THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Azərbaycan müharibəsi: həqiqət anı

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2214
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 oktyabr 2020 – Newtimes.az

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əsasən, "nə müharibə, nə də sülh'' qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Sentyabrın 27-də həqiqət anı yetişdi. Nəticədə, münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı.

Birincisi, bu münaqişənin "dondurulmuş'' halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamanda, təhlükəli mahiyyəti üzə çıxdı. İkincisi, "münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi, "hökm''lərin universal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyi faktı təsdiqini tapmış oldu.

Eyni zamanda, beynəlxalq aləm bir daha şahidlik etdi ki, müasir dünyada güc amili həlledici rola və statusa malikdir. 30 il ərzində ərazisi təcavüzə məruz qalan Azərbaycanın haqq səsini qulaqardına vuran, özünü kor, kar və lal kimi aparan dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatları bütün problemlərini kənara qoyub, Qarabağ münaqişəsi ətrafında intensiv hərəkətlilik nümayiş etdirməyə başlayıblar. ABŞ Prezidenti Donald Tramp münaqişədən ciddi narahatlığını dilə gətirir, BMT-nin Baş katibi Antoniu Quterreş, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistan və Azərbaycan arasında yaranmış hərbi qarşıdurmanın tezliklə dayandırılmasına və sülh danışıqlarının bərpasına dair re­allıqları nəzərə almayan mövqelər ortaya qoyurlar. Tələm-tələsik analoji davranış ilə NATO, Avropa Şurası, Avropa İttifaqı da çıxış edir. Bu davranışı şərtləndirən həlledici amil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkara qarşı bütün cəbhəboyu uğurlu əks hücum kampaniyası həyata keçirməsi ilə bağlıdır. Hərbi əməliyyatların ilk saatlarında Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi: "Biz öz torpağımızda döyüşürük, bu gün Azərbaycan Ordusu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bizim işimiz haqq işidir və biz qalib gələcəyik''.

Ermənistanın siyasi-hərbi rəhbərliyi son 3 ay ərzindəki davranışı və yarat­dığı hərbi qarşıdurmalarla, təxribatlarla bizi əks-hücuma məcbur etmişdir. Qarabağdan 100 kilometrlərlə uzaq bir ərazidə – Azərbaycanla sərhədin To­vuz istiqamətində 12-16 iyul tarixində Ermənistanın törətdiyi hərbi avantüra, bu baxımdan, ilk siqnal idi. Növbəti siqnal avqustun 23-də baş verdi. Bu dəfə Ermənistan Azərbaycanın mülki vətəndaşlarına və hərbi qulluqçulara qarşı diversiya təxribatını həyata keçirməyə cəhd etdi. Bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75 illik sessiyası çərçivəsində ümumi debatlarda çıxışı zamanı, ilk növbədə, beynəlxalq ictimaiyyəti Ermənistanı təxribatçı hərəkətlərdən çəkindirməyə çağırdı, eyni zamanda, bildirdi ki, təcavüzkarın silahla təchiz edilməsi siyasətinə son qoyulmalıdır. Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq ictimaiyyətə xitabən bildirdi ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda, "yeni ərazilər uğrunda yeni müharibə''yə hazırlaşır. Bu yeni müharibədə Ermənistan Azərbaycanın böyük şəhərlərinə, mühüm mülki infrastruktruna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyanın nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmadı. İşğalçını yerində otuzdurmadı. Prezident İlham Əliyevin oktyabrın 2-də "Əl-Cəzirə'' televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, "Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə, sən bunun üçün məsuliyyət daşımalısan”. Həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, usanmadan həm "münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir'' deyirlər, həm də eyni müvəffəqiyyətlə "münaqişənin hərbi həlli yoxdur'' psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə, işğalçı Ermənistanda arxayınçılıq sind­romu formalaşır və işğalçı cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər və təxribatlar törətməyə şirniklənmiş olur.

Bu prosesdə ATƏT-in Minsk qru­punun həmsədr dövlətlərindən biri olan Fransa və onun siyasi rəhbərliyi izafi "fəal''lıq nümayiş etdirir. Bəlkə də Fransa sözügedən qurumun üzvü olmasay­dı və ermənipərəst mövqeyini milli səviyyədə ifadə etsəydi, bu, haradasa başa düşülən olardı. Məsələ ondadır ki, Fransa münaqişənin həllində vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədri statusunda olan 3 dövlətdən biridir. Beynəlxalq hüquqa görə, münaqişələrin tənzimlənməsində vasitəçi olan tərəf və ya tərəflər, ilk növbədə, qərəzsiz, tərəfsiz, obyektiv mövqedə olmalıdır. Reallıqda isə Fransa dövləti öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə nəinki məhəl qoymur, əslində, onları ayaqlar altına atıb tapdalayır. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edir. Belə həmsədri olan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının iflasa uğraması təəccüb doğurmamalıdır. Elə bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa dövlətinin münaqişənin tənzimlənmısi prosesində ATƏT-in Minsk qrupunda həmsədr kimi qalmasına heç bir mənəvi və hüquqi haqqının qalmadığını bildirir.

Bütün bu reallıqlar fonunda sanki həm də Ermənistanın dövlət başçısı kimi özünü aparan Fransa Prezidenti Emmanuel Makron oktyabrın 2-də yenidən Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, növbəti dəfə atəşkəsin bərpa olunması və sülh danışıqlarına başlanılması ilə bağlı mövqeyini irəli sürmüşdür. Dövlətimizin rəhbərinin formalaşmış yeni şəraitdə münaqişənin həllinin imkan və perspektivləri ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə, o cümlədən Fransa rəhbərliyinə bəllidir. Həmin mövqeyə görə, "Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir''.

Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağa hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsində çıxarılması məsələsi yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.

Elman Nəsirov,

Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...