THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1253
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 sentyabr 2019 – Newtimes.az

Davamlı inkişaf gələcək nəsillərin istehlak tələblərinin ödənilməsi imkanlarının qarşısını almadan indiki nəsillərin tələbatının normal şəkildə təmin olunmasına hesablanmış konseptual, mütərəqqi yanaşmadır. Davamlı inkişaf konsepsiyasının mahiyyəti planetin təbii ehtiyatlarından zəruri ehtiyac yoxdursa istifadə etməmək və ya qənaətlə istifadə etmək, ətraf mühitin qorunmasına həssaslıq göstərmək, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Bununla yanaşı, davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün əldə edilməsinə, qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutur.

İnkişaf terminologiyasında nisbətən yeni anlayış sayılan "davamlı inkişaf'' konseptinin əsas çağırışlarından biri sahələr arasında inkişaf tarazlığının qorunması və nəticələrə istiqamətlənmiş idarəetmə metodunun tətbiqidir. İdarəetmə dedikdə ağıla ilk gələn aktorlar hökumətlərdir. Çünki məhz onların sayəsində əksər ölkələrdə inkişaf siyasətləri hazırlanır, qanunvericilik aktları qəbul olunur, fərqli sahələrə resurslar ayrılır və müxtəlif maraqlı tərəflərin proseslərə cəlb olunması üçün imkanlar yaradılır, onların səyləri əlaqələndirilir.

Davamlı inkişafın təmin olunmasında əsas maraqlı tərəflərdən biri beynəlxalq təşkilatlardır. Xüsusilə inkişaf etməkdə olan və dövlət quruculuğu proseslərini keçən ölkələrin beynəlxalq təşkilatların, ələlxüsus beynəlxalq maliyyə təşkilatlarının yardımına böyük ehtiyacları olur. Lakin onu da qeyd etmək lazımdır ki, əməkdaşlıq prioritetlərinin düzgün müəyyənləşdirilməməsi, yerli hökumətlər tərəfindən öhdəliyin yetərli səviyyədə olmaması və digər əlaqəli səbəblər ucbatından bir çox hallarda beynəlxalq təşkilatların yardımları gözlənilən nəticələri vermir.

Ümumilikdə, Azərbaycan Respublikasının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığı üç fərqli kontekstdə baş verib. İlkin mərhələni 1990-cı illərdə Ermənistanın işğalçı ekspansiyaları, dövlətimizin Dağlıq Qarabağ müharibəsinə cəlb olunduğu dövr təşkil edir. Bu mərhələdə əsas diqqət Dağlıq Qarabağ müharibəsinin və onun yaratdığı ağır fəsadların, habelə keçid dövrünün problemlərinin aradan qaldırılmasına yönəlmişdi. O zaman həm Azərbaycan hökuməti, həm də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar başa düşürdülər ki, qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması kimi təcili problemləri aradan qaldırmamış uzunmüddətli davamlı inkişaf strategiyalarına keçid müsbət nəticəli ola bilməz.

Tədricən fövqəladə vəziyyət aradan qaldırıldıqca, hökumətin beynəlxalq yardım təşkilatları ilə əməkdaşlıq istiqamətləri genişləndirildi. Bu yeni şəraitdə əsas istiqamətləndirici sənəd 2000-ci ildə BMT tərəfindən qəbul edilmiş Minilliyin Bəyannaməsi idi. Azərbaycan hökumətinin milli səviyyədə səyləri nəticəsində bu qlobal çağırışda əks olunmuş VIII Minilliyin İnkişaf Məqsədləri lokallaşdırıldı, inkişaf prosesində bütün maraqlı tərəflərin iştirakı ilə iki strateji sənəd qəbul edildi: ''2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı'' və "2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı''. Bu Dövlət proqramları çərçivəsində həyata keçirilmiş işlər nəticəsində ölkəmizin sosial-iqtisadi rifahında böyük sıçrayışa nail olundu, ətraf mühitin mühafizəsi üzrə addımlar sistemləşdirildi və dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl işlər görüldü.

Ölkənin sıçrayışlı inkişaf dövrü kimi tanınan 2004-2015-ci illər ərzində iqtisadi artım real olaraq 10,6 faizə bərabər olmuş, ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 7,6 dəfə, adambaşına ÜDM-in həcmi isə 6,5 dəfə artmışdır. Görülmüş işlərin nəticəsində mütləq yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 4,9 faizə endirilmişdir. Aparılan sosial-iqtisadi siyasət nəticəsində Dünya Bankı tərəfindən adambaşına milli gəlirin həcminə görə 2004-cü ildə yoxsul ölkələr, 2005-ci ildə aşağı-orta gəlirli ölkələr qrupuna daxil edilmiş ölkəmiz 2009-ci ildən etibarən yuxarı-orta gəlirli ölkələr qrupuna aid edilmişdir. Eyni zamanda, qeyd-edilmiş nəticələrə nail olunmasında kritik rol oynayan islahatlar sayəsində 2009-cu ildə Azərbaycan Dünya Bankının "Doing Business'' hesabatına görə dünyanın ''lider islahatçı dövləti'' kimi səciyyələndirilmişdir.

2014-cü ilin sonlarından etibarən qlobal səviyyədə neftin qiymətinin ucuzlaşması ilə keyfiyyətcə yeni iqtisadi mərhələyə qədəm qoymuş ölkəmizdə inkişaf prioritetləri yeni kontekstə uyğun şəkildə formalaşdırıldı. Bu həm də hökumətin beynəlxalq yardım təşkilatları və maliyyə institutları ilə də əməkdaşlığını yeni çərçivəyə saldı. Artıq yüksək institusional, maliyyə və insan resurslarına sahib ölkəmizin beynəlxalq yardım təşkilatlarından əsas gözləntisi yeni inkişaf kontekstinə uyğunlaşmanı təmin etmək məqsədilə məsləhət və texniki yardımların alınmasıdır.

Bu kontekstdə əsas məqsədlərdən biri yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması və əldə olunan gəlirlərin əhali arasında ədalətli bölgüsünün aparılmasıdır. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi''ndə iqtisadiyyatın inkişaf trayektoriyası üç mərhələyə bölünüb: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövrlər. 2020-ci ilədək davam edəcək hazırki dövr üçün əsas məqsəd iqtisadiyyatın strukturunda əsaslı dəyişikliklər apararaq onun neft gəlirlərindən asılılığının azaldılmasını və şaxələndirilməsi üçün yeni hərəkətverici sektorların inkişafın təmin etməkdir. 2025-ci ilədək strateji baxışın əsasını azad rəqabət mühitin gücləndirilməsi və özəl sektorun dəstəklənməsi yolu ilə milli iqtisadiyyata investisiya qoyuluşlarının cəzbediciliyini artırmaq və onun qlobal və regional dəyər zəncirlərinə inteqrasiyasını möhkəmləndirmək təşkil edir. 2025-ci ildən sonrakı dövr üçün isə hədəf əldə ediləcək iqtisadi gəlirlərin əhali arasında ədalətli bölgüsünü həyata keçirərək sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafının ən yüksək həddə çatdırılmasıdır. Bu dövr həmçinin "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi'' sənədində əks olunmuş 17 Davamlı İnkişaf Məqsədinin (DİM) tam reallaşdırılması üçün seçilmiş 2030-cu ili əhatə etdiyindən, milli səviyyədə qarşıya qoyulmuş başlıca hədəflərdən biri də tələb olunan bütün transformativ tədbirlərin icrasıdır.

BMT-nin Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumuna bu ilin iyul ayında Azərbaycan Respublikasının təqdim etdiyi ikinci Milli Hesabatda ölkə tərəfindən prioritetləşdirilərək hesabata daxil edilən məqsədlər arasında hər kəs üçün davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, tam və məhsuldar məşğulluğu və layiqli əməyin təşviqini hədəfləyən 8-ci DİM-in seçilməsi hökumətin bu sahəyə olan diqqətinin və inkişafı şərtləndirən əsas amillərdən olan milli səviyyədə sahiblənmənin və öhdəçiliyin bariz nümunəsidir. Görkəmli Amerikalı iqtisadiyyatçı və on beş ildən çoxdur BMT Baş katiblərinin Minilliyin İnkişaf Məqsədləri və Davamlı İnkişaf Məqsədləri üzrə müşaviri Ceffrey Saksın fikrincə DİM-lərin hökumətlər tərəfindən ictimai şəkildə sahiblənməsi ölkələr arası rəqabət mühitinin yaranmasına və hökumətlərin daha fəal olmasına şərait yaradır. Bundan əlavə, məqsədlərin ictimai şəkildə hökumətlər tərəfindən sahiblənməsi siyasətçilər, qeyri-hökumət təşkilatları, elmi dairələr, fondlar və digər aktorlar qismində bütün maraqlı tərəflərin spesifik istiqamətdə səylərinin birləşdirilməsi üçün əsaslar yaradır.

Lakin bu yeni mərhələdə beynəlxalq donor yardımının səmərəliliyinin artırılması məqsədilə bir sıra addımların atılması zəruridir. Xüsusilə, inkişafın idarə edilməsi prosesinə çoxsaylı maraqlı tərəflərin cəlb olunmasını nəzərə alaraq, hökumət tərəfindən mərkəzləşdirilmiş formada həm beynəlxalq tərəfdaşların, həm də icraçı dövlət qurumlarının səylərinin əlaqələndirilməsi üçün əsaslar yaradılmalıdır. Beynəlxalq donor təşkilatları və maliyyə institutları ilə ortaq iş birliyində mərkəzləşdirilmiş formada vahid yanaşmanın tətbiqi müxtəlif layihələrarası təkrarçılığın qarşısını almaqla yanaşı, eyni zamanda, həyata keçirilən layihələrin qiymətləndirilmə meyarları və monitorinqinin səmərəliliyini artıracaq.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...