
Bakı, 17 dekabr 2020 – Newtimes.az
"Hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb'', – deyə Azərbaycan Prezidenti İlham Əliyev xalqa dekabrın 1-də etdiyi müraciətində bildirib. Söhbət Ermənistanın işğalından bu yaxınlarda azad edilmiş Azərbaycan ərazilərindən – Qarabağdan gedir. Ermənistanın sabiq baş prokuroru və Avropa Məhkəməsindəki keçmiş nümayəndəsi Gevork Kostanyan isə deyir ki, artıq Bakı ona vurulmuş maddi zərərlə bağlı Ermənistanı məhkəməyə verməyə hazırlaşır. Kostanyanın sözlərinə görə, söhbət 50 milyard dollarlıq kompensasiyadan gedə bilər.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayonda hər zaman azərbaycanlılar yaşayıb. Birinci Qarabağ müharibəsi zamanı (1988-1994) Ermənistan həmin rayonları da işğal etmişdi və nəticədə 700 mindən çox azərbaycanlı ev-eşiyindən didərgin düşmüşdü. Ermənistanın işğalı dövründə bu rayonlar tamamilə dağıdılıb, yerlə-yeksan edilib.
Azərbaycan tərəfinin rəsmi məlumatına əsasən, işğaldan azad edilmiş rayonlarda yaşayış evləri və inzibati binalarla yanaşı, 700 tarixi-mədəni abidə, 927 kitabxana, 800 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, ümumilikdə 100 min artefaktın saxlanıldığı 22 muzey, 4 rəsm qalereyası, 4 kinoteatr, 2 konsert zalı ya məhv edilib, ya da zədələnib.
Beləliklə, regionun bərpasına uzun zaman və böyük maliyyə resursu lazım olacaq. Bəzi ekspertlər hesab edir ki, bu işlərin başa çatdırılması üçün 5-10 il vaxt və 10 milyard dollardan çox vəsait tələb olunur.
Bakı bir zamanlar Azərbaycanın çiçəklənən regionu olmuş, işğaldan bu yaxınlarda azad edilmiş rayonları istənilən halda bərpa etmək niyyətindədir. Azərbaycanın dövlət başçısı xalqa dekabrın 1-də ünvanladığı müraciətində bildirib ki, "biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq''.
İlham Əliyev bu günlərdə İtaliya Deputatlar Palatasının nümayəndə heyətini qəbul edən zaman da bu haqda danışıb. O deyib ki, "indi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik''.
Bu, əslində, İkinci Qarabağ müharibəsində antiazərbaycan mövqe nümayiş etdirmiş dövlətlərə mesaj idi. Yəni bu ölkələri təmsil edən şirkətlər azad edilmiş rayonların bərpasında iştirak etməyəcək.
"Bizim üçün bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir'', – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycan artıq bu işlərin həyata keçirilməsində iştirak edəcək Türkiyə şirkətlərilə ilkin müqavilələr imzalayıb. Prezident Əliyev hesab edir ki, "bu təbiidir, çünki Türkiyə qardaş ölkədir''.
Əlbəttə, azad edilmiş rayonların bərpası prosesində Avropa ölkələri də iştirak edəcək. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter''də yazıb ki, o, dekabrın 1-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdə işğaldan azad edilmiş rayonlarda "ağıllı şəhərlər''in yaradılması haqda müzakirələr aparıb.
Doğrudur, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpası planlarını əks etdirən hərtərəfli dövlət proqramı hələ elan olunmayıb. Lakin bərpa işlərilə bağlı bəzi addımlar atılıb və müəyyən planlar elan edilib. Məsələn, Şuşa azad edildikdən dərhal sonra Azərbaycan tərəfi bu şəhərə təxminən 100 kilometrlik yol çəkiləcəyini bəyan edib. Bu işə artıq 3 Türkiyə və 1 Azərbaycan şirkəti cəlb olunub. İşlərin 1,5 ilə başa çatdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də öz növbəsində, Qarabağ regionu ilə ölkənin digər ərazilərini birləşdirəcək yeni yolların tikintisilə bağlı planlarını açıqlayıb. Avtomobil və dəmir yollarının tikintisi əslində, regionda bərpa işlərinə başlanılması, həmçinin iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli sazişlə başa çatıb. Həmin sənədə əsasən, regionda bütün kommunikasiya kanalları açılacaq. Bundan başqa, Azərbaycanla dənizə çıxışı olmayan eksklavı – Naxçıvan Muxtar Respublikası arasında da dəhliz yaradılacaq. O, Ermənistan ərazisindən keçəcək. Odur ki, Bakı artıq Azərbaycanın əsas hissəsini Naxçıvanı birləşdirəcək dəmir yolu və avtomobil magistralının tikintisini planlaşdırır. Bu yollar Azərbaycanı əsas strateji müttəfiqi olan Türkiyə ilə birləşdirəcək.
Azərbaycanın müharibədən sonrakı planlarında Ermənistanın dağıtdığı və təhqir etdiyi mədəni-dini abidələrin bərpası xüsusi yer tutur. Azərbaycanlılar Qarabağ regionundakı tarixi məscidlərinin son 30 ildə donuz damına çevrilməsini böyük hiddətlə qarşılayıblar. Bu məsələdə azərbaycanlıları Qarabağ regionunda faktaraşdırıcı missiya ilə məşğul olmuş beynəlxalq vasitəçilər – Fransa, Rusiya və ABŞ-ın fəaliyyəti də məyus edib. Çünki onlar regiondakı dini abidələrin vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmayıblar.
İstənilən halda, çoxkonfessiyalı ölkə olan Azərbaycan azad edilmiş ərazilərdə təkcə müsəlmanlara deyil, həm də xristianlara və digər dinlərə məxsus abidələri də bərpa etmək niyyətindədir. Bu məqsədlə UNESCO və digər beynəlxalq təşkilatlar artıq Azərbaycana dəvət olunub. Onlar həm regionun mədəni irsinin bərpasında iştirak edəcək, həm də Ermənistanın Azərbaycana vurduğu ziyanı qiymətləndirəcək.
Maraqlıdır ki, bütün bunlar Azərbaycanla bağlı dezinformasiya kampaniyasının aparıldığı şəraitdə baş verir. Dezinformasiya yaymaqla məşğul olanlar iddia edir ki, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi regiondakı xristian mədəni irsinə təhdid yaradır...
"Mənim də təmsil olunduğum administrasiya açıq bəyan edib ki, ölkəmiz Ermənistan tərəfindən dağıdılmış regionda müsəlmanlara və xristianlara məxsus mədəni irsi bərpa edəcək. UNESCO da bu layihədə iştirak edəcəyini bildirir. Biz bunu çox xoş qarşılayırıq'', – deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O, Azərbaycanda xristian irsinə təhdidin olduğu haqda iddiaları rədd edib.
Vasif Hüseynov
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...