THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14189
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 iyul 2020 – Newtimes.az

Avropa Parlamentinin üç sənədi: ədalətə doğru atılan addımlar

Almaniya kansleri Angela Merkelin Avropa İttifaqının (Aİ) tarixinin ən çətin mərhələsində olduğu haqqında söylədiyi fikir ekspertlərin ciddi marağına səbəb olub. İlk dəfədir ki, bu dərəcədə yüksək səviyyədə təşkilatın iki ən böyük iqtisadi gücündən birinin rəhbəri mövcud vəziyyətin mürəkkəbliyindən və qeyri-müəyyənliyindən açıq danışır. Əlbəttə, xanım A.Merkelin arqumentləri kifayət qədər əsaslıdır. Ekspertlər hesab edirlər ki, kanslerin işarə etdiyi çətinlik Aİ-nin fəaliyyətinin demək olar ki, bütün sferalarını əhatə edir. Buraya siyasi, iqtisadi, maliyyə, sosial, təhlükəsizlik, daxili inteqrasiyanın vəziyyəti ilə yanaşı, xarici siyasətdəki bir sıra boşluqlar da daxildir. Aİ-nin "Breksit"lə bağlı Londonla apardığı danışıqlar isə kifayət qədər əsəbi mühitdə keçir.

Lakin Aİ qlobal geosiyasi miqyasda cərəyan edən hadisələrin fonunda daha çox xarici siyasətdəki qeyri-müəyyənlikdən əziyyət çəkir. Brüsseldə anlamağa başlayırlar ki, münaqişələrin həllinə yanaşmalarda qüsurlar vardır. Daha konkret desək, Brüssel heç də bütün hallarda ədalətli və obyektiv ola bilmir. Bunun bariz nümunəsi Aİ-nin sözdə deyil, reallıqda Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətidir.

Müşahidələr göstərir ki, Aİ bu vəziyyəti dəyişməyə meyllənib. İyun ayında baş verən üç hadisə bu baxımdan maraq doğurur. Onlardan biri Avropa Parlamentinin üç üzvünün Ermənistanın Azərbaycanın işğal altındakı bir sıra bölgələrinə magistral yol çəkmə planı ilə bağlıdır. Avropalı deputatlar rəsmi İrəvanın bu hərəkətini kəskin tənqid edərək onu regionda sülhə maneə yaradan addım kimi qiymətləndiriblər. Bu zaman onlar konkret və açıq şəkildə Ermənistanı işğalçı adlandırıblar. Bu, irəliyə doğru bir addımdır.

İkinci hadisə Aİ-nin iyun sammiti ərəfəsində Şərq Tərəfdaşlığına üzv olan ölkələrin rəhbərlərinin videokonfrans vasitəsilə qatıldığı tədbirin təşkili ilə əlaqəlidir. Həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər.

Üçüncü hadisə isə Avropa Parlamentinin iyun sammitinə Petras Auştreviçyus (Litva) tərəfindən hazırlanmış tövsiyə sənədi ilə bağlıdır. Sənədin hazırlanmasında Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorova (Çexiya) da iştirak ediblər. Bu tövsiyələr əsasında Avropa Parlamenti "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı qətnamə qəbul edib.

Azərbaycan Prezidentinin ədaləti və qətiyyəti: Paşinyan məcburən susdu

Biz bu məqalədə son iki hadisə üzərində geniş dayanmağa çalışacağıq. Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkarlığı ilə bağlı konkret, tutarlı və ittihamedici əsaslı faktlarla danışmasından çox narahat olur. Erməni siyasətçilər görürlər ki, Azərbaycan tərəfi faktiki olaraq diplomatiya sahəsində onların bütün arqumentlərini puça çıxarıb. Buna qarşılıq olaraq rəsmi İrəvan da nələrdənsə bəhs etməyə cəhd göstərir. O cümlədən N.Paşinyan Şərq Tərəfdaşlığı ilə bağlı təşkil edilən videokonfrans formatında sammitdə Azərbaycanın ünvanına uydurma ittiham irəli sürməyə çalışdı. O, Azərbaycanın qəhrəman zabiti Ramil Səfərovun dövlətimizin bayrağını təhqir edən erməni zabiti neytrallaşdırmasını terror kimi qələmə verməyə çalışdı. N.Paşinyan hətta gülünc bir tezis irəli sürdü: Dağlıq Qarabağdakı ermənilər "balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir".

Xocalıda insanları diri-diri oda və quyulara atan, hamilə qadınların qarnını yaran, qocaların başının dərisini soyan, həddi-buluğa çatmamış qızlara təcavüz edən erməni quldurlarının bu cür danışması həyasızlığın son həddidir. Təbii ki, həmişə dövlət başçısı kifayət qədər sərt və əsaslı surətdə onların cavabını verib. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Prezident dəqiq və konkret tarixi faktlara əsaslanan fikirləri ilə N.Paşinyanı yerində oturdub.

İlham Əliyev vurğulayıb ki, çıxışında dedikləri beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Azərbaycanın dövlət başçısı ifadə edib: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır". Burada hansı fikirdə yanlışlıq vardır? Bütün dünya bu faktları artıq əzbərləyib. Həmin faktlara irad tutmaq ancaq cahillərin işi ola bilər.

Fikirlərinə davam edərək Azərbaycan Prezidenti vurğulayıb: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir".

Bu fikirlərdə də tam obyektiv tarixi faktlar öz əksini tapıb. Və bütün bunlara görədir ki, "danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" Buradan çıxan məntiqi nəticə isə belədir ki, "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

İstənilən sağlam düşüncəli insan üçün burada qaranlıq və qeyri-obyektiv zərrə qədər söz yoxdur. Hamısı konkret fakta əsaslanan fikirlərdir. Həmin kontekstdə İlham Əliyevin çıxışını konkret tezislə yekunlaşdırması tamamilə məntiqidir. Azərbaycan rəhbəri təmkinlə vurğulayıb: "Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

Bəli, fakt faktlığında qalır: Ermənistan rəhbərliyi həmişə vəhşilik törədən, dinc sakinləri kütləvi qətlə yetirən terrorçuları "milli qəhrəman" kimi qəbul edirlər. Onlar birbaşa dinc insanı qətlə yetirməyə gücü çatan ermənilərə üstünlük verirlər. Və bu bağlılıqda Karapetyan tək deyildir. Ermənilərin son 300 ildə tarixinə nəzər salanda, Karapetyan kimi yüzlərlə əliqanlı terrorçunun milli qəhrəman kimi tərifini tapmaq olar. Məsələn, faşist cəlladı qaniçən Qaregin Njde! Zəngəzurda, Vedibasarda, Göyçədə, Qarabağda, Naxçıvanda minlərlə dinc türkün və başqa xalqların nümayəndələrinin qanına susamış bu caniyə, faşistlərlə birgə qətliamlar törədən terrorçuya İrəvanın mərkəzində heykəl qoyublar. N.Paşinyan bu ikiüzlülükdən və terrorçu xislətindən utanmırsa, bu, onun psixoloji identiklik problemidir.

Digər tərəfdən, erməni siyasətçilərin getdikcə daha çox bu kimi əsassız faktlara baş vurmalarının siyasi səbəbləri vardır. Onlar görürlər ki, artıq indiyə qədər dünyanın başını qatdıqları uydurma bəhanələr, fikir azdırmaları keçmir. Məsələn, erməni liderlər bir zamanlar Ermənistan-Azərbaycan münaqişəsini dini müstəviyə atmağa çalışdılar. Onlar dəridən-qabıqdan çıxırdılar ki, azərbaycanlılar dini dözümsüzlüklərinə görə xristian ermənilərə qarşı aqressivlik göstəriblər. Lakin Azərbaycan rəhbərliyinin həyata keçirdiyi sanballı beynəlxalq tədbirlər, dövlət səviyyəsində aparılan multikulturalizm siyasəti erməni saxtakarları və böhtançılarının mövqelərini darmadağın etdi. İndi dünyada heç bir ciddi siyasətçi azərbaycanlıların başqa xalqlara dözümsüz olduğuna inanmır, əksinə, onların əsl sülh və barış insanları olduğuna əmindirlər.

Bundan başqa, erməni liderlər Azərbaycanın təqdim etdiyi tarixi faktlara qarşı heç bir iş görə bilmirlər. Onlar beynəlxalq hüququn normalarını ustalıqla arqument kimi irəli sürən Azərbaycan rəhbərliyinin bu cür siyasi-diplomatik həmlələri qarşısında getdikcə daha aciz duruma düşməkdədirlər. Bəs onda nə etməli? Görünür, çıxış yolu kimi ermənilər humanizm anlayışını istismar etməyə çalışırlar. Bu zaman onların yalanlarına bir sıra Avropa qurumlarında Azərbaycana qarşı süni insan haqları və siyasi məhbus oyunları da yardım edir. İndi N.Paşinyan həqiqəti yalan, yalanı isə həqiqət kimi qələmə verməklə həm insan haqları, həm də siyasi məhbus anlamları üzərindən spekulyasiyalara can atır. Lakin hər dəfə də Azərbaycan Prezidentinin obyektiv, dəqiq tarixi faktlara əsaslanan məntiqi arqumentləri qarşısında diz çökür.

Bunların fonunda Avropa Parlamentinin də daha qətiyyətli və konkret mövqe tutmağa başlaması təsadüfi görünmür. Azərbaycan rəhbərliyinin fəal və yerində müdaxilələri Aİ-nin öz mövqeyinə düzəliş etməsi zərurətini ortaya qoyur. Bunun təsdiqlərindən biri yuxarıda vurğuladığımız qətnamədir. Aİ-nin iyun sammitinə tövsiyə kimi qəbul edilən qətnamədə rəsmi İrəvanın tutduğu mövqenin tam yanlış olduğu maddə-maddə aydın olur.

Diplomatik fiasko: təcavüzkara sərt xəbərdarlıq

Qətnamədə ayrıca vurğulanır ki, onun müddəaları 2010-cu ildə Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər" adlı qətnaməyə əsaslanır. Həmin qətnamədə birmənalı olaraq Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin təmin edilməsinin əhəmiyyəti məsələsi yer alıb. Sənədin 8-ci və 10-cu bəndlərində Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş Azərbaycan əraziləri "işğal edilmiş ərazilər" adlandırılıb. 2020-ci ilin iyun ayında qəbul edilən qətnamədə isə erməni tərəfi və havadarları millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müəyyən fikir formalaşdırmağa çalışıblar. Lakin onların bu cəhdləri baş tutmayıb. Avropa parlamentarilərinin bu qətiyyətli mövqeyi onu göstərir ki, Aİ artıq siyasi oyunlara ortaq olmaq istəmir. Münaqişələrin həllinə ədalətli yanaşmağa çalışır. Bu səbəbdəndir ki, Avropa Parlamenti konkretliyə daha çox meyl etməkdədir. Bu məqamı vurğulanan sənədin müddəalarından aydın görmək mümkündür.

Qətnamənin preambulunun bir bəndində vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həllini tapmamış regional münaqişələr, xarici təcavüz və "bu ölkələrin bəzilərinin ərazilərinin işğal olunmasının davam etməsi" səbəbindən təhdid altındadır.

Daha sonra qeyd edilir ki, bu cür vəziyyət insan haqları ilə bağlı durumu korlayır, inkişaf və sabitliyə maneədir. Bütün bunlar Aİ-nin regionda nəzərdə tutduğu layihələrin reallaşmasına ciddi əngəllər törədir. Bu fikirlərdən sonra sənəd müəllifləri Rusiyanı aqressiyada, qanunsuz işğalçılıqda ittiham edirlər. Onun anneksiya siyasəti yeritdiyini yazırlar. Bu isə bütövlükdə Avropa təhlükəsizliyinə təhdiddir.

Vurğulanan bəndi hissə-hissə analiz etdikdə, geosiyasi və siyasi məzmunlu maraqlı nəticələr əldə etmək olur. Avropa Parlamenti hesab edir ki, Cənubi Qafqazda geosiyasi müstəvidə başlıca problem region ölkələrinin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhlükələrin mövcudluğu ilə bağlıdır. Yəni illərdir ermənilərin arqument kimi arxasında gizlənmək istədikləri millətlərin öz müqəddəratını təyin etmə məsələsinin buraya aidiyyəti yoxdur. Çünki regionda hər bir millət öz müqəddəratını artıq təyin edib və burada üç dövlət formalaşıb (Ermənistan formal da olsa, dövlət adlanır). Deməli, Dağlıq Qarabağda yaşayanların öz müqəddəratını həll etmək kimi problem yoxdur. Onlar müstəqil Azərbaycan dövlətinin vətəndaşları kimi müqəddəratlarını həll ediblər. Əhəmiyyətlidir ki, məhz bu məqam iyun sənədinin məzmununda aydın ifadə olunub.

Bu məntiqlə sənəd müəllifləri açıq göstərirlər ki, regiondakı münaqişələrin həll edilməməsi hər üç ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təhdiddir. Onda Aİ üçün münaqişələrin ədalətli həlli məsələsinin daha da aktuallaşdığı nəticəsini çıxara bilərik. Lakin burada, haqqında bəhs etdiyimiz sənəddə göstərildiyi kimi, ciddi maneələr mövcuddur. Onların sırasında regiona kənar müdaxilələr, aqressiyalar və qanunsuz işğallar başlıca yer tutur. Konkret dövlətin adı da çəkilir. Ancaq, bizcə, burada bir vacib faktı unudurlar (və ya bilərəkdən yazmırlar).

Məsələ ondan ibarətdir ki, regionda münaqişələrin həll olunmasına başlıca maneələrdən biri də Ermənistanın təcavüzkar siyasətinə davam etməsidir. Məhz Ermənistan avantürist, antidemokratik və qeyri-konstruktiv xarici siyasəti əsasında münaqişənin həlli ilə bağlı aparılan danışıqları çıxılmaza salır və faktiki olaraq onun həllinin qarşısını alır. Rəsmi İrəvan beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin bütün şərtlərini qulaqardına vurur (daha doğrusu, havadarları ona bu imkanı yaradırlar, çünki Ermənistanın özünə qalsa, bir gün də işğal etdiyi torpaqlarda qala bilməz), vasitəçilərin dediklərinə qətiyyən əməl etmir. Rəsmi İrəvan həmişə sözdə sülhdən danışır, reallıqda isə həll prosesini pozur.

Bu səbəblərdən sənəddə Rusiyadan çox Ermənistanın adı çəkilməlidir. Lakin təəssüf ki, hələ də Aİ bu qətiyyətin sahibi deyil və ya özü istəmir. Həmin səbəbdən də Avropa Parlamenti nə qədər konkret və dəqiq fikirlər ifadə etsə də, real olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli çətinliklərlə qarşılaşmaqdadır. Birbaşa təcavüzkarın adı çəkilməli və onun qarşısında tələb qoyulmalıdır. Regionda bütün dövlətlər konstruktiv davranmasalar, heç bir münaqişə həll edilən deyil və bu da kənardan müdaxilələr üçün geniş imkanlar yaradır.

Bütün bunlara görədir ki, sənədin sonrakı bəndlərində də vurğulandığı kimi, Aİ-nin və Şərq Tərəfdaşlığı ölkələrinin təhlükəsizliyi ciddi risklərlə üz-üzədir. Regional əməkdaşlıqda dayanıqlı və hərtərəfli inkişafa, cəmiyyətlərin barışına nail olmaq mümkünsüzdür. Eyni zamanda, belə vəziyyətdə silahlı avantüralara yol açıq qalır ki, bu da Aİ-nin münaqişələri dinc vasitələrlə həll etmək xəttinə uyğun gəlmir. Sənəddə aydın göstərilir ki, sərhədlərin zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması kimi halların aradan qaldırılması yalnız diplomatik yolla mümkündür. Ermənistan təxribatçı və aqressiv mövqe tutursa, Aİ-nin bu prinsipi həyata keçirməsi imkansızdır. Bununla məsələlərin hamısı rəsmi İrəvanın kənar qüvvələrin əlində oyuncaq olmasına, təcavüzkar niyyətlərindən əl çəkməməsinə bağlanır.

Beləliklə, Avropa Parlamenti faktiki olaraq rəsmi İrəvanın bütün ümidlərini puç edib. Onun dalbadal qəbul etdiyi sənədlərdə daha konkret mövqe tutması bütövlükdə vəziyyətin dəyişdiyini göstərir. Görünür, Avropa İttifaqı yaxşı anlayır ki, regionda nüfuz qazanmaq üçün hər şeydən öncə obyektiv və ədalətli olmalıdır. Avropalılar nə qədər qeyri-konstruktivlik nümayiş etdirirlərsə, beynəlxalq hüququ pozurlarsa, onların regionda uğur qazanmaq şansı da bir o qədər azalır. Həm də ona görə ki, Cənubi Qafqazda əsrlərdir təsirə malik olan dövlətlər hər cür əsassız və uydurma məsələdən Avropanın əleyhinə istifadə etməyi bacarırlar. Onların burada güclü təbliğat maşını vardır. Bu onu göstərir ki, Avropa İttifaqı bu gün sənədlərdə yazdığını sabah fəaliyyəti ilə dəstəkləməsə, heç bir şey dəyişən deyil – nə regiondakı münaqişələr həll olunandır, nə də Aİ-nin burada geosiyasi güc kimi möhkəmlənməsi mümkündür.

Belə çıxır ki, vurğulanan sənəddə müəyyən konkretliklərin ifadə edilməsi ilk növbədə Avropa İttifaqının özü üçün lazımlıdır. Yenə də Almaniyanın kanslerinin sözlərinə qayıtmaq olar. Aİ özü üçün mürəkkəbləşdirdiyi və çətinləşdirdiyi vəziyyətdən ədalətə, obyektivliyə və hüquqa əməl etmədən çıxa bilməyəcək. Bu isə həm təşkilatın, həm də onun qonşularının təhlükəsizliyi üçün təhdidlərin qalacağı anlamına gəlir. Eyni zamanda, Cənubi Qafqazda Ermənistan kimi təcavüzkar və kənar təsirlərdən tam asılı olan ölkə regionda işğalçılıq siyasətindən əl çəkməyəcək. Bununla onsuz da risklərlə dolu olan müasir dünyada dayanıqlı sabitliyə nail olmağın yolları bağlanmış olacaq.

Digər nəticə Azərbaycanın regional və qlobal miqyasda real olaraq sülhyaradıcı, müstəqil və suveren bir dövlət olduğunun tam öz təsdiqini tapması ilə bağlıdır. Aİ-nin mövqeyində konkretliyə doğru dəyişikliyin başlıca səbəblərindən biri bundan ibarətdir. Azərbaycan həm etibarlı tərəfdaş, həm də sülhsevər dövlətdir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...