THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Boris Consonun Çin və Rusiyanı təcrid planı

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4191
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 dekabr 2020 – Newtimes.az

Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistan, Avstraliya və Cənubi Koreyanı Böyük yeddilərin – G7-nin sammitinə dəvət edib.

Ancaq belə görünür ki, rəsmi Londonun niyyəti Hindistan, Avstraliya və Cənubi Koreyanın dəvət olunması ilə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 platformasını yeni üzvlərin qəbul edilməsi ilə genişləndirmək deyil. Çünki Baş nazir Boris Conson ümumiyyətlə, G7 formatın dəyişərək D10 adlandırılmasını təklif edir. D hərfi isə platformada təmsil olunan ölkələrin demokratik dövlətlər olmasına işarədir. Məhz demokratik dövlət anlayışından istifadə etməklə Boris Conson Rusiya və Çini yeni əməkdaşlıq platformasından kənarda saxlamağa, təcrid etməyə çalışır.

Boris Consonun bu təklifi ABŞ prezidenti Donald Trampın bir neçə ay öncəki təklifinin təkrarı kimi görünsə də, əslində, tamamilə fərqlidir. Əsas fərq yeni əməkdaşlıq formatında təmsil olunacaq dövlətlərin iqtisadi gücünün deyil, dövlət idarəçiliyinin əsas götürülməsidir. İkinci fərq Consonun Rusiyanı yeni əməkdaşlıq klubuna dəvət etməməsidir. Tramp isə Hindistan, Avstarliya və Cənubi Koreya ilə yanaşı, Rusiyanın da yeni əməkdaşlıq platformasında təmsil olunmasını təklif etmişdi. ABŞ prezidentinin təklifi o zaman Avropa ölkələrinin, xüsusən də Böyük Britaniyanın Rusiyanı yanlarında görmək istəməməsinə görə reallaşmadı. Boris Consonun təklifinin isə reallaşması ehtimalı böyükdür. Çünki Co Bayden demokratik dəyərlərin müdafiəsinin yenidən Vaşinqtonun xarici siyasətinin əsas istiqamətlərindən birinə çevriləcəyini bəyan edib. Bu isə Londonla Vaşinqtonun yeni əməkdaşlıq formatı ilə bağlı mövqelərinin üst-üstə düşəcəyinin anonsunu verir. Digər tərəfdən, Co Baydenin Rusiyanı ABŞ-ın düşməni, Çini isə əsas rəqibi elan etdiyini nə nəzərə alsaq, deyə bilərik ki, bu iki ölkənin indi yeni əməkdaşlıq formatından kənarda saxlanılması Vaşinqtonun maraqlarına uyğundur. Bundan əlavə, yeni əməkdaşlıq formatına Çinin əvəzinə Hindistanın dəvət olunması Boris Consonun təklifinin Yaponiya və ABŞ tərəfindən dəstəklənməsinə səbəb olacaq. Moskva ilə münasibətlərin gərginliyinə görə Rusiyanın D10-da təmsil olunmaması Avropa paytaxtlarının da maraqlarına uyğundur. Bütün bunlar isə Consunun təklifinin reallaşma ehtimalını yüksək olduğundan xəbər verir.

Ekspertlər ABŞ, Yaponiya, Hindistan, Avstraliya və Cənubi Koreyanın yer alacağı D10 formatının Çinə qarşı ittifaq kimi qəbul oluna biləcəyinə diqqət çəkirlər. Çünki yeni əməkdaşlıq platformasında təmsil olunacaq ölkələrin ən azı yarısının – ABŞ, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliya ilə Çin arasında ciddi rəqabət mövcuddur.

Ancaq belə görünür ki, D10 formatının Çinə qarşı ittifaq kimi görünməsi Boris Consonu narahat etmir. Çünki Böyük Britaniya artıq Hindistan, Avstraliya və Cənubi Koreyaya sammitdə iştirak etmək üçün dəvət göndərib. Sammitin gələn ilin yayında Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur. Dəvət məktubu göndərməklə kifayətlənməyən Boris Conson yanvar ayında Dehliyə səfər edərək bu məsələni Hindistanın Baş naziri ilə üzbəüz müzakirə etmək istəyir.

Ekspertlər hesab edirlər ki, Boris Consonun yeni təklifi faydalı ola bilər. Çünki son illər Çin və Rusiyanın beynəlxalq aləmdə daha sərt, bəzi hallarda isə təcavüzkar siyasətə üstünlük verdiyi bir şəraitdə əvvəlki əməkdaşlıq formatları qaneedici fəaliyyət göstərə bilmir. Buna görə də, iqtisadi inkişafına görə dünyanın öndə gedən və eyni zamanda, demokratik üsul-idarəçiliyə malik böyük dövlətlərinin yeni əməkdaşlıq formatının uğurlu ola biləcəyi qeyd edilir.

D10 formatı eyni zamanda, Sakit okean regionunda Çinin artan gücünü önləməyə də imkan verə bilər. Dünya iqtisadiyyatının ağırlıq mərkəzi Avropadan Sakit okean regionuna köçdükdən sonra əsas rəqabət də məhz bu bölgədə yaşanır. ABŞ, Hindistan, Yaponiya, Cənubi Koreya və Avstraliya Çinin Sakit okean regionunda üstün gücə və əsas söz sahibinə çevrilməsinə qarşı çıxırlar. D10 formatı bu ölkələrin Sakit okean regionu ilə bağlı maraqlarının üstün götürüldüyü platforma ola bilər. 

Çin ilə yanaşı, Rusiyanın da yeni əməkdaşlıq formatından kənarda saxlanılması Kremlin təcavüzkar xarici siyasət aparması ilə bağlıdır. Rusiyanı G8-dən kənarlaşdıran ölkələrin Moskvanı yeni əməkdaşlıq formatına dəvət etməsi ziddiyyətli addım olardı.

Boris Consonun bu təklifi reallaşacağı halda dünyada yeni geosiyasi reallıqlar yaranmağa başlayacaq. Bu əməkdaşlıqdan kənarda qalan Çin və Rusiya yeni ittifaqlar yaratmağa cəhd edə bilərlər. Məsələn, Çinin liderliyi ilə yeni siyasi-iqtisadi əməkdaşlıq formatı yarana, Qərb tərəfindən təcrid olunan və Şərqə dönüşünü artıq elan etmiş Rusiya Çinin liderliyini qəbul edərək Pekinin formalaşdıracağı yeni əməkdaşlıq formatında iştirak edə bilər. Rusiyanın təkbaşına D10-a alternativ yaratmaq üçün iqtisadi gücü yoxdur. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın yaratdığı bütün birliklər real əməkdaşlıq formatına çevrilə bilməyiblər və formal xarakter daşıyıblar. Çin isə nəhəng iqtisadi gücü ilə sərmayəyə və texnologiyaya ehtiyacı olan dövlətlər üçün cəlbedici ağırlıq mərkəzidir. Çinin yaradacağı yeni formatda əməkdaşlığa regionun başqa dövlətləri də qoşula bilərlər.

Ancaq bir çox ekspertlər hesab edirlər ki, Çin və Rusiyanın D10 ölkələri tərəfindən təcrid edilməsi bu ölkələr üçün ciddi nəticələr doğuracaq. Pekin və Moskvanın quracağı istənilən ittifaq D10-la rəqabət aparmaq imkanında olmayacaq. Əksinə, alternativ güc mərkəzi yaratmaq cəhdi Pekin və Moskvanın siyasi və iqtisadi təcridini daha gücləndirə bilər. Bu isə Çin və Rusiyanın xarici və daxili siyasətində dəyişiklikləri qaçılmaz hala gətirmiş olar.

Xaqani Cəfərli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...