THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələsi başlayıb

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4105
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 noyabr 2020 – Newtimes.az

Azərbaycan Ordusunun 44 günlük müharibədə işğal altındakı torpaqların əhəmiyyətli bir hissəsini azad etməsi və bundan sonra Ermənistanın təslim olması, Rusiya və Türkiyənin regiona sülhməramlılarını göndərməsi bütün Cənubi Qafqazda geosiyasi vəziyyəti və qüvvələr nisbətini kəskin dəyişdi.

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs haqqında bəyanatdakı imzaların mürəkkəbi qurumamış ABŞ və Fransa əldə olunan razılaşma ilə bağlı suallarının olduğunu əks etdirən açıqlama yaydılar. Vaşinqton və Paris hərbi əməliyyatların dayandırılmasını alqışlasalar da, prosesin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılmasını önə sürdülər. ABŞ və Fransanı narahat edən məqamlardan biri də atəşkəsdən sonrakı prosesdə Türkiyənin rolu ilə bağlıdır. Hətta Türkiyənin prosesdə yer almasının beynəlxalq qanunlara uyğun olmadığı da iddia edilməyə başlandı. ATƏT-in Minsk qrupunun həmsədrləri qismində ABŞ və Fransanın Moskvaya ünvanladıqları sual və iradlara Rusiya prezidenti Vladimir Putin cavab verərək Türkiyənin prosesdə yer almasının beynəlxalq qanunlara zidd olmadığını bildirdi. Türkiyənin ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olduğuna diqqət çəkən Rusiya prezidenti Azərbaycanın da müstəqil dövlət kimi istənilən dövlətlə hərbi sahədə əməkdaşlıq etmək və yardım istəmək hüququna malik olduğunu bəyan etdi. Moskvanın bu cavabından sonra Rusiya ilə birgə hərəkət edə bilməyəcəklərini anlayan ABŞ və Fransanın Cənubi Qafqazda təkbaşına hərəkət etmək qərarı aldıqlarını görmək olar. Bu zaman ABŞ əsasən bölgədə təmsilçiliyi Gürcüstan üzərindən həyata keçirmək istəyirsə, Fransa Rusiyanın daha da gücləndiyi Ermənistandakı mövqelərini qorumağa çalışır. ABŞ, Rusiya və Türkiyədən fərqli olaraq bölgədə hərbi təmsilçiliyə və ciddi iqtisadi təsirə malik olmayan Fransa siyasi mexanizm və alətlərdən istifadə edərək bölgədəki mövqelərini qorumağa çalışır. ATƏT-in Minsk qrupu, Avropa Birliyi və ən nəhayət, BMT Təhlükəsizlik Şurası Fransanın bölgədə təsir imkanlarını saxlamaq üçün istifadə edə biləcəyi siyasi mexanizmlərdir. Ona görə də Paris hər vəchlə ATƏT-in Minsk qrupunun fəaliyyətinin önə çəkilməsinə çalışır.

Fransa bundan başqa, qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması ilə bağlı beynəlxalq hüquqa ziddi addıma əl atmaqla bölgədəki, xüsusilə Ermənistandakı mövcudluğunu qoruyub saxlamağa çalışır. Ancaq bununla Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanla münasibətlərinin də qırıla biləcəyinin hələ ki, fərqində deyil.

Rusiya və Fransadan fərqli olaraq, ABŞ Cənubi Qafqazda maraqlarını Gürcüstan üzərindən həyata keçirməyə çalışır. ABŞ Dövlət katibi Mayk Pompeo noyabrın 13-dən 23-ə kimi davam edəcək Avropa və Yaxın Şərqə 10 günlük səfərinin iki gününü Gürcüstanda keçirib. Gürcüstandan başqa, Pompeonun səfər planına Fransa, Türkiyə, İsrail, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin daxil olması Tbilisinin Vaşinqtonun xarici siyasətində nə qədər önəmli olduğunu göstərən başqa bir məqamdır.

ABŞ Dövlət katibinin Tbilisidə prezident, Baş nazir, xarici işlər naziri ilə yanaşı, bütün Gürcüstanın Patriarxı ilə də görüşməsi, bu güörüşlərin əksəriyyətinin gizli aparılması Pompeonun Gürcüstan səfərinin önəmini göstərən üçüncü məqamdır. Ekspertlərin fikrincə, Pompeonun bağlı qapılar arxasında apardığı danışıqlarda ABŞ-ın Gürcüstanda hərbi baza yaratması müzakirə olunub. Bu iddia isə yalnız görüşlərin qapalı keçirilməsindən qaynaqlanmır. Pompeonun Tbilisiyə səfəri ərəfəsində bir qrup gürcü ictimai-siyasi xadimi ABŞ Dövlət katibinə açıq məktubla müraciət edərək Vaşinqtonu daimi əsaslarla Gürcüstanda hərbi baza yerləşdirməyə çağırmışdılar. Müraciəti imzalayanlar arasında sabiq müdafiə nazirləri İrakli Alasaniya və Tina Xidaşeli, sabiq xarici işlər naziri Tedo Caparidze, Avrointeqrasiya məsələləri üzrə keçmiş nazir Aleksi Petriaşvili, Gürcüstanın ABŞ-da və NATO-dakı sabiq səfirləri Temur Yakoaşvili və Qriqol Mqaloblişvili, nüfuzlu politoqlar Kaxa Qoqolaşvili, Gela Vasadze və Tornike Şaraşadenidze də var. Müraciət müəllifləri hesab edirlər ki, ABŞ Gürcüstanda hərbi baza yerləşdirməklə gürcü xalqının təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, NATO-ya inteqrasiyanı da gücləndirə bilər. Gürcü xalqının ABŞ-ın bu addımını dəstəkləyəcəyi ilə bağlı müraciət müəlliflərinin fikirləri isə əsassız deyil. Edison Research şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, gürcülərin 64 faizi ABŞ-ın Gürcüstanda hərbi baza yaratmasının tərəfdarıdır. Ötən il keçirilən rəy sorğusunda gürcülərin yalnız 51 faizi ABŞ-ın Gürcüstanda hərbi baza yaratmasına tərəfdar çıxmışdı. Edison Research şirkətinin ekspertləri hesab edir ki, ABŞ hərbi bazası ilə bağlı ötən illə müqayisədə ictimai rəydəki kəskin dəyişiklik Qarabağda baş verən hərbi əməliyyatın təsirinin nəticəsidir. Ekspertlər hesab edirlər ki, bu, gürcülərin təhlükəsizliklə bağlı narahatlıqlarının nəticəsidir.

ABŞ-ın Gürcüstanda hərbi baza yaratmaqla bağlı müzakirələrə başlaması ictimai-siyasi xadimlərin müraciətləri ilə yanaşı, rəsmilərin də bir sıra açıqlamalarından aydın görünür. Gürcüstanın Baş naziri Georgi Qaxariya Mayk Pompeo ilə görüşdə ABŞ-ı öz təmsilçiliyini artırmağa çağırıb. Ekspertlər söhbətin hərbi təmsilçiliyikdən getdiyinə şübhə etmirlər. Çox böyük ehtimalla, ABŞ-ın Gürcüstanda hərbi baza yaratması ilə bağlı qərarı növbəti prezident verəcək. Ancaq Mayk Pompeo dekabr ayında Konqresdə ABŞ-ın xarici siyasəti ilə bağlı hesabatla çıxış edəcək və Vaşinqtonun qarşısında duran vəzifələrlə bağlı fikirlərini açıqlayacaq. Ekspertlər hesab edirlər ki, gürcü siyasətçilər də məhz bu məqamdan yararlanıb, Pompeonun hərbi baza ilə bağlı məsələni gündəmə gətirməsini istəyirlər. Co Baydeninin prezidentliyi dövründə isə bu məsələnin həllinə gürcülərin çox böyük ümidi var. İki günlük səfərdən sonra Pompeo Gürcüstanı tərk etsə də, öz köməkçisi Filipp Rikeri Tbilisidə saxlayıb. Belə görünür ki, ABŞ Cənubi Qafqazdakı mövcudluğunu Gürcüstan üzərindən həyata keçirmək siyasətinə sadiqdir və yaxın zamanlara bu siyasət yeni mərhələyə keçəcək.

ABŞ, Rusiya, Fransa və Türkiyənin noyabrın 10-dan sonrakı müddət ərzində bölgə ilə bağlı siyasətini təhlil etdikdə Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələsinin başladığını görmək olar. Bu mübarizə İranın hələlik iştirak etməməsi Tehranın oyundan kənarda qalması anlamına gəlməməlidir. Çox güman ki, İranın oyuna daxil olmaq istəyini yaxın günlərdə müşahidə edəcəyik. İranın prosesə qoşulmasa belə, Cənubi Qafqazda böyük dövlətlərin təsir dairəsi uğrunda mübarizəsinin başlaması bölgənin narahat günlərinin qarşıda olduğundan xəbər verir.

Xaqani Cəfərli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...