THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Avropanın yeni və etibarlı enerji təminatçısıdır

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3309
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 sentyabr 2020 – Newtimes.az

Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin ''müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgü ilə müəyyən ediləcək'', – fikri təsadüfi sayılmamalıdır. Bu, bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq təlabat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki, onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.

Dünya neft-qaz bazarı istehlakçı­larının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə, ABŞ), Avropa İttifaqı ( ilk növbədə, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin, hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.

Bu, bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) on il qabaq Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində faktiki olaraq Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə xalqın xahiş və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə, Avropanın enerji təhlükəsizliyində vacib rolu olan "Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri'', "Çıraq'', "Günəşli'' yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü'' tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi'' adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi''ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) ən məşhur neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası'' uğurla həyata keçirilməyə başlanmışdır. Yaponiyanın "İtoçu” və ABŞ-ın "Eksson'', "Amerada Hess'' şirkətləri müqaviləyə sonradan qoşulmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, 2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır.

"Əsrin müqaviləsi”nin əhatə etdiyi "Azəri'', "Çıraq'' və "Günəşli'' yatağının dərinlikdə yerləşən hissəsi sahəsində ilkin neft ehtiyatları 511 milyon ton səviyyəsində qiymətləndirilsə də, lakin sonradan aparılan qazma işləri nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640 milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir.

Azərbaycan Televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən ümummil­li lider Heydər Əliyev demişdir: "O, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə, öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının "Delta” neft şirkəti də onlara qoşulub. Yeddi neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzala­yıb. Demək, bu konsorsium həm yeddi neft şirkəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafı üçün əsas yaratmışlar''.

"Əsrin müqaviləsi”nin imzalanması münasibətilə ABŞ prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan – Ağ evdən göndərdiyi teleqramda yazırdı: "Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız''.

Onu da qeyd edək ki, 1994-cü ildə "Əsrin müqaviləsi'' imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatmışdır.

İstismara veriləndən bu ilin sentyabrına kimi, Azəri-Çıraq-Günəşli yataqlarından 516 milyon ton neft hasil olunmuş, Azərbaycan bu yataq­lardan dünya bazarına 305 milyon ton neft ixrac etmiş, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilmiş və ümumilikdə layihə hesa­bına 145,8 milyard dollar gəlir əldə edilmişdir.

"Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanmışdır. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılmışdır.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası''nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması ilə bağlıdır. Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri tankerlə neftin daşınmasını nəzərdə tuturdusa, bu istiqamətdə əsas və həlledici daşınma funksiyasını həyata keçirən boru kəməri məhz Bakı-Tbilisi-Ceyhan müəyyən edildi. Başqa sözlə, dost və qardaş Türkiyə dövlətinin Aralıq dənizi sahilindəki Ceyhan limanı Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün son nöqtə kimi müəyyənləşdirildi.

Böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir'', ümummilli lider Heydər Əliyevin "Azərbaycan-Türkiyə – bir millət, iki dövlət'' fikirləri digər istiqamətlərdə olduğu kimi, enerji sahəsində də iki qardaş dövlətin münasibətlərinin səviyyəsinin göstəricisi oldu.

İlk dəfə bu kəmərin əsas ixrac istiqaməti kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalandı. Saziş Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında "İstanbul bəyannaməsi'' imzalandı. Bu prosesin məntiqi davamı kimi, 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası''nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan kəməri reallığa çevrilmiş oldu.

Onu da xüsusi olaraq qeyd edək ki, BTC dünyada ən uzun kəmərlərdən biridir. Onu "XXI əsrin İpək yolu” adlandırırlar. Kəmərin ümumi uzunluğu 1768 kilometrdir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu "neft diplomatiyası'' Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 17 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Məhz belə unikal siyasi kursun nəticəsi olaraq, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri'', "Çıraq'' və "Günəşli'' yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, "Chevron'', "Inpex'', "Statoil”, "ExxonMobil'', "TP'', "Itochu'' və "ONGC Videsh'' şirkətlərinin rəsmiləri imzaladı. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olundu. Nəticədə, "Azəri-Çıraq-Günəşli'' nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı. Yeni sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti vardır, çünki "Azəri-Çıraq-Günəşli'' neft yata­ğının işlənilməsi 2050-ci ilə qədər uzadılmışdır. Bu saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalandı. Bu sazişin "Yeni Əsrin müqaviləsi'' adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti vardır.

Prezident İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən məharətlə gələrək 2006-cı ilə "Bakı-Tbilisi-Ceyhan'', 2007-ci ildə "Bakı-Tbilisi-Ərzurum'' kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, "neft kəmərlərinin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı''. Söhbət, ilk növbədə, "Cənub'' qaz dəhlizindən gedir. Onun yaradılma­sı istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. "Şahdəniz-2'' layihəsinə investi­siya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə "Cənub'' qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da "Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər özünün yekun mərhələsinə daxil olmuşdur.

Prezident İlham Əliyev "Cənub'' qaz dəhlizi layihəsinin uğuru­nu təmin edən səbəblərdən bəhs edərkən, xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: "Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, "Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər''.

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, guya, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Qeyd edilən mərasimdə Prezident İlham Əliyevin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu. Bun­dan sonra da enerji təhlükəsizliyi sahəsində qazanacağımız növbəti uğurlar xarici və daxili qaragüruh­çuların hələ uzun müddət yuxularını ərşə çəkəcək.

Həmin uğurlardan biri də avqus­tun 10-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ'' yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qoyuldu. Prezidentin qeyd etdiyi kimi, "Qarabağ'' yatağının dəniz işlərinə start verildi. Bu yataq müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. "Azəri'', "Çıraq”, "Günəşli'' yataqları sovet dövründə kəşf edilmişdir. "Şahdəniz'' və "Abşeron'' yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur''.

"Qarabağ”yatağından 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. Yatağın neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Hasilata gəldikdə isə bu yataqdan ildə, ən azı, 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.

Gələn il isə "Abşeron'' qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Abşeron'' yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə, 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Eyni zamanda, "Abşeron'' yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilatın 3-4 dəfə artıq olacağı proqnozlaşdırılır. Bu da ölkəmizin qaz potensialına müsbət təsir göstərəcəkdir. Bütün bunlardan savayı, "Şəfəq-Asiman'' yatağı üzrə də işlər qrafik üzrə gedir, qazma işləri aparılır. Mütəxəssislərin ilkin rəyinə görə, orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğu qeyd olunur.

Sonda Prezident İlham Əliyevin böyük əminliyindən qaynaqlanan fikirlərlə ölkəmizin çağdaş enerji təhlükəsizliyi ilə bağlı təhlilimizi yekunlaşdırırıq: "Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ'' yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!''

Elman Nəsirov,

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...