THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni plan, yoxsa növbəti avantüra: Ermənistan geosiyasi çıxılmazlıqda

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7481
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 iyul 2020 – Newtimes.az

Erməni silahlı qüvvələrinin qəfil Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsi regionda geosiyasi-hərbi vəziyyəti kəskinləşdirib. Azərbaycan Ordusunun dərhal cavab verməsi və düşmənin geri oturdulması rəsmi İrəvanın iflasını yaxınlaşdırır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar, region ölkələri yaranmış vəziyyətə münasibət bildirirlər. Belə görünür ki, regionda müəyyən qüvvələr hansısa prosesə start veriblər. Onların məqsədi geosiyasi sabitliyi pozmaq və bulanıq suda balıq tutmaqdır. Lakin qətiyyətli və güclü Azərbaycan Ordusu çoxlarının məkrli planlarını alt-üst etməkdədir. Bundan düşmən daha da quduzlaşır və yeni həmlələr etməyə çalışır. Cavabını almaqla yeni-yeni itkilər verir. İndi Ermənistanın sərhədə yaxın məntəqələrindən sakinlər qaçırlar. Polis onları zorla geri qaytarmağa çalışır.

Riskli addımlar: erməniləri yeni fəlakətlərə sürükləyənlər

Ermənistanın Dağlıq Qarabağ ərazisindən yüzlərlə kilometr uzaqda olan Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri açıq surətdə bu vassal və forpost ölkənin təcavüzkar niyyətlərindən əl çəkmək istəmədiyini bir daha göstərdi. Əlbəttə, özlüyündə rəsmi İrəvan bu addımı ata bilməzdi. Onun havadarları əvvəlki kimi öz məkrli, çirkin və alçaq siyasətlərini davam etdirirlər. Gedişat onu göstərir ki, münaqişəni Dağlıq Qarabağ miqyasından çıxarmağa çalışırlar. Məqsəd nədir?

Tamamilə aydındır ki, Azərbaycan siyasi-diplomatik, ideoloji və hərbi aspektlərdə Ermənistanı Dağlıq Qarabağ kontekstində əzib keçir. Son illər erməni ordusu, diplomatiyası, siyasi dairələri Azərbaycana daha böyük miqyasda uduzmaqdadırlar. Bu proses münaqişənin ədalətli həlli şansını xeyli artırıb və demək olar ki, ermənilər və onların havadarlarının siyasi-diplomatik çıxış yolları qalmayıb. Bu səbəbdən cəlladlar Azərbaycanın üstünlüyünü arxa plana atmağa ehtiyac duyurlar.

Digər tərəfdən, Prezident İlham Əliyev müstəqil xarici siyasət xəttini bütün sürəti və dönməzliyi ilə davam etdirir. Son olaraq ölkə rəhbəri Azərbaycan telekanallarına verdiyi müsahibədə konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsiz olduqlarını, ikili standarta uyduqlarını və real nəticə əldə edə bilmədiklərini açıq ifadə etdi. Uzun illərdir ki, həmsədrlər ancaq sözdə nələrsə deyir, gerçək heç bir addım atmırlar. Bu səbəbdən tam haqlı olaraq İlham Əliyev danışıqları imitasiya etmək zamanının bitdiyini və işğalçının Azərbaycan ərazilərindən çıxarılması vaxtının gəldiyini bəyan etdi.

Bundan başqa, son illər Türkiyənin Yaxın Şərqdə çox fəal siyasət yeritdiyini dost da görür, düşmən də. Suriya, Liviya, İraq və Aralıq dənizində Ankaranın nümayiş etdirdiyi güc dünyanı silkələyib. Aydın görünür ki, qlobal miqyasda yeni bir supergüc yetişir ki, uzaqlarda belə öz maraqlarını təmin etməyə qərarlıdır. Ayrıca, Ayasofya ilə bağlı Ankaranın qəbul etdiyi qərar onun tam müstəqil və böyük güc kimi hərəkət etdiyinin yeni təsdiqi oldu.

Digər məqam Azərbaycan Prezidentinin müxtəlif rəsmi görüşlərdə Ermənistanın siyasi rəhbərliyinin əsl simasını konkret faktlarla göstərməsi müəyyən dairələri, görünür, çox narahat edir. İlham Əliyev birbaşa ifadə edir ki, Ermənistan rəhbərliyi faşist siyasət yeridir və bunun cavabını mütləq alacaq. Terrorçular və faşistlərə Ermənistanda heykəllər qoyulması, onların qəhrəman kimi təbliğ edilməsi bunun əyani sübutudur. Bunlar onu nümayiş etdirir ki, Ermənistan prinsipcə demokratik ola bilməz, müstəqil deyil, dövlət kimi formalaşmayıb. Deməli, regionun bu risk mənbəyi qurudulmalıdır.

Nəhayət, Azərbaycanın dünya qaz bazarında mövqeyinin daha da möhkəmləndiyi müşahidə edilir. Bunun fonunda Rusiya qazına olan tələbat xeyli azalıb. Bunu rusiyalı ekspertlər və rəsmi dairələr etiraf edirlər. Bir neçə ölkə – İran, Əlcəzair və Azərbaycan Türkiyəyə qaz ixracatına görə artıq Rusiyanı qabaqlayırlar. Bundan başqa, ABŞ və Avropadan yayılan informasiyalarda Azərbaycanın daha geniş miqyasda Avropanın enerji təhlükəsizliyinin təmini prosesində iştirakına isti münasibət göstərildiyi ifadə edilməkdədir.

Bütün bunlar geosiyasi aspektdə iki mühüm məqamı ortaya qoyur. Birincisi, Azərbaycanın qlobal geosiyasi proseslərdə çəkisi artır, onun qiymətini bilirlər. Cənubi Qafqazda Azərbaycan lider dövlət kimi qəbul edilir və daha çox Bakı ilə əməkdaşlığa üstünlük verilir. Faktlar göstərir ki, Avropa ölkələri daha çox Azərbaycana sərmayə yatırırlar. Yəni Azərbaycan regionda ən etibarlı tərəfdaşdır.

Azərbaycanın bu proseslərin fonunda qələbə şansının daha da artdığı və ən əsası artıq dünya ictimaiyyətinin Bakının haqlı olduğuna tam əminliyi aydın görünür. Yəni proseslər bu məntiqlə davam etsə, Ermənistan və onun buradakı havadarları çox şeyi itirəcək, indiyə qədər etdikləri cinayətlərin cavabını verməli olacaqlar. Ən əsası isə işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməlidirlər. Şübhə yoxdur ki, bu cür gedişatı pozmağa və ya istiqamətini dəyişməyə cəhd olacaqdı. Bunu rəsmi Bakı hamıdan yaxşı bilir və hamıdan da yaxşı gözlənilən situasiyaya hazırlaşıb.

Azərbaycanın cavabı: beynəlxalq təşkilatlar və böyük dövlətlərin reaksiyası

Bəs niyə məhz Azərbaycanın qərb bölgəsi hədəfə alındı? Xəritəyə nəzər yetirdikdə bir neçə faktor aydın görünür. Ermənistan təxribatını Azərbaycanla Gürcüstanın sərhədləri yaxınlığında həyata keçirir. Həmin ərazi iki ölkə arasında əlaqələrin əsas nəqliyyat qovşağı üzərindədir. O cümlədən avtomobil və dəmir yolları, enerji marşrutları qərb bölgəsinin ərazisindən keçir. Orada bir güvənsizlik ortamı yarada bilsələr, həm Azərbaycanın Gürcüstanla əlaqələrinə ciddi zərbə vurulacaq, həm də enerji layihələrinin güvənliyi şübhə altına alınacaq. Bundan başqa, "Yeni İpək Yolu"nun əsas marşrutlarından biri üzərində qeyri-müəyyənlik və risk yaranacaq. Nəzərə alaq ki, Azərbaycan indi məhz həmin ərazidə "Yeni İpək Yolu" layihəsi çərçivəsində yeni yol salır və işlər intensiv davam edir.

Bundan başqa, erməni təxribatının müəllifləri güman edirlər ki, bu cür hiyləgər üsulla geosiyasi baxımdan daha üç məsələni aktuallaşdıra bilərlər. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini arxa plana atmaqdır. Yəni münaqişə daha geniş anlam daşıyır və o, kompleks həll edilməlidir. Bununla da hansısa yeni güzəştlər əldə etmək şansı qazandıqlarını düşünürlər. İkincisi, regionda getdikcə daha da güclənən Türkiyə-Azərbaycan-Gürcüstan təhlükəsizlik modelinin dayanıqsız olduğunu sübut etməyə cəhd göstərirlər. Üçüncüsü, Azərbaycanın sürətli inkişafını ləngitməklə onu nələrəsə məcbur etməyi planlaşdırırlar.

Vurğulanan tezislər dünyanın müxtəlif ölkələrinin və beynəlxalq təşkilatların baş verənlərə münasibətindən də aydın duyulur. Həmin münasibətləri şərti olaraq bir neçə qrupa bölmək olar. Birincisi, beynəlxalq təşkilatlar – BMT və Avropa İttifaqının ifadə etdiyi münasibətləri, ikincisi – ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münasibətlərini, üçüncüsü, obyektiv mövqe tutan ölkələrin münasibətlərini ehtiva edir.

Ayrı-ayrılıqda onlara nəzər salaq. BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin sözlərinə görə, "Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır". Bundan başqa, Antonio Quterreş ifadə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin "bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında" göstərdiyi səyləri tam dəstəkləyir.

Aydındır ki, ümumi, yayğın, növbətçi cümlələrdən ibarət bir münasibətdir. Baş katib nədənsə rəhbərlik etdiyi təşkilatın Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Ermənistanın dərhal əməl etməsini tələb etməyib. Çünki məhz həmin qətnamələr yerinə yetirilmədiyindən bu gün Ermənistan yeni təxribatlara əl atır, işğalçı siyasətini davam etdirir. BMT-nin Baş katibi yaxşı bilməlidir ki, indi axan günahsız qanlarda beynəlxalq təşkilatların fəaliyyətsizliyinin də müəyyən rolu vardır. Çünki cəzasızlıq erməni təcavüzünə əlavə imkan yaradır.

Ancaq burada sətiraltı bir eyham da vardır. Baş katib deyir ki, Minsk qrupu münaqişənin "həlli yollarını axtarır" və o, bu prosesi "tam dəstəkləyir". Ancaq A.Quterreş necə sübut edə bilər ki, Minsk qrupunun həmsədrləri doğrudan da münaqişənin həlli yollarını axtarır? Hansı real nümunə mövcuddur? Deməli, havaya deyilmiş sözlərdir və əsas məqsəd rəsmi Bakını çəkindirməkdən ibarətdir. Yəni Azərbaycan torpaqların azad edilməsi tələbini qoymasın və həmsədrlər də daxil olmaqla, dünyanın bir sıra dairələrinin siyasi oyunları ilə başını qatsın!

Avropa İttifaqı da baş verənlərə münasibətini bildirən bəyanat yayıb. Orada deyilir ki, insident nəticəsində təəssüf ki, insanlar həyatlarını itiriblər. Təşkilat "hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə" çağırıb. Hətta bunun "yolu"nu da göstərib: "Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə yaradılmış və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi formatdan istifadə etməlidir. Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqinin bərpa edilməsi vacibdir".

Sonda Aİ tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağı, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyi önə çəkib. Ən başlıcası isə; Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırıb.

Göründüyü kimi, öncə ümumi münasibət (təcavüzkarla təcavüz hədəfi arasında fərq qoymadan), sonra isə ATƏT-in Minsk qrupu! Sanki heç kimin günahkar olmadığı hansısa münaqişə var və onu avropalıların "ağsaqqallığı" ilə həll etmək gərəkdir. Halbuki Aİ bir neçə dəfə sənəd qəbul edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu, region üçün ciddi geosiyasi təhlükə törədir. Hətta Avropa Parlamenti qəbul etdiyi son sənədlərdə regiona üçüncü qüvvələrin təsirinin mümkünlüyü və bunun da bölgənin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı qeyd olunub. Bəs indi hansı səbəbdən Aİ açıq demir ki, Ermənistanın havadarlarının növbəti təsiri nəticəsində erməni silahlı dəstələri Cənubi Qafqazda geosiyasi mənzərəni riskə atmaqdadır və rəsmi İrəvan dərhal bu hərəkətinə son qoymalıdır?

Gələk Minsk qrupu həmsədrlərinin bəyanatına. Orada bildirilib ki, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub. Sonra həmsədrlər yazırlar ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənirlər. Və nəhayət, "dahiyanə" təklif: "...Minsk qrupu həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin daha da artmaması üçün tərəfləri aralarındakı birbaşa rabitə kanallarından istifadə etmək də daxil olmaqla, bütün zəruri addımları atmağa çağırır". Əlbəttə, tərəflər qısa zamanda substantiv danışıqlara başlamalıdılar və "ATƏT müşahidəçilərinin bölgəyə qayıtması vacibdir".

Yəqin ki, dəyərli oxucu üçün bu bəyanatın da ruhu aydındır. Təcavüzkar "yoxdur", "hər iki tərəf risk edir" və "çəkinin", ATƏT-i də yenidən "dəvət edin". Onillərdir ki, məhz bu cür ümumi fikir bildirməklə işğalçını qoruyublar, münaqişənin həllini çıxılmaza salıblar. İndi bunlar hansı "substantiv" danışığı apara bilərlər? Konkret olaraq, təcavüzkar Ermənistana qarşı real addımlar niyə atmırlar? Hadisəni kənardan passiv izləyib, sonra da "dalaşmayın" kimi bəsit üsullarla nəyə nail ola bilərlər? Heç bir şeyə. Necə ki, indiyə qədər də real nəticə yoxdur.

Həmsədr dövlətlərin rəsmi münasibətləri də bundan ruhən fərqlənmir. Yenə təcavüzkarın adını çəkməmək fonunda "təmkinli olun" məsləhəti və mənasız cümlələr. ABŞ-ın bəyanatından başlayaq. Vaşinqton qarşıdurmaları qınayır və "tərəfləri güc tətbiqini dayandırmağa çağırır". Açıqlamada ifadə olunub: "ABŞ Azərbaycan-Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəsə ciddi əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə tam sadiq olaraq qalır. Biz bu məqsədə nail olmaq uğrunda fəal iştirakımızı davam etdirəcəyik. ABŞ Minsk qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə cəlb olunmasını vacib hesab edir".

Hamı zorakılığı pisləyir. Bu məqamda zorakılığı da Ermənistan edir. Bəs nə üçün Vaşinqton açıq demir ki, "təcavüzkar Ermənistanın zorakılığı nəticəsində vəziyyət gərginləşib"? digər tərəfdən, qəribədir, yenə birbaşa kontaktdan danışırlar. Rəsmi İrəvan qəfil hərbi əməliyyata başlayır və Azərbaycanın yeni ərazisini işğal etməyə çalışır, Amerika da deyir ki, "birbaşa kontakta girin"! Bu, gülünclük deyilmi? Həmsədr ölkə kimi ABŞ-a yaraşan mövqedirmi? Ümumi sözlərlə "müharibə etməyin" çağırışı ilə hansı savaşı dayandırıblar? Birbaşa və acıq surətdə erməni təcavüzünün olduğu deyilməli və ona qarşı real addımlar atılmalıdır.

ATƏT-in Minsk qrupunun digər həmsədri Rusiya da Amerikadan fərqli bir şey demədi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib: "Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq... Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".

Yəni Rusiya da işğalçını yerində oturtmadı. Kreml bir zəngi ilə erməni ordusunun səsini batıra bilərdi. Lakin heç zaman etməyib, indi də etmir. Əvəzində, ABŞ və Fransa kimi vasitəçiliyə hazır olduğunu deyir. Necə vasitəçilik edə bilərsən ki, bəri başdan təcavüz edəni işğala məruz qalandan fərqləndirmirsən? Ümumi "savaşmayın" deməklə əslində qeyri-müəyyənlik daha da geniş miqyas alır.

Ədalətin zəfəri: o gün yaxınlaşır!

Rusiyalı bir sıra ekspertlər isə daha konkret və ədalətli mövqe tuturlar. Məsələn, Maksim Şevçenko və Pavel Felqenqauer fikirlərində reallığa yaxın mövqe tutublar. M.Şevçenko Ermənistanın Azərbaycana qarşı təcavüz etdiyini və bunu Rusiya Dövlət Dumasının hansı səbəbdən açıq demədiyindən təəccübünü ifadə edib. Münaqişəyə ədalətli yanaşma olmasa, onun həlli danışıqlar yolu ilə mümkün deyildir. Deməli, proseslər savaşa doğru gedir. Təxminən eyni mövqeni digər rusiyalı ekspert P.Felqenqauer də deyib. O, hətta Azərbaycan Ordusunun daha peşəkar və keyfiyyətli silahlara malik olduğunu söyləyib. Buna görə də ermənilərin çox itki verəcəyini proqnozlaşdırıb. Onun proqnozları öz təsdiqini tapır.

Bunların fonunda vəziyyətə daha obyektiv münasibət bildirən dövlətlər də vardır. Türkiyə, Ukrayna, İran və Pakistan bunlara misaldır. Türkiyə, ümumiyyətlə, qardaş yanğısı ilə həm dövlət, həm də cəmiyyət olaraq münasibət bildirib. Türkiyəlilər hətta döyüşə hazır olduqlarını da deyiblər. Onlar "bizim şəhidlər" deyirlər. Rəsmi Ankara da sərt şəkildə Ermənistanın ağlını başına toplamasını və bu hərəkətinin qarşılığını mütləq alacağını bəyan edib. Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb ki, "Can Azərbaycana canımız fədadır". Digər Türkiyə rəsmiləri də eyni ruhda münasibət bildiriblər.

Pakistanın da reaksiyası konkretdir: Ermənistan dərhal işğal etdiyi ərazilərdən çıxmalıdır. İran isə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Ukrayna daha geniş miqyasda münasibət bildirib. Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində və BMT-nin qətnamələrinə uyğun həll edilməsi zərurətini vurğulayıb. Bəyanatda daha sonra yazılıb ki, "Ukrayna tərəfi vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən öncə, aydındır ki, Cənubi Qafqazda geosiyasi sabitliyi pozmağa istiqamətlənmiş proses başlanıb. Bunu məhz hansı qüvvələrin etdiyini demək çətindir. Lakin belə hiss edilir ki, Yaxın Şərqdə illərdir mövcud olan gərginliyi həm Afrika, həm də Qafqaz istiqamətində genişləndirmək planı mövcuddur.

Onu deyək ki, hələ 2015-ci ildə ABŞ-ın "Stratfor" özəl kəşfiyyat-analitik mərkəzinin 2015-2025-ci illər üçün geosiyasi proqnozlarında geosiyasi risklərin artacağı ayrıca qeyd olunub. Orada ABŞ-Rusiya-Çin geosiyasi üçbucağına daxil olan məkanda həssaslığın, turbulentliyin və qeyri-müəyyənliyin artması ehtimalından bəhs edilir. Ayrıca, pandemik vəziyyətin də meydana gələ biləcəyindən danışılır. Bizim bu informasiyalardan hansısa konkret nəticə çıxarmaq fikrimiz yoxdur. Lakin məntiqi olaraq bir sıra məqamları müqayisə etdikdə, indi baş verənlərin təsadüfi olmadığı və xüsusi məqsəd daşıdığı hiss edilir.

O başqa məsələdir ki, indi dünya üzrə vəziyyət elədir ki, istənilən sürpriz ola bilər. Cənubi Qafqazla da bağlı İran və Türkiyə faktorunu unutmaq olmaz. Digər tərəfdən, Rusiya-Türkiyə münasibətlərindəki müsbət dinamika yaddan çıxmamalıdır. Təbii ki, burada söhbət hansısa rus-türk ittifaqından getmir. Lakin artıq Cənubi Qafqazda Rusiya ilə yanaşı, Türkiyənin də iradəsindən kənar hansısa məsələnin həll olunması mümkün deyildir.

Bu baxımdan kimlərsə rəsmi İrəvanı sözün əsl mənasında "oda atıb". Ermənistan ordusu bu zərbələrdən sonra, ümumiyyətlə, özünə gələ bilməyəcək. Saxta təbliğata baxmayaraq, sadə ermənilər kimin hansı gücə sahib olduğunu bilirlər. Və aydın görürlər ki, Azərbaycan Ordusu bir neçə dəfə erməni ordusundan güclüdür.

Bunlarla yanaşı, baş verən hadisələr böyük dövlətlərin region ölkələrinə külli miqdarda silah satmaq fürsəti əldə etdiyini göstərir. Bu da mənfi haldır, çünki silahlanma hər zaman savaş ehtimalını artırır. Lakin məcburiyyət qarşısında qalanda, silah almaq zərurət olur.

Beləliklə, Ermənistanın növbəti hərbi avantürası bütövlükdə Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyi artırır. Bu prosesin sonu haqqında danışmaq tezdir. Lakin ondan Azərbaycanın zəfərlə çıxacağı şübhəsizdir. Çünki haqq müdrik rəhbərliyi və çox güclü ordusu olan Azərbaycanın tərəfindədir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...