THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3285
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 sentyabr 2020 – Newtimes.az

BMT Baş Məclisinin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş növbəti 100 gün ərzində – cari ilin sonunadək bütün münaqişələrdə atəşkəsin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul etdi. Analoji müraciəti cənab Quterreş bu ilin mart ayında da etmişdi. BMT rəhbərinin qlobal atəşkəsin təmin edilməsi ilə bağlı hər iki müraciətinin əsas motivi pandemiya ilə səmərəli mübarizənin aparılması reallığından qaynaqlanır. Səmərəli oldumu? Cənab Quterreşin istinad etdiyi statistika bu suala müsbət cavab verməyə imkan vermir. BMT Baş katibinin məlum birinci çağırışına 180 dövlətin dəstək verdiyi vurğulansa da, konkret olaraq münaqişə ocaqlarından yalnız Kamerunda, Kolumbiyada və Filippində hərbi toqquşmalara nisbi pauza verildiyi bildirilmişdir. BMT Baş katibinin hər iki müraciətini qulaqardına vuran dövlətlərin sırasında Ermənistan yəqin ki, lap ön sıralardadır. BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələrini icra etməyən və buna görə də cəzasız qalan Ermənistan tərəfinin sözügedən beynəlxalq təşkilatın rəhbərinin tövsiyə xarakterli müraciətlərinə də məhəl qoymayacağına qətiyyən təəccüblənmək lazım deyil. Təkcə işğalçı Ermənistan dövlətinin son hərbi təxribat və avantüralarının təhlili belə qənaətə gəlməyə ciddi əsaslar yaradır. Eyni zamanda, bu təxribatlara münasibətdə beynəlxalq ictimaiyyətin müəmmalı seyrçi davranışı da çoxsaylı suallar doğurur. BMT kimi nəhəng universal beynəlxalq təşkilat belə həmin sualların qarşısında acizlik nümayiş etdirir. Bu vəziyyət isə məlum münaqişənin sülh deyil, hərbi yolla nizamlanması potensialını xeyli dərəcədə artırır. Bir çox hallarda isə hətta onu labüd edir. Fikrimizi əsaslandırmağa başlayaq.

Birincisi, qəbulundan 27 ildən artıq bir müddət keçməsinə baxmayaraq, niyə BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmur. Həmin qətnamələrdə birmənalı olaraq qeyd olunubdur ki, erməni silahlı qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan həmin qətnamələrə məhəl qoymur və icra etməkdən boyun qaçırır. Halbuki, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT TŞ-nin qətnamələrinin icrası icbaridir, məcburidir. Nəticədə, məlum qətnamələrin icrasına məcbur edilməyən Ermənistan dövlətində arxayınçılıq sindromu formalaşır və onu yeni cinayətlər törətməyə şirnikləndirir.

İkincisi, Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə (ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ vardır) istinad edərək, işğal altındakı ərazilərini istənilən vasitə ilə, o cümlədən hərbi yolla azad etmək hüququna malikdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci il 11 sentyabr tarixində ABŞ ərazisi beynəlxalq terror hücumuna məruz qalarkən Pentaqon məhz həmin 51-ci maddəyə istinad edərək Əfqanıstanda Taliban rejimi əleyhinə hərbi əməliyyatlara başladı. Bəs onda niyə Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla qaytarmaq hüququna münasibətdə beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu diametral fərqli mövqe nümayiş etdirir, sülh prosesinə alternativ görmür? Nəticədə, Illər keçir, status-kvo vəziyyəti dəyişmir ki, dəyişmir. Bu, Ermənistanın maraqlarına cavab verir. Azərbaycanın isə səbri tükənməkdədir.

Üçüncüsü, Ermənistanın siyasi-hərbi rəhbərliyi "Qarabağ Ermənistandır fikrini səsləndirməklə danışıqların davam etdirilməsini lüzumsuz etmişdir. Təsadüfi deyildir ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edən Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır ki, "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır'' bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti'' tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.'' Heç şübhəsiz, bu halda mahiyyəti üzrə aparılmayan danışıqlar Azərbaycan üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Məlum davranışı ilə Ermənistan faktiki olaraq danışıqlar prosesindən çıxdığını bəyan etmişdir. Danışıqların alternativi isə müharibədir. Deməli, Ermənistan bilərəkdən və məqsədyönlü şəkildə münaqişənin tənzimlənməsi prosesini hərbi müstəviyə sürükləməkdədir.

Dördüncüsü, Ermənistan tərəfi müharibəni labüdləşdirmək yönümündə təxribatçı bəyanatlarını davam etdirərək əvvəlcə Suriyadan, indi isə Livandan etnik ermənilər adı altında əsasən Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları işğal altındakı Azərbaycan ərazilərinə köçürür və 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə daban-dabana zidd olan qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirir. Bu addım, Ermənistanın işğal altındakı 7 rayona münasibətdə tutduğu əvvəlki yanaşmadan imtina baxımından da diqqətdən yayınmır. Əvvəllər Ermənistanın siyasi-hərbi rəhbərliyi guya ki, işğal altındakı 7 rayona "təhlükəsizlik zolağı'' kimi baxdığını bəyan edirdisə və bu ərazilərin müəyyən güzəştlərin müqabilində azad ediləcəyinin mümkünlüyünü dilə gətirirdisə, yeni qeyri-qanuni məskunlaşma siyasəti ilə bu "konsepsiya''larından da imtina etdiklərini gizlətmirlər. Bu mövqe sülh deyil, məhz müharibə versiyasını heç zaman olmadığı qədər aktual edir.

Beşincisi, Ermənistanın baş naziri ölkəsinin deyil, Dağlıq Qarabağdakı kriminal oyuncaq rejim və Azərbaycanın danışıqlar prosesinin tərəfləri olduğunu israrla bəyan edir. Bu yanaşma mahiyyətcə təxribatçı olub, Azərbaycan üçün qəbuledilməzdir. Bu mövqe danışıqlar prosesinə arxadan vurulan növbəti zərbədir. Bu yanaşma Ermənistan tərəfdən müharibənin başlanmasına "yaşıl işıq'' yandırmaq anlamında qəbul edilməlidir.

Altıncısı, Ermənistan tərəfi tələm-tələsik ölkənin hərbi və milli-təhlükəsizlik strategiyalarında ciddi dəyişikliklərə imza atmışdır. Bu sənədlərin mətnindən "barıt'' qoxusu gəlir. Müvafiq sənədlərdə ilk dəfə açıq mətnlə 2 dövlət: Azərbaycan və Türkiyə düşmən dövlətlər kimi təqdim olunur. Bu düşmənçilik xəttinin qarşılığında Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığına strateji əhəmiyyət verilir. Qardaş Türkiyə dövlətinin adları qeyd edilən Yunanıstan və Kiprlə gərgin münasibətlərdə olduğunu nəzərə alsaq Ermənistanın hər iki dövlətlə isti münasibətlər fazasına daxil olmasının səbəb və motivlərini başa düşmək elə də çətin məsələ deyildir. Deməli, Ermənistanın hazırlığına başladığı müharibədə müttəfiq qismində hansı dövlətləri görəcəyinin konturlarını da gizlətmir. Bu davranış siyasi avantüradır və onun ağır hərbi nəticələrini olacağı şübhə doğurmur.

Yeddincisi, Prezident İlham Əliyevin sözügedən iclasda qeyd etdiyi kimi, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə'' bəyanatları ilə hədələyir.

Nəhayət, Ermənistanın siyasi-hərbi rəhbərliyinin məlum "iyul təxribatı'' və "avqust diversiya hərəkətləri'' regionda ədalətli sülhün bərpasına olan kövrək ümidlərin üzərindən çarpaz xətt çəkir. Xüsusilə də son iki ay ərzində həm Serbiya, həm də Rusiyadan Ermənistana silah-sursat daşınması münaqişənin dinc yolla həlli imkanlarını sözün həqiqi mənasında "dəfn'' etməkdədir. Sülh prosesi "reanimasiya''dadır.

Bütün bu yuxarıda sadalan reallıqlar fonunda güclü Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirməyə tam hazırdır. Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atacağı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər həlledici amillər qaçılmaz görünən müharibədə Azərbaycanın tam qələbəsini təmin edən mühüm amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edəcək, o qələbə ki, Şuşamızı, Xankəndimizi və işğal altındakı digər ərazilərimizi bizə qaytaracaq. Böyük Qələbə arzusu ilə!

Elman Nəsirov,

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...