THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Pandemiya və multikultural dəyərlər

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15516
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 iyun 2020 – Newtimes.az

Bəşəriyyəti yeni çağırışlar qarşısında çətin vəziyyətə salan koronovirus epidemiyası heç şübhəsiz ki, mövcud geosiyasi nizam və səhnədə də ciddi dəyişikliklərə əsas verir. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq artıq əksər beyin mərkəzləri və analitiklər yenicə formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proqnozlaşdırırlar. Məlumdur ki, soyuq müharibədən sonrakı dövrün – XXI əsrin əsas siyasi doqması Qərbin təkqütblü dünya modeli olmuşdur. Çox təəssüf ki, bu modelin əsas meyarı "Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz'' fikri üzərində qurulmuşdu. Bu yanaşma isə dünya nizamının uzun müddət dayanıqlı ola bilməyəcəyi fikrini formalaşdırırdı. Bu həm də Qərbin dominantlığı altında mövcud dünya modelini yeni çağırışlarla qarşı-qarşıya qoyurdu. Tarixi zaman kontekstində əsrin beşdə biri kimi qısa bir dövrün müşahidələri əsasında bu çağırışları bir neçə mühüm istiqamətdə qruplaşdırmaq olar:

Geosiyasi mübarizə. Qərbin hegemonluq siyasətinə və vahid kosmopolit dəyərlərinin bəşərilik iddiasına qarşı müxtəlif formalarda reaksiyanın doğması gözlənilən idi. Bununla bağlı Rusiyalı mütəxəssis Anatoli Utkinin ifadə etdiyi kimi "Öz dəyərlərinin ümumiliyinə iddia etməsi Qərbi hər şeydən öncə İslam və Çin sivilizasiyası ilə toqquşduracaqdı''. Proseslər göstərdi ki, hər iki istiqamətdə getdikcə güclənən siyasi mübarizə mövcud geosiyasi konfiqurasiya dəyişikliyini artıq zərurətə çevirməkdədir. Geosiyasətdə qütb olmaq üçün güclü dövlət olmaqla yanaşı dəyərlər sisteminə də sahib olmaq lazımdır. Tarixən hər bir sivilizasiyanın özünəməxsus dəyərlər sistemi mövcud olmuşdur və bu mənada Çin sivilizasiyası hazırkı mübarizədə geosiyasi ağırlıq mərkəzi olmağa iddialıdır. Baxmayaraq ki, sivilizasiya müstəvisində Çin sivilizasiyası üçün öz təbii arealından kənara yayılmaq səciyyəvi deyil. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlətçilikdə imperiya ənənələrinə, yazı mədəniyyətinə, şəhərsalma və arxitekturaya, əxlaq normalarına, ailə dəyərlərinə və digər mənəvi keyfiyyətlərə malik olan Çin sivilizasiyası bütün nəsildəyişmə mərhələlərində özünəməxsusluğunu saxlamışdır və hazırkı vəziyyətdə bu üstünlüyündən yararlanmağa şərait yaranmışdır. Çindən əlavə dünyanın əksər regional güc mərkəzlərində də Qərbin hegemonluq siyasətinə qarşı çox ciddi bir əks-hərəkat getdikcə güclənməkdədir və əksər dəyərləndirmələrə görə yaşadığımız əsrin ortalarında bu özünü geosiyasi müstəvidə tarazlığın dəyişməsində göstərəcəkdir. Xüsusən də, demoqrafik vəziyyətin yeni güc mərkəzlərinin xeyrinə olduğunu nəzərə almaq lazımdır.

İqtisadi natarazlıq. Bəşər tarixində Sənaye İnqilabından sonra iqtisadi gücün tamamilə Qərbin tərəfinə keçməsi və sonrakı texnoloji sıçrayış mərhələlərində bu üstünlüyün dəfələrlə artması iqtisadi ağırlıq mərkəzinin dominant rolunun müəyyənləşməsində həlledici rol oynamışdır. Süni intellektin yaranması və kommunikasiya texnologiyalarının ən yüksək səviyyəsinin Qərbdə təmərküzləşməsi ilə bu trendin davamlılığı da təmin olunmuşdu. Eyni zamanda beynəlxalq maliyyə institutları, Bretton-Vuds sistemi beynəlxalq valyuta-kredit münasibətlərində dəyişməz kimi görünən vəziyyət yaratmışdı. Ən azı 300 illik bir dövrün iqtisadi güc mərkəzində hər hansı kənar oyunçunun müdaxiləsinə dözümsüzlük normal bir proses hesab olunur. Bununla belə yeni minillikdə Çinin "Bir kəmər, bir yol'' layihəsi, Asiya İnfrastruktur İnvestisiya Bankı beynəlxalq iqtisadiyyat və maliyyə sistemində ciddi dəyişikliklərə şərait yaratmışdır. Bundan başqa, Çinin "Microsoft'' əməliyyat sistemindən və İBM proqramlarından tamamilə imtina etmək və alternativ sistem yaratmaq niyyəti də hadisələrin sonrakı inkişafında bir neçə əsrlik vəziyyəti dəyişə bilmək imkanından xəbər verir.

Mənəvi böhran. Yeni minilliyə doğru geosiyasi proseslər, iqtisadi təlatümlərlə yanaşı, mənəvi dəyərlərə münasibətdə də böyük böhran yarandı. Avropa uzun illərdir təbliğ etdiyi multikulturalizm ideyalarındangeri addım atmağa başladı. Xüsusən də Yaxın və Orta Şərqdə idarəolunan xaos nəticəsində yaranmış çoxsaylı qaçqın ordusunun "Qoca qitə”yə üz tutması böyük humanitar böhrana səbəb oldu. Aralıq dənizi miqrantlar üçün "ölüm dənizi''nə çevrildi. Aydın oldu ki, Avropa ölkələrinin İkinci dünya müharibəsindən sonra geniş təbliğ etdiyi multikultural dəyərlər yalnız həmin ölkələrin işçi qüvvəsi ehtiyacını ödəmək üçün olan həddən kənar yalnız şüar xarakteri daşıyır. Hazırda işçi kvotasını dəfələrlə üstələyən miqrantların taleyinə isə Qərb cəmiyyəti olduqca biganə münasibət göstərməkdədir. Mənəvi dəyərlərin tənəzzülü fonunda Avropa ölkələrində islamafobiya, dini dözümsüzlük, ultra-şovinist meyllər artmaqdadır.

Beləliklə, üçüncü minilliyin qeyd olunan trendləri şəraitində koronovirus epidemiyasının yayılması siyasi, iqtisadi, mənəvi münasibətlər sistemində yeni konfiqurasiyanın yaranmasına gətirib çıxardı. Post-pandemiya dövrü isə ümumiyyətlə hələlik proqnozlaşdırıla bilinmir. Bu mənada pandemiyadan sonrakı dövrdə multikultural dəyərlərə münasibətin necə formalaşacağını əminliklə qeyd etmək çətindir. Bu bir reallıqdır ki, insanlıq hər zaman çətin vaxtlarda daha həmrəy, tolerant olmağa çalışır. Lakin pandemiya eyni zamanda seçim etmək zərurətinin və ikili standartların da ortaya çıxmasına şərait yaradır. Bu baxımdan gələcəyi proqnozlaşdırmaq üçün tarixin keçmiş dərslərinə nəzər salmaq yaşı olar.

Tarixdə məlum olan ən kəskin epidemiyalardan biri 164-cü ildə Çinin şimalında başlayan vəba epidemiyası olmuşdur. Nəticədə bəzi bölgələrdə əhalinin 20-40 faizi ölmüşdür. Vəbanı qıtlıq və çəyirtkə hücumlarının müşayiət etməsi faciəni daha da dərinləşdirib. Həmin dövrdə 300 ilə yaxın idi ki, Çini Minq xanədanlığı idarə edirdi. Ölkə boyu yayılan ölümcül epidemiya bu sülalənin hakimiyyətinin bitməsinə gətirib çıxarıb.

XIV əsrin ortalarında Avropada milyonlarla insanın ölümü ilə nəticələnən vəba epidemiyası tarixin gedişində ciddi dəyişikliklərə səbəb oldu. Çoxlu insan ölümü nəticəsində azalan işçi qüvvəsini işlətmək xərcləri artmışdı. Bu isə insan əməyini əvəz edən yeni texnologiyaların yaranmasına, sənayeləşməyə yol açdı. Ancaq vəba nəticəsində kütləvi ölümlər insanları uzun dəniz səyahətlərinə çıxmağa və yeni dünyanın kəşfinə təkan vermişdi. Bütün bunlar Avropanı dünyanın əsas güc mərkəzinə çevrilməsinə şərait yaratmışdır. Multikultural münasibətlər, fərqliliklərə dözümlülük baxımından isə olduqca neqativ yanaşma yaranmışdır. Belə ki, yeni torpaqların kəşfi irqçiliyin kəskin dövrü, fərqli mədəniyyətlərin daşıyıcılarının yanaşı yaşaya bilməməsinin acı təcrübəsi kimi yadda qalmışdır.

Daha sonrakı dövrdə XVI əsrdə yeni dünyanın kəşfi ilə Amerika materikinə müstəmləkəçilərin "gətirdiyi'' xəstəliklər bir neçə ciddi epidemiya dalğası yaradıb. Ən çox insan tələfatına çiçək xəstəliyi və malyariya epidemiyası səbəb olub. Sağ qalmış az sayda insan torpaq sahələrinin hamısında əkin işləri apara bilmədiyi üçün çox böyük sahələr meşəyə və ya çöllüyə çevrilib. Baş verən iqlim dəyişiklikləri qitələrarası miqrasiya proseslərinə ciddi təkan verib. Multikultural münasibətlər baxımından isə yeni dünyanın kəşfi irqçiliyin, xüsusən də Amerikanın yerli xalqlara münasibətdə dözümsüzlüyün kəskin dövrlərindən biri kimi xarakterizə olunur.

XIX əsrin sonlarında Afrikada iribuynuzlu heyvanlar arasında yayılan vəba virusu sonrakı dövrdə qitənin, siyasi, eləcə də multikultural mühitində silinməz izlər buraxmışdır. 1888-1897-ci illərdə mal-qara vəbası virusu Afrikadakı heyvanların 90 faizinin məhvinə səbəb oldu və bu yerli icmaları iqtisadi cəhətdən olduqca çətin vəziyyətə saldı. Xəstəliyin qitədə yaratdığı xaos sonrakı dövrdə Afrikanın böyük ərazilərinin Avropa ölkələri tərəfindən müstəmləkəyə çevrilməsini asanlaşdırdı. Təsadüfi deyil ki, 1870-ci illərdə Afrikanın yalnız 10%-i Avropanın nəzarətində olduğu halda, 1900-cü illərdə bu göstərici 90%-ə çatıb. Multikultural mühitdə də cəmiyyətin qarşılaşdığı ən neqativ hadisələrlə yadda qalan oldu. Həmin dövrdə Afrikada aparılan aparteid siyasəti irqi ayrı-seçkiliyin ən kəskin forması tarixə düşmüşdür.

Beləliklə, sadaladığımız dünyanı sarsıdan pandemiyalar dövründə multikultural mühitdə dözümsüzlük, ayrı-seçkilik daha xarakterik olmuşdur. Halbuki epidemioloji fəlakətlər zamanı həmrəylik ən əsas müqavimət yollarından biridir. Müşahidələr göstərir ki, hazırda davam edən koronovirus pandemiyası da tarixə başqa cür yazıla bilməyəcək. Epidemiyanın ilk günlərindən Avropanın bəzi ölkələrində xəstəlikdən ölən müsəlman miqrantlara dəfn olunmaq üçün belə yer tapılmaması multikultural dəyərlərin, islamafob münasibətin həqiqi mahiyyətini ortaya qoyur. Əslində pandemiya imkan verir ki, multikultural münasibətlərin kimin üçün dəyərlər sistemi, kimin üçünsə yalnız mənfəət və ya assimilyasiya üçün alət, süni şüar olduğunu bir daha göstərsin. Azərbaycanda əsrlərdir ki, multikultural dəyərlər mənəvi zənginliyin tərkib hissəsidir və pandemiya hər hansı ikili münasibət yaratmaq iqtidarında deyil. Qərbin əksər ölkələri isə pandemiya imtahanında özlərinin bəyan etdikləri multikulturalizm ideologiyasına növbəti zərbələr vurmaqda davam edirlər.

Ərəstü Həbibbəyli,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...