THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şərq Tərəfdaşlığı" üçün dörd ssenari: praqmatik inteqrasiya, yoxsa Rusiya ilə ixtilaf?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6447
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 sentyabr 2020 – Newtimes.az

Ziddiyyətlər və risklər: Avropanın şansı yüksəkdirmi?

Qlobal miqyasda cərəyan edən mürəkkəb, ziddiyyətli və çoxşaxəli geosiyasi proseslər böyük güclər qarşısına da bir sıra problemlər çıxarıb. Ekspertlər fərqli yanaşmalar əsasında təhlillər aparıb mümkün ssenariləri proqnozlaşdırmağa çalışırlar. Bu zaman regional təşkilatların geosiyasi məqsədləri və maraqları baxımından çoxlu sayda ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı da analizlərə yer verilir. Avropa İttifaqı nüfuzlu regional təşkilatdır və inkişaf potensialı yüksəkdir. Aİ indi dünyada söz sahibi olan geosiyasi güc rolunu oynamağı da qarşısına məqsəd kimi qoyub. Lakin son illərin dolaşıq geosiyasi dinamikası bu təşkilat qarşısına da çətin problemləri çıxarıb. Onların sırasına Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" adlanan proqramı reallaşdırması da daxildir.

Burada Aİ-yə rəqib olan geosiyasi mərkəzlərin fəaliyyətini unutmaq olmaz. İlk olaraq bu məqamda ABŞ və Rusiyanın Avropa ilə apardığı rəqabət yada düşür. Xüsusilə "Şərq Tərəfdaşlığı" məsələsində ekspertlər Avropa-Rusiya münasibətləri prizmasından proqnozlar verməyə meyillidirlər. Moskvanın postsovet məkanı da daxil olmaqla, dünyanın əksər regionlarında geosiyasi və hərbi fəallığını artırması ilə Aİ üçün "Şərq Tərəfdaşlığı" məsələsi daha da qeyri-müəyyənliyə bürünüb. Buraya koronavirus pandemiyasını da əlavə etməli oluruq. Nəticədə, başqa geosiyasi aspektlərdə olduğu kimi, "Şərq Tərəfdaşlığı"nın gələcək taleyi məsələsi daha da aktuallaşıb.

Bu fikirlərin fonunda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyini bir daha bəyan etməsi tamamilə gözləniləndir. Lakin təcrübə göstərir ki, buna nail olmaq elə də asan proses deyil. O cümlədən Rusiyanın fəallığı fonunda məsələ xeyli qəliz görünür. Bu kontekstdə bir neçə ölkənin ekspert, jurnalist, vətəndaş fəalları və iş adamlarının da iştirak etdiyi 2030-cu ilə qədər "Şərq Tərəfdaşlığı" üçün ssenarilərlə bağlı məruzənin hazırlanması vurğulanan məqamların məntiqi təzahürlərindən biridir. Məruzənin müəllifləri Amerikanın Marşal Fondunun Mərkəzi və Şərqi Avropa üzrə böyük elmi əməkdaşı Yorq Forbriq (o həm də "Visegrad Insight" jurnalının baş redaktorudur) və "Res Publika" fondunun rəhbəri Voytsex Pşibılskidir (bax: Eastern European Futures: Four Scenarios for the Eastern Partnership 2030 / https://visegradinsight.eu/eap2030/eastern-europe-four-scenarios/).

Məruzədə aşağıdakı dörd mümkün ssenaridən bəhs edilir: 1) Praqmatik inteqrasiya; 2) Rusiya hegemonluğunun qayıdışı; 3) Aİ-nin Moskvaya üz tutması; 4) Vətəndaş emansipasiyası (vətəndaşların müxtəlif növ asılılıqlardan azad olmağa yönəlmiş davranışları). Bu proqnozların özəlliyi ondan ibarətdir ki, müəlliflər onları əsasən "Şərq Tərəfdaşlığı" ölkələrinin Aİ-Rusiya münasibətlərinin gedişatından asılı olaraq bu və ya digər mövqeni seçməsi ilə əsaslandırıblar. Yəni, məsələ tam olaraq qlobal geosiyasi kontekstdə götürülmür. Bu da təbii ki, proqnozların birtərəfli olmasına zəmin hazırlayır. Digər tərəfdən, proqnozlardan görünür ki, müəlliflər problemə "ya, ya da" məntiqi çərçivəsində baxıblar. Yəni, ya Avropa qalib gəlir, ya da Rusiya! Hətta üçüncü ssenaridə Avropa İttifaqının Rusiyaya üz tutmasında belə kompromis və dialoqdan çox, Moskvanın qələbəsi variantı aksiom kimi qəbul edilir. Lakin dördüncü ssenaridə belə bir hipotez əsas götürülür ki, "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrdə vətəndaşların fəallığı yüksələ bilər, bu isə bütövlükdə Aİ-Rusiya münasibətləri miqyasında proseslərə təsir göstərər. Bu, əlbəttə ki, maraqlı seçimdir.

Geosiyasi mürəkkəblik: qeyri-müəyyənlik azalsa

İndi qısaca yuxarıdakı ssenarilərin hər birinin məzmunu üzərində dayanaq. Birinci ssenariyə görə, Avropa İttifaqının uğurları və səmərəli siyasəti fonunda Şərq tərəfdaşları praqmatik əsaslarda, təntənəsiz və Rusiyanı qıcıqlandırmamaqla Avropaya daha da yaxınlaşa bilərlər. Ancaq burada tərəfdaş ölkələr iki qrupa bölünə bilərlər. Birinci qrupa Avropa İttifaqı ilə daha yaxın əlaqələrə gedən Ukrayna, Gürcüstan və Moldova daxil ola bilər. İkinci qrupa isə Avropa ilə yaxınlaşmaqla bərabər Rusiya ilə münasibətləri də inkişaf etdirən Azərbaycan, Ermənistan və Belarus daxildir. Bu halda ikinci qrup üçün daha çox iqtisadi və texnoloji yaxınlıq üstünlük təşkil edə bilər. Nəticədə, bu ölkələr yeni inkişaf səviyyəsinə qalxar və müəyyən şərtlər daxilində Aİ-dən həmin ölkələrə miqrant axını ola bilər. Buna baxmayaraq, "Şərq Tərəfdaşlığı" Aİ-yə üzvlüyə imkan vermədiyindən, tərəfdaş ölkələrin daxilində gənclərin hesabına siyasi səhnə radikallaşa bilər. Bu, həm də alternativ təklif edə bilməyən Rusiyanın həmin ölkələrə sərt müdaxiləsi fonunda baş verə bilər.

İkinci ssenariyə görə, Rusiya iqtisadi, sosial, mədəni, hərbi və texnologiya istiqamətlərində ciddi inkişafa nail olarsa və Avropa İttifaqı ilə rəqabəti gücləndirərsə, 2030-cu ilə qədər "Şərq Tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrdə öz nüfuzunu tam təmin edə bilər. Bu zaman həmin ölkələrdə demokratik proseslərin perspektivi olmaz. Zəifləmiş Avropa İttifaqı isə bu istiqamətdə hər hansı uğura ümid edə bilməz. Ukrayna parçalana bilər, Moldovada qütbləşmə dərinləşər, Belarus tam asılı vəziyyətə düşər, Ermənistan forpost olaraq qalar, Azərbaycan Rusiya ilə əlaqələrini daha da genişləndirər, Gürcüstan isə Amerikaya sığınmaqla özünü qorumağa çalışar.

Üçüncü ssenari Rusiyanın enerjidaşıyıcılarından Avropanın daha çox asılı qalması tezisinə əsaslanır. Bu halda Brüssel siyasi və geosiyasi maraqları iqtisadi-energetik maraqlardan arxaya atır. Nəticədə, Avropa İttifaqı özü də müəyyən mənada Rusiyanın təsiri altında olur. O cümlədən təşkilat təhlükəsizlik probleminə Rusiya ilə birgə baxmalı olur. Bu kontekstdə "Şərq Tərəfdaşlığı" Proqramı hazırkı anlamını və məzmununu itirir. Bununla da tərəfdaş ölkələrin Avropa arzusu başa çatır.

Nəhayət, dördüncü ssenariyə görə, vətəndaşların cəmiyyətdə dəyişiklik istəyi şəraitində vəziyyət fərqli məzmun ala bilər. Bütün dünyada olduğu kimi, tərəfdaş ölkələrdə də etiraz hərəkatı güclənir və cəmiyyətlərdə situasiya yeniləşir. Bu proses nə Aİ-yə inteqrasiyanı, nə də Rusiya ilə birgə olmağı sürətləndirər. Əvəzində, tərəfdaş ölkələrin özlərini və cəmiyyətlərini gücləndirib, onların daha müstəqil davranmasına şərait yaradar. Mümkündür ki, gələcəkdə Aİ bu vəziyyətdən daha çox yararlansın.

Əlbəttə, bu ssenariləri istisna etmək də olmaz, lakin onların üzərində geniş dayanmağa da ehtiyac duyulmur. Səbəb yanaşmanın məhdudluğunda və bütövlükdə geosiyasi proseslərdə gözlənilməzlik faktorunun lazımi səviyyədə nəzərə alınmamasındadır. Yuxarıda vurğuladığımız kimi, dünya ancaq Aİ-Rusiya münasibətlərinin məzmunu ilə düzənə qovuşmur. Həm başqa böyük güclər, həm də tərəfdaş ölkələrin özləri arasındakı münasibətlərin ziddiyyətləri vəziyyətə ciddi təsir edə bilər. Məsələn, kim deyə bilər ki, tərəfdaş ölkələrin Avropa İttifaqı ilə münasibətlərinə ABŞ, Türkiyə, Çin və ya İran təsir edə bilməz? Bunlar kifayət qədər güclü dövlətlərdir və sözlərini bütün dünyada deyə bilirlər. Başqa bir məqam tərəfdaş ölkələr arasında olan münaqişələrin xarakteri ilə bağlıdır. Hansı məntiqlə nəzərə almırlar ki, Ermənistanın təcavüzkarlığına dözməyərək, Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü təmin edər və bununla onun Ermənistanla "Şərq Tərəfdaşlığı" Proqramında birgə iştirakı ümumiyyətlə mümkün olmaz. Və ya erməni təxribatları "sayəsində" yeni risklər meydana çıxar və Azərbaycan tam fərqli geosiyasi qərar qəbul edə bilər.

Nəhayət, hansı əsasla müəlliflər hesab edirlər ki, tərəfdaş ölkələr Avropaya inteqrasiyada çox maraqlıdırlar? Azərbaycan rəhbərliyi dəfələrlə bu suala cavab verərək milli maraqların təmin olunmadığı və ayrı-seçkiliyin mövcud olduğu bir məkana siyasi və ya geosiyasi inteqrasiyanın mənasız iş olduğunu bildirib.

Deməli, bütövlükdə götürdükdə, vurğulanan ssenarilər mümkün gedişatların bir qismidir. Buna baxmayaraq, bu yanaşma maraqlıdır. Görünür, tərəfdaş ölkələrin geosiyasi mövqeyi dünyanın böyük gücləri üçün getdikcə daha aktual olur. Bu isə bir göstəridicidir ki, tərəfdaş ölkələr xarici siyasətlərində yəqin ki, nəzərə alırlar.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...