilməyəcək. Bu şərtin müsbət sonucu isə "regionun iqtisadi potensialının üzə çıxarılması" olacaqdır və həmin məqsədlə "konkret layihələrin tezliklə həyata keçirilməsi zəruridir".
Bununla bağlı olaraq Soçi görüşünün çox mühüm bir özəlliyinə diqqət yetirək. Regionun iqtisadi potensialını üzə çıxara biləcək əsas layihə Zəngəzur dəhlizidir. "Konkret layihə" ifadəsi məhz bunu nəzərdə tutur. Təbii ki, burada Azərbaycan diplomatiyasının peşəkarlığı, ardıcıl fəaliyyəti və prinsipiallığı nəzərə alınmalıdır. Zəngəzurdan bəhs etmədən Zəngəzur dəhlizinin açılmasını regiondakı bütün layihələrin əsasına qoymaq ciddi uğurdur. Ermənistan faktiki olaraq bu şərtə əməl etməyə məhkumdur.
Əlbəttə, burada Rusiyanın prinsipial mövqeyini də vurğulamaq gərəkdir. Sənədin mətnindən aydın görünür ki, lazım gələrsə, Kreml Ermənistanı "sülhə məcbur edə bilər". Hər bir halda Soçi sənədi buna imkan verir.
Sənəddə Zəngəzur məsələsinə bu dərəcədə diqqət yetirilməsinin geosiyasi və geoiqtisadi səbəbləri aydındır. Burada təhlükəsiz nəqliyyat dəhlizinə olan ehtiyacı da unutmaq olmaz. Lakin regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın birbaşa Zəngəzur dəhlizi ilə bağlı olması şübhəsizdir.
Siyasi xəttin ardıcıllığı: Zəngəzur dəhlizinin açılması və qarşılıqlı etimadın yaradılması kontekstində
Məsələ ondan ibarətdir ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların və indiki Soçi sənədinin reallaşması birbaşa Zəngəzur məsələsi ilə əlaqəlidir. Çünki 11 yanvar 2021-ci il Moskva görüşündə qərara alınmışdı ki, tezliklə Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli görüşlər keçirilsin və proses real olaraq başlasın. Lakin Ermənistan artıq 10 aydır ki, bu prosesi müxtəlif bəhanələrlə ləngidir. Hətta bir sıra hallarda çox təhlükəli proseslərə təkan verməyə çalışır.
Azərbaycan Prezidenti dəfələrlə bu vəziyyətə görə Ermənistana xəbərdarlıq edib. İlham Əliyev rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəliyə əməl etməməsi halında əlavə tədbirlər görüləcəyini açıq bəyan edib. İndi Zəngəzur dəhlizi ilə əlaqəli ölkə başçısı yenə də konkret və ədalətli fikirlər səsləndirir. İlham Əliyev dekabr ayının əvvəllərində Ermənistanı xəbərdar etmişdi ki, əgər Ermənistan dəhlizlə bağlı konkret tarix verməsə, fərqli üsullara əl atılacaq. Deməli, yenə də erməni təxribatı, yenə də havadarlara arxalanmaq meyli və reallığı qəbul etmək istəməmək xisləti ortadadır!
Lakin bu dəfə reallıqdan qaçmaq mümkün deyildir. Səbəbi isə aydındır. Çünki Rusiya üçün də Cənubi Qafqazda geosiyasi dinamikaya nəzarəti tam yerinə yetirmək üçün zaman daralır. Proseslər göstərir ki, Ermənistan vasitəsi ilə ABŞ və Avropanın böyük dövlətləri regiona nüfuz etməyə çalışırlar. Bunun üçün onlar Ermənistana geosiyasi vədlər verir, onu qeyri-konstruktivliyə təhrik edirlər. Birbaşa Rusiyanın aparıcılıq etdiyi sülh və barış yaratma prosesinə əngəllər törədirlər. Bu "geosiyasi tıxac"ı aradan qaldırmaq üçün Ermənistanın Zəngəzur dəhlizi məsələsində konkret addım atması lazımdır! Soçi sənədinin olduqca əhəmiyyətli geosiyasi məqamlarından biri bundan ibarətdir.
Ancaq Ermənistan üçün ciddi ziddiyyət hesab oluna biləcək bir faktı da qeyd etmək gərəkdir. Əslində, Soçi sənədinin sonuncu bəndi həmin məqamı önə çəkir. Həmin bənddə deyilir: "Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək". Azərbaycan cəmiyyətinin mehriban qonşuluqla bağlı heç bir psixoloji, siyasi, mənəvi və geosiyasi narahatlığı yoxdur. Azərbaycan xalqı qalib toplum kimi regionun bütün dövlətləri ilə mehriban qonşuluqda yaşamağa hazırdır. Deməli, sonuncu bənddə əsas olaraq bir tərəfdən, erməni cəmiyyətinin müəyyən psixoloji, tarixi, mənəvi, siyasi və ideoloji neqativliklərdən azad olunması, digər tərəfdən isə, onun havadarlarının vəziyyətə münasibətlərinin dəyişməsi zərurəti vurğulanır. Bunun üçün də kifayət qədər əsas vardır.
İlk növbədə, Ermənistan rəhbərliyi ilə cəmiyyəti arasındakı münasibətlərin siyasi-psixoloji vəziyyətinə baxaq. Ermənistan rəhbərliyi vətəndaşların siyasi həyata laqeyd yanaşması ehtimalından qorxur. (Politologiyada bu duruma absenteizm deyilir. Absenteizm seçkilərə və siyasi proseslərə etinasızlıq, siyasi idarəetmədə təmsilçilik hüququnda imtina edilməsi kimi formalarda təzahür olunur). Səbəbi isə aydındır – rəsmi İrəvan uzun illərdir ki, əhaliyə verdiyi vədlərə əməl edə bilmir, ard-arda siyasi məğlubiyyətə uğrayır. Son olaraq Azərbaycana məğlub oldu. Bununla Ermənistan iqtidarı elektoral dəstəyi tam itirə bilər ki, bu da sondur.
Bunun fonunda erməni cəmiyyətində attityüd (politoloji termindir, ing. attitude – ("münasibət"), subyektin müəyyən sosial davranışa meyli) əhval-ruhiyyə artır. Bu, siyasi interpretasiyada əhalinin əsas kütləsinin mənəvi marginallaşmasını ifadə edir. Nəticəsi ayrı-ayrı şəxslərin və güclərin aqressivləşməsi ola bilir. Sonuc olaraq Ermənistan xaosa və hətta vətəndaş müharibəsinə yuvarlana bilər.
Yəni absenteist və attityüd faktorlar Ermənistanda dönməz halda siyasi fəallığı öncə siyasi avantürizmə, sonra isə aqressiyaya sürükləyə bilər. Məhz bu riski nəzərdə tutaraq Kreml Ermənistan cəmiyyətinin Azərbaycan cəmiyyəti ilə yaxınlaşması məsələsini Soçi sənədinə daxil edib. Təbii ki, bunu Azərbaycan da dəstəkləyir, çünki Zəngəzur dəhlizi də daxil olmaqla konkret layihələri erməni cəmiyyətinin düzgün dərk etməsi lazımlıdır. Əgər cəmiyyət həmin səviyyəyə yüksəlsə, rəsmi İrəvandan Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılmasını tələb edəcək. Sonuncu bəndin geosiyasi mahiyyəti bundan ibarətdir!
Beləliklə, aydın görünür ki, Azərbaycan yalnız sosial, iqtisadi, mədəni sferalarda deyil, həm də postkonflikt mərhələsində barış, sülh, inkişaf kimi mühüm istiqamətlərdə yüksək diplomatik peşəkarlıq nümayiş etdirən dövlətdir! Soçi sənədi bu baxımdan tarixi və geosiyasi əhəmiyyətli sənəddir. Bu sənəd 2020-ci ilin 9 noyabr bəyanatından başlayaraq Azərbaycan, Rusiya və Türkiyənin regional siyasətinin təntənəsini ifadə edir. Burada siyasi xəttin davamlılığı ayrıca əhəmiyyət daşıyır.
Bundan başqa, Azərbaycan yeni geosiyasi dinamikanı müəyyən edən dövlətlərdən biridir. Bu o deməkdir ki, Azərbaycan addım-addım Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının mərkəzi dövləti (gücü) halına gəlir. Və bu, bütün istiqamətlərdə özünü göstərir. Həmin baxımdan Soçi sənədi son olmayıb, yeni mərhələnin mühüm fraqmentlərindən biridir.
Kamal Adıgözəlov
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...