
Bakı, 24 oktyabr 2020 – Newtimes.az
Hərbi əməliyyatların 25-ci günü bir sıra həlledici məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan Ordusu 27 ildən sonra Qarabağ istiqamətində İranla 132 km-lik sərhəd xəttinə nəzarəti bərpa etdi. Bu istiqamətdən separatçı rejim qanunsuz fəaliyyətlər həyata keçirirdi. Həmin yolun bağlanması cənub qapısının separatçı xuntanın üzünə bağlanması deməkdir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşməsinə rəvac verə biləcək istiqamətlərdən biri məhz işğal altında olan 132 km-lik ərazilərimiz idi. Belə ki, həmin istiqamətdə gedən hərbi əməliyyatlar zamanı İranın sərhədyanı əraziləri raket atəşinə məruz qalmış və dağıtılar qeydə alınmışdır. Əgər münaqişə eskalasiya olunsaydı, istər-istəməz onun həmin ərazilərə yayılması və oradakı azərbaycanlıların buna biganə qalmayacağı mütləq idi.
Azərbaycan-İran sərhəddində nəzarətin bərpa
olunması ordumuzun cənub-şərq istiqamətində irəliləməsinə imkan verir. Orada isə
separatçı rejimi Ermənistanla bağlayan strateji Laçın dəhlizi mövcuddur. Onun
da ələ keçirilməsi işğalçı ölkəni separatçı rejimlə bağlayan strateji dəhlizin
bağlanması deməkdir.
Hərbi cəbhədə ciddi uğursuzluq Ermənistanda siyasi
qüvvələr arasında vahid hərəkət üçün konsensusun əldə edilməsini mümkünsüz
edir. Belə ki, Nikol Paşinyan öz siyasi oppentləri ilə keçirdiyi görüşdə
onların təzyiqlərini sığortalamaq üçün danışıqların olmayacağı və müharibənin
davam edəcəyini bildirib. Burada təəccüblü heç nə yoxdur. Ermənistanın və
Dağlıq Qarabağın keçmiş prezidentlərindən ibarət Məşvərət Şurasının üzvlərinin
demək olar ki, hamısı (Levon Ter-Petrosyan istisna olmaqla) Rusiya meyilli şəxslərdir.
Serj Sarkisyanı devirmiş, Robert Köçəryanı həbs etdirmiş bir insanın onların məsləhətinə
qulaq asacağı inandırıcı görünmür. Məhz bu səbəbdən Paşinyanın müharibəni davam
etdirmək zorunda qalması başa düşüləndir.
Rusiya Prezidenti Vladimir Putinin "Azərbaycan
torpaqları uzunmüddətə işğal altında qala bilməz” fikirləri Ermənistanın təcavüzkar
olması və belə olan təqdirdə ona dəstəyin verilməyəcəyi, ən nəhayət isə Azərbaycanın
bu işğala son qoymaq hüququna malik olması mənasını verir. Rusiya prezidentinin
bu fikirləri onun Azərbaycan torpaqları işğaldan azad olunanadək neytral
qalacağına dəlalət edir.
Rusiyanın və KTMT-nin Ermənistana kömək etməyəcəyinə
tam əmin olan Ermənistan NATO və Avropa İttifaqından kömək istəməkdədir. Ermənistan
prezidentinin Brüsselə səfəri, tez-tez Fransa prezidenti Emmanuel Makronun
Putinə zəng etməsi, habelə bu gün ABŞ-da hər iki ölkənin xarici işlər nazirləri
arasında baş tutacaq danışıqlar Ermənistanı qələbəyə susamış Azərbaycan əsgərinin
polad pəncəsindən xilas etməyə yönəlmiş addımlardır.
ABŞ-ın Dövlət katibi Mayk Pompeonun işə qarışması
gözlənilən idi. İndiki hakimiyyətin Corc Sorosun yetirməsi olması belə düşünməyə
əsas verir. N.Paşinyan siyasi hakimiyyətə gələndə onun rəhbərlik etdiyi hərəkat
Yerk (erməni dilində Çıxış) çox böyük ehtimalla antirusiya təmayüllü
geooriyentasiyanı təbliğ edirdi. Azərbaycan Prezidenti İlham Əliyev xarici
telekompaniyaların birinə verdiyi müsahibəsində Paşinyanın bu adı seçməsini
onun Rusiyanın təsirindən çıxıb alternativ yolla hərəkət etməsinə dəlalət
etdiyini bəyan etmişdir. Həmin alternativ Sorosun mənsub olduğu dövlətin təbliğ
etdiyi yol hesab edilir. Son iki il ərzində N. Paşinyan Rusiyaya məxsus 3
telekanalı bağlamış, Xocalı soyqırımının Rusiya hərbçiləri tərəfindən törədildiyini
bəyan etmiş, Rusiya yönümlü qüvvələri həbs etdirmiş, dostlarının Berlində,
Parisdə və Vaşinqtonda olması barədə fikirlər səsləndirmişdir. ABŞ-a sarı "drayv”ı
əsaslandıran məsələlərdən biri də bu ilin yayında ABŞ-ın Ermənistan hakimiyyətində
korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə mütəxəssis ayırmasıdır. Həmin mütəxəssis
ölkədə korrupsiyaya qarşı mübarizə aparmalı və yeni antikorrupsiya orqanlarının
yaradılması və onların fəaliyyətlərinin effektliyini artırmaq məqsədilə Ermənistan
hökumətinə kömək etməlidir. Bu məqsədlə ABŞ Ermənistana 10 mln. dollar ayırıb.
Bu müşavirin əsas vəzifəsi ABŞ-a təhsil səfərləri və treyninqlər təşkil etməli,
əslində isə erməni dövlətinin əsaslarını dağıtmaq və onu ABŞ-ın təsir dairəsinə
keçirməkdən ibarətdir. Bu ilin başlanğıcında Ukraynada da analoji addım atılmış
və həmin fəaliyyət üçün 22 milyon dollar ayrılmışdır. Görünür ki, tarixi
satelliti olan Ermənistanın bu xəyanətindən xəbərdar olması V. Putinin məlum
münaqişədə neytrallığı Paşinyanın məğlubiyyətinə və hakimiyyətdən getməsinə
hesablanıb.
M. Pompeonun danışıqlar ərəfəsində səsləndirdiyi
sözlər münaqişənin həllindən daha çox ABŞ-ın regionda aparmaq istədiyi təhlükəli
oyundan, Türkiyə ilə Rusiyanın arasını vurmaqdan, Türkiyəyə qarşı Avropanı bir
araya gətirməkdən və bütün bunlara nail olmaq üçün Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsindən bir alət kimi faydalanmağa çalışmasından xəbər verir. O,
Dağlıq Qarabağ ətrafındakı vəziyyəti şərh edərkən bunları söyləyib: "Bu, çətin
bir diplomatik vəziyyətdir. Biz, əksər Avropa ölkələri kimi, hələ də doğru
yolun münaqişəyə son qoymaq olduğuna inanırıq. Deskalasiya olduqca vacibdir,
bunun üçün heç bir ölkə müdaxilə etməməli, münaqişə alovuna yanacaq tökməməlidir.
Silah yoxdur, dəstək də yoxdur. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan
diplomatik həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım mövzu
budur”. Dövlət katibi "heç bir ölkə müdaxilə etməməli” və "münaqişə alovuna
yanacaq tökməməlidir” deyərkən təbii ki, Türkiyəni nəzərdə tutub. Şübhəsiz belə
bir mövqe həm də işğalçının Türkiyə ilə bağlı planlarına tam cavab verir.
Bütün bunlara baxmayaraq, ABŞ-ın münaqişə zonasında
hərbi əməliyyatları dayandırmaq iqtidarında olması çox az ehtimal edilir. Əgər
bunu Rusiya edə bilmədisə, o zaman rəsmi Vaşinqtonun edəcəyi inandırıcı
görünmür. İndiki şəraitdə Cənubi Qafqazda Türkiyənin Rusiya ilə daha sıx
ittifaq yaratması və ondan S-400 raket kompleksi alması, həmçinin Avropanın
anti-türk qüvvələrinə inamla meydan oxuması Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın
hətta cüzi uğur qazana biləcəyinə şübhə yaradır. Digər tərəfdən, İranın özünü
ABŞ meyilli Ermənistandansa, Rusiya-Türkiyə tandeminin yanında daha rahat hiss
etməsi həm regionda, həm də hərbi əməliyyatlar zonasında ABŞ-ın geosiyasi
maraqlarının offsaydda qalmasına və ya şahmat dili ilə desək seytnota düşməsinə
dəlalət edir.
Putinin Minsk Qrupunun formatının dəyişə bilmə
ehtimalını dilə gətirməsi, Türkiyə ilə əməkdaşlığa yüksək qiymət verməsi,
İranın regional problemləri 3+2 formulu (Rusiya+Türkiyə+İran, Azərbaycan və Ermənistan)
üzrə daha məqbul şəkildə həll edilə bilməsi fikrini səsləndirməsi Ermənistanın
son ümidi olan Vaşinqtonun münaqişə bölgəsində təsir imkanlarının minimuma bərabər
olduğuna işarədir.
Zəfər Nəcəfov,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...